<b>Dar günün dost missiyası – <span style="color:red;">IV YAZI </b>
03 mart 2015 16:46 (UTC +04:00)

Dar günün dost missiyası – IV YAZI

Bu sətirləri yaza-yaza, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə yalnız ölkəmizdə deyil, eyni zamanda bir çox dost-qardaş ölkələrdə həyata keçirilən silsilə humanitar tədbirlərin ümumi mənzərəsini dərin vətəndaşlıq və heyranlıq duyğusu ilə göz önünə gətirirəm. Bu humanitar tədbirlər ilk növbədə ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, ölkəmizin başçısı cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətinə dəstək, ölkəmizin bəşəri dəyərlərə yüksək etinasının bariz nümunəsi kimi həyata keçirilir. Azərbaycanın dövlət müstəqilliyini ilk olaraq tanıyan dost-qardaş Pakistanın müxtəlif əyalət və şəhərlərində Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən humanitar tədbirlərin də bu sırada xüsusi yeri var.

 

 

Haşiyə, yaxud xeyirxahlığın ənamı

 

Həzrəti Peyğəmbərimizin söylədiklərindəndi: “Mənim Allah ilə elə anlarım olur ki, o zaman heç bir müqəddəs mələk və nəbiyyi-mürsəl mənimlə ölçüyə gələ bilməz”.

Xeyirxahlığın, yaxşılıq və alicənablığın ənamıdı bu!

Şeyx Sadreddin Konevi mübarək səhərlərin birində zikr edir: “Bu gecə Mevlananı Tanrıya o qədər yaxın gördüm ki, aralarına bir tük də sığmazdı”.

Əməli xeyir olanların, könül sevindirənlərin nəsibi, qədiri belədi. Allaha yaxın olanların qismətidi bu...

Həzrəti Mevlana “bir kimsəni dostluqda anarsansa daim sevinc içində olarsan” bəyanında yanılmadı ki...

Bütün səlim qəlblilər, xoşməramlılar bu yolla getdilər.

Dostu anmanın, dosta sarı xeyir əli uzatmağın gerçək nümunəsidi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanın əyalət və şəhərlərində həyata keçirilən humanitar tədbirlər.

 

Bütün dillərin anlamı birdi

 

“Dünyada neçə dillər var, necə dillər – amma hamısının da anlamı birdi” söyləyirdi Mevlana.

Bu mənada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hər yerdə olduğu kimi, Pakistanda da həyata keçirdiyi humanitar tədbirlərin də bir anlamı, bir mənası var ki, bu da xeyirxahlıq, dostluq, qardaşlıq, ən başlıcası, insanlıq anlamıdır.

O yerdə ki, xeyir əllərimiz dost əllərinə eyni məhəbbət, dost-qardaş istəyi ilə uzanır, “o halda bizlərdən də yaxın qohum-əqrəbamı olur?”

Böyük mütəfəkkir Osvald Şpenqler vaxtilə yazırdı ki, növbəti mədəniyyət mərhələsinin gəlişini gözləyir və mütləq gələcəyinə inanıram...

Mehriban xanımın təşəbbüsü ilə dost-qardaş Pakistanda həyata keçirilən humanitar tədbirlərin məqamını elə o böyük filosofun arzuladığı mədəniyyət mərhələsinin yenidən qayıtmasının simvolu kimi dəyərləndirirəm. İnsan amilinə, xeyirxahlıq, yaxşılıq, həyan olmaq naminə atılan hər addım gözəldir.

 

 

“Kədəri sevincə çevirən insan”

 

Tanınmış jurnalist Həmid Şahinin Pakistanın nüfuzlu ingilisdilli qəzet və jurnallarında, informasiya agentliyində dərc edilib, yayımlanmış məqaləsində Mehriban xanım Əliyevanın fəaliyyəti məhz bu sözlərlə dəyərləndirilir: “Kədəri sevincə döndərən insan!”

Məqalə müəllifi Mehriban xanım Əliyevanın özünü insanların firavan yaşamasına həsr etmiş nadir insanlardan olduğunu qeyd edərək yazır ki, görkəmli ziyalı ailəsində böyümüş Mehriban Əliyeva valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrənib. Məqalə “Heç şübhəsiz ki, Mehriban Əliyevanın Pakistandakı fəaliyyəti iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir” sözləri ilə bitir.

