Əziz sözün sahibi

Aydın Canıyev

Sözlə bağlı ilk zərbəni semestr imtahanı vaxtı aldım - indi rəhmətə getmiş professorlardan biri dərsə zəif davam edən şair-tələbənin birinə “iki” yazıbmış. Yazıq da qayıdıbmış ki, a professor, şair də şairi kəsərmi? Professor-şair də cavab vermişdi ki, şair şairin dərsinə gəlməyəndə, şair şairi kəsər də, hələ bir anasını da ağlar qoyar. Sonra həmin professor-şairin ziyalıya, alimə xalqın, dövlətin laqeyd münasibətini ifadə edən şeirini bu millət bəh-bəhlə oxuyanda, hirslənirdim. O vaxta qədər nə qədər şairdən oxumuşdum bir Allah bilir, bir də kəndimizdəki və şəhərimizdəki kitabxanaçılar.

O qədər şairdən oxumağıma baxmayaraq, deyim, amma gülməyin: Ramiz Rövşənin adını ilk dəfə iyirmi bir yaşımda eşitdim. Onu tələbə yoldaşlarım Vahid Qazıyevlə Yusif  Rzayev təqdim etdilər. “Azadlıq” Vaqif Məmmədov da çox istəyirdi onu. Sonra birgə işlədiyim Mehman Cavadoğlu və Rəşad Məcid, tanış olduğum Aqil Abbas ürək dolusu danışır, nəhayətsiz hörmət bəsləyirdilər.

Daha sonra Ramiz Rövşənin qrup yoldaşlarından bir neçəsi ilə uzun  müddət təmasda oldum. Özüylə 1992-ci ildə “Azərbaycan” qəzetinin redaksiyasında tanış oldum, qardaşıyla “525-ci qəzet”də.

Ramiz Rövşəndən birnəfəsə iyirmi şeiri əzbərdən deyən dostlarım da çox oldu.

İyirmi beş ildən çoxdu Ramiz Rövşəni şair kimi tanıyıram. İstənilən şeirindən bir misra da olsa yadımdadı, fəqət, bir şeirini də əzbər bilmirəm. Çünki ətrafımda olanların hamısı Ramiz Rövşəndən əzbər bilir. Anında bir misranı dilə gətirməyim bəs edir ki, o şeiri əzbər desinlər. Yusif  “Qara paltarlı qadın”ı deyəcək, Vahid “Adımı eşitsəm sevən bir qızın, hələ öpülməmiş dodaqlarından” misralarını deməyimdən həmən sonra əvvəldən söyləyəcək, Vaqif  “İlan balası”nı,  Vazeh, Anar ən son şeirlərindən başlayıb ilk qələmə aldıqlarınacan...

Ramiz Rövşənin məndə nə “Göy üzü daş saxlamaz”, nə də “Kitablar kitabı” var. Ehtiyac yoxdu.

Çünki Ramiz Rövşənin kitablarındakı şeirləri əzbərdən bilən oxuculardı ədəbi ruhumun dostları. Məhz buna görə düşünürəm və əminliklə deyirəm: Azərbaycanda qəzet-jurnal, kitab çap olunmasaydı belə, Ramiz Rövşən yenə də hər zaman ürəklərdə və dillərdə, yaddaşda və ədəbiyyatda olan nəhəng olacaqdı.

İstər-istəməz mən Ramiz Rövşəni tanımasam da, oxumasam da, dinləyəcəkdim, tanıyacaqdım və bu yazını yazacaqdım!

Çünki Ramiz Rövşən qədər sözə doğma, söz qədər Ramiz Rövşənə doğma dördüncü-beşinci imzaya rast gəlmək Azərbaycanda bir az çətin məsələdi. Amma hamısından da Ramiz Rövşəni sözə əziz, sözü Ramiz Rövşənə əziz edən bir ayrı məqam var ki, iyirmi beş ildi, gözləyirəm, yazsınlar.  Heç kim yazmır. Mən də indiyəcən nəyə görəsə yazmamışam.

Deməli...

Niyə yazmadığımı bilməsəm də, nəyi gözlədiyimi deyim. Ramiz Rövşənin tələbə yoldaşlarından biriylə uzun müddət çənə dostu olduğumdan, tez-tez ədəbiyyat müstəvisində söhbətlərimiz olurdu və şahidim də elə odur: “Ağsaqqal, Ramiz Rövşəni nyə sevirlər, deyə bilərsənmi?  Həm qrup yoldaşı olubsan, həm dost olubsan, həm əqidə birliyində çabalar yapıbsan...”

