İspaniyada oynamış yeganə futbolçumuz: [b]“İşsizəm…” -[/b] PRESSİNQ
10 aprel 2015 15:45 (UTC +04:00)

İspaniyada oynamış yeganə futbolçumuz: [b]“İşsizəm…” -[/b] PRESSİNQ

Lent.az-ın “Pressinq” rubrikasının növbəti qonağı Azərbaycanın tanınmış futbol mütəxəssislərindən olan Vəli Qasımovdur. Vaxtilə İspaniya və Portuqaliyada legioner həyatı yaşamış Qasımov hazırda işsizdir. Keçmiş “10” nömrə oxucuların ona ünvanladığı sualları cavablandırdı.

 

Namiq Sadıqov:

 

- Vəli müəllim, işsiz günləriniz nə vaxta kimi çəkəcək?

 

- Bu yaxınlarda Ukraynada PRO kateqoriyalı məşqçi lisenziyasını da aldım. İndi təklif gözləyirəm. Bilirsiz ki, PRO xaricdə işləməyə də imkan verir. Əsas ümid ölkə xaricinədir. Amma bizimkilərdən də təklif gözləyirəm, ümidimi itirmirəm. İstərdim ki, Azərbaycan futboluna kömək edim. Amma təkcə mənim istəyimlə iş bitmir. Gərək təklif ola ki, işləyəm.

 

Yalçın Bayramov:

 

- Siz və Nazim Süleymanov Azərbaycanı ölkə xaricində ən yaxşı təmsil etmiş futbolçular olmusuz. Buna baxmayaraq, hazırda hər ikiniz işsizsiniz. Bu sizə necə təsir edir?

 

- Məşqçilik həmişə belə olub. Bu gün həm Nazim müəllim, həm də mən işsizəm. Məşqçi gah işləyir, gah da işsiz qalır. Komanda uğursuz nəticə göstərəndə günahkar məşqçi olur. Artıq il yarımdır ki, çalışmıram. Təbii ki, bu vəziyyət ürəyimcə deyil.

 

Samir Həmidov:

 

- Futbol mütəxəssislərinə federasiya tərəfindən olan diqqət lazımi səviyyədədir?

 

- Federasiya rəhbərliyi hər şeyi edir ki, futbol inkişaf etsin. Buna görə də, dəyişikliklər baş verir. Hər şey futbolun inkişafı üçün hesablanıb. Sadəcə, vaxt lazımdır.

 

Ceyhun Qəribov:

 

- Futbolumuzun azarkeş problemi nə vaxta kimi davam edəcək? Sizcə, niyə insanlar stadionlara gəlmirlər?

 

- Futbol azarkeşlərə görə oynanılır. Əgər insanlar stadionlara gəlmirsə, deməli, həmin oyunun marağı azdır. Camaat niyə stadionlara getmir? Çünki komandalar yaxşı, baxımlı futbol göstərmir. Futbolumuzun birinci problemi də elə budur. “Qarabağ”ın Avrokubok görüşlərində azarkeşlər tribunaları doldururdu. Çünki “Qarabağ” Avropa Liqasında yaxşı oyunlar göstərib, mərhələlər adlayıb. Bundan sonra insanlar başladı “Qarabağ”ın oyunlarına getməyə. Əvvəlcə “Neftçi”nin matçlarını izləyirdilər, indi isə “Qarabağ”ın.

 

Teyyub Qəribov:

 

- Azərbaycanda oyununu bəyəndiyiniz komanda hansıdır?

- “Qarabağ”. Həm gözəl, həm də baxımlı oyun göstərir. Nəticə də öz yerində. “Qarabağ”ın futbolçuları topu tez-tez bir-birlərinə ötürməklə, hücumun istiqamətini dəyişməklə oyunu gözəlləşdirirlər.

 

Vüsal Nəbiyev:

 

- Milli komandamızın yeni baş məşqçisi Robert Prosineçkini bəyənirsiz? Sizcə, onun gəlişindən sonra yığmamız yaxşı oyun və nəticə göstərə biləcəkmi?

 

- Berti Foqtsun dövründə milli baxımlı oyun göstərmirdi. Prosineçki gəldi və komandanın oyun stilini dəyişdi. Malta ilə görüşdə bunu görmək olurdu. Düzdü, hələ onun barədə danışmaq tezdir. Amma mən millinin gələcəyini görürəm və Prosineçkinin gəlişindən sonra yaxşı nəticə verəcəyimizi düşünürəm. İndi komandamız müdafiədə oturmur, hücum futbolu oynamaq istəyir.

