"Xəzər Lənkəran"ın Çətinliyi

Tengiz Məmmədov

Azərbaycanda oyunlarına ən çox azarkeş gələn komanda, heç şübhəsiz, "Xəzər Lənkəran"dır. Digərləri buna görə cənub klubuna qibtə edirlər. Deməli, ona azarkeşlik edən insanları sevindirmək, fanatlarına fərəh hissi bəxş etmək "Xəzər Lənkəran"ın borcudur. Amma...

 

Əfsus ki, son illər cənub klubunun başının üstünü qara buludlar alıb. "Xəzər Lənkəran" əvvəl həm nəticələri, həm də azarkeşləri ilə futbolumuza rəng qatırdısa, artıq nəticə baxımından komanda "axsayır". Belə getsə, Lənkəran klubu fanatları da özündən küsdürəcək, necə ki, küsdürür.

 

10 illiyində çempionluq arzusu puç oldu "Xəzər Lənkəran"ın. Nəticədə bütün planlar bu mövsümə görə quruldu. Sadiq azarkeşlərinə vəfa borcu var komandanın. "Xəzər Lənkəran" doğma azarkeşlərinin ürəyində yenidən taxt qurmaq istəyirsə, çempion olmağa borcludur. Amma hazırkı durum onu göstərir ki, vəziyyət yenə yaxşı deyil. Hər halda, 7 oyuna 8 xal yığmaq nə "Xəzər Lənkəran"ın adına yaraşır, nə də onun azarkeşlərinə.

 

Bəs bunun, cari mövsümdəki uğursuz gedişatın günahkarı kimdir? Təbii ki, Oğuz Çətin! Rəhbərlik yayda onun bir istəyini iki etmədi, komandaya xeyli sayda yeni oyunçu qoşuldu. Çətinin qarşısına konkret çempionluq tapşırığı qoyuldu. Görünür, türkiyəli məşqçi həmin tapşırığı bir qulağından alıb, o birindən buraxıb. 

 

Oğuz Çətin öz dövrünün güclü futbolçularından olub, bunu heç kim danmaz. Məşqçi kimi nə uğuru var Çətinin? Ömrü boyu onun-bunun yanında köməkçi işləyib. Əslində, belə məşqçidən uğurlu nəticə gözləyəndədir günah.

 

Heç kim durub deməsin ki, "Xəzər Lənkəran" cari mövsümdə yaxşı oyun sərgiləyir. Qardaşım, nəticə olmayandan sonra yaxşı oyun kimə lazımdır? 1 ildən sonra heç kim deməyəcək ki, "Xəzər Lənkəran" ötən mövsüm baxımlı oyun göstərirdi. Hamı nəticəni yada salacaq. Çətin mətbuat konfransında deyir ki, 7 oyundur qol vəziyyətlərini sağa-sola xərcləyirik, bəxtimiz gətirmir. Birincisi, bəxtsizlikdən uzağı 1-2 oyun gileylənmək olur. Daha 7 oyuna görə "bəxtsizlik portreti" cızmaq lazım deyil. İkincisi də, sənin işin nədən ibarətdir? Komandadakı çatışmazlıqları sən aradan qaldırmalısan da. Hər dəfə çıxıb "Yaxşı oynadıq, amma qol imkanlarından yararlana bilmədik" deyəcəksənsə, daha o işin qulpundan niyə yapışmısan? Bacarırsan problemi aradan qaldır, bacarmırsansa, postunu tərk elə.

 

Mən başa düşürəm ki, qol imkanlarından istifadə etmək futbolçudan ustalıq qabiliyyəti tələb edir. Axı bu oyunçular da Çətinin istəyi ilə komandaya gətirilib. Narazılıq edəcəkdisə, niyə onların alınmasını istəyirdi? İkincisi də, qol imkanlarını xərcləmək problemi ilə hər komanda üzləşə bilər. Əgər Reynaldo, Almeyda, Çumbinyo, Corc kimi futbolçulara sahib "Qarabağ" da bu problemi tez-tez yaşayırsa, deməli, bu, futbolda normal haldır. İnanın, "Qarabağ" yaratdığı qol epizodlarının heç olmasa yarısından istifadə etsəydi, əksər oyunlarda böyük hesablı qələbə qazanardı. Buna rəğmən, Qurban Qurbanovun komandası ona lazım olan 3 xalı çox vaxt əldə edə bilir. Yəni baş məşqçi nə olursa-olsun, qələbənin yolunu tapmalıdır. Çətin isə bunu bacarmır.

 

"Xəzər Lənkəran"ı bu vəziyyətdə görmək məni çox məyus edir. Gör indi komandanın azarkeşləri hansı hissləri keçirirlər? Çətin və onun komandasının buna haqqı çatırmı? Təbii ki, yox. Yağışda, küləkli havada, soyuqda-boranda stadiona gələn, özü də ürəkdən dəstək olan fanatlar ən yaxşı nəticəyə layiqdirlər.

 

Vaxt var idi, "Xəzər Lənkəran"ın öz meydanında uduzması qəbul olunmurdu. İndi  bu, adi hala çevrilib. Görün vəziyyət nə yerə çatıb ki, "Sumqayıt" Lənkərandan 3 xalla qayıdır. Bununla "Sumqayıt"ı kiçiltmək istəmirəm, əsla. Sadəcə, yaxın keçmişdə "Xəzər Lənkəran"ı səfərdə məğub etmək üçün gərək rəqibin 5 başı olaydı. Amma indi gənclərdən ibarət komanda da Lənkəran stadionunda qələbə "dadır". Daha nə deyəsən?

 

Zənnimcə, Çətinlə uğurlu nəticə əldə edə bilməyəcəklərini rəhbərlik də artıq başa düşüb. Hər halda, Yunis Hüseynovun idman direktoru vəzifəsinə gətirilməsi əbəs deyil. "Qəbələ" ilə dünənki qarşılaşmada Çətindən çox, Hüseynov komanda üçün can yandırırdı. Böyük ehtimalla, 2-3 turdan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi postuna elə Hüseynov keçəcək. Əgər bu baş verəcəksə, prosesi daha da tezləşdirmək lazımdır.

 

P.S. "Xəzər Lənkəran"ı çətinlikdən çıxarmaq Çətinlik deyil. Bunu hamıdan qabaq Çətinin özü dərk edir.

 

 

LENT

20 Aprel 2019

Digər xəbərlər >>>