<b>Rövşanə: “Güclü kişi nə deməkdi, hiss etmişəm, yaşamışam...” – <span style="color:red;">“AYNA” </b>
30 yanvar 2015 15:54 (UTC +04:00)

Rövşanə: “Güclü kişi nə deməkdi, hiss etmişəm, yaşamışam...” – “AYNA”

Lent.az-ın “AYNA” rubrikasında tanınmış yazar Aysel Əlizadənin budəfəki qonağı teleaparıcı Rövşanə Ağasəfqızıdır. Söhbətə efir xüsusiyyətlərindən, təcrübəsindən, tamaşaçıların münasibətindən danışmaqla başlayır.

 

- Bəlkə məni sevməyənlər sevənlərdən çoxdu. Qınayırlar ki, verilişdə qonaqların sözünü kəsirsiz. Ancaq həm də adamların hardasa məni görəndə qucaq dolusu sevgi ilə yaxınlaşıb “cəsarətlisiz, ürəyimizdən keçənləri dediz” söyləmələri məni ruhlandırır. Onda fikirləşirəm, kiminsə səni qınamağı önəmli deyil, daha vacibi kiminsə ürəyindən keçəni demək, kimisə narahat edən problemi səsləndirməkdi.

- Şəxsən mənim sözümü heç vaxt kəsməmisən. Amma hər halda sözünü ağzında qoyduğun qonaqlar da olur J

- Olur. Səbəblərin hamısını sadalamaq istəməzdim. Bəzən qonağımın dedikləri başqalarına ağıl öyrətmək, dərs keçmək kimi çıxır... Özü yaşamadığını başqasına tövsiyə edən adamların sözünü kəsirəm. Başqa hallarda hamıya fikrini ifadə etmək üçün şərait yaranır. Görünür, çox vaxt qonaq ona verilən vaxtda fikrini konkretləşdirə bilmir.

- Bu verilişdə istədiyin kimi özünü ifadə edirsən? Efirdə gördüyümüz əsl Rövşanədi?

- Bu, səhər layihəsidir. Səhər proqramı da enerjili olmalıdı, yüksək temperament, dinamika əsasdı. Göründüyüm kimi enerjili olduğumu deməzdim.  

 

- Arzularının verilişi necədi bəs?

- Gecə layihəsi etmək istərdim. Canlı efirdə sakit, daha duyğusal, daha ruhsal bir proqram. 

- Bütün hallarda proqramında ucuza getməməyə, bayağılıqda batmamağa, ağılsız veriliş etməməyə var-gücünlə çalışırsan. Demək, aparıcının bilgili olmasının təsiri böyükdü.

- Aparıcının intellekti yoxdusa, heç nəyi yoxdu. Aparıcının gündəlik xəbərləri, baş verən hadisələri izləməsi şərtdi. Belə olanda sən bütünlüklə reytinq dalınca qaçmırsan, ucuz qalmaqala getmirsən. Balansı qorumağa çalışıram. İki nəfər populyar, ancaq intellektsiz qonaq olanda, iki nəfər də populyar olmayan, ancaq intellektual adam dəvət edirəm. Həm ağıllı, həm tanınan, həm də maraqlı qonaq isə verilişin uduşudu.

- Azərbaycan efirində nə çatmır?

- Çox şey sadalamaq olar. Huzur, sükut yoxdu Azərbaycan efirində. Hər kəs qaynayır, hamı nəsə hazırlayıb tamaşaçıya ötürməyə çalışır. Azərbaycan efirinin mədəni, ziyalı auditoriyaya ehtiyacı var.


- Sənin necə - sakitliyin, sükutun var? Tək qala bilirsən?
 

- Yox. Tək qalmaqdan qorxuram. Tək qalan kimi keçmiş ağrılar, qayğılar yadıma düşür. Ona görə də qaçıram özümdən. Rəfiqələrimlə, dostlarla vaxt keçirməyi sevirəm. Birgə dincəlməyə gedirik, hansısa restoranda yığışıb uzun-uzun söhbətləşirik, evdə görüşürük, dərdləşirik. Sosial şəbəkəyə maraqlı deyiləm. Mənə insanın ruhu lazımdı, bunu yalnız üz-üzə hiss edirəm. Enerji mübadiləsi olmayanda ünsiyyət qura bilmirəm adamlarla.

- Həmişə tələsirsən, mənə elə gəlir, yoxsa belədi?

- Yox, elədi. Həmişə qaçıram, qovuram, tələsirəm, gecikirəm. Təbiətim belədi. Özümə yer tapa bilmirəm. Qayğılar var, uğraşıram, bacardığım qədər problemləri aşıram, yoruluram... Həm qadın həm kişi olmaq çətindi. Hərdən yalnız qadın olmaq istəyirəm.

