Türkiyə mediasından Azərbaycana daha bir sayğısızlıq

Azər Həsrət

Bu ilin mart ayında Türkiyədə, Eskişehirde Türk Dünyası Gazeteciler Şurası adlı bir toplantı təşkil edilmişdi. Azərbaycan nümayəndə heyətinin tərkibində mən də o toplantıya qatılmışdım. Bir sıra çatışmazlıqları nəzərə almasaq maraqlı və faydalı toplantı idi. Amma o tədbirdən sonra baş vermiş bir olay bizi xeyli rahatsız etmişdi. Həmin toplantının təşkilatçılarının da qatıldığı olay doğrudan da bizim üçün anlaşılmaz idi. Türkiyə Jurnalistlər Federasiyası sədrlər şurası öz toplantısını... Abxaziyada keçirirdi. Bu xəbəri alar-almaz onlara öz etirazımı bildirdim və izah etməyə çalışdım ki, Gürcüstanın tərkib hissəsi olan, heç kimin tanımadığı bölücü abxaz rejiminin himayəsində belə bir tədbir keçirmək qonşu dövlətə qarşı sayğısızlıqdır. Gürcüstandan olan dostlarımız da bununla bağlı mənə öz narahatlıqlarını ifadə etmişdilər. Buna görə də başçılıq etdiyim qurum – CASCFEN adından rəsmi bəyanatla çıxış edərək Türkiyə jurnalistlərinin Abxaziya toplantısına təkrar etirazımı bildirmişdim. Onu da qeyd etmişdim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında qondarma “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən cinayətkar ünsürlər bu Abxaziya bölücülərilə yaxın əlaqədədir. Yəni hər iki bölücü bölgə bir-birilə işbirliyi içindədir. Belə olan halda həm Gürcüstanın dünyaca tanınmaqda olan torpaq bütünlüyünə sayğı, həm də Azərbaycana qardaş sevgisi Türkiyə jurnalistlərini belə addımdan çəkindirməliydi. Amma çəkindirməmişdi...

 

İndi də Türkiyənin ən öndə gələn qəzetlərindən olan “Sabah” Dağlıq Qarabağı dünya dövlətləri sırasında təqdim edir. Bölücü Abxaziya və Güney Osetiya (hər ikisi Gürcüstan torpağıdır), Dnestryanı (Moldova torpağıdır) bu başabəla qəzet yazısında ayrıca dövlətlər kimi göstərilir. Təbii ki, bir media qurumunun bu yanaşması beynəlxalq hüquqa, normalara, BMT və digər təşkilatların qərar və qətnamələrinə ziddir. Eyni zamanda, qəzetin mənsub olduğu Türkiyənin özünün də qanun və iradəsinə qarşıdır. Çünki Türkiyə dövləti adları sadalananları dövlət olaraq tanımır və təbii ki, tanıması da imkansızdır. Amma “Sabah” qəzeti şakərinə sadiq qalaraq Dağlıq Qarabağ da daxil olmaqla kimsənin qəbul etmədiyi bölücü rejimləri dövlət kimi sırımağa çalışır. Həm də durub-durduğu yerdə.

 

“Sabah”da “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” (goo.gl/7JOOGF) başlığı altında yer alan, müəllifi göstərilməyən yazıda dəxli olmadan bütün dünya dövlətlərinin siyahısının verilməsi, onların arasında Dağlıq Qarabağı da digər bölücü bölgələrlə birlikdə ayrıca dövlət kimi təqdim etməyin adı nədir görəsən? Sadəcə Azərbaycana xəyanət! Bəli, məhz xəyanət! Təəssüflər olsun ki, qardaş Türkiyədə medianın ən öndə gələnlərindən zaman-zaman bu xəyanəti görürük! Bu olay da onlardan biridir!

 

Burada onu da qeyd edək ki, belə bir cəfəng iddianın yayımlanması Türkiyədə bəzi dairələrin Ermənistanla sərhədi açmaq üçün fəallaşdığı dövrə təsadüf edir. Və ümumiyyətlə, bunlar təsadüfdürmü? Çox güman ki, yox...