Bu deyilənlərin gerçək təsdiqidi Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2007-ci ildə tikilmiş və 2012-ci ildə əsaslı təmir olunaraq açılış mərasimi keçirilən qızlar məktəbi. 2010-2012-ci illərdə sel fəlakəti zamanı bu məktəbə ciddi ziyan dəymiş, tam yararsız hala düşmüşdü. Mehriban xanımın təşəbbüsü ilə məktəb yenidən quruldu, həyəti genişləndirildi və abadlaşdırıldı. Bu səbəbdən də Pakistanın dövlət qurumları həmin məktəbə xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın adının verilməsini qərar aldılar.

30 aprel 2012-ci il... Bu, həmin tarixdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Pakistanda həyata keçirilən silsilə humanitar layihələrə həsr edilmiş tədbir keçirilmişdir. Məhz bu tədbirdə Mehriban xanım Əliyeva tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramına başlanıldığı elan edilərək bildirilmişdir ki, bu proqramın ilkin mərhələsində “Sanf Qrup” nəzdində fəaliyyət göstərən “Külsum İnternational” xəstəxanasının texniki dəstəyi ilə “Edhi Home” Xeyriyyə Fondunun İslamabaddakı kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndlər edilmiş, Peşəvar şəhərində imkansızlar üçün pulsuz müayinələr təşkil edilmiş, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərində yerləşən qadınlar və uşaqlar xəstəxanasında pulsuz müayinələr edilmiş, Külsüm İnternational xəstəxanasında tanınmış cərrah Vakar Əhməd tərəfindən 4 nəfər imkansız xəstənin ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır.

2012-ci ilin 13-14 iyun tarixlərində isə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif əyalətlərində və şəhərlərində həyata keçirilən silsilə humanitar tədbirlərin davamı olaraq Xayber-Paxtunxva əyalətinə səfər çərçivəsində talesemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş, üzərində “Heydər Əliyev Fondu adından hədiyyə olunub” sözləri yazılmış 1 ədəd “Suzuki” markalı təcili tibbi yardım avtomobili və 2000 ədəd qan paketi təqdim edilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun adından hədiyyə olunan təcilli tibbi yardım avtomobili vasitəsilə əyalətin müxtəlif şəhərlərində, xüsusilə, Pakistanın Əfqanıstanla sərhəddə yerləşən ucqar məntəqələrində qan xəstəliklərindən əziyyət çəkən xəstələrə təhlükəsiz qan köçürülmə xidmətləri göstəriləcək, həmçinin, Hepatit C, Hepatit B, HİV/AİDS virusunun müəyyənləşdirilməsi üçün yerli əhali arasında pulsuz testlər təşkil olunacaq.

         Eyni zamanda, Peşəvar şəhərində imkansız xəstələrin müalicəsini həyata keçirən Paxtunxva Göz xəstəxanasına ziyarət zamanı, xəstəxananın yeni korpusunun tikintisi və göz xəstəliklərindən əziyyət çəkən imkansız xəstələrin əməliyyat olunması üçün Heydər Əliyev Fondunun adından xəstəxanaya maliyyə yardımı göstərilmişdir. Keçirilən humanitar tədbirlər Pakistanın PTV və “Express TV” kanallarında işıqlandırılmış və mətbuatda məqalələr dərc edilmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Baş Nazirinin katibliyi nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) fondunun Pəncab əyalətinin İslamabad, Ravalpindi və Baraha Ko, Khayber-Paxtunxva əyalətinin Peşəvər, Bəlucistan əyalətinin Kvetta və Zhob, Sind əyalətinin Kəraçi, Larkana və Navabşah şəhərlərində yerləşən 11 uşaq evinin 1200 sakini üçün iftar süfrəsi təşkil edilmişdir.

Sonra gəlir 2012-ci ilin 27-28 oktyabr günləri; Pakistan Tayfalar ərazisinin Lakki Marvat bölgəsində, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adından Qurban bayramı ilə əlaqədar tədbir keçirilir. Yenə də xoş bayramlaşmalar, minnətdarlıq duyğusu saya-hesaba gəlmir...

Az öncə, aprelin 30-da isə Lakki Marvat şəhərində uşaq və qadınlar xəstəxanasında müalicə alan və burada çalışan adamlara Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından bayram sovqatları paylanmışdır...

