[b]Lənkəran teatrının aktrisası:[/b] “Gecələr zəng edib təhqir edirdilər” - MÜSAHİBƏ
22 sentyabr 2014 12:06 (UTC +04:00)

[b]Lənkəran teatrının aktrisası:[/b] “Gecələr zəng edib təhqir edirdilər” - MÜSAHİBƏ

Onu Lənkəranda demək olar ki, hamı tanıyır. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhmədovanı deyirəm. Hamı üçün sakit, təmkinli, bir qədər də təkəbbürlü görünən Aynurla səhnədən, efirdən kənar söhbət etmək istədim. Məncə, söhbətimiz alındı. Neçə ilin yaxınları kimi, səmimi və rahat söhbətləşdik. Və Aynur Əhmədovanın Lent.az-a müsahibəsi belə yarandı.

 

 

- Aynur, bu yaxınlarda ad günün oldu. Necə keçirdin ad gününü?

 

- Ad günümü evdə, ailəmlə qeyd etdik. Anam aş süzmüşdü. Qardaşımın 2 yaşlı oğlu adımı deməyə çalışırdı, bacım qızı 600 balla Bakı Dövlət Universitetinə qəbul oldu – bütün bunlar mənə ad günü hədiyyəsi oldu. Bir də, dünən Şəkidə keçirilən beynəlxalq teatr festivalından qayıtmışam. Festivalda tamaşa ilə çıxış etdik. İnanın, hələ də tamaşanın təsiri altındayam. Beynəlxalq teatr festivalını da ad günüm üçün hədiyyə saymaq olar.

 

- Festivala hansı tamaşa ilə getmişdiniz?

 

- Təsəvvür edin, bu Azərbaycanda ilk belə beynəlxalq teatr festivalı idi. Festivala Eduardo de Filipponun “Ruhlar” əsərini aparmışdıq. Əsərdə İtaliyadan, Neapolda yaşayan Mariya adlı gözəl bir qadından bəhs olunur. Mariya gözəl olduğu qədər də kədərlidir. Çünki Mariya əriylə xoşbəxt deyil. Əri onun imkanlı biznesmenlə görüşməsinə şərait yaradır ki, pul qazanıb pansion açsınlar. Yeri gəlmişkən, sentyabrın 28-i teatrımızda bu əsər tamaşaya qoyulacaq. Gəlib, baxa bilərsən. Əsərdə yaşananları bu gün bizim həyatımızda da tapmaq olar.

 

- Əlbəttə, mütləq gələrəm. Ancaq əsərin bizim toplum tərəfindən asan qəbul edilməyəcək mövzusu var. Ümumən, tamaşa necə qəbul olundu?

 

- Bu əsər əsasən festivallar üçün hazırlanıb. Tamaşanın rejissoru Tural Mustafayev idi. O ki qaldı necə qarşılanmağına, Şəki yapon, ingilis turistlərlə dolu idi. Şəki icra hakimiyyətinin başçısı hər gün iki seans tamaşaları izləyirdi.

 

- Ad günündən geriyə baxanda nə görürsən? Teatra ömrünü xərclədiyin üçün heç peşman olduğun anlar olub?

 

- İkinci dəfə dünyaya gəlsəydim, yenə də İncəsənət Universitetində oxuyardım. Amma Lənkərana qayıtmazdım. Düzdür, Lənkəranı çox sevirəm, hər dəfə səfərlərə gedib-gələndə Lənkəran üçün qanlı göz yaşı tökürəm. Gizlətmirəm, bu gün 39 yaşım tamam oldu. Ailə qurmamışam. İnan Allaha, mən sənətin qurbanı deyiləm, mən bəzi mərdimazar həmkarlarımın qurbanıyam. Aktrisa kimi isə həmişə sevilmişəm, həmişə.

 

- Niyə qurban kimi hiss edirsən özünü? Məncə, sən həqiqətən də sevilirsən, kənardan gördüyümü deyirəm.

 

- O qədər paxıllığımı çəkiblər ki... Heç bir qadına, qıza qarşı belə olmayıb, inan. Paxıllıq heç bir qadının vücudunu mənimki qədər parçalamayıb. Çoxları elə bilir mən sənətimə görə ailə qurmuram, amma bu qətiyyən belə deyil. Mən sənətə gələndə qarşıma məqsəd qoymuşdum ki, Barat Şəkinskaya, Şəfiqə Məmmədova kimi sənətdən vaxtında gedəcəyəm ki, səhnədə “nənə” rolu oynamayım. Çünki aktrisaların həyatları barədə çox oxuyuram, özümə ibrət dərsi götürürəm.

