[b]Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı... – III YAZI[/b]
09 fevral 2015 11:35 (UTC +04:00)

[b]Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı... – III YAZI[/b]

Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə etmiş Quru Arcan Devin 1606-cı ildə imperator Cahangirin əmrilə edam olunarkən duyduğu əzabları canında-qanında hiss edə biləsən... Elə ki imperator Cahangir adı qələmin ucuna gəldi, istər-istəməz bəxtsiz, uğursuz bir istəyin oduna yanmış, qul taleyini Lahorun ən önəmli bazarlarından birinin adıyla əbədiləşdirən dünyalarca sevdalı Anarkalinin taleyini yada salıb da yas tuta biləsən... Düşündükcə böyük Füzulinin qarasevdalı Leylinin dilindən Məcnununa yazdığı namədən misralar düşür yadıma: “Olsaydı əlimdə ixtiyarım, olmaz idi səndən özgə yarım...”

 

İxtiyarı yox idi Anarkalinin. Adi bir qul idi. Sonralar imperator Cahangir adı ilə tanınan şahzadə Səlimlə aralarında olan qeyri-qanuni əlaqələrinə görə şahzadənin atası imperator Əkbərin əmri ilə diri-diri torpağa basdırılmışdı bu zavallı qız. Uğursuz sevdası yolunda qeyb etmişdi həyatını. Ancaq bu əfsanəvi istək adını əbədiləşdirmiş, tarixdən-tarixə köçürə bilmişdi. İndi bəxtsiz qızın adıyla tanınır Lahorun ən qaynar ticarət mərkəzlərindən biri olan Anarkali bazarı... Bu, həmin bazardı ki, qədim bölümündə daha çox ənənəvi yeməklər diqqət çəkir, yeni bölümündə naxış-naxış əl işləri zövqlü müştərilərini gözləyib durur.

 

Özün öz yolunu arayıb da tap...

 

Ev sahibliyi edəcəm, yazıb da birər-birər tanıdacam bu gözəl şəhəri sizlərə, dəyərli oxucularım. Ancaq tanıdılası, tarixi gəlişmələrindən bəhs ediləcək o qədər zənginliklər var ki, hansından başlayıb, hansında bitirməyin fərqini tuta bilmirəm.

 

Əvvəlcədən də qeyd etdiyim kimi, Asiya Parlament Asaambleyasının gərgin müzakirə və toplantılarından sonra, xüsusilə axşamlar mütləq Lahorla baş-başa qalmaq imkanımız da olurdu və mən bu möhtəşəm yerləri təkrar görməyimin zövqünü yaşayırdım. Təbii ki, çox bənzərsiz, gözəl yerlərdi, hər kəsin nəsibi olmağını istərdim. Lahora səfər edəcək hər bir müsafirin öncə Lahor Qalası ilə tanış olması gərəkdi. Buradan başlamaq lazımdı ilk gəzintini. Çünki bu qala dədələrimizin mirası və tariximizin bir parçası olaraq durur göz önündə... Moğol imperatoru Əkbərin 1584-1598-ci illər arasında yapdırdığı Lahor Qalasından boylanıb baxmayınca tarixin o uzaq keçmişinə, olmuşlarına diqqət kəsilə bilməzsən ki...

 

Asiya Parlament Assambleyasının 7-ci sessiyasında Pakistan Parlament senatının sədrinin qonaqların şərəfinə verdiyi axşam ziyafəti də məhz bu qalada düzənlənmişdi. Gecə keçdikcə ay işığı o qədim, tarixi keçmişin unudulmazlıq ziyası kimi Lahor qalasını əfsanəvi bir simsarlıqla nura boyayırdı və elə bil ki, o tarixi qalanın əzəmətini, qos-qoca durumunu bir boy da daha da ucaldırdı.

 

Qonaqların şərəfinə verilən bu ziyafətdə nələri seyr etmədik?... Çeşidli folklor nümunələri könülləri yaxdı, yaxdı... Şərqilər, rəqslər... Hələ sahibinin sözünü tutub musiqi ritmiylə hərəkət edən ağca dəvələri görəydiniz kaş! Sirli bir aləmə düşmüş kimiydik.

 

 

İmkan düşən kimi gəzməyə başladım qədim qalanı. Ürəyimdən qıpır-qıpır keçirdim ki, aç gizlinlərini, əlini, üzünü, gözünü aç, dünəninin olmuşlarını...

 

Lahor qalasından Almagiri qalasına qədər yürüyərək getdim. Qala qədim şəhərin sınırları içərisində qərar tutub. Uçurulub, yandırılıb və sonda bir də yenidən qurulan çağları olub. Daxilində Əkbər, Cahan şah, Cahangir kimi Moğol imperatorlarının sarayları, bağçaları, odaları indinin özündə durur inadla. İngilislərin zamanında müəyyən dəyişikliklərə uğradığı da göz önündədi; gah qala divarlarını təmir edərkən, gah da silah anbarına çevirərkən müəyyən dəyişikliklər, uyğunlaşdırmalar yapıblar.