 

Əsgər Məmmədov:

 

- Hazırda Azərbaycanın ən güclü futbolçusu kimi hesab edirsiniz?

 

- Sözün düzü, seçim etmək çətindi (düşünür). Qara Qarayevin oyunu xoşuma gəlir. Əvvəlcə “Qarabağ”ın, daha sonra isə qısa zamanda milli komandanın əsas heyət üzvünə çevrildi. Ən əsası da odu ki, Qara stabil oyun göstərir.

 

- Ömər Sadıqov:

 

- Azərbaycanda sizin tərzinizdə oynayan, sizə öz oyununuzu xatırladan futbolçu varmı?

 

- Bizim futbolda hücumçu problemi var. İndi çoxu sırf hücumçu kimi oynamır. Mərkəz hücumçusu kimi çıxış edən yalnız Rauf Əliyevin adını çəkə bilərəm. Hər komandanın öz sistemi var. Rauf mərkəz hücumçusu ilə oynayan komandaya xeyir gətirər. İndiki hücumçuların çoxu qol vuran deyil. Gərək əlimizdən gələni edək ki, bu problemi aradan qaldıraq. Bizim hücumçular qapını axtarmalı, qol vurmaq haqda düşünməlidirlər. Bir də klublardan da çox şey asılıdır. Hücumçularla ayrıca da məşqlər keçirilməlidir. Həmişə qabağı fikirləşmək lazımdır. İndidən cavan hücumçularla lazımi səviyyədə işləməliyik ki, onlar 20 yaşda hərtərəfli, səviyyəli futbolçu olsunlar.

 

İlkin Həmidov:

 

- İspaniyanın “Qranada” klubunda çıxış edən, millimizin üzvü Eddi İsrafilov haqda hansı fikirdəsiz?

 

- Düzdür, son vaxtlar “Qranada”da oynamır. Amma orda məşq etməsi belə, böyük üstünlükdür. Məncə, millimizə xeyir verəcək. Razıyam, klubunda əsas heyətdə oynaması lazımdır. Orda ehtiyatda qalması onun üçün mənfi haldır. Çünki oyun praktikasını itirir. Mən Eddi İsrafilovun yığmaya çağırılmasını müsbət hal sayıram. Çox köməyi dəyəcək. Maltaya qarşı az oynadı. Bir görüşə əsasən fikir bildirmək olmur. Əsas odu ki, Avropa futbolunu yaxşı tanıyır.

 

İbrahim Rəhimov:

 

- Sizcə, hansısa klubumuz nə vaxtsa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?

 

- Çətindir bunu demək. Bu ilk növbədə, çempionatın səviyyəsindən asılıdır. Bizim klublar daxili çempionatdan sonra Avrokubok görüşlərinə çıxanda çətinlik çəkirlər. Təcrübə və vaxt lazımdır. Düzgün iş getsə, niyə də olmasın? 10 il əvvəl kim düşünərdi ki, Azərbaycan klubu Avroliqanın qrup mərhələsində oynayacaq? Ancaq “Neftçi” və “Qarabağ” bunu bacardı. Onların bu uğuru futbolumuza çox xeyir gətirdi.

 

Cavid Piriyev:

 

- Vaxtilə Azərbaycandan çıxıb, İspaniya çempionatına qədər irəliləyə bilmisiz. Sizcə, indiki futbolçulardan kimin potensialı La Liqada çıxış etməyə imkan verir?

 

- İndiki məqamda elə futbolçu tapmaq çətin məsələdir. Klubların uşaq komandalarına diqqət artırılmalıdır. Orda işlər yüksək səviyyədə qurulmalıdır ki, yaxşı futbolçular üzə çıxsın. La Liqada oynamaq çox çətindir. Mən “Qəbələ”nin akademiyasını bəyənirəm. Bu klubun uşaq komandaları tez-tez Avropada turnirlərə qatılırlar. Bunun özü müsbət haldır, həmin futbolçulara böyük xeyirdir. Məncə, yaxın gələcəkdə “Qəbələ”dən 1 elə futbolçu çıxacaq. Digər klublar da uşaq futboluna diqqəti artırsalar, onlardan da La Liqada oynaya biləcək futbolçu çıxar.

 

   

# 197
avatar

Tengiz Məmmədov

Oxşar yazılar