Ermənistandakı evimizin açarı
26 oktyabr 2014 12:30 (UTC +04:00)

Ermənistandakı evimizin açarı

 

(Beşinci məktub)

Sual var, onu soruşmaq ayıbdır, məsələn, qaçqınsan?

Ankaradakı Suriyalı qaçqın fəhlə kişini sən də gördün, ana. Qardaşımla danışırdı. Türk dilində

yaxşı bilmirdi: “Bizim Suriya bom-bom...” Çantandan çıxardığın almanı ona verdin. Elə o zaman sənin örpəyini gördü. Necə uşaq kimi sevinirdi! Əli ilə özünü göstərərək “Müsəlman, müsəlman” dedi. Sən ona vətəni xatırlatdın, ana.

Sual var, sən onun cavabını bilmirsən.

Deyirlər, ilk qaçqınlar Adəm və Həvva olub. Görəsən, cənnətdən qovulanda, Həvva

ana idi, yoxsa yox?

Həvvanı bilmirəm, amma müharibədən sonra yataqxanaya köçən qarabağlı riyaziyyat müəlliməsi Həvva xala ana idi. Əri şəhid olmuş Həvva xalanın bətnindəki körpəsi bilmirdi ki, o, artıq qaçqındır. Sən çox görmüsən o uşaqları. Onlar vaqonlarda, çadırlarda, ən yaxşı halda uşaq bağçalarında - on kvadrat metrlik vətəndə böyüdülər. Qaçqın gənclərin bəziləri söz verirdilər ki, Qarabağ alınmayanacan evlənməyəcəklər. Onların toyunda işğal olunmuş şəhərlərimizə yazılmış mahnılara oynadılar qonaqlar.

Həvva xalagildə olduğumuz gün yadındadı? Yataqxanada ətsiz bozbaşın və pis işləyən kanalizasiyanın otağa yayılmış qoxusuna ağlamışdın. Həvva xala səni ailə albomundakı ölülərlə tanış eləyirdi. O, atəşkəs dövründə riyaziyyatı unutmuşdu, günəşim. Doğmaları şəhid idi, qazi idi, bəs, itkin düşənlər? Bakıda heç vaxt hesablar tutmur, ana!   

Gəl, sənə Məkkədən danışım. Qərbi azərbaycanlı dostumun nənəsi həcc ziyarətinə gedib, cibində daşıyırmış İrəvandakı ata evinin açarını. Qaçqın yeganə insandır ki, Allahın evinə gedə bilir, amma öz evinə yox! Bilirsən, ana, sual var, onu soruşmaq günahdır. Tövbə, soruşa bilməzsən ki, niyə?

Bu gün Məhərrəm ayının birinci günüdür. Min dörd yüz il öncə Peyğəmbərimiz vətənini tərk etməli olub. Məhərrəm müsəlman təqviminin ilk ayı olsa da, Kərbala hadisəsinə- məmləkətindən uzaq düşmüş peyğəmbər nəvəsinin qətlinə görə müsəlmanlar yeni il əhval ruhiyyəsini yaşaya bilmirlər.

Bu gün həm də mənim qardaşımın- Mirrəsulun ad günüdür. O da Qarabağsız Azərbaycanda doğuldu, böyüdü. Mirrəsul da böyüklərin soruşduğu suallara cavab tapa bilmir, ana. O qətnamələr, müqavilələr bəyannamələr, terminlər- “qaçqın”, “məcbur köçkün”... heç biri kömək eləmir. Qardaşıma de ki, suallara cavab tapa bilmirəm, ancaq duadır oxuduqlarım:

“Bütöv Azərbaycanda yaşayasan, çox yaşayasan, ay Mirrəsul!”

 

# 1934
avatar

Mirbəhram Əzimbəyli

Oxşar yazılar