- Qadın olmaq?

- Elə qayğılarım olur, çiynimə ağırlıq edir. Bax, onda əgər işdən evə gəlmişəmsə, maşından düşəndə işıqlı pəncərələrə baxıram və hansısa pəncərədən xoş bir yemək qoxusu gəlir. Onda elə bilirəm orda indi evini sahmana salıb, yeməyini hazırlayıb ərini, uşaqlarını gözləyən hansısa bir qadın var və o, daha çox qadındı. Daha xoşbəxtdi. Belə fikrə dalıram və birdən ağlıma yeni fikir gəlir: bəlkə də indi bu xoş yemək qoxusu gələn, işıqlı pəncərənin arxasında yeməyini bişirib ərini gözləyən qadın da öz monoton həyatından bezib və o da məni xoşbəxt sanır. Bu da bəlkə onun üçün də, mənim üçün də təsəllidi.

- Nəyi bağışlamadın?

- Vicdansızlığı.

- Dostun xəyanəti nədi səninçün?

- Sirrə xəyanət etməsi.

- Sevgilinin ?

- Sevgilinin xəyanəti onun gedib kiminləsə yatıb yatmaması deyil, məncə. Sənin ruhunu aldatmasıdı. Ruha xəyanət – bu, dəhşətlidi. Bütünlükdə ruhunu duymayan adamla yaşamaq özü ağırdı. Təsəvvür elə, şeir dediyin yerdə qayıdır ki, “nə boş-boş danışırsan?” Adamları bir-birinə ruh bağlamırsa, bu olur tövlə həyatı.

- Bayaq “qadın” olmaq dedin, bunun üçün nə gərəkdi qadına?

- Nə qədər işlənmiş ifadə olsa da deyəcəm ki, güclü kişi lazımdı. Zəifin olmağından olmamağı yaxşıdı. Güclü kişi problemlərə sinə gələn, qorxmayan, bir də yalnız maddiyyatla qadını ötüşdürməyən kişidi, mənə görə. Həm də qadınının dünyasından, ruhundan xəbərdar olandı. Əgər kişi bircə dəfə qadınına xoş söz deməyəcəksə, onu anlamağa çalışmayacaqsa, maddiyyat, pul-para bu münasibəti xoş edə bilməz. Qadın sığal istəyir, əzizlənmək istəyir. Qadın kişisi üçün önəmli olduğunu duymaq istəyir. Necə ki, bütün normal kişilər həyatlarında anlayışlı, qayğıkeş, ağıllı, sevgi dolu bir qadın olmasını arzulayırlar.

- Kişini güclü edən “həm də” onun maddi imkanlarıdı?

- Bəlkə də, ancaq yalnız pullu kişi güclü sayılmaz. Çox zəif, bəlkə də lap bayağı ola bilər.

- Kimlər pul qazana bilir, səncə?

- Mən şansa çox inanıram. Çox istedadlı, ağıllı adamlar var, ancaq qazancları yoxdu. Şansları gətirmir. Tanıdığım elə insanlar da var, beş dəqiqə söhbət etmək olmur. Bəlkə ibtidai sinfi zorla bitirib. Ancaq hər cür imkanı var. Şansı gətirib, ruzisi var. Bəlkə başqa səbəblər də var. Bunu hamıya aid etmək istəməzdim. Bir az gözə girmək, bir az yeri gələndə ikiüzlü olmaq, yeri gələndə yaltaqlanmaq da lazım gəlir. Yenə deyirəm, bunu hamıya şamil etmirəm. Çünki qarşına elə biri çıxır, dəyəri qara qəpik deyil. Ancaq qabağında rəqqasə oynayır, pullar səpələyir. O pullar bəlkə çox dəyərli bir ziyalının illik gəliri deyil. Onda heyrət edirsən və düşünürsən ki, bu da onun bəxtinə çıxandı.
 

     - Özün necə, şanslısan?

 