 

Yəqin hər kəs yaxşı xatırlanır ki, 2012-ci ilin 26 fevral günü Xocalı soyqırımını anma tədbirləri çərçivəsində İstanbulda izdihamlı bir mitinq təşkil edilmişdi. Başqa heç nə deyil, elə bu qədər insanın Xocalı soyqırımını anması jurnalistlər üçün bir xəbər idi. Amma “Sabah” da daxil olmaqla Türkiyə mediasının öndə gələnləri həmin aksiyanı işıqlandırmaq əvəzinə orada üç-beş insanın ermənilərə qarşı səsləndirdiyi fikirlərə yer verməyi üstün tutmuşdu. Özü də iddia edirdilər ki, Xocalı mitinqində irqçi şüarlar səsləndirildi. Halbuki normal jurnalistika aksiyanın mahiyyətini açıqlayacaq reportajların yazılmasını tələb edirdi. Türkiyənin bəzi media orqanları bunu gözardı edərək, əslində, antiAzərbaycan ovqatı yaratmağa xidmət etmişdi o zaman.

 

Buna bənzər bir yanaşma da 2011-ci ilin 26 fevral günü olmuşdu. Türkiyənin öndə gələn TV kanallarından biri məhz Xocalı soyqırımı günündə türk-erməni dostluğundan bəhs edən geniş proqram yayınlamışdı. Buna da zamanında etiraz etmişdik. Amma nə faydası? Anlaşılan odur ki, Türkiyədən olan yaxın dostlarımızın “Türkiyə mediası Türk millətindən başqa kimə desəniz xidmət etməyə hazırdır” deyimi əsassız deyilmiş. Doğrudan da Türkiyə mediasının ən öndə gələnləri nəinki Azərbaycan əleyhinə, Türkiyənin özünün əleyhinə belə təbliğat aparmaqdan çəkinmir, bədxahlarımız üçün hər zaman öz qapılarını açıq tuturlar.

 

Yuxarıdakı örnəklərə bənzər halların sayı olduqca çoxdur. Amma məqsədimiz onları təkrarlamaq deyil. Sadəcə Türkiyə mediasının hər fürsətdə Azərbaycanın kürəyinə bıçaq saplamağa hazır olduğuna diqqət çəkmək istədik. Bununla belə onu da qeyd edək ki, Azərbaycan mediası heç bir zaman buna qarşılıq olaraq Türkiyə əleyhinə təbliğatda yer almadı. Bizim media birmənalı olaraq hər zaman Türk insanının, Türkiyə dövlətinin yanında oldu və olmağa da davam edəcək. Çünki Azərbaycan mediasının ən öndə gələnləri Türkiyənin bizim üçün, elə Türkiyə insanı üçün də nə demək olduğunu yaxşı anlayır. Bunu Azərbaycan dövlətinin ən ali rəhbəri də belə bilir, belə qəbul edir. Necə ki, bu ilin aprelində Prezident İlham Əliyev Praqada Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilmiş bir toplantıda Türkiyənin yoxluğundan istifadə edən Ermənistan prezidenti Serj Sargsyana cavab verərək, “Türkiyə burda yoxdur, mən varam və sizin cavabınızı da mən verəcəyəm” demişdi, Azərbaycan mediası da Türkiyəyə münasibətdə bu iradəyə söykənir. Amma Türkiyə mediası, təəssüf ki, hər fürsətdə Azərbaycana badalaq vurmaq, kürəyinə bıçaq saplamaq şakərindən qalmır. Elə Türkiyənin özünün də.

 

P.S. Bu yazını yazarkən paralel şəkildə “Sabah” qəzetinin saytı üzərindən etiraz və təkliflərimi də göndərməyə davam etdim. Və yazım bitincə artıq gördüm ki, adı keçən yazıdan ümumiyyətlə dövlətlərin siyahısı hissəsi tam olaraq silinib. Təbii ki, buna özümün nail olduğumu iddia etmək fikrindən uzağam. Mümkündür ki, mənim kimi başqa insanlar da yazıya sərt təpki göstərib və bu düzəliş edilib. İstənilən halda, bunun özü yaxşı örnəkdir. Amma “Sabah” üçün bu, azdır. Üzr istəməlisiniz, arkadaşlar!

 

[email protected]

 

 

LENT

25 Aprel 2019

Digər xəbərlər >>>