“Yüz il inqilab”
05 dekabr 2014 11:04 (UTC +04:00)

“Yüz il inqilab”

 

“Bu dünyadan dörd alçağı azaltdığım üçün sevinirdim. Ayaq səsləri otağıma tərəf yaxınlaşırdı. Günəş çıxmışdı. Xomeyninin də şəklini divardan çıxarıb arxası üstə mizimin üstünə atdım. Pəncərənin qabağında dayanıb “Sultan Yaqub” dağına göz dikdim və tapançanı gicgahıma apardım”. Bu “Yüz il inqilab”ın sonudu. Ömrünü meyit kimi yaşayıb son günlərdə İNSAN olan Seyidin insan kimi öləndən sonra danışmaq haqqıdır. Çünki o elə bir acı, dağıdıcı həqiqət yaşayır ki, insan kimi ölməkdən başqa çıxış yolu görmür. Çünki hərdən anlamalısan “həqiqətlə üz-üzə gələndə, onun murdar iyini hiss eliyəndə, burnunu dəsmalınla tutma, o murdar iyin hamısını çək içinə. Başa düş ki, bu iy dünyanın pisliyi deyil, ədalətsizliyin iyidir dünyanı götürüb...” Və elə həqiqətlər var ki, görmək azdı , onu öldürmək lazımdı. Bununçünsə qəti hərəkət etməlisən: “Siyirməmi açıb tapançamı götürdüm”.

 

“Yüz il inqilab”da Seyid  insanı yaşamağa qoymayan, həyatını alt-üst edən, azadlığını əlindən alan iyrənc həqiqətlə üz-üzə gəlir və anlayır ki, bu həqiqəti  öldürmək lazımdı. Yaxşı düşünsək , həqiqət həmişə sevgili, dost deyil, bəzən ən qəddar düşməndi. Və onu bağışlamaq, qabağından qaçmaq, görməzdən gəlmək olmaz. Anındaca məhv etmək lazım, yoxsa o səni məhv edəcək. 7-8 yaşlarından Raziyyəni sevir, amma ayrı düşür, təsadüfü, mənasız ailə qurur. Bu ailədə həbsxanadakı, səbəbinə varmadan tutulanlara işgəncə vermək, dar ağacına göndərmək işiylə sakitcə yaşayan Seyid bir gün elə həbsxanada Raziyyəylə üz-üzə gəlir. Raziyyə kimdi? Raziyyə sevginin ucalığıdı. Raziyyə sakitcə, rahatca gəzən həyatdan bixəbərlərin başına düşən daşdı. Raziyyə azadlıqdı, həbsxanadı. Raziyyə din pərdəsi altında gizlənən çirkinliklərin qurbanıdı. Raziyyə pozğunluq edib namaz qılanların içində namaz qılmayan bakirəlikdi. Raziyyə öz dilində danışmaq yanğısıdı. Raziyyə Azərbaycan dərdidi.  ...Və Raziyyə görmək istəmədiyimiz, ya görməzdən gəldiyimiz həqiqətdi. Əslində anlamadığımız  azadlıqdı: “Dar ağacı bar vermişdi. Özü də Raziyyə kimi ağır və dəyərli bir bar. Gözləri açıq idi. Uzaq bir yerə göz dikmişdi. Bilmirəm bu uzaqda nə var ki, hamının gözü ordadı? Bəlkə azadlıq uzaqda olur deyə insanlar uzağa baxırlar”. Təkcə sevdiyinə yox, sadəcə tərtəmiz bir insanın  dar ağacından azadlığı görən gözlərinə baxan biri nə düşünə bilər ki? Və onunla nəfəs-nəfəsə dayanan həqiqətin dəhşətindən ürpənməyə bilməz - ölməyə, öldürməyə bilməz. “Hacı salavat çevirib, əlindəki şirniyyat qutusunun ağzını açıb, ordakılara paylamağa başladı. Hamı salavat çevirib bir-birini təbrik edirdi. Azadlığın ölümü münasibətiylə şadyanalıq edirdilər. Yadıma gələndə ki, mən onlardan biri olmuşam, özümə tüpürməyim gəlirdi”. Seyid Raziyyənin sözlərini unuda bilmirdi yəqin: “Millətimizin allahı sənə rəhm eləsin. Raziyyə düz deyirdi...Hər millətin öz allahı var. Allah insanın düşüncə, həyat tərzi və istəklərindən doğan bir məfhumdu. Sənin Allahının gücünü sənin zəifliyinin dərəcəsi bəlli edər”.