- Özümü çox şanslı sayıram. Ayaq üstəyəm, kimsəyə möhtac deyiləm. Övladım sağlamdı. Qadınlar var, ehtiyac üzündən nələrə dözür. Necə ailə faciələri yaşanır. Əri döyən, alçalan qadınlar var. Onlardan biri də ola bilərdim. Şanslıyam ki, elə bir həyat yaşamamışam. Heç vaxt əziyyət görməmişəm bu mənada. Valideynlərim həmişə dayağım olub. Yaxşı ailədə böyümüşəm. Atamı itirəndən sonra mənim elə bil dağım yıxıldı. Hər mənada köməyim, dostum olub. Atamı itirəndən sonra əməlli-başlı böyüdüm. Ona qədər özümü uşaq bilirdim. Həyat dəyişdi, tam başqa rəng aldı. Biz çox bənzəyirdik. Anam həmişə deyir bunu, elə bil atanı itələyib yerində durmusan. Çılğınlıqdan tutmuş, dediyin tələskənliyə qədər bütünlüklə atama oxşayıram. Mən atalı bəxtəvər olmuşam, Aysel. Bu, hər adama nəsib olmur. Özümə necə şanssız deyə bilərəm? Hər kəsə elə dayaq, dəstək, elə anlayış nəsib olmur. Onun sevgisini duymuşam. Güclü kişi təkcə ər, sevgili deyil. Güclü kişi nə deməkdi, bunu hiss etmişəm, yaşamışam. Ondan sonra bütün itkiləri, acıları artıq başqa cür duyuram. Bir az daşlaşdım, həyatı öncəki kimi ciddiyə almıram. İndi kim nə deyəcək, nə olacaq, nə itirəcəm fikirləşmirəm. Mən ən böyük insanımı itirdim. Ən böyük itkimi verdim. Atamın ölüm xəbərini anam gecə saat üçdə zəng edib deyib. Onda qırx il qocaldım. Vəssalam, həyat dondu. O vaxtdan mən hər zəngə dik atılıram.

- Ağrıların, sorunların öhdəsindən necə gəlirsən, nə edirsən?

- Özümü yaxşıya kökləyə bilirəm, optimist ola bilirəm, düzələcək deyirəm və düzəlir. Bütün işlərdə beləyəm. Hansı işin arxasınca getsəm, öncədən düzələcəyinə əmin oluram. Azacıq belə şübhəm yaranmır. Bu, çox önəmlidi. Müsbətə köklənirsən, nəticə də yaxşı olur. Gedirəm, qapılar üzümə açılır.

- Atan nə deyirdi həmişə?

- Həmişə əlini çiynimizə qoyub deyirdi ki, ədalətli olun. Polis polkovniki, Qarabağ veteranı olub. Ayağındakı qəlpəni ölənədək həkimlər çıxarmağa risk etmədilər. Mənə də, qardaşıma da kişilik dərsi verib. Qardaşım onun kişilik məktəbini davam etdirir. Onunla fəxr edirəm. Çox adam mənə təksən deyir, ancaq qardaşım var, anam sağ-salamatdı, özümü tək hiss etmirəm. Mənim bu gün ayaq üstə olmağımın səbəbi atamdan miras qalan ədalət hissidi. Haqqı nahaqqa vermirəm. Tanrı ədalətli insanları sevir. 

- Tanrı özü ədalətlidi, səncə? Dəyəri olmadan şansı gətirən adamlar var dedin axı.

- Onu da niyə seçdiyini özü bilir. Birinə ağıl verir, pul vermir, birinə pul verir, şərəf vermir. Birində hər şey olsaydı, ədalət balansı pozulardı.  

 

- İşində rahatsan?

- Çox. Yaxşı kollektivimiz var, orda dostlarım var, Mirşahin var, Seyfulla müəllim, Samirə var. Mən elə adamam ki, yalandan heç kimi tərif etmirəm. Efirdən belə hiss olunur qonaqlara münasibətim. Nə qədər gizləməyə çalışsam da. Mirşahin çox dəyərlidi. Azərbaycan telejurnalistikasında onun qədər sözün çəkisini bilən, sözü oynatmağı bacaran çox az adam var. Adamların kim olduğunu bilir. Dəyərləri tanıyır, bu çox vacibdi mənim üçün. Və bacardığı qədər bu dəyərlərə yol açır, gücü yetdiyi qədər. Çox gözəl münasibətimiz var.
 

- O da deyir qonaqların sözünü kəsirsən?

- Yox, heç vaxt deməyib.

 

- Səncə, Mirşahin teleaparıcılarda nəyə önəm verir?

- Mənə elə gəlir, təkcə aparıcılarda yox, bütünlükdə insanlarda azad ruha önəm verir. Və bu mənada demokratikliyini qoruyur. Bəlkə ona görə ANS TV daha azad, daha sərbəst olması ilə digər kanallardan seçilir.

- Bütünlükdə yaradıcı adamlarda nəyə önəm verirsən?

- Sənətkarlığa, yüksək peşəkarlığa. Məsələn, dinləyici kimi Flora Kərimova mənə maraqlıdı. Böyük sənətkardı. Eləcə də Zeynəb Xanlarova. Baxmayaraq ki, ayrı-ayrı janrların ifaçılarıdı.

- Bəlkə onlarda səni çəkən təkcə ifaları deyil, hər iki sənətkar ictimai xadim ola bilib.

- Səncə, bu yaxşıdımı, Aysel?