 

Mənə yardımçı olan pakistanlı rəfiqəm anını qaçırmadan diqqət yetirdiyim hər tarixi abidə barəsində həmən məlumat verir: “Bu hovuzu Cahangir ağa xatunu Nurcahan üçün yapdırıb. Nə yazıqlar ki, ömür vəfa etməyib. Hovuz hasilə gəlincə dünyasını dəyişib. Ancaq bu acı səbəbindən imperatorun üzüntülərinə şahidlik edən siyah mərmərlər durur hələ də”. Hər qədəmi qəlb, könül şəkillənməsi ilə iç-içədi!

 

On üç qapılı bu dördkünc qala. Hər əlçim daşıyla, abidəsiylə Moğol dönəminə şahidlik edir. Aynalarla bəzədilmiş şüşələri eynən bizim Şəki Xan sarayının mövcud şəbəkələrini xatırladır. Bu aynalı guşə Aynalı şah tərəfindən yapdırılıb. O ki qaldı divarlar boyu diqqət çəkən yazılara, bunlar ingilis işğalı zamanlarının yadigarlarıdı. Ani nəzər yetirmək bəs edər ki, hər addımbaşı qarşınıza çıxsın.

 

Yerli dildə qalanı Şahi qala deyə adlandırırlar. Lahorun Divarlı şəhərinin şimal-qərb səmtində, Pakistanın ən böyük şəhər parklarından olan İqbal Parkda trapesiya formasında yerləşib, 20 hektarlıq ərazini əhatə etməkdədi.

 

1556-1605-ci illər arası Moğol imperatoru Əkbərin təşəbbüsü ilə ucaldılan qalanın Moğol, Sikh və Britaniya idarəsində olduğu zaman müəyyən dəyişikliklərə də uğrayıb.

 

Məşhur Alamgiri darvazası imperator Aurangzeb tərəfindən inşa etdirilib və Padşah Məscidi səmtə açılır. Digər daha qədimi Masseti (Pəncab dilində məscid mənasındadı) və ya Məscidi Darvaza adlanır.

 

Qalanın ən gözəl hissəsi aynalı işləmələrlə süslənmiş bölümdən baxıb görə biləcəyiniz əsrarəngiz mənzərədi. Əzəmətli minarə gözünüzə çarpan kimi Badişah Cami ilə üzbəüz qaldığınızın fərqində olacaqsınız. Yüz min kişini eyni anda içərisinə ala bilən bu məscid-abidə məşhur Moğol imperatoru Aurangzəb tərəfindən yapdırılıb və adı da burdan gəlməkdədi. Bu gözəl məkana ya mütləq sübh çağı, ya da axşam saatlarında güzar etmək gərəkdi. Vaxtı tutun, zamanı bilin... Heç unutduğun olmayıb ki... Günün atışı, Ayın doğuşu anında seyr etmişdim bu yerdən Badişah camisini...

 

 

Ziyafətin rəsmi hissəsi bitən kimi təxminən 40 addımlıqdakı camiyə gedirəm. Dualar oxuyub səssizliyi dinləyirik. Elə qəribə bir huzur var ki burada...

 

Lahorda Badşahi Məscidi 6-cı moğol imperatoru Aurangzeb dövründə 1671-ci ildə inşasına başlanılıb və 1673-cü ildə tamamlanıb, Pakistanda və Cənubi Asiyada ikinci ən böyük rnəscid və dünyada 5-ci ən böyük məsciddir. Moğol dövrünün gözəlliyini, əzəmətini və füsunkarlığını özündə ehtiva edən bu məscid turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Məscid Lahorda İqbal Parkda yerləşir.

 

1993-cü ildə Pakistan hökuməti Badşahi məscidini YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsini tövsiyə etmişdir və bu siyahıya daxil edilmişdir.

 

Məsciddən hərbi qarnizon kimi istifadə edilməsinə qarşı müsəlmanlar arasında artan narazılıq Sikhlərin hakimiyyəti illərindən başlayaraq Britaniya hakimiyyəti illərinə qədər davam etmiş və nəticədə Britaniya hökuməti 1852-ci ildə Badşahi Məscidinin bərpa edilməsi və məscidin müsəlmanlara dini ibadət yeri kimi qaytarılması barədə qərar qəbul etmişdir. 1852-ci ildən Badşahi məsciddə bəzi təmir işləri aparılmışdır. 1939-cu ildə Pəncab naziri ser Sekandar Hayat Khan bu məqsədlə vəsait toplanmasına başlaması ilə məsciddə böyük təmir işləri həyata keçirilməyə başlanmışdı.