 

Mən Sayman Aruzun “Yüz illik inqilabının son səhifələrindən başladım yazıya. Amma romanı əvvəlindən  oxumuşam. Sadəcə sona çatanda hadisələr məni dəhşətə gətirdi: Cənubi Azərbaycanda bu gün də yaşananlarla üzbəüz qalmaq ağlımı, ürəyimi sarsıtdı. “Bəzən faciə o qədər böyük olur ki, sən onu başa düşə bilmirsən. Özün də bir kiçik faciəyə çevrilirsən”. Və bu hissi mən də yaşadım. İnanmaq olmur ki, sadəcə ruhu azad olduğu üçün cavan bir qızı dar ağacından asırlar. İnanmaq olmur ki “Bakirə qızları edamdan qabaq hicləyə göndərirlər, bakirə gedib cənnətə düşməsin deyə, bir gecəlik siğə eləyir, səhəri edam edirlər”. Bunu oxuyanda, bunu düşünəndə ağıl  keyləşir...Özü də bu ötən əsrlərdə baş verməyib. Yaşadığımız illərin hadisələridi. Əslində adam nə deyəcəyini düşünə bilmir. Və bunu öyrənən Seyidin “Dünya həqiqətən də ədalətsizliyin məkanıdı. Ədalət ölənlərin xülyasıdı. Məncə ədalətdən gülməli bir şey yoxdu. Mən bu zibillikdə ədalət uğrunda döyüşənləri də, ədalətə tüpürənləri də yaxından gördüm” düşünməsi təbiidi: “Dəli olmağıma az qalırdı. Həyat güzgü kimidi. Hər tərəfə baxırsan, özünə rast gəlirsən. Öz əməllərinə rast gəlirsən. Nə qədər qaçmaq istəsən, o qədər dərinə batırsan”. Mən də belə düşündüm. Bir xalq olaraq başımıza gələnləri düşündüm.

 

“Yüz il inqilab”ın ilk səhifəsində roman haqqında yazılan ilk cümləni düşündüm: Roman Güney Azərbaycanın indiki durumuna güzgüdür. Amma biz bu güzgüyə yaxşı baxmırıq. Sonra Sayman Aruzun əllərini, daha doğrusu çəkilmiş dırnaqlarını, qollarındakı kəsilmiş yerlərin getməyəcək izlərini  xatırladım.   Saymanın duruşunda, qamətində, hərəkətlərində  qəribə kədər var. Hətta gülüşündə də. Adama elə gəlir o heç vaxt ürəkdən gülmür, qolundakı kəsiklər ürəyindədi. Dırnaqları vətən torpağındadı. Sayman bütün olayları gözləriylə görüb, bunları yaşayıb: “Mən xain deyiləm. Mən öz dilimdə yazıb oxumaq istəmişəm. Milli haqqlarımı istəmişəm. Azadlığı qandalla ölçməzlər. Milləti dilindən öldürərlər cismindən yox.” Və sənin bu qədər sadə arzun səni “xain” edirsə, kimsəsiz hiss edərsən özünü,  bütün dünyanı: başa düşülmədiyin zamanlar özünü tənha hiss eləyirsən. İnsanlar dağlar kimidirlər, bir-birinin yanında yaşayırlar. Amma hərəsi öz tənhalığını və yükünü öz çiynində çəkir, hərəsinin öz dünyası var.

 

“Yüz il inqilab”da bilmədiyimiz, bilməli olduğumuz, ya bildiyimizi etiraf etməkdən qorxduğumuz çox mətləblər var. Öz dilində təhsil almayan, bu dili yalnız şifahi danışıqla öyrənən, qoruyan minlərlə güneylidən biridi Sayman Aruz. Ona görə də bəzən redaktəyə ehtiyac hiss olunur. Amma bu dili bizim kimi məktəbdə hərf-hərf öyrənməyib Sayman və o qədər dərdi, ağrını elə aydın, elə sadə yazıb ki, öz dilində. Öz dilimizdə... Elə yazıb ki, oxuyan kimi anlayaq: “Cahil özünə ziyan vurur, ağıllı düşməninə...” Və bunu anlamaq üçün “Yüz il inqilab”ı oxuyun. Mütləq... 

# 262
avatar

Kəmalə Abıyeva

Oxşar yazılar