FANTASTİKA! Biri 125, o biri 106 il gözlədi
30 aprel 2015 11:00 (UTC +04:00)

FANTASTİKA! Biri 125, o biri 106 il gözlədi

Futbolda bir klubun alnına əbədi olaraq, uğur qazanmaq yazılmır. Nailiyyətlər olduğu kimi, uğursuzluqlar da qeydə alınır. Bir vaxtların adlı-sanlı klubu yüksək liqanı tərk edə bildiyi kimi, çoxunun tanımadığı komanda heç kimin gözləmədiyi halda, yüksək liqaya vəsiqə qazanır.

 

"Karpi"

Yəqin ki, çoxunuz bu futbol klubunun adını ilk dəfədir ki, eşidirsiz. Halbuki "Karpi"nin tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Əsası 1909-cu ildə qoyulan İtaliya klubu daha sonra böhrana uğrayıb. 2000-ci ildə yenidən dirçələn klub B Seriyasının cari mövsümündə özünü yaxşı tərəfdən göstərib. Təsadüfi deyil ki, Karpi şəhərinin eyniadlı komandası tarixində ilk dəfədir ki, yüksək liqaya vəsiqə əldə edib. B seriyasının sonuna 4 tur qalmış bu hüquqa yiyələnən "Karpi" yeni mövsümdən A Seriyasında debüt edəcək.

"Karpi"ni ötən ildən təcrübəli mütəxəssis Fabritsio Kastori çalışdırır. Qeyd edək ki, 60 yaşlı məşqçi karyerası ərzində "Çesena", "Pyaçentsa" və "Askoli" kimi komandalara rəhbərlik edib.

 

"Bornmut"

İngiltərənin bu futbol klubunun tarixi 1899-cu ilə söykənir. 1997-ci ildə maddi problemlərlə üzləşən "Bornmut" 2008-ci ildə daha pis vəziyyətə düşüb. İngiltərənin 4-cü liqasına yuvarlanan komanda bu azmış kimi, 17 xaldan və transfer hüququndan məhrum edilib.

2011-ci ildə klubun rəhbəri vəzifəsinə rusiyalı iş adamı Maksim Dyomin keçib. O, "Bornmut"un aksiyalarının 50 faizini alıb. Bundan sonra klubda inkişaf dövrü başlayıb. 2012-13 mövsümündə Çempionşipə vəsiqə qazanan "Bornmut" cari mövsümü daha uğurlu keçirib. Eddi Xaunun çalışdırdığı komanda mövsümün sonuna 1 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib. Bu, 125 illik tarixi olan "Bornmut"un yüksək dəstəyə ilk yüksəlişidir. 

# 208
avatar

Tengiz Məmmədov

Oxşar yazılar