<span style="color:red;">Lalə Məmmədova:  <b>“Elə mahnılarım var, onlar heç kimə lazım deyil”</b>  - <span style="color:red;"> “AYNA”
17 yanvar 2015 12:53 (UTC +04:00)

Lalə Məmmədova: “Elə mahnılarım var, onlar heç kimə lazım deyil” - “AYNA”

Bir gün jurnalist yazıçı Əzizə Cəfərzadədən soruşur: Əzizə xanım, siz gözəl ana, gözəl həyat yoldaşı, gözəl yazıçı, gözəl ziyalısız. Bütün bunları necə bacarırsız? Böyük yazıçı gülümsəyib cavan jurnalistə deyir: “A qızıımm...”

...Bu yerdə müsahibim uğunub getdi. Çünki onun da belə bir şikayəti var.

 

- Məni təqdim edəndə mütləq “əxlaqlı, tərbiyəli” ifadəsini işlədirlər. Qıcıq oluram. Elə bilirlər xoşuma gəlir. Mən sənətçiyəm, müğənniyəm, əxlaqın sənətə nə dəxli var? Əxlaq şəxsi məsələdi. Həm də əxlaqın qadının özəl həyatı ilə ölçülməsi doğru deyil. Əxlaq dürüstlükdü, insanları incitməməkdi, sayğılı davranmaqdı, başqalarının həyatına hörmət etməkdi, əyri işlər görməməkdi, kimisə əzməyə çalışmamaqdı.

 

- Bizim siyasətçi dostumuz deyir, hansısa qadın öz bədəni ilə istədiyi kimi davranır, ona əxlaqsız deyirlər, ancaq hansısa məmur kiminsə haqqını yeyir ona əxlaqsız deyən yoxdu.

 

- Məmurlardan heç danışma.

 

- Niyə?

 

-  Ölkə başçısı çıxışında yaxşı deyib, mən sizi xalqa xidmət etmək üçün təyin etmişəm. Hamınız özünüzü yuxarıdan aparırsız. Bir az sadə olun, bu qədər təmtəraq, göstəriş nəyə görədi? İnsanlara yuxarıdan baxmayın. Çətindi Aysel, ən adi adamdan ən səlahiyyətlisinə kimi əlinə fürsət düşən başqasını əzməyə çalışır. Adi bir misal çəkim, bacım hər gün uşağı avtobusla dərsə aparır. Deyir, sürücü maşını elə kobud idarə edir,  əyləci qəfil elə basır, çalxalanırıq hamımız. Bu qədər bahalı miniklər gətirilir, bu sürücülər üçün də xüsusi kurslar keçilsin, bahalı avtobusla iş bitmir, onu sürə bilən, mədəniyyəti olan adam idarə etməlidi.

 

- Demək, sən hər şeyin ən yaxşısı özümüzdə var deyənlərdən deyilsən?

 

- Yox. Bəlkə dünyanın yarısını gəzməsəydim mən də elə düşünərdim. Ancaq elə düşünmürəm. Elə şeylər var ki, dərinə gedəndə nə yaxşı bu torpaqda doğulmuşam düşünürəm. Məsələn, Rusiyada doğulsaydım nə olacaqdı? Bir musiqiçi kimi yanaşıram. Onların folklorunda nə var? Çastuşkadan başqa. Amma bizim muğam var.

 

- Alla Puqaçova muğamı bilmədiyi üçün bir sənətkar kimi nə itirib?

