<b>Aysel Əlizadə yazır: “Plastilin” – <span style="color:red;">HƏYAT HEKAYƏTİ </b>
19 sentyabr 2014 15:00 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Plastilin” – HƏYAT HEKAYƏTİ

Yazıçı Aysel Əlizadə Lent.az-da yeni silsilə yazılara başlayır. Yazıçı müxtəlif vaxtlarda və məkanlarda qarşılaşdığı, haqqında eşitdiyi, hətta bəzən iştirakçısı olduğu gerçək həyat hadisələrini bədii formada oxuculara təqdim edəcək.

 

Silsilənin ilk materialını təqdim edirik. Bir daha qeyd edək ki, bu hekayə olmuş əhvalatı əks etdirir və yalnız adlar şərtidir...

 

Heç bir yazıçı həyatı onun özü qədər yaxşı yaza bilməz (Aysel Əlizadə)

 

Qadınlara inanmıram deyəndə mən ona haqq qazandırıram. Qanqaralıq olmasın deyə bəri başdan özəl olaraq qeyd edim, kimsə inciməsin. Hamı eyni cür deyil, əlbəttə. Ancaq bir kişi ikicə oxşar olayla qarşılaşanda bunu hamıya eyni cür baxmağa əsas sayır.

 

İndi sizə danışacağım hekayənin üstündən on il keçib. Buna baxmayaraq, o əhvalatı heç unutmuram. Bu mənim üçün qadın haqda düstura çevrilməyib, sadəcə bir yazıçının ağlına gəlməyəcək real hadisə kimi yaddaşımda iz buraxıb. Yetkinlik yaşına çatan kişilərin qadınlara olan inamsızlığını, bu mövzuda çox danışdıqlarını görəndə o dəqiqə həmin əhvalatı xatırlayıram. Lakin o əhvalatı kişilərə haqq qazandırmaq üçün bölüşmürəm... Buna bənzər, kişi əxlaqsızlığına nümunə olacaq o qədər insan dramı var ki...

 

***

 

Onlar bir sinifdə oxumuşdular. Oğlan adlı-sanlı ailədən idi. Yəqin ki, ailəsi onun adını əbəs yerə Ümid qoymamışdı... Qız isə, sözün düzü, bunu dəqiq deyə bilməyəcəm, ailəsi haqda heç nə yadımda deyil. Gərək ki, sadə bir ailənin qızıydı. Biz onu Seva kimi tanıyırdıq... 

 

Televiziyada işlədiyim vaxtlar idi. Hər gün canlı yayına çıxırdım. Buna görə gündəlik qadın salonuna gedib hazırlaşmalı olurdum. Saç düzümü, qrim və s. vaxtımın çox hissəsini alırdı deyə, çalışmalarımı da salonda edirdim. Oxunmalı materialları, efirdə geyəcəyim paltarları-filanı götürüb gedirdim qadın klubuna. Ustam hamının bildiyi kitabdan, oxudan uzaq, qayçı-daraqdan başqa heç nə anlamayan tip deyildi. Oxuyurdu, öyrənirdi, ona maraqlı olan mövzuları öz çapına uyğun araşdırırdı. Ailənin durumu pis olduğuna görə uşaqlıqdan işləyirdi. Ata-anaya, özündən kiçik bacı-qardaşa baxırdı. Bu üzdən də ali təhsil ala bilməmişdi. Primitiv qız deyildi. Açıq fikirli, müasir idi. Yaşı otuza çatmışdı. Ancaq evlilik haqqında düşünməyə, kimləsə sevgili olmağa vaxtı olmurdu. Kitabları sevirdi. Vaxt tapan kimi oxuyurdu. Boş vaxtını kitabla doldururdu. O vaxt sosial şəbəkələr kütləviləşməmişdi, bəlkə heç yox idi. Buna görə də oxuduqlarını hardasa bölüşə, özünü göstərə bilmirdi. Sübh tezdən evdən çıxıb salona gəlir, gecəyə qədər çalışırdı. Özünü yalnız gündəlik işində göstərə bilirdi. Bir də məni efirə hazırladığı vaxt ərzində bəzi günlər dayanmadan hardansa beyninə ilişib qalan mövzu haqda danışır, sahib olduğu bütün emosiya və duyğularını mənə çatdırmağa çalışırdı.