2012-ci il ərzində keçirilən tədbirlər Pakistanın aparıcı qəzetlərində və jurnallarında geniş işıqlandırılmış, həmçinin, televiziya kanallarında keçirilən tədbirlər haqqında məlumatlar verilmişdir. Bundan əlavə 28 may Respublika günü ilə əlaqədar Səfirlik tərəfindən təşkil olunan tədbirdə Pakistanın Daxili İşlər Naziri senator Rəhman Malik, Müstəqillik günü ilə əlaqədar təşkil olunan tədbirdə isə Pakistan Senatının sədri S.N.Hussain Buxari çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən genişmiqyaslı humanitar layihələrlə əlaqədar Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva başda olmaqla Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirmişlər. Həmçinin, Milli Assambleyanın üzvü, Parlament forumu və uşaq hüquqları komitəsinin sədri xanım Rubina Saadat Qaimxani Səfirliyə müraciət edərək, Pakistanda həyata keçirilən humanitar layihələrlə əlaqədar Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya Pakistan Hökumətinin və Milli Assambleyanın adından təşəkkür etmək məqsədilə Azərbaycana səfər etmək istədiyini bildirmişdir. (Məlumat üçün bildiririk ki, Milli Assambleyanın Komitə sədri xanım Rubina Saadat Qaimxani 12.03.2013-ci il tarixində Azərbaycana səfər etmiş, “Humanizm Simvolu – 2012-ci ilin qadını” mükafatını Mehriban xanıma təqdim edərək, Pakistanda həyata keçirdiyi layihələrə görə Pakistan xalqı və hökuməti adından Mehriban xanıma təşəkkür etmiş, həmçinin Pakistan Prezidenti A.Ə.Zərdarinin adından Mehriban xanımı Pakistana səfərə dəvət etmişdir.)

22 yanvar 2013-cü il tarixində Pakistanın ən nüfuzlu ingilisdilli qəzetlərindən olan “Daily Times” və “Qadın Könüllülər Təşkilatı” cəmiyyəti 2012-ci il ərzində Pakistanda həyata keçirdiyi geniş miqyaslı xeyriyyə layihələrinə görə xanım Mehriban Əliyevanı “Humanizmin Simvolu, 2012-ci ilin adamı” adlı mükafatı ilə təltif etmiş və bununla əlaqədar İslamabadın Serena mehmanxanasında, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Humanizmin Simvolu, 2012-ci ilin adamı” adlı mükafatının təqdimetmə mərasimi keçirilmişdir.

Tədbirdə Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Faisal Karim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu “Humanizmin simvolu-2012-ci ilin adamı” mükafatını Azərbaycanın Pakistandakı Səfirinə təqdim etmişdir.

Tədbir zamanı “Daily Times”-ın Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr edilmiş xüsusi buraxılışı mərasim iştirakçılarına paylanılmışdır.

“Xanım Mahriban Əliyeva-Humanizmin Simvolu-2012-ci ilin adamı” adlı xüsusi buraxılışda “Şəxsiyyətə baxış”, “Mehriban Əliyeva-Humanizmin Simvolu”, “Avroviziya 2012.”, “Humanizmin xidmətində”, “Mehriban Əliyeva-Dəyərli Xanım” adlı məqalələr, həmçinin Azərbaycanın Pakistandakı səfıri Daşqın Şikarov və Qadın Könüllüləri Cəmiyyətinin sədri Samina Şahın müraciətləri dərc olunmuşdur.

2013-cü ilin 19 iyulunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın İslamabad şəhərində yerləşən “Edhi Homes” kimsəsizlər evində məskunlaşmış kimsəsiz uşaqlar və ahıllar, həmçinin bu təşkilatın texniki işçiləri də dəvət olunmuş qonaqlar üçün təşkil edilən iftar süfrəsinin öz unudulmazlığı var.

Sonra gəlir Pakistanın Pəncab əyalətinin Fayzabad, Ravalpindi, İslamabad, Lahor, həmçinin, zəlzələdən ciddi zərər çəkmiş Bəlucistan əyalətinin Dera Murad Camali bölgəsində xanım Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Bütövlükdə 2013-cü il ərzində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın dəstəyi və təşəbbüsü ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən tədbirlər Pakistan xalqı və hökuməti tərəfindən böyük rəğbətlə qarşılanmış və Mehriban xanım pakistanlıların qəlbində böyük məhəbbət yaratmış “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi-2013” adına mükafatla təltif edilmişdir. 26 dekabr 2013-cü il tarixində Pakistanın Sind əyalətinin Larkana şəhərində “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi-2013” mükafatlarının təqdimetmə mərasimi keçirilmişdir.