 

- Söhbət onun nəsə itirməyindən getmir, mənim şəxsən muğam kimi qəlbimi titrədən ikinci musiqi yoxdu. Düzdü, cazı da sevirəm. Vaqif Mustafazadə niyə elə maraqlıdı? Çünki muğamla cazı birləşdirdi. Boş cazla çıxmadı ortaya. Adam yaşa dolduqca musiqini, sənəti daha yaxşı anlayır. Yeddi-səkkiz yaşımda televizorda Şövkət Ələkbərovanı görəndə deyirdim, bu nədi gombul xala çıxıb mahnı oxuyur. Evdəkilərin elə diqqətlə qulaq asmasını başa düşmürdüm. İllər sonra “Görüş” filmində onun ifasını dinlədim. “Qaş qaralır, kölgə tutur yavaş-yavaş... “ tüklərim biz-biz oldu. Bizə də muğamı

sevdirən Üzeyir Hacıbəyov olub. İranda muğamın qırx şöbəsi var. Ucu-bucağı bilinmir. Üzeyir bəy bu musiqini sistemləşdirdi. Yığcam, dinlənilən şəklə saldı. Bir dəsgaha yarım saat qulaq asmaq olmur axı.

 

- Niyə də qulaq asmalıyıq ?

 

- Hə, musiqi gərək yormasın. Yeri gəlmişkən, məni çox narahat edən bir məsələ var. Qadın muğam ifaçılarının qışqırmasıyla barışa bilmirəm. Niyə qışqırırsız axı?

 

- Niyə qışqırırlar?

 

- Başım çıxmır. Elə bil qaydasız döyüşə çıxıblar.

 

- Dünya sənətçilərindən kimləri dinləyirsən?

 

- Dünya sənətçiləri deyəndə ki, bizim Alim Qasımov dünya sənətçilərindən nədə geri qalır?

 

- Söhbətin əvvəlində ona görə hər şeyin ən yaxşısı bizdədi düşünənlərdən deyilsən soruşdum. Dedin yox.

 

- Aysel, sən məni heç cür fikrimdən döndərə bilməyəcəksən. (Gülür)

 

- Hansı fikrindən, sənət Alim Qasımovda başlayır, Alim Qasımovda bitir?

 

- Yox. Sadəcə deyirəm ki, bizim də dünya səviyyəli musiqiçilərimiz var.

 

- Əlbəttə. Ancaq səncə Alim Qasımov ona təqdim olunan musiqinin sərhədlərini aşmağa çalışmayıb? Öz sənət fəlsəfəsini yaradıb Azərbaycan musiqisində ayrıca qola çevrilməyib?

 

- Bəli. Elə ona görə də hamıdan seçilir. Sənətin dili, sərhədi olmur.

 

- Dünya sənətində sevdiyin müğənnilər kimlərdi?

 

-  Al Jarreau, Sting, Steve Wonder

 

-  Sting  “Desert Rose” əsərində ərəb muğamının elementlərinə yer verib. Uğurlu da alınıb. Səncə, muğam mahnıda detal kimi daha maraqlı deyil?

 

- Maraqlıdı. Musiqini sevənlər üçün çox gözəldi. .Ancaq musiqi ilə yaşayanlar üçün yetərli deyil.  Məsələn, bunu gəmilərə yol göstərən mayaka bənzədirəm. Gəmi sahilə yan ala da bilər, üzüb keçə də bilər.  Sahilə yan alarsa şəhərin, təbiətin gözəlliyi ilə daha yaxından tanış olar.  Eləcə də mahnıda bir element kimi istifadə olunmuş kiçik musiqi parçasının ənginliklərinə varmaqla onun gözəlliyini hiss etmək olar.   

- Al Jarreau da çastuşkasını bəyənmədiyin ölkənin cazz ifaçısı Larisa Dolina ilə üç duet oxuyub.

 

- Ezizim Aysel! Oxuyub əcəb edib! Çastuşka oxumayıb ki? Çastuşka oxuyana halal olsun ki, cazı yaxşı öyrənib, hiss edib oxuyub. Buna görə də o boyda sənətkarın diqqətini çəkə bilib. Aqutin də Al De Miola ilə oxuyub. Ela da alınıb.Yəqin başa düşüblər ki, çastuşkayla dünyaya çıxa bilməyəcəklər, caza meyl ediblər. Yeri gəlmişkən mən  bir də Türkiyədə Sezen Aksunu  uşaqlıqdan dinləyirəm.