 

1939-cu ildə memar Navab Zen Yar Canq Bahadurun rəhbərliyi altında məsciddə geniş təmir işləri başlamış, 1960-cı ilə qədər davam etmişdir. Təmir işlərinin ümumi dəyəri 4,8 milyon rupi təşkil etmişdi.

 

Tarixə adını yazan Minar-e-Pakistan

 

23 mart 1940-cı ildə Ümumhindistan Müsəlman Liqasının iki millət nəzəriyyəsinə uyğun olaraq Cənubi Asiyada müsəlmanlar üçün ayrıca dövlətin yaradılması haqqında Lahor qətnaməsinin qəbul edildiyi ərazidə daha bir abidə ucaldılıb; İqbal Park daxilində... Minar-e-Pakistan ismilə tanınmaqdadı... Özündə Moğol, İslam və müasir memarlıq üslublarını ehtiva edir. Əslən Dağıstandan olan memar və mühəndis Nəsrəddin Murad xan tərəfindən inşa edilib. Quran ayələri və Allahın 99 adı ilə süslənən divar yazıları göz oxşamaqdadı. Urdu və benqal dillərində Pakistanın dövlət himni, Məhəmməd Əli Jinnahın nitqindən parçalar, Allah kəlamları bənd-bənd yer tutubdu minarə boyu.

 

İqballa baş-başa...

 

Daha bir ziyarətgah çəkdi könlümü. Türbəsindən unudulmaz ruhu “əvvəl dost, arkadaş, sonra yol...” – deyə səslənən böyük filosof-şair Muhammed İqbalın türbəsini ziyarətə yürüdüm. Hər qədəmdə unudulmaz qitələri, hər biri böyük bir mənəviyyat daşıyıcısı olan kəlamları mənimlə oldu:

 

Yurdunu tərk etmişdi Məcnun, çölü de tərk etsin,

Söyləyin, görmək həvəsində isə Leylini də tərk etsin.

 

Ey dərviş, burada, olqunluğa çatınca edilir ərək,

Sən tək bu dünyanı tərk etmisən, o biri dünyanı da tərk et.

 

Təqlid etməkdən daha yaxşıdır özünü yox etmək

Özün axtar yolunu, Xızırı gözləməyi tərk et.

 

Sanki qələmsən – dilin ellərin sözləriyle dolu

Elin sözüylə gərəksiz öyünməyi tərk et.

 

Bir az öncə də haqqında bəhs etmişdim. Muhammed İqbal böyük islam alimi, filosofu, şairi olmaqla bərabər, həm də bir siyasətçi olaraq Hindistandakı müsəlmanların azadlıq, müstəqillik mücadiləsini ilk dəfə dilə gətirib.

 

Təsəvvüf düşüncəsi ilə yaşayan bir ata-ananın oğlu idi. İlk təhsilini Quran üzrə almışdı. İslam ədəbiyyatını yetərincə əxz etmişdi. Londonda universitet tələblərinə dərs dediyi üç il müddətində İslamı dərk etdirməyə böyük çaba göstərməklə bərabər, hüquq elmini əxz etmişdi. Almaniyadan fəlsəfə doktoru kimi dönmüşdü. Mövlana şamının pərvanələrindən idi. Siyasi müstəvidəki baxışları “siyasət – çalışmaq, izzət və şərəfə dəvət etməkdir” şəklindəydi. İngilis işğalına qarşı dirəniş göstərməkdə onun şeirləri önəmli rol oynamışdı. Bu yöndən böyük türk şairi Mehmet Akif Ersoyla müqayisə edilməkdədi. Qurtuluş Savaşı illərindəki zor durumda Pakistan xalqını türk xalqının dəstəkləməsi üçün soydaşlarından 1,5 milyon sterlinq toplayıb, Ankara hökumətinə yollamışdı.

 

 

Belə yazmaqdaydı ki:

 

Mənliyinizi qızıl-gümüş əvəzində satma,

Qığılcım əvəzində alov verməzlər...

 

Yazmaqdaydı ki:

 

Sürməsindən əcəmin gözü incə görüşlü olan,

Və həqiqətləri görən Firdovsi belə deyir –

 

Para yolunda pis və alçaq təbiətli olma,

Parasız da yaxşı xasiyyətini tərk edən olma...

 

Şah əsəri olan “Cavidnamə”nin adından kiçik oğlu Cavidə ad vermişdi Muhammed İqbal. Bu, o Caviddi ki, illər sonrası yazacaqdı: “Güney Afrika müsəlmanları 1933-cü ildə gəlib atama uzunömürlü olması üçün dua etdikləri zaman, atam onlara belə söylədi: “Mən edə bildiklərimi etdim. Artıq mənim üçün yox, Mustafa Kamal və Muhammed Əli Jinnah üçün dua edin”.