 

Ustanın yanına çeşid-çeşid tiplər gəlirdi. Aralarında vəzifəli adamların pulu hara xərcləmək lazımdı sualıyla girinc qalan arvadları, aerobikaya brilyant komplektdə gələnlər, səhnə xanımları, öyrətmənlər, həkimlər, evdarlar, evsizlər, yüngül həyat keçirənlər, fahişələr... kimlər kimlər vardı. Ustam hamısını ötüşdürməli olurdu. Danışdıqları maraqsız söhbətlərə diqqət kəsilirdi. Yola vermək işinin bir hissəsi idi. Xidmət sektorunun qaydası budu: “Müştəri həmişə haqlıdı!”. Buna görə də usta onlar arasında ayırım qoya bilməz. Düzdü, özü üçün bu ayırımı etmişdi, ancaq bundan kimsənin xəbəri yox idi. Kimi ki, sevmişdi, yalnız o adamlar bunu bilirdilər, vəssalam. Müştərilərin arasında Seva deyilən bir qız vardı. Gömgöy gözləri, qara rəngə boyadığı uzun saçları, simmetrik bədəni vardı. Gənc idi, ancaq sürdüyü sürətli həyat tərzi onu vaxtından tez yetişdirmişdi. Gözəl olsa da üzündə qaçaraq həyatın cizgiləri görünürdü. Dərisi artıq öz hamarlığını itirmişdi. Üz cizgilərinə hopmuş müxtəlif ifadələr gənc qız saflığını yoxa çıxarırdı.

 

Baxışlarının arxasında səbəbsiz saxtakarlıq gizlənirdi. Sevdadan niyə Seva olduğunu soruşsaydız o, bunun cavabını bilməzdi. Ya da çox qarışıq bir cavab uydurardı. Necə ki, bir gün mən bunu ondan soruşanda kəkələyə-kəkələyə qaldı.

 

Seva hər gün salona gələr, biz ustamla hazırlaşdığımız vaxt yanımızda oturar, başına gələnləri danışar və bəzənib, süslənib gedərdi. Ustam araya salıb onun saçını, üzünü bəzəyib yola salırdı. Seva sevgilisi Ümidlə bir yerdə yaşayırdı. Dediyinə görə, oğlanın ailəsi onların evlənməsinə razı olmadığı üçün ikisi də evdən gedib bir yerdə yaşamaq qərarı vermişdi. Sevanın nə işi, nə bir məşğuliyyəti vardı. Hər gün bəzənməsinin səbəbini də gedişatda öyrəndim. 

 

Bir gün Seva tələsik salona gəldi. Ustamdan onu tez yola salmasını xahiş etdi. Mən bu arada efirə hazırlaşırdım. Bəzənmə otağının bir küncündə oturub mövzu haqda oxuyurdum. Seva ustama dedi:

 

- Ümid tez gələcək bu gün. Sabah tanışlığımızın neçəncisə ili tamam olur. Hazırlıq işləri görəcəyik. Baş-başa restorana gedəcəyik. Səhər mənə dedi ki, axşam gəlim gedək sənə əyin-baş alaq. Gözəl görünməyimi istəyir.

Ustam nəsə söyləyib söhbəti dəstəkləməliydi. Deyəsən söz tapmadı. Eləcə dedi:

 

- Səni necə sevir...

- Hə, - Seva lovğa-lovğa gülümsəyib sözünə davam etdi - çox sevir məni, gərək tez gedim ki, gecikməyim o gələnə.