 

- Sezen Aksu da  çox  mesaj ötürür, ciddi mövzulara, problemlərə baş vurur yaradıcılığında.  Həm də yəqin ona görə bəyənirsən.  Səncə bizim sənətçilər arasında yaradıcılığı ilə cəmiyyətə nəsə demək istəyən, fəlsəfəsi olan, mesajlar verənlər var, yoxsa hamısı sadəcə mahnı oxuyur?

 

-  Həə...bu ciddi boşluqdu. Yaradcılıq və mahnı oxumaq ayrı-ayrı şeylərdi.  Sezen Aksu ümumiyyətlə, mənim sirdaşımdı bu mənada. Onun mahnıları ilə danışıram, dərdləşirəm. Onu elə dərindən hiss edirəm, izah etmək olmur.  “ Ünzile” mahnısı var. Bir ara qadağan olunmuşdu  Türkiyədə. Yetkinlik yaşına çatmayan qızların ərə verilməsi, təhsil ala bilməməsi, bütün ömrünün puç olması o mahnıda elə ağrıyla ifadə olunur adam bütün varlığı ilə hiss edir dediyin kimi cəmiyyətin problemini də, sənətkarın içindəki dərdi də.  

 

- Bəs Lalə Məmmədova öz yaradıcılığı ilə hansı mesajları ötürür cəmiyyətə?

 

- ...(bu yerdə dərindən nəfəs alıb fikrə gedir müsahibim) Yaxşı sualdı. Mən səhnədəki duruşumla, davranışımla da müəyyən mesajlar ötürməyə, aqresiyadan, qabalıqdan uzaq olmağı aşılamağa çalışıram. Bayaq əxlaq məsələsindən danışdıq. Əxlaq intim həyata bağlı məsələ deyil dedik. Söhbət sənin mədəni, insani keyfiyyətlərindən gedirsə, bu yaradıcılığına da təsir edir və özü də bir mesajdı. Mahnılarıma gəldikdə, çox təəssüflə deyirəm ki, mesajlar verdiyim elə mahnılarım var, onlar heç kimə lazım deyil. Səslənmir, yayınlanmır və artıq naftalin iyi verir. Mənim repertuarımda üç yüzdən çox mahnı var. Ancaq cəmiyyət onların içindən özünə gərək olanı seçir. Müğənninin əslində demək istədiyi kənarda qalır. Cəhdlərim çox olub, eksperiment etməyə də meylliyəm, ancaq görmüşəm ki, mümkün deyil.

 

- Fransada baş verən terror hadisəsi ilə bağlı nə düşünürsən?

 

- Düşünürəm əgər biz Allah bağışlayandı deyiriksə və buna inanırıqsa, nə olursa olsun bağışlamağı bacarmaqla örnək olmaq vacibdi. Hər sevməyən, pisləyən, tənqid, hətta təhqir edən adamı öldürməklə, din terrorla tanınmağa başlayır. Günahkardısa, cəzasını Allah verəcək. Demirəm, hər şeyi Allahın öhdəsinə buraxaq, ancaq öldürmək, bu bizim işimiz deyil. Cəza daha sivil ola bilər. Məsələn, bunun yerinə diskussiyalar təşkil edib qarşı tərəfi haqsız çıxaracaq dəlillər ortaya qoymaq olar. Dinin adının terrorla yan - yana çəkilməsini təqdir etmirəm. Sezen Aksu axırıncı konsertində yaxşı bir söz dedi, bizi qapayınca nəfsinizi qapayın. Özünüzü idarə edin. Məncə dini sevdirmək üçün daha mədəni və demokratik davranmaq lazımdı.

 

- Səninlə bağlı materialları izləyəndə rastıma TRT Avaz da canlı ifa etdiyin “ Nigaranam” mahnısı çıxdı. Məncə bu sənin mahnındı. Çox uğurlu alınıb.