Az qala əlli il tanıdığı şairin bütün üstün keyfiyyətlərindən, ən gözəl şeirlərindən gecə saat onikidən səhər saat altıyacan danışırdı. İndikilərin “Ramiz Rövşən intonasiyası” yarlığıyla yapdığı alternativlərlə Rilkedən, Axmatovadan, Svetayevadan, Mandelştamdan, arada Lermontovdan, bəzən Puşkindən, aşağı yeri olanda Nüsrət Kəsəmənlidən, bəd ayaqda Vaqif Vəkilovdan, dirəşəndə Sabir Rüstəmxanlıdan, acıqlananda Zəlimxan Yaqubdan, “təpədən dırnağa hirs içində” olanda Vaqif Cəbrayılzadədən, əlim heç hara çatmayanda tatar Musa Cəlildən, benqal Nəzrül İslamdan, həbəşdən, yəhudidən, fransızdan qabağına kötük atırdım, ən axırda isə könlünü alır və həm də içimdəki həqiqəti deyirdim: Ramiz Rövşən hamısından yaxşı şairdi, amma niyəsini desən, yazacam.

Dörd il gecələr danışdıq mütəmadi, amma və lakin... demədi.

Yazılar yazıldı, müsahibələr oldu, kimlərsə sitat gətirdilər, kimlərsə öydülər, kimlərsə... eh! Hər dəfə məni danlayan Ağsaqqal yazılanları gözümə soxdu, deyilənlərlə beynimi deşdi, bir daha və yenidən amma və lakin... gözlədiyimi demədi! Demədilər!

Ramiz Rövşən hamının özünə rəva gördüyünü hamıya rəva görüb yazdı, oxucuları üçün ən yaxşısını istədi, o mühitdə ki özünə rəva görmədiyini hamıya sırımaq istəyənlər ordusu vardı.

60-cı illərin sonlarında ədəbiyyat adamları artıq başa düşürdülər ki, sosializm realizmi, kapitalizm romantizmi cəfəngiyyatdır, Xruşşov “ottepel”indən sonra saf ruh lazım idi. Giley, mərsiyə, ağlaşma ədəbiyyatı dəfn olunmuşdu, “qəhrəmanlıq salnaməsi” planı doldurulmuşdu, kapitalizmə nifrət və kin, sosializmə rəğbət və hörmət bəsləməyə hətta yalançı bənzətmələr, epitetlər, təşbehlər icadı, istehsalı “bir beşillikdə iki beşillik”, “hər qoyundan iki bala”, “hər inəkdən üç ton süd” normasını da ötmüşdü.

Xalq-oxucu ruh aclığındaydı.

Müharibə qorxusu, aclıq əzabı geridəydi və insanlara yüzillər boyunca bəs edəcək, yüz il yaşasa da, əziz olan söz lazım idi!

Məhz həmin sözü deyirdi Ramiz Rövşən:

“Adımı eşitsəm sevən bir qızın,

Hələ öpülməmiş dodaqlarından...”          

Sovet dövründə sevməyə icazə yaşı olan on səkkiz yaşından ta səksən səkkiz yaşacan hər bir oxucu bu sözü gözləyirdi. Hamı üçün keçərli, saf, müqəddəs, təmiz olanı.

Hamı özününkü bilirdi Ramiz Rövşənin yazdığını. Hamı üçün yazırdı o. Üzü sevməyə doğru gedən üçün “Bu yaz gecəsində ölməyə nə var” yazırdı, bir ayağı qəbirdə olan üçün:

Bu nə gözəl qızdı, Allah,

lap qəbirdə sevməli.

Bir də, bir də doğulmalı,

bir də, bir də sevməli.

Yüzillərlə deyilməyən urvatlı sözü anında ifallı deməsiydi Ramiz Rövşəni oxutduran!

Bakirə, ən gözəl sözlərlə ən gözəl və mübhəm hissləri ifadə etməsiydi.

Füzulidən gələn fütuhatla, Nəsimidən keçən cəbrlə... irfan vəhdəti olmasındaydı.

Əllamə deyildi.

Bənzətmələr, epitetlər, təşbehlərlə deyildi sevimliliyi.

Yazdıqları bənzətmələrə, epitetlərə, təşbehlərə çevrilirdi. Giley-mərsiyə-ağlaşma üstündə deyildi!

Bakirə hisslər idi sadəcə.

İlkdən deyilən, ilkindən deyilən özlüyüydü yaşantıların. Hələ heç kimin yaşamadığı, amma hamının yaşamaq istədiyi, yaşayacağını gözlədiyi Ruh Sadiqliyi, Saflığı, Sədaqətiydi.

 

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>