İşğalçıyla münasibətləri “normallaşdırmaq” hansı vicdanın əsəridir, Suat Kınıklıoğlu? - <span style="color:red;">TƏHLİL
01 may 2015 17:16 (UTC +04:00)

İşğalçıyla münasibətləri “normallaşdırmaq” hansı vicdanın əsəridir, Suat Kınıklıoğlu? - TƏHLİL

 

Türkiyənin iqtidar partiyası ilə bu və ya digər şəkildə məsələsi olan siyasətçi-jurnalist-yazar və pensiyaçı diplomatların bir qismi iqtidarla “haqq-hesabını” Türkiyə-Ermənistan münasibətlərinin “normallaşması” üzərindən çəkməyə çalışaraq, mövsümü gəlincə, bunu media səhifələrinə daşımaqdan geri qalmırlar.

 

Durum o şəxslərlə iqtidar partiyası arasında olan məsələlər çərçivəsində qalsaydı, fikir bildirməyə lüzum olmayacaqdı.

 

Digər tərəfdən, Türkiyə-Ermənistan münasibətlərinin “normallaşması”yla bağlı ardıcıl şəkildə yol verilən xronoloji və faktoloji səhvlərin düzəldilməsi üçün daha əvvəl edilən   dostanə xəbərdarlıqların təsirsiz qalması da mövzuya qayıtmağı yenə və yenidən zəruri qılır. Son örnəyə diqqətlə baxarkən görürük ki, AKP sədrinin xarici əlaqələrə cavabdeh keçmiş müavini və Çankırı vilayətinin keçmiş millət vəkili Suat Kınıklıoğlu “Radikal” qəzetindəki köşəsində (“Ermenistan ile normalleşmemenin kodları”- 28.04.2015) 2008-ci ilin yayında ABŞ-ın birbaşa təşəbbüsüylə başladılıb prezident Gülün 6 sentyabrda İrəvana bir günlük “futbol diplomatiyası” səfəriylə davam edən, 2009-cu ilin fevralından başlayaraq təxminən 3 ay Türkiyə ilə Azərbaycan arasında ciddi soyuqluğun yaranmasına səbəb olub dönəmin baş naziri Rəcəp Tayyip Ərdoğanın 14 may 2009-cu ildə Azərbaycan Milli Məclisindəki çıxışıyla normallaşa bilən proseslər zəncirində Ərdoğanın çıxışını Türkiyə-Ermənistan “normallaşma” prosesinin səktəyə məruz qalmasının səbəbi kimi xarakterizə edib. Xatırlatmaq yerinə düşər ki, hörmətli Kınıklıoğlu hələ AKP sədrinin müavini və millət vəkili olduğu vaxtda “Türkiyə ATƏT-in Minsk qrupunun üzvü halına gəldi” - şəklində iddia ortaya ataraq Türkiyə-Ermənistan “normallaşma” formatında Azərbaycanın kənarda qoyulmasının gərəkliliyi tezisini işləyəndə onun faktiki və xronoloji səhvlərinə “Kınıklıoğlunun yalanları” adlı yazıyla cavab vermişdik. Ancaq, nə qədər qəribə olsa da, Qərb tendensiyalı bəzi yazarlar özlərini haqlı bildikləri nöqtələrdə faktiki və xronoloji səhvləri vecə də almırlar. Necə ki, 2011-ci ildə aktiv siyasətdən uzaqlaşaraq “rücu etdiyi” məcranın həyata keçirə bilmədiyi plan və layihələrinin nostalgiyasını yazılarında əks etdirərkən faktlara önəm vermədiyi kimi, xronologiyanın “olmasa-olmaz” qaydalarını da alt-üst edir.

 

“Radikal”dakı son yazısındakı iddiasına görə, Sürix protokollarını (və öz məntiqinə görə, ona bağlı olaraq, Qarabağ probleminin həllini) dönəmin baş naziri Tayyip Ərdoğanın 13  may 2009-cu ildəki çıxışı “öldürüb: “Azəri təzyiqi nəticə verdi (sanki “azəri”nin Türklüklə heç bir əlaqəsi yoxdur və Azərbaycan Türkiyəyə hansısa ilahi gücün verdiyi impulsla təzyiq göstərib). Ərdoğan, Türkiyə ictimaiyyətindəki həssaslığı öz lehinə “manipulyasiya edən” Bakıya ram oldu. 13 mayda Əliyevlə 2 saat təkbətək görüşdü. O görüşdə protokol tutulmadı. Yəni, nədən söhbət getdiyi bilinmir. Bilinən şey isə Ərdoğanın oradan çıxıb Azəri parlamentində “normallaşmanı” sona çatdıran o nitqi söyləməsidir... Ərdoğan “Qarabağda işğala son qoyulmadan sərhədlər açıla bilməz” - deyə plankanı elə bir yerə qoydu ki, o saatdan sonra olanların əslində çox da önəmi qalmadı”.