 

- Bunu səndən eşitmək çox xoşdu. Tam spontan oldu. Orda məndən bu mahnını istədilər. Dedim, heç vaxt oxumamışam. Tez sözlərini yazıb verdilər və pianoçu ifa etdi. Birbaşa oxudum.

 

- Dünya dağılsa da yalnız bir adamdan nigaran olmaq necə hiss olar?

 

- Xoşbəxtlikdi, Aysel. Nədənsə bizdə xoşbəxtlik yalnız sevinclə assosiasiya olunur. Məncə darıxanda da , nigaran olanda da insan xoşbəxt hiss edə bilər özünü. Vacib deyil nigaran qaldığın adam sənlə olsun. Əgər dünya dağılsa, yalnız bir insandan narahat olacaqsansa, deməli, onun varlığı səni xoşbəxt etməyə yetir.

 

- Səni narahat edən başqa nələr var?

 

- Niyə mənim hər hansısa bir işimin qaydasına düşməsi, həll olunması üçün tanınmam, kiminsə adamı, qohumu olmam şərtdi?. Bax, bundan narahatam. Sıravi bir vətəndaş kimi insanların səsinin eşidilməsini istəyirəm. Qanunlara əməl olunmasını arzulayıram. O gün bir hadisə eşitmişəm. İkinci sinif uşağını dərsə gecikdiyi üçün müəllimə bir ayağının üstündə dayanmağa məcbur edib. Bu müəllimə niyə bizim uşaqlara dərs deməli, işinə davam etməlidir? Sərt cəzalar tətbiq olunmalıdı, adamlar bir-birinə hörmət etməyi öyrənməlidilər, məncə. Müəllimi işə götürəndə onun psixoloji durumu da yoxlansın gərək. Hələ bir hadisə də eşitmişəm. Bir məktəbdə iki qadın müəllimə arasında böyük bir eşq yaşanır. Bizim uşaqlar bundan nə götürəcək?

 

- Səncə bizim uşaqları pozan bu hadisədi? Bizim cəmiyyətdə qadın qadınla evlənməyib heç vaxt. Ancaq bu bizim cəmiyyəti ağ günə çıxarıbmı, cəmiyyəti pozan adamların özəl həyatıdımı?

 

- Ali məktəbdə uşaq artıq bəzi şeyləri bilir. Hazırlıqlı olur. Ancaq məktəbdə işləyən müəllimə özəl həyatını gərək gizləsin, əgər bu normadan kənar bir həyatdısa. Çünki uşaq hələ dünyada nələr olduğunu bilmir. Məsələn, sənin qızın sabah gəlib soruşsa ki, bu xalayla bu xala bir yerdə neynir, nə deyərsən?

 

- Deyərəm ki, qızım, o da elə yaşamaq istəyir. Sən öz işinlə məşğul ol. Başqalarının həyatına qarışmaq yaxşı deyil.

 

- Hə, bəlkə də belə böyütməliyik uşaqlarımızı.

 

-  Sən həm də konservatoriyada dərs deyirsən, yəqin müəllimlərlə bağlı narahatlığın bir az da peşənlə bağlıdı. İlk dərs günün yadına gəlir?

 

