Müəllimə inqilabı
30 yanvar 2015 13:56 (UTC +04:00)

Müəllimə inqilabı

Ucqar bir kənd məktəbinin müəllimlər otağını gətirin gözünüzün önünə. Necə deyərlər - özünü öldürə, olar 30-35 kvadrat metr. Qış ayları tən ortada qurulan sobanı da  nəzərə alın. Düşünün ki, 20-25 müəllim, dərsin bitdiyini xəbər verən zənglə eyni anda, siniflərdən çıxıb, bu otağa doğru hərəkət edir. Dərsin yorğunluğunu 5-10 dəqiqəlik tənəffüslə çıxartmaq istəyən müəllimlər harada boş stul tapdısa, oturub dəftər kitabını qarşısına qoyur. Belə yerlərdə, yalnız yaşlı müəllimlərin xüsusi imtiyazı - öz yeri və stulu var. Qalanlar kim tez gəldi, harada yer varsa əyləşir. Gözünüz önünə gətirə bildinizmi?

Nəsə görə bildinizsə, afərin sizə. Çünki mən özüm, o otaqda ola –ola çətinliklə görürdüm. Qapının ağzındaca, jurnalı yerə qoyan kimi yandırılan siqaretlərin tüstüsü, elə bir duman yaradırdı ki, kimin harda olduğunu yarı fəhmlə hiss etməyə çalışırdımn.

Hələ yaxşı ki mən sizə o otaqdakı səsi dinlətmirəm. Heç dinlətsəm də, heç nə anlamazsınız. Eyni anda danışan bir neçə adam, bir o qədər də cavab verən. Kəndin yazılmamış qaydalarına uyğun, ucadan danışıqlar. Yox a, başqa şey düşünməyin. Bizim müəllimlərin istər mədəni səviyyəsi, istər savadı çox yüksək idi. Bunu çox adam təsdiqləyər ki, bu günün özündə də, kənd məktəblərində böyük istedadlar, ədiblər, riyaziyyatçılar millətin balalarına təhsil verməklə məşğuldu.     

  Məsələ başqadı…
 

 Kənd məktəbinin müəllimləri təkcə müəllim deyil. Dərs vaxtı bitdimi, yazdısa əkinçidi, yaydısa cuvardı, payızdısa yığımçıdı. Bütün fəsillərdə fəhlədi, çobandı, ustadı. Kənd məktəbinin müəllimi, əkməsə, becərməsə, mal - heyvan saxlamasa dolana bilməz. Və bütün bunları, üstəgəl dərsləri, elmi söhbətləri elədiyi yer məktəbin müəllimlər otağıdı. Bir tərəfdə iki riyaziyyat müəllimi hansısa dərslikdəki, həlli çətin məsələdən danışırsa, digər tərəfdə bağları qonşu olan iki müəllim, məhsulun vəziyyətindən, suvarma vaxtından söhbət edir. Siqaret çəkməyənlər çəkənlərə irad tutur ki, sizin əlinizdən tənəffüsümüz zay oldu. Asta danışanlar ucadan danışanları sakitliyə dəvət edir, amma bunu asta səslə etdiklərindən, heç eşidən də olmur. Nəticədə , görürsən ki, müəllimlərdən biri, çox uca səslə hamını asta danışmağa dəvət elədi. Bir gülüşmə qopurdu ki…
  

Əsas məsələni yazmadım axı, bizim məktəbdə işləyən müəllimlərin hamısı kişi müəllimlər idi. Kənddə savadlı qadın az deyildi, hətta lap əvvəldən də, qadın müəllimələr olmuşdu. Biri elə mənim nənəm. Ölənə qədər də, yaşlı adamlar onu Balaxanım müəllimə deyə, hörmətlə çağırırdılar. Amma düzü budu ki, mən nənəmin nə vaxt dərs dediyini, nə dərsi dediyini heç vaxt bilmədim. Deyəsən, məktəblər təzə yarananda, epizodik bir müəlliməliyi olmuşdu, bir – iki illik.

 

Belə… Qayıdaq müəllimlər otağımıza. Xatirimdə qalan bir hadisə ilə izah edim vəziyyəti ki, səhnə tam olsun. Yenə də qarlı-dumanlı qış günlərindən biriydi. Stolumu peçə yaxın qoyub, müəllim yoldaşlardan biri ilə, Artur Heylinin “Aeroport” romanı haqda söhbət edirdim ki, rəsmxətt müəllimi içəri girdi. Və o qarmaqarışıqlıqda, necə oldusa, mənim dediyim “ aeroport” kəlməsini eşitdi. Özünəməxsus uca səslə söhbətə müdaxilə elədi. “Əslində aeroport olmalıydı Culfadan bu tərəfə. Hamı bilir ki, Naxçıvan tərəf çox vaxt duman olur. Orda aeroport olmazdı ki…” .  Sən demə, havanın duman olduğuna görə, Bakı - Naxçıvan təyyarə reysləri təxirə salınıb, müəllimin də yaxın adamı, iki gecədi qalıb Bakı aeroportunda. Gülüb qurtarana kimi zəng çalındı, jurnalları götürüb dağılışdıq siniflərə.
 

Dəfələrlə , ucadan danışmağımızın səbəblərini araşdırırdıq, sakit səslə deyilən sözün daha effektli olduğunu deyirdik, müəllimlər otağında siqaret çəkilməməsinə razılaşırdıq. Di gəl ki, alınmırdı. Bu qəbahət deyildi bəlkə də, amma yaxşı hal da sayılmırdı, elə öz tərəfimizdən. İndi mən öz məktəbimizdən danışıram deyə, düşünməyin ki, bir bizdəydi bu vəziyyət . Kənd məktəblərinin əksərində vəziyyət eynidi.

Əmim qızı qonşu kənddə ibtidai sinif müəlliməsidi. Dərs dediyi məktəb, yararsız bir binada yerləşdiyi üçün, axır ki, qonşu kəndə dövlət yeni məktəb tikmişdi. Amma kəndin lap aşağısında. Yolun uzaqlığını nəzərə alan əmimqızı, iş yerini mən dərs dediyim kəndə dəyişmək qərarına gəldi. Müəllimənin müəllimlər otağına gəlişiylə, sözün əsil mənasında inqilab baş verdi. İndi tənəffüslərdə, hava nə qədər soyuq olsa da, siqareti hamı çöldə çəkirdi. Heç kəs ucadan danışmırdı. Hərə öz sözünü, problemini sakitcə, deyirdi. Hamı hamını dinləyirdi…
 

Bütün bunlar, heç kəsə göstəriş kimi verilməmişdi. Bu haqda, söhbət belə olmamışdı. Heç söhbətlə, göstərişlə mümkün olan şeylər də deyildi. Bu inqilabı ziyalı bir qadının məktəbə gəlişi yaratmışdı. Biz həmişə qadınların təhsil alması ilə millətin ağ günə çıxa biləcəyini, böyük böyük problemlərin ziyalı qadınların varlığı ilə həll edilə biləcəyini demiş və eşitmişdik. Lakin ilk dəfə idi ki, bu qədər açıqlığı ilə, praktikada bunun şahidi olurdum. Cəmi bir təhsilli qadın, illərdir həll edilə bilməyən problemimizi həll etmişdi. Həm də heç nə etmədən, heç özü də bilmədən !
     

# 278
avatar

Çingiz Özgür

Oxşar yazılar