Məhbus ata - HEKAYƏ
28 aprel 2015 12:10 (UTC +04:00)

Məhbus ata - HEKAYƏ

(hekayə)

 

“Voronok” şəhərkənarı bulvarla paralel prospektlə irəliləyirdi. İrəliləyirdi demək də olmaz, “addım-addım” qabağa gedirdi. Park abadlaşdırılırdı, yolda təmir işləri aparılırdı. Yayın cırhacırında məhbuslar balaca bir gözlükdən ətrafa baxmaq üçün bir-birini əvəzləyirdilər. Spesifik dustaq iyi səkkiz açarla bağlı bu minitürməni başına almışdı.

Hələ üç yüz kilometr yol gedəsiydilər. Gözlükdən çəkən azadlıq cazibəsi və xoşbəxtlik görüntüləri məhbusları vicdanıyla üz-üzə qoymuşdu: kimi etdiyinin cinayət olduğunun fərqindəydi, kimi doğru addım atdığı əminliyində... Amma hələ ki hərə öz hesabını öz içində çəkirdi.

Azərin beynində bir cümlə köhnə patefon valı kimi fırlanırdı: “Həyat adamı başındakı papağı qoruyanda belə bağışlamır”.

Bu sözləri ona on dörd il həbsdə yatmış bir kişi söyləmişdi.

Qeyrətinin qurbanına çevrilmiş, on dörd bıçaq zərbəsinə on dörd il məhbəs həyatı sürmüş qatil sovet dönəmindəki cinayətindən danışırdı: “O on dörd ildə hər gün məni incidib, sübut etdilər ki, mən “oğraş”am. Türmədən çıxanda gün üzü görməyən xanımımın təndirdə çörək bişirməkdən üzü qapqara qaralmışdı, qızım atasız gəlin köçmüşdü, oğlum atasız böyümüşdü...”

Bununla da ona - ayrısının namusu üstündə vuruşmuş Azərə demək istəmişdi ki, gərək baş qoşmayaydın. Tanımadığın yad bir qızcığaza görə öz qızını tək buraxmaq məcburiyyətində qalmayaydın.

Bunu ona çoxları söyləmişdi, amma nədənsə bu keçmiş dustağın sözləri daha çox yadında qalmışdı.

Bəlkə də, elə bəlkəsiz də, onunçün danışmışdılar ki, istəməmişdilər daha bir ev başsız qalsın, daha bir qadın təndirdə çörək bişirməkdən qaralıb balasını üzüağ saxlasın, daha bir qız atasız gəlin köçsün, daha bir oğul atasız böyüsün, ata diri ola-ola... On dörd il möhnətlə döyünməyə, çırpınmağa qeyrəti çatan bir ürək sahibinin “nahaq baş qoşmusan” deməyi elə-belə məsələ deyildi.

Pəncərədən baxmaq növbəsi Azərə çatmışdı. Amma imtina elədi, heç nə demədi (neçə vaxtdı heç nə danışmırdı), sadəcə, başını buladı. Nə bulvarı, nə dünya işığını, nə hər şeydən xəbərsiz sakit-sakit dalğalanan bayrağı görmək istəyirdi.

İki gündən sonra təzəcə ali məktəbə daxil olmuş qızı rayondan Bakıya gələcəkdi. Oxumağa.

O, qızının yanında olmayacaqdı. İlk dərs günü məktəbə apara, ilk həftəsonu bulvara gəzməyə çıxara bilməyəcəkdi. Öz başındakı papağı qoruyanda belə adamı bağışlamayan həyat, özgə papağını qoruduğu üçün onunla necə davranacaqdı, görəsən, ona həyatı neçə ilə başa salacaqdı, cəza bir yana onu - hələ də özünü günahkar saymayan bu “günahkar”ı peşman edəcəkdimi, hansısa birini haqq yolundan döndərib, “gərək baş qoşmayaydın” deyəcək qədər sındıracaqdımı?

Axı “içəri”dəki adamın çöldəki həyatdan qorxusu təsir imkanlarının sıfır olmasından yanadı.

Axı insan güclərini itirəndə acizləşir.

Axı insanın haqq yolunda fədakarlığının da sərhədləri var.

Bir sözlə, peşman olacaqdımı? İtirdikləri xilas etdiyi o balaca qızcığazın həyatından bahamı olacaqdı?

Bəlkə də hə. Bəlkə də yox...

# 246
avatar

Aydın Canıyev

Oxşar yazılar