<b>“Deyirlər, peyğəmbərin üzünü çəkmək olmaz... Niyə, harda yazılıb?” – <span style="color:red;">“AYNA” </b>
17 fevral 2015 13:55 (UTC +04:00)

“Deyirlər, peyğəmbərin üzünü çəkmək olmaz... Niyə, harda yazılıb?” – “AYNA”

Lent.az-ın “AYNA” rubrikasında Aysel Əlizadənin budəfəki qonağı rəssam Pəri Miniatürdür.

 

Fotoqrafımız müsahibimin şəkillərini çəkəndən sonra yaxınlaşıb, astadan dedi: “xanımın gözləri çox kədərlidi, elə bil illərdi sevinmir”. İlk dəfəydi kimsə haqqında belə deyirdi bizim fotoqraf. Görünür, şəklini çəkdiyi adamların gözlərində olanları fotoqraflar, rəssamlar bizdən daha tez görür. Yaradıcı qadınlarla söhbətimiz davam edir. Qonağım da rəssamdı. Rəssam Pəri. Mən onun ruhunun şəklini yazmağa, bəlkə də çəkməyə çalışacam.   


- Miniatür sənətində Tanrını çəkən olub?

- Tanrını yox, ancaq peyğəmbərləri olub. “Cami ət-təvarix”də var onlar.

- “Peyğəmbərin meracı” da var... Bu cür qədim rəsmlər və miniatürlər Avropa, ABŞ, Şərq muzeylərində qorunur, eləmi?

- Əlbəttə. Miniatür sənətində hər mövzu var. Ona görə əvəzsizdi. Deyirlər, Məhəmməd peyğəmbərin üzünü çəkmək olmaz. Harda yazılıb? Niyə olmaz? Mən məsələn, Tanrını da çəkmək istəyərdim. Onu hiss edək, bizə yaxın olsunlar. Allah ədalətlidirsə, niyə biz ondan qorxmalıyıq? Guya bu Allaha xidmətin göstəricisidi? Minbərə qalx, həccə get, gündə on dəfə namaz qıl, neynirsən elə, içində işıq yoxdusa, kinlə, pisliklə, paxıllıqla dolusansa, Allahdan çox uzaqsan.

- Hansı rəssam sizi işilə dəhşətə gətirib, “belə böyük rəssam olarmı” düşünmüsüz?

- Böyük rəssamlar çoxdu. Ancaq miniatür sənəti kimi heç nə məni heyrətləndirmir. Bizim də böyük rəssamlarımız var. Rəssam Faiq var, Səttar Bəhlulzadə...

- Mikelancelo Musanın heykəlini yaradandan sonra çəkiclə onun dizinə vurub bağırır: "İndi isə danış!" Sizi belə ekstaza gətirən əsəriniz olub?

- Mikelancelo özünü həmin an Tanrı hesab edib. Tanıdığım bir rəssam var, adının çəkilməsini xoşlamır. O bir dəfə dedi ki, işimi bitirəndən sonra o qədər yüksəkdə hiss etdim özümü, istədim stulları üst-üstə qoyub qalxım yuxarı. Ancaq özüm hələ “o” əsəri çəkməmişəm.

- Özünüzə aid bir tapıntı varmı bu işdə?

- 16 ildir, çəkirəm. Elə ştrixlər var, əminliklə “bunu mən etmişəm ilk dəfə” deyə bilərəm. Məsələn, iki element birləşib üçüncü aktiv element yaradır. Və bu element təkcə öz rolunu yox, başqa rol da oynayır. Bu kimi tapıntılarım var.

- Kimə ağıllı adam deyirsiz?

- Mənim üçün elmli, savadlı adam dəyərlidi. Ağıllı adam isə başqasına – insanlara, cəmiyyətə ziyan verməyəndi. İstəyir lap ətdən paltar geyinsin. Müharibələr edən, insanların başını kəsən adamları ağıllı saymıram. O qədər günahlar, haqsızlıqlar olur,  düşünürəm, heç bu dünya yaxşı yer deyil. Ona görə öz dünyamı yaratmışam.

- Məktəb açmışdınız uşaqlar üçün. Necə gedir işlər?

- Alınmadı. Uşaq yığılmadı. Bizim cəmiyyət belədi, uşağına yüz manatlıq ayaqqabı alar, ancaq onu rəssamlığa qoymaz.

- Uşağın rəssamlığa istedadı olduğunu nədən bilmək olar? Mənim qızım bütün günü çəkir.