 

Kınıklıoğlunun o vaxt təmsil etdiyi siyasi konyukturanı və bugünkü iddialarını bir tərəfə qoyub, proseslərə sırf xronologiya nöqteyi-nəzərindən baxanda yalın şəkildə bunu görürük: baş nazir Ərdoğan 14 may 2009-cu ildə Azərbaycan Milli Məclisində çıxış edərək, Türkiyə-Ermənistan sərhədinin açılmasını “səbəb-nəticə əlaqəsinə” bağladı (Kınıklıoğlu kimi, Türkiyədəki erməni mənşəli şərhçiləri də narahat edən və “Türkiyə, Ermənistanla bağlı siyasətini Azərbaycanın ipotekasına vermişdir ”- dedirdən əsas nöqtə budur. Heç bir təməli olmayan və Ermənistan prezidenti Sarkisyan tərəfindən də tələffüz edilən bu iddianın “Agos” qəzetinin keçmiş baş redaktoru Rober Koptaş tərəfindən də gündəmə gətirilməsinə Qalatasaray Universitetindəki toplantıda etiraz etmiş, bəsit xronologiyanı sadalayandan sonra məni haqlı çıxaran Koptaş “amma reallıq Türkiyənin, Ermənistanla bağlı siyasətini Azərbaycanın ipotekasına verməsindən ibarətdir”- sözləriylə yenidən köhnə mövqeyinə qayıtmışdı). 2009-cu ilin yay aylarında Türkiyənin gizli şəkildə Ermənistanla danışıqlar apardığı (o vaxtlar Suat Kınıklıoğlu iqtidar partiyasının xarici siyasətini müəyyənləşdirib həyata keçirən əsas simalardan biriydi) avqustun axırında ortaya çıxdı. 31 avqustda APA-ya açıqlama verən CHP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Onur Öymən, ermənilərlə gizli danışıqlar apararaq protokol imzalama hazırlığında olan iqtidar partiyasına baş nazir Ərdoğanın Bakıdakı 14 may çıxışını xatırladaraq, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadan və Türkiyəyə qarşı iddialarından vaz keçmədən heç bir “normallaşma” sənədinin imzalana bilməyəcəyini vurğulamışdı. Daha sonra çalxantılı vəziyyət alan proses davam etdirilərək 10 oktyabrda İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin “normallaşdırılması” məqsədiylə 2 protokol imzalandı. Proseslərə hörmətli Kınıklıoğlunun məntiqindən baxsaq, onda ortaya çıxan mənzərəni qısa şəkildə bu cür təsvir etməliyik:

 

Tayyip Ərdoğan 14 mayda Bakıda çıxış edərək “plankanı o qədər yüksəyə qoydu ki, artıq heç bir şeyin önəmi qalmadı”; Kınıklıoğlu bu durumdan prezident Gül və xarici işlər naziri Davudoğlunun çox narahat olduğunu açıq şəkildə yazır. Demək ki, 2009-un yayında Türkiyə-Ermənistan münasibətlərinin normallaşması baxımından son dərəcə paradoksal durum mövcud olub; belə ki, baş nazir Ərdoğanın Bakıda “plankanı çox yüksəyə qaldırıb” hər şeyi önəmsiz qılmasına rəğmən və Kınıklıoğlunun məntiqinə inansaq, Ərdoğandan xəbərsiz - “normallaşma” üçün protokolların imzalanmasına hazırlıqlar gizli şəkildə davam etdirilib. Və yenə Kınıklıoğlunun yazdıqlarına əsaslansaq, Ərdoğanın Bakıda yüksəltdiyi “planka” əslində Sürix protokollarını “ölü doğurubmuş”. Adamdan soruşmazlarmı: durum belə idisə, onda 10 oktyabrda o protokollar dünyanın gözü qabağında və işdə marağı olan dövlətlərin şahidliyində niyə imzalandı? Protokolların imzalanmasından 4 gün sonra, “futbol diplomatiyası”nı davam etdirmək üçün Sarkisyanın Bursaya gəlməsinin nə anlamı vardı? Gizli saxlansa da, protokolların imzalanmasından sonra xarici işlər naziri Davudoğlunun birbaşa nəzarəti altında Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlikləri nümayəndələrinin “texniki müzakirələr aparmaq məqsədiylə” noyabr və dekabrda İstanbulda və Moskvada görüşdükləri və Türkiyə ilə “normallaşma” müzakirələrinə heç bir ön şərt olmadan başlamaq istəyən Ermənistanın “Qarabağda işğala son qoymağı” qəbul etməməsi  nəticəsində müzakirələrin “kor-topal” yürüdüyünə dair xəbərlər almaq da çox çətin deyildi. 12 yanvar 2010-da Ermənistan Konstitusiya məhkəməsi Sürix protokollarını “Konstitusiyaya və müstəqillik bəyannaməsinə zidd olduğuna görə həyata keçirilə bilməyəcəyini” səbəb göstərərək ləğv edəndən sonra isə proses tamamilə dayandı.

