“Bir qaşıq səndən, bir qaşıq məndən”

Ceyhun Musaoğlu

Dəhşətli sualdı: biz hər ötən gün Şuşanı qazanmış sayılırıq, yoxsa itirmiş? Cavablar bir-birinin üzünə dirəşib. Nə qədər “itirmişik” arqumenti varsa, o qədər də “qazanmışıq” iddiası var. Biz burda – Azərbaycanda, məkanı bir qədər də dəqiqləşdirək, Bakıda cavabların savaşına rəhbərlik etdiyimiz vaxt Şuşanın qırılmış əlini ona-buna uzatdırıb dostluq sazişləri imzalatdırırlar.

 

Macarıstanın ardından Fransa şikəst Şuşanı özünün dostu elan etdi. Biri bizim, biri düşmənin xeyrinə. Xəbərdə belə də yazılıb: “Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd edən bəyannaməyə ermənilərin Şuşi adı qoyduğu Şuşanın “meri” Arsvik Sərkisyanla Qarabağa səfər edən Burq-Le-Valans meri Маrlen Мuryе oktyabrın 5-də qol çəkiblər. Sənəddə dünyanın heç bir dövlətinin tanımadığı işğalçı rejim “Dağlıq Qarabağ Respublikası (Arsax Respublikası)” kimi qeyd edilir və ona dəstək ifadə olunur. Bəyannamə iki şəhərin təhsil, mədəniyyət, idman, ticarət və yerli idarəetmə sahələrində əməkdaşlığını nəzərdə tutur”.

 

Macarıstanın Döndöş şəhəri ilə Azərbaycanın işğal altındakı Şuşa şəhəri isə 2013-cü il Mayın 8-də dostlaşıb. Bu dəfə bəyannaməni biz imzalamışıq. Sənədə Döndöş şəhərinin meri Laslo Faraqo və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov imza atıb.

 

Fransada itirdiyimiz Şuşanı Macarıstanda qazanmışıq. Təkrar yazıram: “Biri bizim, biri düşmənin xeyrinə”. 2008-ci ilin Nobel mükafatçısı Herta Müllerin “Nəfəs yelləncəyi” kitabının qəhrəmanına çevrilmişik. Alman əsilli ər-arvad sovet əsirliyindədir. Qadınlar və kişilər ayrı-ayrı binalarda saxlanılırlar. Bayram günlərində isə onlara birlikdə nahar etməyə (nahar su və içərisində iki düyüsü olan  supdan ibarətdir) icazə verilir. Kişi və qadın qabaqlarında bir qab sup nahar masası arxasında oturublar. Ər arvadını yedizdirir. Mətnin yarım başlığı belədi: “Bir qaşıq səndən, bir qaşıq məndən”. Kişi bir qaşıq öz supundan götürüb qadına içizdirir, onun supundan götürdüyü dolu qaşığı öz ağzına qoyur. Arvadın gözləri yayınanda əri hər iki qabdan götürdüyü bir qaşıq supu anındaca udur.

 

Bir müddət keçir qadın ölür. Əri onun paltosunu geyinir. Və həmin gündən üzünü tez-tez qırxmağa başlayır. Qadın paltosundakı kişinin üzü tüklü olmaz.

 

Ağır söhbətdi. Nə vaxta qədər ki,  “Biz hər ötən gün Şuşanı qazanmış sayılırıq, yoxsa itirmiş” sualına dəqiq cavab tapa bilməyəcəyik, o vaxta qədər də söhbətlərimiz ağır, üzücü keçəcək. Bir qaşıq səndən, bir qaşıq məndən prinsipi ilə qışdan çıxmaq mümkündü. Ancaq yanındakını itirmək şərti ilə...

 

P.S. Azadlıq Radiosu “Azərbaycan-Ermənistan: 20 illik qarşıdurmanın 2 dəqiqəlik video izahı – “İnfoqrafika” adlı absurd video-süjet hazırlayıb. Süjetdə göstərilir: “1991-ci ildə Qarabağda müstəqil dövlət elan edildi ”. Bu süjeti hazırlayanlar nəinki qaşıqlarını, çömçələrini də kənara tullayıb, sup qazanının içinə başlarını soxublar. Horultu səsi bürüyüb hər yeri.

 

LENT

23 Aprel 2019

Digər xəbərlər >>>