Səhəri gün Seva eyni qaydada salona gəldi. İldönümü üçün bəzənib getdi və ondan sonra Sevadan xəbər çıxmadı. Biz o qədər onun hər gün gəlişinə öyrəşmişdik ki, belə müəmmalı şəkildə yoxa çıxmasından narahat da olduq. Seva olsun, salona gəlməsin? Ağlasığacaq şey deyildi. Sevasızlıq bir neçə gün çəkdi. Günlərin birində, bəzənmə otağında efirdə qoyacağım mövzuya uyğun rəvayət oxuyurdum... Şahzadə dilənçi qızla evlənib onu xanımlar xanımı etməyi arzulayır. Günlərin birində Şahzadə qızın otağına girəndə görür ki, qız ovcunu açıb otağın künclərini var-gəl edir. Şahzadə qızın şələ-şüləsini yığıb gəldiyi yerə yollayır... rəvayətin bu yerində birdən qapı şarappıltıyla açıldı və Seva özünü içəri atdı. Biz onu görüb yerimizdə tərpənməz durduq. İlahi, Sevada Sevalıq qalmamışdı. Ağzı-burnu şişmişdi, hər yeri gömgöy idi. Əlimdə kitab ağzı açıla Sevaya baxırdım.

 

- Nə oluub? – Ustam qorxmuş halda soruşdu.

- Başıma oyun gəlib, - Seva qapıya söykənib dedi. – Ümid hər şeyi öyrənib.

 

Yerimdən qalxdım, kitab əlimdən düşdü. Deyəsən Şahzadə dilənçi qızı realda da xanım edə bilməyəcək, düşündüm.

 

O nağıl etməyə başladı.

 

- Biz restorana gedən gün qonşu masada oğlanlar oturmuşdu. Ümidin tanışları idi. Mənim kürəyim onlara tərəf idi. Ümid  görüşmək üçün onlara yaxınlaşdı. Bir də eşitdim ki, nəyisə dartışırlar. Səsləri get-gedə qalxırdı. Bir azdan o, rəngi qaralmış şəkildə yanıma gəldi. Nə qədər soruşdum, axırda dedi ki, səni Syama adlı birinə oxşadıblar, ona hirslənmişdim. Səhəri gün işə getmədi. İcazə almışam deyib bir neçə gün evdə oldu. Sonra bir səhər erkəndən evdən çıxdı. Gündüz o biri telefonuma zəng gəldi.

 

Sevanın iki telefonu vardı. Ümidlə olanda birini söndürüb gizlədirdi. Ümid işə gedəndə yandırırdı. Həmin telefonda Sevanın adı Syama idi.

 

Seva səhər Ümidi işə yola salandan sonra salona gəlib hazırlaşır, sonra da müştərilərlə çıxırdı. Seva fahişə idi. Bildiyiniz qədim peşə ilə məşğul olurdu – pul qarşılığında kişilərə xidmət göstərirdi. Restoranda rastlaşdığı oğlanlarla bir gün öncə görüşmüşdü. Üçü ilə bir gündə saunaya getmişdi. Onlar Syamanı görən kimi tanımışdılar. Ümidə eynən həmin qız olduğunu demişdilər. Nə qədər oxşarlıq olsa da gözlərinin rəngini səhv salmaq mümkün deyildi. Ümid günlərlə düşünüb nəhayət həmin oğlanları tapır. Syamaya zəng vurmalarını istəyir. Telefonda Sevanın səsini eşidəndə oğlanın başına hava gəlir. Evə gedib Sevanı möhkəm döyür. Cüssəli olması işinə yarayır Sevanın, özündə güc tapıb Ümidin əlindən qurtulub evdən qaçıb və bir baş salona gəlir. Sevanın əli, ağzı əsirdi. Danışdıqlarını da aydın başa düşmək olmurdu. Danışa-danışa su içdi. Danışdı, yenə içdi, udqundu, susdu, əlini sinəsinə qoydu, oturdu, durdu, anlatmağa davam etdi və sözünü yarımçıq qoyub otaqdakı əlüzyuyanda üzünü yudu, sonra yanda asılan əl dəsmalı ilə silindi, cibindən çıxardığı telefonunu həmin dəsmalla təmizlədi və tələsik harasa zəng vurdu.