Həə... ağrılı mövzulardan daha birinə gəlib çıxdıq. Mən həm müəllim ailəsində böyümüşəm, həm də özüm  dərs deyirəm, ona görə bu mövzuya çox həssas yanaşıram. Dərs dediyim Milli Konservatoriyanı başqa ali məktəblərdən ayırıram. Səbəb? Orda hər bir proses yaradıcı ruhda keçir. Hətta ingilis dili dərsi də. Tələbələrimlə münasibətim səmimidi, keçdiyim dərs də, etdiyim zarafatlar da, tənbehlər də. Zənnimcə, müəllim – tələbə münasibəti çərçivələri aşmadan gözəl dostluq da adlana bilər. Dərslərimiz isə müasir standartlara uyğun, çox gözəl şəraiti olan məkanda keçilir. Hələ olmamısan da, səni  Milli Konservatoriyanın yeni binasını görməyə dəvət edirəm. Yeganə narahatlığım müəllimlərin maddi durumu ilə bağlıdı. Müəllim! Axı bu  ada o qədər şeirlər, mahnılar yazılıb, o qədər dövlət başçısının öz müəllimlərini sevgi və hörmətlə andığının şahidi olmuşuq. Ancaq bu ağır peşə sahiblərinin durumunu yaxşılaşdırmaq üçün bircə addım belə atılmır. Onlar sanki ömürləri boyu əziyyət çəkmək, sürünə-sürünə yaşamaq  üçün yaranıblar. Bu nə laqeydlikdi? Yəni  müəllimlər daha yaxşı yaşamağa layiq deyillər? Hər il polislərin maaşı 1-ə 3 qat artırılır, ancaq həmin polisi vətən üçün yetişdirən müəllim yerində sayır. Hələ  fikirləşəndə ki, mənim müğənnilik sənətindən gəlirim olmasaydı necə dolanardım,  tüklərim biz-biz olur. Nəsə…ümidimizi itirməyək.  Qaldı ilk dərs günümə, maraqlı gün idi. 23 yaşlı gənc bir qız özündən yaşca böyüklərə ingilis dili öyrədir, mövzunu tələb edir və s. Hər şeyə rəğmən, bu illər boyunca tələbələrimdən özümə qarşı dəyişməyən bir münasibət görmüşəm : Sayğı. Bu mənim üçün çox qiymətlidi.   

 

- Özəl həyatınla bağlı yaşadığın gərginlikləri necə adladın, necə öhdəsindən gəldin?

 

- Qapını bağladım. Götür-qoy etməyə vaxtım olmadı, qərarımı verdim və yaşadım. Ölmədim. Qərarı birdən vermirsən axı. Ona qədər artıq yavaş-yavaş yığılan səbəblər, hadisələr baş verdikcə qərar öz-özünə yetişir. Bir gün ayrılmaqdan başqa seçimin qalmayanda artıq düşünmürsən. Yanımda və bətnimdə övladım vardı. İki qız. Yalnız onlar haqda düşünürdüm. İşləmək, onları sağlam, xoşbəxt böyütmək yeganə yol idi. Buna görə sənətimin olduğuna çox sevinirəm. Desəm ki, yaradıcılıq tamamilə xilas edir, yalan olar. Bütün günü yaradıcı olmursan axı. Yenə də öz-özünlə baş-başa qalırsan və onda fikirlər səni yaxalayır. Əzabları, təəssüfləri, ağrıları da onda hiss edirsən.

 

- Tək qalanda dağılan hər şeyin səbəblərini düşünürdün?

 

- Səbəbləri də düşünürdüm. Yenə də öz üstümə gəlib çıxırdı bütün hadisələr. Günahkar özüməm. Bütün bunlardan sonra içimdə əsas bir səbəb tapdım və özümə söz verdim ki, qızlarımla başqa cür olacam. Anamın dediyi kimi “ərə getdinsə, ordan meyitin çıxacaq” deməyəcəm heç vaxt. Qızım, mən səni ərə verirəm, əzilməyə yox, deyəcəm. Əvvəla, imkan vermə səni əzsinlər, ancaq əzildinsə, hər zaman qapım üzünə açıqdı. Sona qədər övladıma sahiblənməyi söz vermişəm özümə. Düzdü, yenə də valideynlərim yanımda oldular. Ancaq övlad ailəsindən bütün mənalarda dəstək görməlidi ki, özünü tək, çarəsiz hiss etməsin. Hara gedim, kimə gedim, sualıyla əlləşməsin. Hə, mənimlə bağlı formalaşan o ideal obraz “ gözəl ana, gözəl ailə xanımı “ dağıldı, amma bu bilərəkdən də olmadı. Və bu məni narahat etmir.