 

Son yeddi yüz ilin ən böyük islam mütəfəkkirlərindən biri  olaraq qəbul edilir Muhammed İqbal. Elə bu böyük şairin öz unudulmazlığı üzünə yazıb bu misralar:

 

Kimsən? Hardasan ki, göy üzü,

Minlərcə ulduz göz yetirib sənə baxar...

 

             

 

Lahorda tarixə ziyarət...

 

Sonun əvvəlində gördüklərimi yazım birər-birər, yazım necə var: Öncə Lahor mənzərələri çəkir nəzəri. Lahor muzeyidi bu – kirəmit rəngli, ingilis üslublu...

 

“Old Lahore” qala divarları içindədi. Jalled Cimy də deyirlər adına. Bir çox qapısı var; Dehli qapısı, Bhati (Batı) qapısı var! Kaşmir darvazası, Şahi-Aləm qapısı ən məşhurlarıdı.

Bu sırada Hənəfi məzhəbi alimlərindən Data Gənc-i Bahş adıyla tanınan məşhur Ali Hucviri həzrətlərinin türbəsini ziyarət etdik. Geniş güvənlik önləmələrindən keçərək içəri daxil olduq. Bu böyük mütəfəkkir 1072-ci ildə vəfat edib. “Keşf-ül-mühacib” əsərinin müəllifidir. Bu, farsca yazılan təsəvvür əsərlərinin ən önəmlilərindəndir. Qəznədə doğulduğu bilinir, Sultan Mahmud Qəznəvinin oğlu İbrahim Qəznəvi qəbri üzərinə gözəl bir türbə yapdırıb. Hər il bir həftə boyunca anım mərasimi düzənlənir.

Bir azdan Tahir-i Lahorinin qəbrini ziyarət edirik. Şəhərin ən böyük - Meyani Sahib qəbiristanlığında uyuyur. Bu şəxs İmam-i Rabbani həzrətlərinin tələbəsi, eyni zamanda oğlu Muhammed Məsum və qardaşlarının xocası olmuşdur.

Duracaq yerimiz Səlim Cahangir xan türbəsi önüdü... Böyük bir karvansara qismindədi. Sonunda böyük bir bağça görünür. Torpağa gömülmüş qəbir mərmər örtülüdü. Üstündə də türbəsi. Türbəüstü minarə elə bil Allah dərgahına əl götürüb.

Hekayətini bir az öncə anlatdığımız Əkbər şahın oğlu Səlim Cahangir burda uyuyur. Babasının dini-ilahi yanlışlıqlarını ortadan qaldırmaqla bəlkə də gizli münasibəti səbəbiylə atası tərəfindən diri-diri torpağa gömülən ilk sevdiyinin xatirəsi önündəki suçunu yumuşdu... Nur Cahan adıyla tanına iranlı Mihr-ün Nisa ilə ailə qurdu. Nur Cahan xatunun qəbri türbənin yaxınlığından keçən yol kənarındadı. Gələnlər-gedənlər ruhuna dualar oxuyub keçir.

Hələ bir Vəzir xan Məscidi... Şah Cahanın dövründə inşa edilməyə başlamış, tamamlanması 7 il çəkmişdi. Təşəbbüskarı Şeyx İlmuddin Ənsari olmuşdur.

Digər bir önəmli abidə Məmlük sultanlığı dönəminə aid Sultan Qutbuddin Aybak mavzoleyidir. Anarkali bazarında yerləşən bu tarixi mavzoley tarixini qos-qoca yadigarıdı...

Pakistan mədəniyyətinin ürəyi sayılan Lahorda daha nələr görmək, ziyarət etmək olar?  

Bəlkə Məlik Ayaz türbəsindən, ya Şalimar bağçalarından, ya da ki, elə.

 

Lahor bağlarından söz açım sizə...

 

Məsələn, Şalimar Bağlarından... Bəzən Şalamar Bağları kimi yazılan Moğol bağ kompleksi olub Pakistanın Lahor şəhərində yerləşir. Tikinti işləri 1641-ci ildə başlamış və növbəti ildə yekunlaşmışdı. Layihə Şah Cahan sarayının zadəganı Xəlilullah xanın birbaşa, Əli Mərdan xan və Molla Alaul Maulk Tuni ilə birgə rəhbərliyi altında həyata keçirilmişdir. Şalimar sözünün mənası qeyri-məlum olaraq qalır, rus alimi Anna Suvorova özünü Lahor kitabında yazır: Bu söz ərəb və ya fars sözü olub, çünki müsəlman hökmdarlar saray bağı üçün sanskrit və ya hind dilindən heç vaxt istifadə etməyiblər. Şalimar bağları Lahor şəhərinin şimal-şərqinin 5 km-də Baghbanpura yaxınlığında yerləşir. Şalimar bağlan özündə Mərkəzi Asiya, Kəşmir, Pəncab, İran və Dehli sultanlığının təsirini özündə əks etdirir.

