<b>Səddamın böyük qisası </b>–<span style="color:red;"> İŞİD FƏLAKƏTİ
23 oktyabr 2014 17:26 (UTC +04:00)

Səddamın böyük qisası İŞİD FƏLAKƏTİ

“Allah böyükdür, islam ümməti qalib gələcək, Fələstin ərəb torpağıdır”… 2006-cı ilin 30 dekabrında dünyanın bütün sünni müsəlmanlarının Qurban bayramını qeyd eləməklərinə bir neçə dəqiqə qalmış ayağının altında açılıb-bağlanan dəmir lövhələr, boğazında kəndir olan İraq diktatoru Səddam Hüseyn bu sözləri söylədi və bütün bədəniylə həmin dəmir lövhələrin açdığı boşluğa sallandı. Bu edamdan dərhal sonra sevincəyə düşən qərardadın “baş hakimi” Corc Buş deyəcəkdi: “Səddam Hüseynin edamı ədalətli məhkəmənin qərarının nəticəsdir”. Ancaq üstündən vur-tut 18 gün keçəcək və Corc dayı Amerika televiziyalarının birinə müsahibəsində söyləyəcək: “Bu edam mənə qisasdan doğan bir qətl təsiri bağışladı…”

 

Kinli prezident Buşun son açıqlamasından az keçmir ki, bu gün nəinki ərəb dünyasının, Yaxın Şərqin, Avropanın, Amerikanın baş bəlasına çevrilmiş İŞİD, yəni İraq Şam İslam Dövləti adlı bir qruplaşma (yox, açığı, qruplaşma yazmağa da qorxuram, artıq bilmirəm, nədi…) hamını heyrətdə qoyaraq, iyirmi birinci əsrin böyük güclərinin əməlli-başlı qara röyasına çevrilir…

 

Cənab Buşun barəsində danışdığı qisas anı gəlib yetişmişdi…

 

Bu yazını yazmağa başlayanda şiə məzhəbindən olan dostlarımdan biri Səddam Hüseynin edam səhnəsinə baxdığımı görüb, “Allah ona lənət eləsin” dedi. Hə, bu gün Səddamı daha çox şiələri, kürdləri qırdığına görə ittiham edirlər. Bir tərəfdən həqiqətdi. Çünki İraq diktatoru doğrudan da, haqlarının tapdandığı üçün baş qaldıran şiələrin, kürdlərin qətlinə fərman vermişdi. Ancaq Səddam Hüseyn həm də dövlət başçısı idi, axı. Onun üçün şiə, sünni, kürd, türk, ərəb olsun, fərqi yoxuydu, Səddam hakimiyyətini, taxt-tacını qorumaq üçün nəyə desən gedərdi və gedirdi. Ancaq barəsində danışdığımız İŞİD-in məhz Səddam Hüseyn dövrünü, yəni sünnilərin hakim olduğu zamanları qaytarmaq uğrunda döyüşdüyünü deyənləri də qınamıram. Bəli, ilk baxışdan səbəb çox sadədi, hətta, çayxana söhbətləri qədər bəsitdi. Deməli, İraqda vaxtilə, yəni Səddam dövründə sünnilər hakimi-mütləq idilər, Səddamdan sonra şiələr bunun öcünü aldılar, yeni İraq prezidenti şiələri hakimi-mütləq elədi, indi də İŞİD bunun əvəzini çıxır və nəinki İraqda, bütün ərəb dünyasında, müsəlman aləmində sünnilərin hakimiyyətini bərqərar eləmək üstündə cihada qalxdığını, Xilafət quracağını bəyanlayır. Bu gün dünyanın dürlü-dürlü ekspertlərinin, siyasi analitiklərinin İŞİD-in haradan, hansı səbəbdən törəməsi barədə fikirləri tamamilə üst-üstə düşür: “İŞİD, İraqda, ərəb dünyasında son illərdə baş verən hadisələrin məntiqi nəticəsdir”.

 

Əslində, İŞİD 2006-cı ildə “Əl-Qaidə”nin yerli bölmələri başda olmaqla, 11 radikal islam qruplaşmasının birləşməsindən yaranan bir təşkilatdır. 2013-cü ildən özünə “İraq-Şam İslam Dövləti” adını götürən təşkilat həmin vaxtdan Bəşər Əsədə qarşı döyüşə başladı və qısa müddətə bura daxil olan döyüşçülər qəddar davranışları, sərt cəza tədbirlərinə əl atmalarıyla ilə ad çıxardılar. 2014-cü ilin fevralında “Əl-Qaidə” rəhbərliyi İŞİD-i dəstəkləmədiyini və “onun hərəkətlərinə görə cavabdehlik daşımadığını” bəyan elədi.