2014-cü ilin 28 yanvar günündə isə Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvar şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun göz klinikasında Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilmişdi. Bu, ilin ilk tədbiri idi…

Az keçməmiş 4 may 2014-cü ildə isə Pakistanın Dera İsmayil Xan ərazisinin (Tayfalar ərazisi) Tank bölgəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keçiriləcəkdi...

Daha səkkiz gün keçəcəkdi və Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin Ancuman Süleymaniya məktəbində (kimsəsiz uşaqlar evində) Mehriban xanım Əliyevanın dəstəyi ilə humanitar aksiya keçiriləcəkdi.

Bu da 20 iyul 2014-cü il. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın İslamabad şəhərində yerləşən “Edhi Homes” kimsəsizlər evində məskunlaşmış kimsəsiz uşaqlar və ahıllar, həmçinin bu təşkilatın texniki işçiləri də dəvət olunmuş qonaqlar üçün yeni bir iftar süfrəsi təşkil olunub.

Üç gün də ötür. Bu dəfə Pakistanın Xayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilir.

Məcburi köçkünlər üçün yaradılmış düşərgədə təşkil olunmuş tədbirdə Xayber Paxtunxva əyalət hökumətinin rəsmiləri, federal fövqəladə nazirliyinin nümayəndəsi iştirak edirlər…

Tarixin 30 sentyabr 2014-cü ilindən söz açım sizə... Həmin gün Pakistanın İslamabad şəhərində yerləşən Beyt-ul-Mal – kimsəsiz uşaqlar evində Mehriban xanım Əliyevanın dəstəyi ilə Qurban bayramı ilə əlaqədar tədbir keçirilib.

 

 

Bayramla bağlı tədbirlər 6-7 oktyabr günlərində qaçqınların məskunlaşdığı əyalətlərdə davam etdirilir.

İl sona yaxınlaşır. Silsilə xeyriyyə tədbirləri isə davam edir. Artıq 2014-cü ilin 14 noyabr günüdü. Azərbaycanın səfiri Daşqın Şikarov Anemiya Mərkəzi üçün təmir işləri və avadanlıqların alınması məqsədi ilə Heydər Əliyev Fondu adından Mərkəzə maliyyə yardımı edir.

Cəmi bir ay sonra, 2015-ci ilin 15 yanvar tarixində isə Səfir D. Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində alternativ enerji ilə işləyən “20 Yanvar Şəhidləri Bulağı” kompleksinin  açılış  mərasimində iştirak edir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanın bütün əyalətlərində keçirilən tədbirlər Pakistan hökuməti və xalqı tərəfindən böyük rəğbətlə qarşılanmış, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirmişdir. Məhz, bunun nəticəsidir ki, ölkəmizin adı ilə bağlı təşkil olunan tədbirlərdə Pakistanın birinci xanımı, Pakistan Senatının sədri, Milli Assambleyanın sədr əvəzi, ölkənin nüfuzlu nazirləri, Senatın və Milli Assambleyanın komitə sədrləri, yüksək rütbəli generallar, nüfuzlu ictimai-siyasi xadimləri iştirak edir və öz çıxışlarında ölkəmiz haqqında yüksək fikirlər söyləyirlər. Pakistanın ölkəmizə verdiyi dəstəyi, həmçinin, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı dövlət kimi tanımadığını nəzərə alaraq 2015-ci il ərzində də Pakistanın bütün əyalətlərində və bölgələrində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə humanitar tədbirlərin keçirilməsi davam etdiriləcəkdir. Hesab edirik ki, belə tədbirlərin həyata keçirilməsi ölkəmizin Pakistanda mövcud olan nüfuzunu daha da möhkəmləndirir, həmçinin, Ermənistanın Pakistanla diplomatik münasibətlər qurması yolunda apardığı ciddi cəhdləri zərərsizləşdirir. (Etibarlı mənbələrdən aldığımız məlumata əsasən Ermənistan son iki ildə Pakistanla diplomatik münasibətlər qurması məqsədilə bir neçə dəfə uğursuz cəhdlər göstərmişdir və bu cəhdlər hal-hazırda da davam etməkdədir)

Hər görülən, həyata keçirilən işin bir savab, vacib tərəfi var. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu cür humanitar layihələrin savabı təbii ki, həm də dövlətimizə, xalqımıza çatır. 

 

# 260
avatar

Qənirə Paşayeva

Oxşar yazılar