"Bax, orda azərbaycanlılarla ermənilər birgə ibadət edirlər..." - <span style="color:red;">REPORTAJ
05 may 2015 17:08 (UTC +04:00)

"Bax, orda azərbaycanlılarla ermənilər birgə ibadət edirlər..." - REPORTAJ

Bielefeld Almaniyanın ən çox kənd təsərrüfatı resursuna malik bölgəsindən biridir. Torpaq sahələri qonşu Kölndən iki dəfə üstünlük təşkil edir. Bölgədə aparıcı şəhər olan Bielefeldin özü isə ən çox etnik xalqların yaşadığı şəhərdir.

 

“Bunların içində isə Türkiyədən axışıb gələn kürdlər, ermənilər daha çox üstünlük təşkil edir. Xüsusilə bu şəhər ermənipərəst etniklərin daha çox yaşadığı şəhər kimi tanınır” - bunu APA Holding-in əməkdaşı ilə söhbətdə Bielefeld “Alman-Azərbaycan” Cəmiyyətinin sədr müavini Faiq Məmmədov bildirdi.
 

F. Məmmədovun həyat yoldaşı Təranə Məmmədova isə cəmiyyətin sədridir (orada olan zaman Təranə xanım Azərbaycana getdiyi üçün onunla görüşə bilmədik - M.A.).
Bu cəmiyyət demək olar ki, vətənpərvər ailə üzərində qurulan cəmiyyətdir və ermənipərəst qüvvələrin burada çoxluğuna rəğmən, özlərinə diqqət çəkəcək qədər tərəfdar toplayıblar. Azərbaycan diasporunun buradakı bir özəlliyi də odur ki, Türkiyəni təmsil aparıcı diaspor təşkilatı ilə nəinki birgə çıxış edirlər, hətta eyni ofisdə yerləşirlər.

 

Atatürk Düşüncə Mərkəzi ilə eyni ofisi bölüşən Azərbaycan cəmiyyətinin sədr müavini deyir ki, hər il ənənəvi günlərdə - 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart soyqırımı ildönümlərində, o cümlədən qondarma erməni soyqırımı ildönümlərində bu iki türk diasporu səfərbər olunmuş ordu halına gəlir.

 

Atatürk Düşüncə Mərkəzinin sədri, Bielefelddə etnik xalqları təmsil edən Şuranın rəhbəri Məhəmməd Əli deyir ki, yerli hökumət orqanları ilə bütün təmaslarda Türkiyə ilə yanaşı, Azərbaycanın da onun vətəni olduğunu bildirir...
 

Bielefelddəki Azərbaycan və Türkiyə diasporunun maraqlı daha bir özəlliyi də var. Hər ayın ilk həftəsi hər səhər ofisdə toplaşaraq hamı səhər yeməyini bir yerdə edir. Hər səhər yeməyindən sonra da aylıq fəaliyyət planı tutub onu müzakirə edirlər və qərarlar qəbul edirlər. Adətən belə səhər yeməklərinə tanınmış almanları da dəvət edirlər.
 

F. Məmmədov deyir ki, burada ermənipərəst təşkilatlar çox olduğu üçün adətən azərbaycanlılara hansısa tədbir üçün rəsmi icazə almaq demək olar ki. Mümkün olmur. Bu işdə onlara məhz Atatürk Düşüncə Mərkəzi və onun rəhbəri yardımçı olur: “Bu yaxınlarda Azərbaycandan gələn deputatların iştirakı ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və qondarma erməni soyqırımı yalanları ilə bağlı Bielefeldin iri universitetlərinin birindi konfrans və ardınca şəhərin mərkəzində yürüş təşkil etdik. Bu hamını heyrətə salmışdı, o cümlədən erməniləri də. Çünki indiyə qədər belə tədbirin keçirilməsinə burada rəsmi icazənin alınması mümkün olmamışdı...”
 

Faiq bəy maraqlı bir faktla da məni tanış etdi. Bielefeldə bitişik Herfordun şəhəri var və orada şəhərin kənarında, tam sakit bir məhəllədə alman kilsəsi kimi tanınan katolik kilsəsi var. Bu yaxınlarda öyrəniblər ki, kilsənin əsas maliyyəçiləri və idarəçiləri ermənilərdir: “Əvvəldən eşitmişdik Almaniyaya gələn azərbaycanlılardan bu bölgədə xristianlığı qəbul edənlər var. Düzdür, din, vicdan azadlığı sərbəst olduğu üçün qarışmırıq. Hərçənd eşidirdik ki, pul və burada oturum almaq müqabilində dinlərini dəyişirdilər. Amma eşidəndə ki, həmin kilsədə əsasən bu cür işlər həyata keçirilir və bura da ermənilərin nəzarətindədir, şoka düşdük. Öyrəndik ki, əsasən Azərbaycandan gəlib burada oturum almaq üçün çalışan azərbaycanlıları burada xristianlığa dəvət edirlər və bunu əlaqələndirən də Aslan Hüseynov adlı xristianlığı qəbul etmiş bir azərbaycanlıdır. Artıq bu kimi azərbaycanlıların sayı burada artır və kütləvi tədbirlərdə onlar bizə qarışmır, ayrıca toplu halında olurlar. Bunların Azərbaycanda da hansısa qeyri-hökumət təşkilatı ilə əlaqələri var və oradan gəlmək istəyən azərbaycanlıların bura istiqamətlənməsində dəstək olur. Hər həftədə o kilsəyə toplaşıb müxtəlif moizələri dinləyirlər. Keşişlərin çoxu da ermənilərdir...”
 

F. Məmmədov bundan çox narahat olduqlarını deyərək, ermənilərin növbəti qorxunc əməllərindən ehtiyatlandıqlarını bildirdi.
 

Azərbaycan cəmiyyətinin sədr müavini dedi ki, buna baxmayaraq, Türkiyə diasporu ilə birgə fəaliyyətlərini davam etdirirlər və yaxın günlərdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin də dəstəyi ilə bir sıra kütləvi tədbirləri planlaşdırıblar.

 

Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddən kənar azərbaycanlılar” adlı layihə çərçivəsində Avropanın bir neçə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.
 

Bielefeld, Almaniya

 

mubariz1982@mail.ru

 

# 381
avatar

Mübariz Aslanov

Oxşar yazılar