 

Düşünürəm ki, İŞİD özünün əsl “cihad”ına bu ilin iyun ayında Səddamın edamına qərar çıxaran hakimin girov götürülərək öldürməsindən sonra başladı. Bundan əvvəl isə, təbii ki, Mosulun işğalı ilə İŞİD artıq nəyə qadir olduğunu göstərmişdi. Bu gün əsasən şiə əleyhdarlarından ibarət qruplaşmaları, Səddam Hüseyn dövrünün zabitlərini, müxtəlif radikal islamçı qruplaşmaların yüzlərlə üzvlərini özündə birləşdirən İŞİD, qələbələri, işğalları ilə artıq məşhur “Əl-Qaidə”ni belə kölgədə qoyur. Çünki hər şeydən əvvəl İŞİD digər radikal qruplaşmalardan fərqli olaraq pərakəndə şəkildə deyil, dini əsaslarla idarə olunan dövlət ərazisi uğrunda döyüşürlər. Və maraqlısı da odur ki, İŞİD-in maliyyəsi İslamın yarandığı ilkin dövrlərdə olduğu kimi talanlardan, xəracdan, ianələrdən ibarətdir ki, bu da İslamda qəbul olunan qaydadır…

 

…Bəzən İŞİD-in hansısa dini-ideoloji əsaslarla deyil, sırf siyasi-hərbi məqsədlər üçün müharibə apardığını deyənlər olur. Ancaq İŞİD-çilər radikallığına görə islamın digər məzhəblərinin təmsilçilərindən fərqlənirlər, şiələri və digər məzhəblərin təmsilçilərini görməyə gözləri yoxdur. Əgər Səddamda hardasa dünyəvi və milli diktator obrazı vardısa, İŞİD-çilər haqqında bunu demək mümkün deyil. Onlar Kəbənin darmadağın edilməsinin vacibliyinə qədər nəyi desən, ona da qərarları olduqlarını bildirirlər. İŞİD üzvü Abu Turab əl-Müqəddəsini dinləyək: “Allahın izniylə şeyximiz əl-Bağdadinin rəhbərliyi altında Kəbəni dağıdacağıq və buradakı daşlara sitayiş eləyənləri də qanlarına qəltan eləyəcəyik. İnsanlar Məkkəyə Allah üçün yox, daşlara toxunmaq üçün gedirlər…”

 

…İŞİD-in Səddamın qisasını aldığıcını düşünəcək qədər sadəlövh deyiləm. Ancaq məncə İŞİD elə Səddamın qarğışıdı, yazının əvvəlində Buşun barəsində danışdığı həmin qisasdı. Hə, Buş dayı necə demişdi? “Bu edam mənə qisasdan doğan bir qətl təsiri bağışladı…” Məncə, Səddamın edamıyla ərəb dünyası cahiliyyət dövrünün qisasçılıq fəlsəfəsinə, cahiliyyət dövrünün qisasçılıq mədəniyyətinə, daha doğrusu, mədəniyyətsizliyinə qayıtdı… Və İŞİD bu qisasçılıq mədəniyyətsizliyinin labüd görüntüsüdür.

 

…Bir yazıda təbii ki, İŞİD-in bütün anatomiyasını açmaq, bu qurum barəsində bütün həqiqətlərə, obyektiv, subyektiv fikirlərə yer vermək mümkün deyil. Ancaq bir neçə il öncə Hüsnü Mübarəkdən sonra Misirdə prezident seçkisi barədə dostum Bəxtiyar Elcanın bir yazısı yadıma düşdü. Elcan Misirdə seçkiyə gələn insanlara kimə səs verəcəklərini daha rahat şəkildə seçmələri üçün qutuların yanına qoyulan heykəlciklərdən yazmışdı… Hə, təəccüblənməyin… Ərəblərə seçəcəkləri insanların kimlər olduğunu anlatmaq üçün məcbur olub qutuların böyrünə namizədlərin balaca heykəlciklərini də qoymuşdular…

 

Belə-belə işlər… Bunu elə-belə son söz üçün yazdım…

# 5200
avatar

İlham Tumas

Oxşar yazılar