Şalimar Bağlarının yerləşdiyi yer regionun əsilzadə ailələrindən olan ArainMian Baghbanpura kimi tanınan Zaildar ailəsinə məxsus idi. Ailəyə Mian saray titulu Moğol imperatoru tərəfindən imperiya qarşısındakı xidmətlərinə görə verilmişdi. Arain Mian ailəsinin o zamankı başçısı Mian Məhəmməd Yusuf İshaq Pura yerini impreator Şah Cahana bağışlamışdır, bundan sonra saray mühəndisləri həmin ərazidə tikinti işlərinə başlamışdır. Şah Cahan bunun müqabilində Arain Mian ailəsinə Şalimar bağlarının idarəetməsini vermişdi. Şalimar Bağları bu ailənin rəhbərliyi altında 350 ildən çox qalmışdı.

1962-ci ildə Şalimar bağları Əyyub xan tərəfındən milliləşdirilmişdi, çünki Arain Mian ailəsinin üzvləri onun hərbi qanunun qəbuluna etiraz etmişdilər.

Mela Çırağan festivalı general Əyyub xanın 1958-ci ildəki qərarına qədər Şalimar Bağlarında təşkil edilirdi.

Şalimar Bağlan uzadılmış paralloqram formasında olub, ətrafdan hündür kərpic divarla əhatələnib. 1981-ci ildə Şalimar Bağları Lahor qalası ilə birgə YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilib.

Bağların üç (səviyyəli terrasları:

 

Bağlar cənubdan şimala üç səviyyəli terrasdan təşkil olub, hər terras bir-birinin üstünə 4-5 metrliyindədir Üç terasın adları aşağıdakı kimi qeyd edilmişdir:

Üçüncü – üst terrasın adı Farah Bakş olub, Məmnunluğun bağışlanması mənasını verir;

İkinci – orta səviyyə Faiz Bakhş olub, yaxşılığın bağışlanması mənasını daşıyır;

Aşağı səviyyə Hayat Bakş olub, həyatın bağışlanması mənasını verir.

 

Bir də var Hazuri bağ...

 

Hazuri Bag Lahor qalasının Alamgiri darvazası ilə Badşahi məscidinin şərq qapısı arasında yerləşən kiçik bir sahədir. Bu bağ 1813-cü ildə Maharaca Ranjit Singh tərəfindən Əfqanıstan hakimi Şah Şujahdan məşhur Kohi-Nur almazının ələ keçirilməsini qeyd etmək məqsədilə tikilib.

Hər bazar günü adamlar bağlara ənənəvi Pəncabi Qissələri – Heer Ranjha və Sassi Punnunu və başqa Sufi poeziyasını dinləmək üçün toplaşırlar.

Muhammad İqbal məzarlığı Badşahi məscidinin kənarındakı bağda yerləşir.

Gülşəne İqbal Park Lahorda böyük park və istirahət yeridir. 67 akrdan ibarət əraziyə malik park şəhərin ən böyük parklarından biridir, Allama İqbal Taunda yerləşir. Gülşəne İqbal Park Pakistanm milli şairi olan İqbala istinad edərək “İqbal bağı” kimi tərcümə edilir. Bu parkda bir çox istirahət üçün yerlər, o cümlədən süni göl var.

Parkda yaxşı idarəetmə, yeni oyun sahəsi və at sürmək, gəzinti üçün yollar vardlr.

Zamzama Gun Kim Gun və ya Bhangianvala Toap kimi də tanınır. 1762-ci ildə Lahorda Durrani imperiyasının bir hissəsi olmaqla gətirilib. Hazırda Lahor Muzeyində nümayiş etdirilir.

Charing Cross və ya Feysəl Meydanı və hazırda rəsmi olaraq Pakistan dövlətinin təsisçisinin şərəfinə Şahrahe Quaidi Azam adlandırılan bu yer Lahorun qonşuluğunda Mall Road yolunda yerləşir. Britaniya dövründə əsası qoyulub.

 

Burda fəvvarələr “gəl uçaq” deyir

 

Nə az, nə çox, 400 fəvvarə var Lahor şəhərində. İndinin özündə belə Moğol mühəndislərinin bu fontanlarda istifadə etdiyi su sistemi və istilik mühəndisliyinin sirrini memarlar hələ də aça bilməyiblər. Ətraf ərazi fontanlardan gələn axın nəticəsində sərinləşir.

 

Fontanlar aşağıdakı kimi yerləşib:        

 

Yuxarı terrasda 105 fontan.

Ortaterrasda 152 fontan.

Aşağı terrasda 153 fontan.

Ümumi olaraq, bağlarda 410 fontan var.