- Rənglərə qarşı həssaslığından. Bütün uşaqlar şəkil çəkir. Ancaq çəkdiyi şəkillərdə hansı rənglərdən istifadə edir, fantaziya qatırmı, bundan bilmək olur.

- Boşanmalar da ildırım sürətilə artır, səbəbi barədə düşünmüsüz heç? 

- Bir rəfiqəmiz boşanmasını belə izah etmişdi: bizim ortaq heç nəyimiz yoxdu. Bircə ikimiz də limonlu çay içirik. Biz onda güldük, ancaq sonra düşündüm ki, bu çox ciddi məsələdi. Bir də adamlar bir-birini sıxışdırdığı üçün bir yerdə yaşaya bilmirlər. Təkcə ər-arvad arasında yox, övlad-valideyn münasibətində də anlayış olmayanda çətinlik yaranır.  Mən boşanmaq istəyəndə, anam dedi ayıbdı, kənddə nə deyərlər? Dəhşətə gəlir adam. Demək valideyn 62 yaşında özünü düşünür, ancaq biz gənc yaşımızda özümüzü düşünməli deyilik.

- Siz də ortaq heç nəyin olmadığı üçün boşanmaq istəyirdiz?

- Təkcə o deyildi səbəb. Aldandığımı öyrəndim. Etiraf etsəydi, xoşuma gələrdi. Ancaq o qədər əmək, sevgi verdiyin adam gözünün içinə yalan deyirsə, yaxşı insan deyil. Halbuki bir-birimizi necə sevmişdik. O Türkiyədə oxuyurdu, mən Bakıda. Onun ikinci məktubu gəlincə birincinin bütün hərflərini əzbərləyirdim. Sevdik, evləndik və zaman keçdi, adam ideallıqdan çıxdı. Əminəm ki, evlənməsəydik gözüm həmişə onu axtaracaqdı. İndi isə rahatam.

- Yaradıcılığınızı qiymətləndirirdi?

- İşi evə yaxın idi, hər gün nahara gəlirdi. Mən də çox vaxt mətbəxdə çəkirdim. İşimi həmişə masanın kənarına qoyurdum ki, içəri girəndə görsün. Çox istəyirdim fikrini desin, baxsın, ancaq heç vaxt gözünün ucuyla da baxmırdı. Mən də usanmadan elə hey rəsmləri masaya qoyurdum. Gözləyirdim, bir gün baxacaq, bu dəfə baxacaq... heç baxmadı.

- Diqqətsiz idi, yoxsa qəsdən belə edirdi?


- Onu diqqətsiz, ağılsız adam hesab etmirəm. Əgər qəsdən edirdisə, demək biz bir evdə yaşayan əbədi düşmən idik. Bir yerdə olmağın adı nə idi bəs?..

- Necə başladı bu roman?

- Yeddi il sevgili olduq. Uzaq idik bir-birimizdən, içdən tanıya bilmədik, ideallaşdırdıq. Ancaq evliliyin dörd ili gözəl keçdi. 24 yaşım vardı biz evlənəndə. Heç kimdən heç nə istəmədən evlənmişdik, məni qaçırmışdı. Sıfırdan başladıq. Heç nəyimiz yox idi. Nə mebelimiz, nə döşəyimiz... Kirayə ev tutduq, bir-birimizə söykənib yaşadıq. Evə gələndə barmaqlarıyla qapını tıqqıldadardı. O tıqqıltı elə doğmaydı... Evdə tozlu bir yerdə barmaqlarının izi qalmışdı. Hər yeri silib o barmaq izini  saxladım. İndi düşünürsən, barmaqlarının izini silmək istəmədiyin adamı həyatından silirsən... nə qədər qəribədi.

- Rəssamlıqla ciddi məşğul olmağa nə vaxtdan başladız? 

- Maddi çətinlik çəkirdik. Uşaq olandan sonra ağlıma gəldi ki, işləyib sata bilərəm. İlk işimi o vaxtın puluyla yeddi “şirvan”a satmışam. “Torqovıy”da o vaxt rəsm satanlar vardı. Apardım onlara. O başa gedib qayıdanda oğlan qaça-qaça gəldi ki, işiniz satıldı. Bəlkə də belə olması mənim üçün daha yaxşıdı. Mən xoşbəxtliyi ərinin paltarını ütüləməkdə, sevdiyi tortu bişirməkdə görən qadınlardan deyiləm. Balaca bacım bütün günü ərinə yeni bir yemək bişirmək üçün resept axtarır. Orası da var ki, əri də onun əlindən öpür hər dəfə. Bu stimuldu.


