Günün şüarı

 


"İrəli getmək istəyirsənsə, hər şeydən və bacardığın qədəri ilə hər kəsdən, hətta alçaq bildiyin birindən də istifadə et və uğuruna baxıb sevin...".

 

Çoxlarından eşitdiyim bu kəlmələr məni xeyli zamandı düşünməyə, içimi yeməyə vadar etdi. Düşündükcə sarsılırsan əslində. “Biz nə zaman belə olduq” deyə yenə də düşünürsən. Amma yüz fikrin bir işi həll etmədiyini bildiyin üçün içindəkilərin çox azını bölüşmək istəyirsən.


Günün şüarının əksinə olaraq mənim bütün ömrüm boyu tək şüarım oldu "Özünə rəva bilmədiyini başqasına ünvanlayıb, rəva görmə...".

 


Bəzən sənə inanmayacaqlar, bəzən yox, çox zaman əslində inanmayacaqlar. Görmək istədiyin və gördüyün hər yaxşı işin içində bir "əcaba", "amma və lakinlər" axtarıb tapacaqlar. Qulp qoyacaq, sözünü qəribliyə də salacaqlar, arxanda "sponsor", "day-day" axtaracaqlar... Tapmadıqda isə öfkələrindən quduracaqlar və necə, nə cür üstünə saldırmaq lazım olduğunun planını işləyəcəklər. Olsun... hər kəsə öz fəaliyyətində uğur diləmək oldu niyyətim. Hər kəs sonunda öz varlığından özünə xitab edərək yaşamağa çalışır. Özünü ortaya qoyur, özündən danışıb, özündən xəbər verir əslində... Olsun! Onların öz niyyətlərindən əl çəkmədiyini gördükcə, əslində daha nikbin olursan, daha çox ikiəlli tutunmağa, daha tez və daha çox yaxşı bildiklərini etməyə çalışırsan. Sən doğrularını doğru şəkildə həyata keçirməyə çalışdıqca, sənə əngəl olanlara gülümsəyib keçməyi bacarmadınsa, o zaman, bax o zaman doğrularından uzaq düşüb yarıda qalacaq, özünü itirəcəksən... bəli, məhz itirəcəksən. Filosof Əbu Türxan deyir ki, "özünü tapmaq istəyirsənsə, özünü itirməlisən". Mənə görəsə, özünü itirmədən özünü tapmalısan, yoxsa sonrası müşkülə çevriləcək. Əmin ola bilərsən, dostum, məhz elə də olacaq. İtirdiyimizin "çoxluq" olduğu zamanda tapdıqlarımız çox-çox azları qorumaq adına sadəcə yaşama sarılacaqsan iki əllə, bir vücudla, sarsılmayacaq iradənlə, gülümsəyəcək üzünlə və irəli baxmağa bacaran gözlərinlə... Sonrasına isə sən qərar verəcəksən, dostum..

 

LENT

25 Aprel 2019

Digər xəbərlər >>>