- Məncə, ləyaqəti, vicdanı olan, düşünən adam cəmiyyətdə, dünyada baş verənlərə “millət necə tarac olur-olsun” prinsipi ilə yanaşa bilmir. Yaradıcı adam “mənə nə, mən mahnımı oxuyum, şeirimi yazım” deyirsə, ondan heç vaxt böyük sənətkar ola bilməz. Mənə görə, insanlıq haqda düşünmək böyük duyğudu və bu da yaradıcı adamı böyüdüb sənətkara çevirir.

- Məncə də. Parlamentdə daha çox yaradıcı adamın olmasını, sənətkarların, ziyalıların daha çox öndə görünməsini istərdim. Onlar xalqa yaxındılar, tanınırlar və müəyyən problemləri həll etmək üçün yaxşı rabitəçi ola bilərlər.

- ABŞ-ın ən yaxşı prezidentlərindən biri aktyor olub. Hətta dünyanın ən önəmli siyasi fiqurlarından biri sayılır.

- Bu mənada, siyasətçi olmaq yox, xalqın adamı olmaq önəmlidi. Təkcə sənətçi yox, ziyalı sözü də çox önəmlidi. Bizdə sənətçilər, yazıçılar parlamentə gedəndə “yazıçı niyə siyasətlə məşğuldu” kimi qınaqlar oldu, “Başını sal aşağı, işinlə məşğul ol” düşüncəsi ilə yanaşıldı.

- Sən necə düşünürsən?

- Düşünürəm ki, xalqın, cəmiyyətin içində olmaq vacibdi. Bu gün çox adamın sözünə ehtiyac var, ancaq nədənsə onlar susurlar. Yoxdu bu adamlar, görünmürlər, efirə də dəvət edirsən, gəlmirlər.

-  Deməyə sözləri yoxdu, proqramların səviyyəsini bəyənmirlər, ya başqa səbəblərdən ?

- Bilmirəm, bəlkə bu qaragüruhun içində olmaq, bu qalmaqal havasında görünmək istəmirlər, ancaq yenə də adları elə qalmaqallarda çəkilir. Onları yalnız kimlərləsə davalarda görmək olur.

- Kimi eşitmək istərdin?

- Ramiz Rövşəni çox eşitmək istərdim. Çox istəyərəm Anar danışsın. Cavanlarla atışmalarını yox, problemlərə münasibətini eşitmək istərdim. Afaq Məsudu eşitmək istərdim.

- Nə soruşardın Afaq Məsuddan?

- Ondan çox şey soruşardım. İlahi, insan necə bu cür yaza bilər? Daha ruhsal suallar verərdim. Düzünü deyim, ilk sualım özümlə bağlı olardı. İçimdəkiləri hardan bildiyini soruşardım. Afaq Məsud məni yazır.

- Hansı əsərində?

- Məsələn, “Qəza”  hekayəsində.

- Anarın cavanlarla atışması dedin, səhv eləmirəmsə.

- Hə, bilirsən, Anarı Azərbaycan ədəbiyyatından silmək mümkün deyil.

- Kimsə onu ədəbiyyatdan silmək istəyir?

- Yox, hər halda, cavanlar onu çox tənqid edirlər.

- Ədəbiyyatdan silməyə çalışmırlar ki, deyirlər AYB sədrliyindən getsin, çox oldu.

- Anar özü getməlidimi? Mən bilmirəm AYB sədri olmağın hansı imtiyazları var. Bax, mən də sənə sual verirəm, kimi görürsüz onun yerində?

- Rəşad Məcidi də görənlər var.

- Təminat varmı ki, Anar getsə Rəşad Məcid olacaq onun yerinə? Yoxdu belə bir əminlik. Mən deməzdim Anarın yazdıqları hamısı şedevrdi. Bu, yanlış olar. Ancaq çox yaxşı əsərləri var. Guya bizim bütün yazıçıların əsərləri şedevrdi? Süleyman Rəhimovun, Mirzə İbrahimovun yazdıqları şedevrdimi? Yox. Ancaq Azərbaycan ədəbiyyatında qalıblar.

- Anarın hansı əsərini şedevr sayırsan?

- Anarın insan ruhuna toxunan əsərləri var. Mən “Təhminə”ni çox sevirəm. “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanı. Rasim Ocaqov ona bir az başqa nəfəs verib.

- Hansı daha güclüdü - roman, yoxsa film?

- Mənim üçün film. Ancaq əsər olmasa, o film yaranmazdı.

- Azərbaycan ədəbiyyatının şedevrini kim yaradıb?

- Mənim ucun Afaq Məsud öz hekayələri ilə yaradıb, Vaqif Səmədoğlu ruhu ilə, Məmməd Araz, Ramiz Rövşən fəlsəfəsi ilə...

- Müasir dünya ədəbiyyatında şedevri kim yaradıb?
 

        - Markes, Umberto Eko, Elif Şafak... 

 

# 594
avatar

Aysel Əlizadə

Oxşar yazılar