 

- Tez deyil? Bir ay qabaq səhnədən gedəcəyinlə bağlı facebookda status da yazmışdın.

 

- Hə, düzdür, yazmışdım. Mən tamam başqa şey gözləyirdim, amma həmin ərəfədə qəzaya düşdüm…

 

- Keçmiş olsun. Aynur, nə gözləyirdin? Səhnədən gedəcəyini niyə elə əminliklə yazmışdın?

 

- Bu, şəxsi məsələdir. Bunu ancaq sənə müsahibədən kənar deyə bilərəm. Sağ qaldığım üçün Allaha hər gün şükür edirəm. Ailə qura bilməsəm də, yaxşı övladam, yaxşı bacıyam, yaxşı baldızam, yaxşı xalayam, yaxşı qonşuyam. İş yoldaşı, dost kimi də pis insan deyiləm. Düzdür, iş prosesində həmişə dilimin bəlasına düşürəm. Sözü üzə deyirəm. Lap nazir gəlsin, yaltaqlıq edə bilmərəm.

 

- Qəzadan sonra xınayaxdı məclisləri qrupunda olduğunu bildim. İstərdim, bu haqda danışasan. Başqa aktrisamızın da belə qrupda olmasını eşitmişdim. Maraqlıdır, maddi qazanc üçün, ya folklor sevgisinə görə bu qrupa qatılırsan?

 

- Əlbəttə ki, pul qazanmaq üçün qatılıram. Başqa heç bir səbəb yoxdur. Bir görsən camaat bizi necə qəbul edir. Bizi gözəl qarşılayıb, gözəl də yola salırlar. Bakıdakı xalq artistləri də xınayaxdılara gedir. Əvvəllər utanırdım, getmirdim. Sonra düşündüm ki, ömrümün 9 ilini Lənkəranda televiziyaya qurban verdim. Nəticəsi nə oldu? Fanat kimi işləyirdim. Maaşdan əlavə pul götürmürdüm ki, haramdı. Amma indi şükür edirəm. Çox zəngin qarderobum olmasa da, özüm üçün nələrsə edə bilirəm. Xınayaxdılara gedəndən bəri düşünürəm ki, indi 9 il nədir, heç 9 gün də televiziyada işləmərəm. Vəfasız sənətdir. Bütün televiziyalarda belədir, peşəkar olduqca səndən qorxurlar və səni uzaqlaşdırırlar.

 

- Hər zaman çox sadə və sakit biri kimi görünürsən. Saç düzümünü, ümumiyyətlə, xarici görkəmini dəyişməyi düşünürsən?

 

- Mən çox kompleksli, utancaq biriyəm. Həm də Allah yaratdığına qarışmaq istəməzdim. Saçlarım xınadan başqa heç nə görməyəcək. Açıq-saçıq geyimlər mənlik deyil. Bir sirr də açım. Bugünədək üzümə teatr qrimi dəyməyib, həmişə ən yaxşı tonal kremlərlə vəziyyətdən çıxmışam. Üzümün dərisi mənim üçün önəmlidir. İmicimi dəyişməyə çalışsam, heç cür dəyişə bilmirəm. Elə bilirəm, imicim, xarici görkəmim mənim xasiyyətimdir, dəyişməyəcək.

 

- Televiziya barədə də soruşacaqdım. Amma özün qısaca danışdın. Televiziyaya qayıtmaq şansı olsa, gedərsən?

 

- Yox! Bu gün mən xınayaxdıları buraxıb televiziyaya getmərəm. Televiziya həyatımdakı səhvlərdən biridir, çox peşmanam. Görəsən, evdəkilərlə üz-göz olub, gecə evə gec qayıdanda nə düşünürdüm? Nə qədər ağılsız olmuşam... Televiziyadan mənə qalan yeganə şey Lənkəran əhalisinin hörmətidir, vəssalam. Bir də əxlaqıma güvənən insanam. Rayonda çox arxayın, rahat gəzirəm.

 

- Əhali demişkən, teatra gəldiyin ilk gündən bu yana insanlardan özünə qarşı hər hansı neqativ münasibət görmüsən? Yoxsa, sən də başqaları kimi, ancaq yaxınlarının qınağına tuş gəlmisən?

