Saat
18 dekabr 2014 14:48 (UTC +04:00)

Saat

Sən demə, bütövlükdə dünyanın ən müqəddəs əşyası saatdır əslində. Mən bunu evdə sakitcə oturub saatı müşahidə edərkən anladım. Onu irqindən, dilindən, dinindən asılı olmayaraq, bütün insanların üz tutduğu vahid qiblə də adlandırmaq olarmış, sən demə. O, bütün evlərdə var. Yer üzündə təxminən bütün insanlar heç nəyə baxmasalar belə ona mütləq baxırlar. Gün ərzində televizora, güzgüyə, pəncərəyə, hətta bir-birinə belə baxmaya bilərlər insanlar. Amma ona baxırlar. O, göstərən cihazların hamısından daha vacibini, daha əhəmiyyətlisini, bir sözlə ən zəruri olanı göstərir...

 

Susuz, isti səhrada gedən yorğun adam "görəsən indi televizordan nə göstərirlər?" deyə düşünməz. Amma arabir - görən saat indi neçə olar? - deyə mütləq düşünər.

 

Hansısa kimsəsiz adaya düşən, hansısa qapalı mühitdə qalan, hətta harasa tələsən və ya gecikənlər belə onu düşünürlər.

 

O olmayan yerdə günəşə baxan adam günü yox, onu düşünür. Yəni günəşin əyilmə vəziyyətinə baxıb təxminən  saatın neçəliyini müəyyənləşdirir özü üçün.

 

Adam öləndə yanındakılar saata baxır. Uşaq doğulanda da. Kimsə gəlib çıxmayanda, kimsə yola düşəndə saata baxırlar. Adamlar gecə yatanda, səhər oyananda, işə gedəndə, işdən qayıdanda, hətta gündəlik ibadətlərini yerinə yetirəndə də saata baxarlar. Hər kəs, necə deyərlər, saatdan halallıq alıb işini görər. Hətta işini görüb qurtara bilməyənlər belə saata baxırlar. Ona gündə bir neçə dəfə baxmayan adam demək olar ki, yoxdu. Əslində var. Amma onlar cüzidir.

 

Kiminsə saata baxmaq yadına düşməsə, yadına salırlar. Məsələn, hamımızın başına gəlib: yatıb qalmısan, birdən kimsə zəng edib bəzən də hirslə “saatdan xəbərin var?!” - deyir. Və sən tələsik saata baxıb, yerindən dik qalxırsan. Yəni özün baxmayanda da kimsə səni saata baxdırır bəzən. Bir sözlə, o, bütün evlərin nəsə göstərən və lap elə göstərməyən bütün əşyalarından, hətta kitablarından daha önəmlidir. Dediyim kimi, insanlığın əllə toxunulacaq vahid qibləsidir, şəriksiz müqəddəsidir. Çünki irqindən, dilindən, dinindən asılı olmayaraq hamı heç bir tərəddüdsüz ona baxır və bu dünyada ən müqəddəs, ən zəruri olanı məhz o göstərir. Yəni zamanı.

 

Zaman, əlbəttə, heç kimi özündə saxlamır. Amma bütün insanlar zamana bağlıdır. Və saat insanlara zamanın getdiyini göstərir. Özü də necə getdiyini...

 

Deməli, insanın bütün ömrü boyu ən çox dəyərləndirməli olduğunu göstərən cihazdır saat. İndiyədək yer üzündə nə televizorlar, nə kino zalları, nə pəncərələr, bir sözlə heç kim və heç nə saatın göstərdiyi qədər ciddi və müqəddəs "ekran əsəri" nümayiş etdirməyib. Heç etdirməyəcəklər də. Əlbəttə, zamanı dəyərləndirənlər üçün. Zamanısa gec-tez hər kəs dəyərləndirmək məcburiyyətindədir. Çünki ən müqəddəs olan, zamandır. Saatın hər dəqiqə, hər saniyə bizə göstərdiyi zaman. Bəlkə də insanlığın ən müqəddəs and yeri zaman olsaydı, yəni insanlar zamana sitayiş edib, zamana and içsəydilər bu dünya daha yaşamalı olardı. Amma hələ ki hamı zamana sitayiş etmir, zamana and içmir.

 

Və nəhayət: bütün şəhərlərdə məscid yoxdu. Bütün şəhərlərdə kilsə yoxdu. Bütün şəhərlərdə sinaqoq yoxdu. Amma bütün şəhərlərdə saat qüllələri var. Bütün evlərdə saat olduğu kimi...    

 

# 220
avatar

İlqar Rəsul

Oxşar yazılar