- Miniatür şərq sənətidi və doğal olaraq yalnız bu mədəniyyəti ifadə edir. Eyni mövzuda işləmək darıxdırıcı deyil?

- Miniatür sənəti mərtəbəlidi və tamamilə elmdən ibarətdi. Sultan Məhəmmədin Təbriz məktəbində bir kitabı iyirmi ilə işləyiblər. Şərq mədəniyyəti sirlidi. İndi Bakıda məktəb açılıb. Ərəb əsilli ingilislər gəlib orda şərq kristalloqrafiyasından, miniatür sənətindən dərs deyirlər. Bu işi öyrəniblər, bilirlər. Avropalılar həmişə şərqə maraq göstəriblər.

- Bəs şərqlilər niyə özlərində olmayanı öyrənməyə çox da həvəsli deyillər?

- Bilmirəm... Söhbət məndən gedirsə, bir az millətçiyəm, bəlkə buna görə qərbin rəssamlıq məktəbinə maraqlı olmamışam. Məni Avropada cəlb edən heç nə yoxdu. Biri armaturları əzib fiqur düzəldir, guya sənətdi. İncəlikləri isə bilmir.

- Miniatür sənətini “əbədi modernizm” adlandırmaq olar?

- Çox gözəl ifadədi. Elə bilirəm, modernizm də, sürrealizm də miniatürdə var.

- “Rəssamlıq” rəssamlıqdan başqa nə öyrədib sizə?

- . O qədər incəliklərlə işləyirsən ki, səbrli olmağı öyrənirsən. Axtardığını öz içində tapırsan. İnsan öz içində heç nə tapmayanda başqa yerdə səhv eləyir. Ən azı qeybətdən, pis işlərdən qoruyur.

- Biz yazarlar “oxucu” deyirik, siz nə deyirsiz?

- Tamaşaçı.

- Sizi şaşırdan tamaşaçı olub?

- “Şeyx Şəfi xalçası”nda 16 qırış var. Bir tamaşaçı onları sayıb mənə sual vermişdi ki, niyə on altı? Xalçanın özündə 16 kiçik qübbə günəş şüalarını əks etdirir. Mən də öz işimdə bunu on altı qırışla simvolizə etmişəm.  


- Kişilər sizi anlayır?

 
- Demək olar ki, hər zaman qarşıma çıxan yaradıcı kişilər belə məni rəssam kimi baxa bilməyib. Ruhumu görən olmayıb. Yalnız cism, cism...

- Yaradıcı insanın başqalarından fərqi nədir?

- Bəlkə dövründə Füzulidən də yaxşı düşünən olub, ancaq ondan yaxşı yazan olmayıb. Yaradıcı adamın fərqi budu. Yaradıcı insan içinə əyilə bilir, daha doğrusu, içinə qalxa bilir. Salvador Dali deyirdi, mən hamının gördüyünü görə bilirəm, ancaq hamı mənim gördüyümü görə bilmir.

- Baş götürüb hara getmək istəyirsiz?

- Konyada səmazənlərin yeri var. Gedib orda yaşamaq istəyərdim. Mən kunq-fu ilə məşğul olmuşam. Orda da salamlaşmada “hu” edib nəfəs verirsən. Səmazənlər də belə edir. Onlar fırlananda niyə başları dönmür? Çünki məchula baxırlar, heç yerə baxmırlar əslində, ilahi havaya düşürlər. O yaşam tərzi məni çox çəkir.

- Pəri dərvişdi?

- Yox hələ, olmaq üzrədi (gülür) Bilirsiz, məni namaz, din çəkmir, ancaq İlahi eşq, meditasiya, sufizm çox çəkir. Kölgələrdə, buludlarda, rənglərdə fiqurlar görürəm. Bir siqaret kötüyündə insan profili tapa bilərəm. Bu da mənim həyat tərzimdi.

- Sevdiyiniz kitab hansıdı?

- “Mənim adım qırmızı”. Orxan Pamuk gəncliyində rəssam olub. Əsərdə rəssamları gözəl ifadə edib. Dövr olub ki, rəssamın kor olması titul sayılıb. Simlə gözlərini kor edənlər olub. Bu nədi? Bu, eşqdi, əlbəttə...

# 290
avatar

Aysel Əlizadə

Oxşar yazılar