Bağlarda 5 su kaskadı var, bura böyük mərmər kaskadı və Savan Bhadoon daxildir.

 

 

Bağların binalarına daxildir:

 

Savan Bhadun pavilyonları;

Naqar Khana və onun binaları;

Khvabgah və ya Yataq otaqları;           

Hamam və ya Saray hamamı;

Aivan və ya Böyük zal • Aramgah və ya İstirahət yeri;

Khavabgah Begum Sahib və imperator xanımının yuxu otağı;

Bağların fontanları tərəfındən yaradılan sərin havadan zövq almaq məqsədilə Baradari və ya yay pavilyonları;

Divan-e-Khas-o-Aam və ya İmperatorun xüsusi və adi qəbul zalı;

Bağların künclərində iki darvaza və minarələr...

 

Dünyalarca məşhur yazıçının atası

                  

Lahor Muzeyi 1865-66-cı illərdə 1864-cü il Pəncab Sərgi binası və ya zalında yaradılmışdır, lakin sonralar 1894-cü ildə indiki yerinə köçürülmüşdür. Dünyalarca məşhur yazıçı R.Kiplinqin atası Con Lokvud Kiplinq bu muzeyin erkən və çox məşhur kuratorlarından olub. 2005-ci ildə bu muzeyi 250 min ziyarətçi ziyarət etmişdir. Lahor Muzeyinin hazırkı binası tanınmış memar ser Ganga Ram tərəfindən hazırlanıb. Bu muzeyi ölkənin ən böyük muzeyidir.

 

Muzeydə Moğol və Sikh dövrlərində aid taxtadan düzəldilmiş işlər, habelə Moğol, Sikh və Britaniya dövrlərinə aid rəngkarlıq nümunələri saxlanılır. Bura musiqi alətləri, qədim zərgərlik əşyaları, tekstil, saxsı qablar və silahlar kolleksiyası daxildir. Burda Hind vadi sivilizasiyasının, Gandhara və yunan-Baktriya dövründən, o cümlədən Tibet və Nepaldan olan müxtəlif qədim əşyalar da saxlanılır. Muzeydə bir neçə yunan-buddist heykəlləri, Moğol və Pahari rəsmləri vardır. Gandhara dövrünə aid oruc saxlayan Budda muzeyin ən məşhur əşyaları arasındadır.

 

Muzeydə Hindi şah dövrünə qədərki arxeoloji əşyalar da saxlanılır. Burada arxeoloji, tarix, incəsənət, etnologiya və s. böyük kolleksiyaları sərgilənir. Burda ellin və moğol dövrlərinə aid pullar da saxlanılır. Fotoqalereya Pakistanın dövlət kimi yaradılmasına həsr olunub.

Hazırkı Muzeyin qarşısındakı Zəmzəmə R.Kiplinqin məşhur əsərinin qəhrəmanının adı ilə “Kimin silahı” adlanır:

R.Kiplinqin Kim əsərində təsvir olunan qədim hadisələr Lahor Muzeyinin ətrafında cərəyan edib.

 

Yönü Məkkəyədir burda işıqlar

 

Cahangirin məzarı Moğol imperiyasını 1605-1627-ci illərdə idarə etmiş Cahangirin inşa edilən mavzoleyidir. Mavzoley Lahorda Şahdara Bagında yerləşir.

Cahangir Lahora qayıdandan sonra 1627-ci ildə Rajauridə vəfat edib. O, Ravi çayının sahillərində Şahdara regionun şimal-qərbində böyük divarlı bağda dəfn edilib. Onun məzarlığı 1637-ci ildə imperator Şah Cahan tərəfindən tikilmiş və tamamlanmışdır.

Bu məzarlıq qonşu Əkbəri Saray və Asif xan məzarlığı ilə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək üçün təqdim edilib.

Mavzoleyə çıxış iki böyük daş darvazadan və bir-biriə əks daş hörgüdən ibarət olub, Əkbəri Saraya qonşudur. Bu hasarlanmış yer qərb hissəsində bağa açılır, bağda çoxlu sayda fontanlar quraşdırılıb. Mavzoleyin ətrafında dəhliz güllərdən və Quran ayələrindən ibarət mozaika ilə bəzədilib.

Mavzoleyin daxili hissəsi ağ mərmərdən olan kenotafdan olub, rəngli çiçək təsvirləri ilə bəzədilib.

Mavzoleyin daxili interyeri ağ mərmərdən sarkofaq olub, hər iki tərəfi Tac Mahal mavzoleyi kimi güllər mozaikası ilə bəzədilib. Sarkofaqın hər iki hissəsində Allahın 99 adı qara rənglə qeyd edilir. Bu məzarlıq Məkkə istiqamətində işıqlandırılıb.

