Sığorta-pensiya sistemində aktiv iştirak vətəndaşlara nə vəd edir?
25 oktyabr 2014 12:30 (UTC +04:00)

Sığorta-pensiya sistemində aktiv iştirak vətəndaşlara nə vəd edir?

 

 

 

Son illər Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub. 2003-cü ildən indiyədək həyata keçirilən islahatlarla Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb.

 

 

Dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü bir dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir ki, bunu da hər bir ölkədə olduğu kimi sığorta-pensiya sisteminin göstəriciləri özündə adekvat əks etdirir.

 


Dövlət Sosial Müdafiə Fondu ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edən kateqoriyanın - 1 milyon 285 min nəfər pensiyaçının, 2 milyon 865 min nəfərdən çox sığortaolunanın sığorta-pensiya sistemində iştirakını təmin edir.


2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş əmək pensiyaları sistemi fəaliyyətdədir ki, bu sistemin əsasını ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi islahatların və elektron xidmətlərin genişləndirilməsi nəticəsində işləyənlərin sosial müdafiəsinin və gələcək pensiya təminatı hüquqlarının qorunması məqsədi ilə qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək haqlarının süni surətdə aşağı məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısı alınıb. Görülən tədbirlərin uğurla davam etdirilməsi nəticəsində proqnoz tapşırıqlar yerinə yetirilmiş və 2014-cü ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz və ya 115,8 mln. manat, sosial sığorta gəlirləri isə 11,4 faiz və ya 82,7 mln. manat artıb.
Hazırda məcburi dövlət sosial sığortasının müasir tələblərlə uzlaşdırılması hər bir şəxsin işəgötürən – işçi münasibətlərinin rəsmiləşdirilməsində şəffaflığın qorunması kimi məsələyə ciddi əhəmiyyət verməsinə istiqamətləndirilib. Belə ki, ödənilən məcburi dövlət sosial sığorta haqlarının uçotunun aparılması, həmin uçotun göstəriciləri əsasında əmək pensiyalarının təyin olunması, dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı mühüm bir vəzifənin yerinə yetirilməsinə səbəb olub.
 

Sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu, həmin məlumatların fərdi uçot sistemində yerləşdirilməsi, onlar üçün fərdi hesab açılması və sosial sığorta nömrəsinin verilməsi prosesi uğurla davam etdirilib. Sentyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,5 faiz artıb. 2014-cu ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 174 134 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 865 491 nəfərə yüksəlib. DSMF-nın fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,9 faizi kişi, 41,1 faizi isə qadındır.
 

 

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 24 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,6 faizini 30 yaşa kimi vətəndaşlar, 21,6 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20,7 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,1 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
DSMF-nın genişləndirilmiş informasiya kommunikasiya şəbəkəsi vasitəsilə hər bir sığortaolunana fərdi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə istiqamətlənib.
 

Müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda əksini tapmış mühüm vəzifələrdəndir. 2013-cü ilin iyul ayının 11-dən etibarən Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb və bu proses sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Həmçinin, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən “Çağrı Mərkəzi”nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.
 

 

Dövlət Sosial Müdafiə Fondu vətəndaşların müraciətlərinə diqqət və həssas münasibət bəsləməklə, onları maraqlandıran məsələlərə aydınlıq gətirir. Vətəndaşlardan daxil olan müraciətlərə baxılması işi bir neçə istiqamət üzrə həyata keçirilir. Belə ki, vətəndaşların yazılı müraciətləri cavablandırılır, Fondun rəhbərliyi və müvafiq şöbələrin müdirləri tərəfindən vətəndaşların mütəmadi qəbulu və ölkə başçısının tapşırığına əsasən mərkəzi icra orqanları rəhbərlərinin vətəndaşların qəbulu qrafikinə uyğun olaraq Fondun sədri tərəfindən regionlarda vətəndaşların qəbulu həyata keçirilir, elektron formada daxil olan müraciətlər kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyata alınır və icrası nəzarətə götürülərək müvafiq tədbirlər həyata keçirilir.
 