 

- Hər şeyi bilir. Məni öldürəcək. Tez nəsə elə. Ağzını bağla onun! Anasının adı yadındadı da? – Tez elə, tez, mənim qanım gedəcək.

 

Həyəcanlı danışıqdan sonra telefonu söndürüb oturdu. Biz ikimiz də ayaq üstə yerə mıxlanmış kimi dayanmışdıq.

 

Oturandan sonra Seva dedi:

 

- Falçımdı. İndi Ümidin ağzını bağlayacaq ki, sakitləşsin.

- Cadukundu? – heyrətə gəlmiş ustam soruşdu.

- Hə, neçə ildi gedirəm yanına. Həmişə belə situasiyada kömək edir. Güclü cadular edir.

 

Ustam bu dəm bütün hadisəni kənara qoyub fikrə getdi. Cadugərlər haqda oxuduğu yazını xatırladı. O, bütün söhbətlərdə oxuduğu materialları yadına salır və tez həvəslə mövzuya girişdi. Bu dəfə də Sevanın durumu ona mane olmadı. Çırmalanıb cadugərlər haqda danışmağa başladı: 

 

- Aaa... mən cadugərlər haqda oxumuşam. Qədimdə çox bilən, yol göstərən qadınları cadugər adıyla yandırırdılar. Ancaq onda cadugərlər gizli kitablar oxuyurdular. Məlumatlı idilər. Adamlara ağıl qoyurdular. Cadı caddə sözündən götürülüb. Yol deməkdi. El arasında yol göstərənləri belə çağırıblar.

 

Bu yerdə ustam barmağını dodağına tutub maraqla xəyala daldı və pıçıltı ilə qəfil dilləndi:

 

- Görəsən indiki cadugərlər də belədi?

 

Seva mat-mat ustaya baxırdı. Nə baş verdiyini anlamırdı.

 

Bu cəfəng cadu söhbəti ilə əslində dəhşətli bir həqiqət gözümüzün qabağında aşkarlandı. Əslində, bu, cadu məsələsi deyildi. Ümid bu qızı sevirdi. Şübhələnsə də ata bilmirdi. Hər şeyin yaxşı olacağına inanırdı. Ümid hər kəsdən, bütün ailə üzvlərindən bu qıza görə üz çevirmişdi. Seva isə onun sevgisi haqda heç düşünmürdü. Sevgiyə deyil, caduya inanırdı...

 

Bütün qadınlar onları hər kəsdən üstün tutan bir kişi arzulayırkən Seva bunun qiymətini niyə bilmirdi? Niyə belə edirdi? Dözməyib soruşdum.

 

- Sən niyə belə edirsən?

 

O, özünü itirdi. Bu sual haqda bəlkə də heç vaxt düşünməmişdi. Niyə belə elədiyini heç özü də bilmirdi. Gözünü döyə-döyə cavab axtardı.

 

- Mənə pul lazımdı. Ümidin durumu əvvəlki kimi deyil, dedi.

 

Ustam həmən dilləndi

 

- Necə?

- Əvvəl hər gün mənə əlli – yüz manat verirdi. İndi on manat verirsə böyük şeydi. İşləri yaxşı getmir.

- Sən də əlli manata görə gündə üç kişiylə Ümidi aldadırsan? – mən soruşdum.

 

O, susdu.

 

- Mən Ümidi sevirəm, - əlindəki telefona gözünü zilləyən Seva yazıq-yazıq dilləndi.

 

- Necə sevirsən, bu necə sevgidi? Bu təsadüfi xəyanət də deyil. Kiməsə vurulub yoldan çıxmaq da deyil. Nəyləsə izah ediləcək bir durum deyil. Bu heç nədi. Sən hər gün ayrı-ayrı adamlarla əlli manata görə bu qədər oyundan çıxırsan. Neynirsən o əlli manatları? – Özümdən çıxmamışdım, sadəcə bu sualları cavabsız qoya bilmirdim. Həm də onu düşündürmək istəyirdim.  