 

- Əhalidən şikayətlənə bilmərəm. Mənə nə oldusa, teatrdan oldu. Ailədə də məni gec anladılar. İncəsənət İnstitutunu bitirən ili atam xərçəngdən dünyasını dəyişdi. Ziyalı insan idi. Üç bacımın üçü də, qardaşım da ali təhsilli olsalar da, məni gec başa düşdülər... Mən sənətə gələndən qarşıma məqsəd qoymuşam ki, hərəkətlərimə görə ailəm, məndən səkkiz yaş kiçik qardaşım utanmasın. Axı sabah mənim tabutum onun çiynində gedəcək…

 

- Hazırda əyalət aktyorları seriallara çəkilir. Dinamik və hardasa da qarışıq yaradıcı ortam mövcuddur. Sən özünü bu qarışıqlığın harasında görürsən?

 

- Xınayaxdılara pula görə gedirəm, amma seriala pula görə çəkilə bilmərəm. Çünki, serial çəkilir, lent həmişəlik qalır. Aldığın pul isə xərclənib, gedir. Həm də, tələbə ikən Azdramada Səyavuş Aslanla, Telman Adıgözəlovla, Yaşar Nuri ilə səhnəyə çıxmışam. Mənə uyğun rol olmasa, nə qədər yüksək məbləğ olsa da, çəkilmərəm. El qınağından çox qorxuram.

 

- Amma, qorxaqlıq yaradıcı adam üçün yaxşı hal deyil.

 

- Etiraf edirəm ki, qorxuram. Yalandan heç nə yaratmaq olmur axı…

 

- Teatrda illərdir çalışan və tanınan aktyorlar arasında qısa müddətə qəbul edildin. Məncə, indi teatrda çalışan gənclər səndən çox sonra gəldi və sən iki bir-birindən fərqli aktyor nəsli arasında tək qaldın.

 

- Tamamilə düzdür. Elə həmin təkliyimdən istifadə eləyirdilər, mənə hücumlar olurdu. İllər sonra ali təhsilli, Azdramada ilk addımlarını atmış yerli kadr gəlmişdi teatra. Bu, çoxları üçün qəbuledilməz idi. Təsəvvür et, gündüzlər dövlət tədbiri aparırdım, gecələr evimizə naməlum zənglər edib məni təhqir edirdilər. Bu, dəhşətli idi.

 

- Amma geri çəkilmədin.

 

- Çox çətin idi. O təhqir zəngləri gələn zamanlarda evdən də dəstək yox idi. İslam Həsənov teatra direktor təyin olunana qədər səhnədən uzaq qaldım. Sonra hər şey dəyişdi, hamı oturdu yerində. Mən bir-birinin ardınca uğurlu tamaşalarda çıxış etdim. Beynəlxalq festivallara getdim. İslam müəllimin işlədiyi illər mənim yaradıcılığımda qızıl dövr idi. İndi Tofiq müəllimin sayəsində davam edir. Rəhmətlik Elşad Zeynalov da sənətkar idi, amma direktor kimi çox zəif idi. Onun teatra rəhbərlik etdiyi dövrü xatırlamaq istəmirəm.

 

- Səhnədə başqalarının həyatını yaşamaq sənin üçün daha asandır, ya real həyatda öz həyatını?

 

- Hər ikisinin öz çətinlikləri var. Rol mənə verilən kimi, ilk növbədə araşdırma aparıram ki, bu rolu kim, nə vaxt, necə oynayıb, necə geyinib. Mən tamam fərqli bir şey yaratmaq üçün bunu edirəm. Bu gün isə həyatda bibi rolu o qədər ləzzətlidir ki...

 

- Demədiyin nəsə qaldı?

 

- Mən çox nikbin insanam. Acından ürəyim gedən vaxtda ürəkdən gülməyi bacarıram. İstəmirəm ki, insanlara mənfi enerji verim. Allah qoysa, gələn il 40 yaşımı təntənə ilə qeyd etmək istəyirəm. Çoxu 40 rəqəmindən qorxur, amma mən qorxmuram. Şükür edirəm, Allah mənə bu yaşadək can sağlığı verib. Ərə getmədiyim üçün bədbinliyə qapılmıram. Allah bilən məsləhətdir. Bu qədər. Ay Allah, mən nə qədər danışdım... (gülür).

# 2496
avatar

Cavi Dan

Oxşar yazılar