 

Protokolları Məclisin xarici işlər komissiyasında saxlayan Türkiyə onları heç vaxt sessiyanın müzakirəsinə gətirmədi. Proseslərin inkişaf məcrası bu qədər aşkar olduğu halda Suat Kınıklıoğlunun Türkiyə-Ermənistan “normallaşmasının”  əngəllənməsini  məsuliyyət daşıdığı günlərdə deyil də, 6 ildən sonra Tayyip Ərdoğanın 14 may 2009-cu ildəki Bakı nitqinə bağlaması hansı məntiq və matematikaya uyğundur? Ərdoğanın Bakı nitqindən sonra “heç bir şeyin önəmi qalmamışdısa”, partiyasının xarici siyasət sükanının başında duran Suat Kınıklıoğlu bu duruma reaksiyasını niyə o vaxt bildirib gərəkli addımları atmadı?

 

Suat Kınıklıoğluna dəstək verən “Radikal”ın digər yazarı Cengiz Çandar da (“Erdoğan-Akıncı atışmasını anlama kılavuzu”- 29.04.2014) Türkiyənin keçmiş baş naziri-indiki prezidentinin xarici siyasətini tənqid edərkən sözü Şimali Kipr Türk Cümhuriyyətindən Türkiyə-Ermənistan “normallaşması”na gətirərək “Şərqi Aralıq dənizindən Qafqaza qədər Tayyip Ərdoğan xarici siyasəti “Çözümsüzlük ən yaxşı çözümdür” və “statiklik” üzərində quruldu”- deyə Ərdoğanın mövqeyi barədə qəti hökmünü verib.

 

Ərdoğanın daxili və xarici siyasətinə münasibətdə çizdiyi daimi ziqzaqlarıyla tanıdığımız Cengiz Çandarın Qarabağda işğala son qoyulmadan Türkiyə-Ermənistan münasibətlərinin “normallaşmasında” nədən bu qədər istəkli olduğunu anlamaq üçün də “kılavuza” ehtiyac vardır. Çandarın bir vaxtlar yerə göyə sığdırmadığı və Türkiyədə sadəcə Turgut Özalla müqayisə etməyi uyğun gördüyü (“Özal”ı anmak, Tayyip Erdoğan”ı selamlamak”- tipli yazılara arxivlərdə çox rast gələ bilərsiniz) Tayyip Ərdoğanla son 2 ildə girişdiyi qovğada, işğal atlındakı Azərbaycan torpaqlarını qətiyyən hesaba qatmadan Türkiyə-Ermənistan “normallaşmasının” önündəki “ən önəmli əngəl” kimi təqdim etməyə çalışması, 1 milyon qaçqını bir tərəfə qoyun, hər bir Azərbaycan vətəndaşının ruhunu incitməkdədir. Azərbaycan torpaqları üzərində erməni işğalının və bölücülüyünün  davam etdiyi bir vaxtda Türkiyə-Ermənistan “normallaşmasında” bu faktoru hesaba qatmadan Türk siyasətinin hər hansı aktyoruna vurmaq-ən yumşaq sözlə, insafı itirməkdir.

 

Eyni vicdani hesabatı Türkiyənin Bakıdakı keçmiş səfiri, Türkiyə-Ermənistan “normallaşmasının” pərdə arxasındakı aktyorlardan biri olmuş Ünal Çeviközün də özünə verməsi pis olmayacaqdır.

 

İnsafınız olsun, o torpaqlar işğal altında ikən, işğalçı bir qonşuyla hansı “normallaşmamağa” yanıb-yaxılırsınız, hansı “normallaşmaya” əngəl olduğuna görə Tayyip Ərdoğana vurursunuz?

 

Qardaşlığı bir tərəfə qoyduq, işğalçıyla münasibətləri “normallaşdırmaq” hansı vicdanın əsəridir?

 

Eşitmirəm, bağırın, Suat Kınıklıoğlu, Cengiz Çandar, Ünal Çeviköz...

 

 

Mayis Əlizadə

 

xüsusi olaraq APA Analitik Mərkəzi üçün

# 112
avatar

Mais Əlizadə

Oxşar yazılar