Seva üzümə elə baxırdı sanki mən onun üçün Amerika açmışam. Bəlkə də ilk dəfəydi ona bu sözlər deyilirdi. Əslində o, bu həyatını heç kimdən gizlətmirdi. Ümiddən başqa hər kəs bunları bilirdi. Seva o qədər Ümidi kontrol edə bilirdi ki, ikili həyatından qorxmurdu. Bilirdi ki, nə yollasa Ümidi dilə tutub inandıracaq. Bunu onun tanımadığı adamların yanında belə rahat öz həyatının astarını üzə çıxarmasından, hər şeyi açıq danışmasından anlamaq olurdu.

- Mən onsuz yaşaya bilmərəm, - dedi Seva.

 

Və ayağa qalxıb üz-gözünü bir də yudu. Bu dəm həmin cadugər qadın zəng vurdu. Danışdıqca üzünə rahatlıq gəldi qızın. İş tamam idi. Seva evə gedə bilərdi. Biz də o, sağollaşıb gedəndən sonra qapıya baxa-baxa qaldıq. 

Seva yenə uzun zaman görünmədi. Düşünürdük ki, cadu işə yaramayıb. Səhv düşünürdük. Seva sağ-salamat Ümidlə birgə həyatına davam edirdi. Sevgisi Ümidi Syamanı unutmağa məcbur edirdi. Bunu qızın özündən öyrəndik. Həmin hadisədən sonra onu bircə dəfə gördük. Yoxa çıxmasının səbəbini danışdı, bəzəndi və bu dəfə Mika kimi bəzənib getdi. Syama söhbətindən sonra Ümid hər gün Sevanın üzünə qapını kilidləyib işə gedirmiş. Axşam gələndə qapını özü açırmış. Sevanın evdən bayıra tək bir çıxışı vardı - dördüncü mərtəbənin pəncərəsi. Hər gün bu pəncərədən çölə saatlarla baxıb çarə axtaran Sevanın günlərin birində ağlına dahiyanə ideya gəlir. Ümid evdə olanda açarı plastilinə yapışdırıb formasını götürür. Səhər oyuncaq xəmir üzərində alındırdığı açar relyefini həyətdə gözləyən rəfiqələrinə atır. Rəfiqələr ustaya gedib açarın kopyasını çıxarırlar. Və... qapılar Sevanın üzünə açılır. Beləliklə, Seva üzünə bağlanan qapını açacaq bu yeni monumental fiqur ideyası ilə Mari Tüssonun ruhunu mat qoyur. Yeni nömrə, yeni müştərilər və yeni Mika adıyla ruhuna doğma gələn işlə məşğul olmağa davam edir. Seva bunu anladıb getdi. Ustama bu aralar daha yaxşı bir yerdən iş təklifi gəlmişdi. Səhəri o, işini dəyişirdi. Mən bir daha nə ustamı, nə Sevanı, nə Syamanı, nə də Mikanı gördüm...

 

Bu yaxınlarda tanınmış bir ailədən olan gənc qadın mənə ailə fotolarını göstərirdi. Şəkillərin içindən cavan qohumunun fotosu çıxdı. Qadın çox içdən bir nəfəs çəkdi.

 

- Yazıq oğlan, bir fahişə bütün həyatını alt-üst elədi. Buralardan bir az uzaq olsun deyə valideynləri onu rayona, yaxın qohumların yanına göndəriblər. Əvvəl əsəbləri möhkəm pozulmuşdu. İndi də dəli olub deyirlər. Şəhərin ən yaraşıqlı oğlanlarından biri idi. Heyf. Maraqlı da adı var - Ümid...

 

ayselalizade@yahoo.com

 

    

# 2703
avatar

Aysel Əlizadə

Oxşar yazılar