Bənövşəyə təcavüz

Ramilə Qurbanlı

Yenə yaz gəlir, yurdumun bənövşələrinin qoxusunu duyuram.

 

Görəsən, açır indi orda bənövşələr?

 

Nənəmgilin  bağında çəmənlik  bənövşəyə qərq olardı. Ehtiyatla girərdim çəmənliyə, bir-bir dərərdim o incə çiçəkləri, anama 8 Mart hədiyyəsi eləyərdim. Anam da sevə-sevə dərib dəstə bağladığım bənövşənin ətrini elə sevgi ilə ciyərlərinə çəkərdi ki, elə bil dünyada ondan gözəl hədiyyə və bu bənövşə dəstəsindən  ətirli çiçək yoxdur. “Ömrün həmişə bahar olsun, həmişə bu bənövşələr kimi ətir saçasan” - deyərdi mənə. Hər il anama  özünün içində böyüdüyü o bağçadan dərib gətirdiyim bənövşə dəstəsini verərdim və eyni sözləri gözləyərdim.

 

Görəsən, açır indi orda bənövşələr?

 

Yoxsa, gizləniblər namərd ayaqlardan, naməhrəm gözlərdən? Bizdən vəfalıdır yurdumun çiçəkləri, açmazlar. Bəlkə, açarlar, nə bilim. Axı, yaranışdan boynubükük bənövşə nə bilir ki, indi orda biz yoxuq, açsa onu düşmən tapdayacaq. Nüsrət Kəsəmənlinin “Yumul bənövşəm, yumul” şeirini o bənövşələrə, elə-belə qeyri-ixtiyari, qəşəng şeirdi deyə o qədər oxumuşam ki! Hərdən mənə elə gəlir, indi o bənövşələr qınayır məni, deyirlər niyə bizə o bədbin şeiri oxudun, avazın taleyimizə yazıldı. Çiçəkdi, təbiətin hökmünə tabedi, açmaq vaxtı açacaq. Hardan bilsin ki, təbiətin bir üzvü olan insanlar da hökmə tabedir, həm də yalnız təbiətin deyil, böyük dövlətlərin məkrli maraqlarına, hegemon ölkələrin murdar siyasətlərinə... Heç ondan nə istədiyini soruşan da yoxdur, xüsusən də əgər o insan kiçik, amma zəngin bir xalqın nümayəndəsidirsə, heç vaxt öz əli, öz başı olmayacaq. Həmişə əllər onun başında olacaq. 

 

Görəsən, açırmı indi orda bənövşələr?

 

Yoxsa... yoxsa onlara da əsirlikdə qalan Xocalı qızları kimi  davranılıb, daha torpağın altını sevə-sevə qəbul ediblər, bir daha üstünə çıxmağı ağıllarından belə keçirməzlər?Bəlkə də açırlar, ətrafa nəzər salıb kədərlənirlər ki, hanı bu yurdun  bizi sevib əzizləyən insanları? Niyə belə kimsəsizlikdir? Niyə cəngəlliyə dönüb buralar? Cəngəllikdə bənövşə açar? Yazıq bənövşələr, bilsəniz, sizi dərib anama vermək üçün necə darıxmışam. Bilsəniz, sizin ətriniz üçün hər yaz necə ölüb dirilirəm. Yəqin siz də, bu yazıq yurdun insanları deyirsiniz bizə.

 

Hər yaz belə gəlir mənim üçün, hallüsinasiya ilə...

 

Görəsən, açıbmı orda bənövşələr?

 

 

LENT

23 Aprel 2019
22 Aprel 2019

Digər xəbərlər >>>