 

- Səncə dağılmalı idi o obraz?

 

- Hər şey gözəl ola bilməz axı. Mənə indi daha rahatdı. İstəmirəm də haqqımda ideal kimi düşünsünlər. İdeal qadın olmaqdan yorulmuşam. Hamının öz qayğıları, arzuları, sevdiyi - sevmədiyi şeylər var. Mən indi yalnız öz evimin hazır olması üçün çalışıram ki, balalarımı başıma yığıb düzənimi qurum. Özüm üçün yaşamaq istəyirəm. İndi anamgildə qalırıq. Gecə-gündüz işləyib həyatımızı sahmana salmaqla məşğulam, sənətimə bütünlüklə qapılmışam. Başqa heç nə haqqında da düşünmürəm. Əvvəl əgər evə gec gəlmək mənim üçün böyük bir problem idisə, indi səhər beşdə də gələndə zövq alıram. Öz-özümə deyirəm, indi xor-xor yatan kişilər var, ancaq mən işləyirəm. Və bu duyğu mənə böyük bir zövq yaşadır. Yorğun da hiss etmirəm özümü.

 

- Komfortu sevirsən?

 

- Əlbəttə komfortum olmasını istəyirəm. Ancaq sadə həyat mənim üçün dərd deyil. Hər iki övladımı dövlət xəstəxanasında dünyaya gətirmişəm. Nə oldu mənə, nə itirdim? Heç nə. Bu mənada heç bir kompleksim yoxdu. Mənə deyirlər qızını niyə özəl məktəbə qoymamısan. Guya müğənnisənsə, tanınırsansa uşağın mütləq özəl yerlərdə, pullu məktəbdə oxumalıdı. Birdən sabah imkanım olmadı və uşağı da zəngin həyata öyrətdim. Necə olacaq? Dəyişiklik uşaqda psixoloji travma yaradacaq . Ondansa, qoy həyatı görsün, hər şeyi bilsin. Sadə həyatı tanısın. Uşağın tərbiyəsi öncə valideyn sevgisindən başlayır. Sevgini hiss etməlidi. Bahalı məktəb, şık həyat, bunlar önəmsiz məsələlərdi.

 

- Orda qaldıq axı, Əzizə Cəfərzadə jurnalistə deyir ki, a qızım, mən gözəl ana olsaydım indi evdə uşaqlarımın yırtıq-yamağını düzəldirdim, burda müsahibə vermirdim.

 

-  Ürəyimdən tikan çıxarıb. “Gözəl ana, gözəl ailə başçısı...nə bilim kim” . Mən burda ana olduğum üçün müsahibə vermirəm axı,  sənətçi, yaradıcı qadın olduğum üçün burdayam. Hər müsahibəyə sənətçinin özəlini dürtməyin mənası nədi? Mən hamıdan yaxşı ana olsam da, oxuya bilmirəmsə, sənətçi kimi heç kimə lazım deyiləm.  Gedim oturum evimdə analığımı edim.  Necə anayam, ana olmağı bacarırammı, buna uşaqlarım qərar verəcək.  İnan ki, indi içimdəki sakitliyi  heç nəyə dəyişmərəm.  Kim haqqımda nə düşünür, gözəl ana sayır, saymır, maraqlı deyil.  Yaşadıqlarım mənə dərs oldu.  Sevdiyim işim var,  evimdə məni xoşbəxt edən uşaqlarım var, sağlamdılar, daha nə olsun?  Sevmədiyi işlə məşğul olan adamlara ürəyim ağrıyır. Həyatımda nə baş versə də, yenə özümü ayaqda hiss edirəm, çünki  öz qabımdayam.  Gözəl ana-ata uşaqlarının yaxşı təhsil almaları üçün əlindən gələni edəndi.  Mən də bunu etməyə çalışıram.  Qalanı artıq sonranın işidi.

 

# 735
avatar

Aysel Əlizadə

Oxşar yazılar