 

Burda şahzadələr əziz tutulub

 

Nur Jahan məzarlığı qırmızı daşdan olan mavzoley olub, Şahddara Bagda yerləşir.  Bu Moğol şahzadəsi Nur Cahan üçün tikilmişdir.

Mehr-un-Nissa, yəni Nur Cahan İran zadəganı Mirzə Qiyas Bəyin qızı və evdə dördüncü uşağı idi. Onun atası Qiyas Bəy Moğol Əkbər şaha qulluq etmiş və ona İtmatuddaulah titulunu bəxş etmişdi. O, Moğol imperatoru Cahangirin (1569-1627) ən sevimli xanımıydı. Nur Cahan (1577-1645) böyük Moğol sülaləsinə məxsus şahzadə idi.

Böyük Moğol imperiyasının imperatriçəsi olmaqla yanaşı Nur Cahan öz dövrünün nüfuzlu qadınlarından idi. Mavzoleyi onun sağlığında tikilməyə başlamış, Cahangirin məzarlığının yaxınlığında yerləşir. Qardaşı Asif xanın məzarı yaxınlıqda yerləşir. Məzarın inşası dörd il davam etmişdir.

Bir sıra tarixçilər hesab edir ki, Maharaca Rancit Sighin dövründə məzarlığın üzərindən bütün bəzəklər çıxarılmış, kraliçanın və qızının məzarları açılmışdı.         

Məzarlığın mərkəzi otağı mərmər platformadan təşkil olub, iki kenotafdan ibarətdir, biri Nur Cahanı, digəri ilə qızı Ladli Begumu yad edir. 1912-ci ildə Dehli xanı Hakim Ajmal tərəfindən tikilən orijinal mərmər sarkofaq çox bəzəklidir və Cahangir və Asif xanın məzarlığındakı kimi Allahın adları qeyd edilir. Onun məzarı üzərində qeyd edilib: “Bu kasıb yad məzarında nə çıraq olacaq, nə də qızılgül. Nə pərvanə qanadını yandıracaq, nə də bülbül oxuyacaq”.

Asif xan imperatriçə Nur Cahanın qardaşı və Mumtaz Mahal adı ilə Şah Cahanın xanımı olan Arjuman Bano Begumun atası idi.        

1636-cı ildə o, Xan-e Xana və baş komandan rütbəsinə ucalır. Bir il sonra Lahorun qubernatoru olur. Asif xan 12 iyuff 1641-ci ildə Raca Jagat Singhin qiyamçı qüvvələrinə qarşı döyüşdə həlak olub. Onun məzarlığı Şah Cahan tərəfindən Lahorda Şahdara məzarlıq kompleksində inşa edilib.

Bu məzarlıq Cahangirin məzarından qərbdə üzbəüz yerləşir və Əkbər Sarayı və Cahangir məzarlığı ilə birgə YUNESKO Dünya İrs Siyahısına daxil edilib. 

 

Multana götürən yolda

 

Chauburji Lahor şəhərində Moğol dövrünün ən məşhur abidələrindən və tikililərindən biridir.

Tarixi Lahor şəhərində Multana gedən yolda Chauburti darvazası Moğol dövründə mövcud olmuş ən böyük bağ olaraq qalmaqdadır. Bağın qurulması Moğol şahzadəsi Zeb-un Nisa (1646) dövrünə aid edilir, bu haqda darvazasının üstündəki yazılarda xəbər verilir. Darvaza dörd qüllədən ibarətdir və çox gözəl bəzədilmişdir.

Qavalmandidə Yemək küçəsi Pakistanın ənənəvi yemək mərkəzidir. Bu yer əsrlər boyu tarixə malik tikililər və landa bazar, Mayo xəstəxanası və Baansan-vala Bazar ilə əhatələnib. Yemək küçəsi səhər vaxtı maşınlar üçün açıq olur, lakin qürub vaxtı bu küçə maşınlar üçün bağlanır. Ac ziyarətçilər gəlir və gecəyədək Lahorda bişirilən ən yaxşı yerli yeməklərin dadına baxırlar. Bura Lahorda turistləri cəlb edən ən unikal bir guşədir.

 

Haşiyə:

 

Baş kəndi Lahor olan Pəncabda Pəncabi, Belucistanda Beluci, Quzey Batı əyalətində isə Puştu o dilində danışan insanlara nəzər yetirirəm. “Beluciləri bilirəm – deyirəm, - bəs digər insanların hansı bölgədən olduqlarını necə ayırd etmək olar?” “Görünüşlərindən” – deyə cavab verirlər. – Əgər iki həftə daha qala bilsəniz özünüz asanlıqla ayırd edə bilərsiniz...”.

Sonra isə dostcasına izah edir, anladırlar: “Buralarda hər hansı bir etnik kökənə mənsub olmaq birini digərindən üstün tutmaq anlamında deyil, sadəcə bir özəllik kimi qəbul olunur. Fərqli cəhətlər öz yerində, amma sonucunda hər birimiz, hamımız Adəmin övladlarıyıq”.