 

Daxil olan müraciətlərin statistikasına nəzər salsaq, son dövrlərdə ümumiyyətlə yazılı müraciətlərin sayında kəskin azalma müşahidə olunur. Bunun səbəblərindən biri vətəndaşlara keyfiyyətli elektron xidmətlərin göstərilməsi, digəri isə pensiya məbləğinin hesablanmasında sadə hesablama alqoritmlərin tətbiqi və pensiyaların orta aylıq məbləğinin 2006-cı ildən sonrakı dövr ərzində 6 dəfəyə yaxın artırılmasıdır. Bundan başqa, 2006-cı ildən sonrakı dövr ərzində hər il ölkə başçısının müvafiq Sərəncamları ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi bu sahədə vətəndaşlardan daxil olan müraciət və şikayətlərin azalmasına səbəb olub. Fondun təqdim etdiyi “Pensiya kalkulyatoru” xidməti vasitəsilə hər bir şəxs rahat şəkildə öz pensiyasının məbləği barədə məlumat əldə edə bilər.

 

Qeyd edək ki, görülmüş işlərin davamı kimi oktyabrın 22-də Bakıda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə beynəlxalq seminar keçirilib. Seminarda DSMF sədri Elman qeyd edib ki, prezident İlham Əliyevin həyata keçirdiyi çevik siyasət və çoxşaxəli fəaliyyət əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli ölkəmizdə yeni iqtisadi sistemə sürətli keçidi şərtləndirərək sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin edib. Bu əsasda bütün istiqamətlərdə islahatların vahid konsepsiya çərçivəsində qısa zamanda gerçəkləşdirilməsi Azərbaycanı ahəngdar inkişafa malik modern dövlətə çevirib, eyni zamanda müasir qloballaşan dövrün ağır sınaqlarına və sosial-iqtisadi xüsusiyyətlərinə cavab verən tənzimləyici mexanizmləri formalaşdırıb.

 

 

Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Fond İKT-dən istifadə etməklə vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdim edilmə müddətinin azaldılması məqsədilə müxtəlif layihələr tətbiq etmişdir ki, nəticədə məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması tam təmin edilib.

 


Fond sistemində bu sahədə həyata keçirilən əhəmiyyətli tədbirlər həmçinin elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsinə və İKT-nin tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılmasına yönəlib. Avtomatlaşdırılmış idarəetmə sisteminə keçidlə DSMF kağız üzərində işlərdən elektron fəaliyyətə keçmək imkanına malik olub ki, bu da rəsmiləşmələrin daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilməsinə şərait yaradıb.

 

 
Azərbaycanın sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri 2004-cü ildən etibarən pensiyaların ödənişində kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılıb. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 %-i plastik kartlarla aparılır. Bu məqsədlə respublika ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomat qurulub.

 

Azərbaycanın sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin müasir əsaslarla təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş və avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır.
 

 

Belə ki, Fond tərəfindən istifadəyə verilən sığortaolunanların müasir məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı yaradıb ki, bu da sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım etmiş, həm də avtomatlaşdırılmış pensiya təyinatının reallaşdırılmasını təmin edib. Fondun 2013-cü ildən tətbiq etdiyi Çağrı mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır.
Bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 286 min pensiyaçı və 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Məlumat bazasından istifadə etməklə, Fondun öz veb səhifəsi və ya elektron hökumət portalı vasitəsilə pensiyaçılar, sığortaedənlər və sığortaolunanlara çoxsaylı elektron xidmətlər göstərir.
“Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Fond müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır. DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Təkcə 2014-cü ilin ötən dövründə bu məqsədlə DSMF 4 sayda mərkəzi, 7 sayda regional təqdimat keçirmişdir. Bununla yanaşı, “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda KİV arasında müsabiqə keçirilmişdir. Həmçinin bu mövzuda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanıb.
 

Fond elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə fəaliyyətini bundan sonra da davam etdirəcək.
 

Sonda bir daha qeyd edək ki, vətəndaşlar sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olmasını nəzərə alaraq, öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. Həmçinin, ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrdə, yəni 2006-cı ilin 1 yanvarınadək olan iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır. Təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricində olacaq.
 

 

 

Yazı DSMF-nın elan etdiyi “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” adlı müsabiqəyə təqdim olunur.

 

 

 

 

 

# 771
avatar

Kəmalə Quliyeva

Oxşar yazılar