 

Quranın bürüncdən olan surəti

 

Zaman, vaxt öz xüsusi dəyərləri ilə bir arada tarixə daxil olur. Baxıram Caharing Cross mərmər pavilyonuna... Bilinən odur ki, 1951-ci ilədək burada kraliça Viktoriyanın bürünc abidəsi nümayiş olunurdu. Vaxt ötüb, zaman keçib və nəticədə böyük olan öz böyük yerini tutub: indi həmin abidənin yerində Quranın bürüncdən olan surəti qoyulub.

Moğolların böyük yolunun keçdiyi, dünyanın ən tükənməz, verimli duz yataqlarına sahib olan Lahorda qədəm-qədəm gəzib dolandıqca, Lahorun əski şəhər meydanına nəzər yetirincə, yerli əhalinin geyiminə isinişdikcə ürəyim atlanır. Baxanlar “çox gözəl yaraşır” – deyib qutlayır. Bu insanlar sadə və səmimidirlər.

Lahora qədəm basdınızmı, əlbəəl salam verib, əleyk alın:

- Salamün – Aleyküm – deyin;

Türk olduğunuzu söyləyin.

- Ohh, brother, brother country – yəni, “Ah, qardaşım, qardaş ölkə!” – deyir.

Hər getdiyiniz yerdə bu durum sizə yardımçı olacaq. Amma Pakistandakı ən önəmli söyləməniz “Salamün-Aleyküm” olacaq. Bunu söylədikdən sonra sizin üçün hər şey yaxşı nəticə verəcək, bu şəkildə verdiyiniz salam hər üzdə böyük bir gülüş, təbəssüm doğmalığı yaradacaq, üzlər çiçəklənəcək. Mən belə qarşılandım, belə gördüm və belə bağlandım...

Lap ilkdən bu yazını başladığım andan altını cızmaq istədiyim bir söhbətdi ki, Pakistan heç də bizim yalnız öz fikrimizdə, düşüncəmizdə tanıyıb-bildiyimiz ölkə deyil. Əlbət, küçələrdə teleməkanlardan hər birinizə yaxşı tanış olan avtomatlı polisləri görə bilərsiniz. Amma bu, sizi qorxutmasın. Zatən hər hansı bir pakistanlı ilə söhbət edərkən bir Azərbaycanlı, bir Türk olduğunuzu söylədikdə təbəssümlərindən bizi  nə qədər sevdiklərinin fərqini anlaya biləcəksiniz. Və rahatlanacaqsınız... Dönüb arxayınca ən maraqlı görüntülərdən olan araba yollarına baxacaqsınız. Bu yerdə arabalar çeşid-çeşiddi. Burda adamı şaşıracaq şeyləri saymaqla bitməz ki...   

İlk tanışlığımızda yarpağa sarınmış şəkər və Paan adlı bir tatlıdan təam etdik. Ardından da məşhur dondurmaları – Kulfi gətirdilər. İlgincdi, olduqca ləzzətli deyil, amma əladı...

Pakistanın qəlbi olaraq bəhs edirlər Lahordan. Məşhur bir lətifələri var: Əgər həyatında bircə yol Lahoru görmədinsə, demək heç yaşamamısan...”

Biz də belə gördük. Qismət oldu, görüb-yaşadıq.

 

Düz otuz ildi ki...

 

Heç göz önündən çəkiləsi səhnə deyil; Görənlər, bilənlər heç unutmayır. Otuz ildən çoxdur ki, bu belə davam edir... Hər səhər, hər axşam təkrar olunur. Orda, Lahor qapısında hər səhər bayraq qaldırışı ilə başlayır iş; hər iki tərəfdən sərhəd yetkililəri Hindistan və Pakistan bayrağı əsdirirlər qarşı səmtə. Bu bayraq əsdirməsi bir növ güc, qüvvət nümayişi anlamındadı. Hindistanla cəmi onca metrlik bir məsafə ayırır. Amma viza almağına ehtiyac var. Bu sətirləri yaza-yaza Lahor qapısında görüb-duyduğum o bayraq nümayişi yenidən gözlərim önünə gəlir. Hər gün, hər səhər,  otuz ildən  çoxdur ki, əsgərlər ayaqlarını doxsan dərəcə qaldırıb, böyük bir gurultuyla qapıya yürüyürlər; əsəbi və soyuq bir tərzdə. Pakistanın bütün uzunboylu əsgərləri buraya toplanmış... Hər axşam, hər səhər qapı arxasından əsgərlər çıxıb bir-birinə əl verirlər... Amma bir soyuqluq durur arada...     

# 347
avatar

Qənirə Paşayeva

Oxşar yazılar