Şəhidlərimizə “kafir” deyən kimlərdir?
23 iyun 2014 15:22 (UTC +04:00)

Şəhidlərimizə “kafir” deyən kimlərdir?

Suriyada gedən döyüşlərin ardından terror təşkilatı olan İraq Şam İslam Dövlətinin (İŞİD) İraqda “peyda” olması bütün dünyanı, xüsusilə region dövlətlərini təhlükə ilə üz-üzə qoydu. Bu hadisə dünya dövlətləri tərəfindən gözlənilməz olsa da, əslində Yaxın Şərqdə baş verən mövcud olaylara nəzər saldıqda aydın olur ki, İraq ərazilərinin işğalı ilə bağlı hazırlıq prosesi çoxdan getməkdəydi.

 

İŞİD İslam dininin müqəddəs cihad prinsipindən sui-istifadə edərək, öz sıralarına müxtəlif ölkələrdən xeyli sayda muzdlu tərəfdar toplaya bildi. Hətta digər terror təşkilatlarının belə vurğuladığı kimi, qəddar İŞİD-in tərkibində 100-dən çox azərbaycanlı döyüşür. İŞİD dini kimliyi istismar etdiyi üçün bu terror təşkilatı üçün vuruşan insanlar artıq milli kimliklərini çoxdan unudublar. Bu baxımdan, Azərbaycanda mövcud olan təkfirçi vəhhabilər məzhəbçi dini kimliklərini milli maraqlardan üstün tutduğu üçün qanlı terror təşkilatı olan İŞİD-ə birmənalı şəkildə dəstək verməkdədirlər. Son günlər ölkəmizdə sosial şəbəkələrdə İŞİD-in İraqın müəyyən ərazilərini işğal etməsinə sevinən Azərbaycan vətəndaşlarının olması isə çox gizli mətləblərdən xəbər verir. Bu terror təşkilatını Azərbaycanda açıq dəstəkləyən yüzlərlə ölkə vətəndaşının olması isə gələcəkdə gözlənilən faciənin aydın işarəsi kimi qəbul edilməlidir. Azərbaycan dövlətinin və xalqının dini tolerant münasibətindən sui-istifadə edən təkfirçi qüvvələrin getdikcə fəallaşması bu gün hər birimizi narahat etməlidir.

 

Milli Təhlükəsizlik Nazirliyinin son günlər radikal dini qruplara qarşı həyata keçirdiyi uğurlu əməliyyatlar təqdirəlayiqdir. Ancaq bu gün ölkəmizdə minlərlə sivil təkfirçi vəhhabilərin çox rahat şəkildə öz fəaliyyətlərini hələ də sistemli formada qurması dövlətçiliyimiz üçün hər an təhlükə mənbəyidir. Sadəcə və nə yaxşı ki, bu gün onlar silahsızdırlar.

 

Qarabağ Seyid Ocaqlarının apardığı araşdırmalar nəticəsində bəlli olub ki, tək Bakı və Sumqayıtda 10 mindən çox təkfirçi var. Eləcə də Zaqatalada 2 mindən, Balakəndə min nəfərdən çox, Şəkidə isə 3 minə yaxın dövlətimiz üçün hər an təhlükə yarada biləcək potensial zərərli ekstremist dini qüvvələr var. Çox təəssüf ki, ciblərində Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini, beyinlərində və ürəklərində radikal dini liderlərinin təşviqi ilə dövlətimizə və xalqımıza nifrət daşıyan təkfirçilərin zərərsizləşdirilməsinə bir sıra dairələr mane olurlar. Bu şəxslər anlamırlar ki, məhz evlərinin içinə dəvət etdikləri bu təhlükə onların özlərinə də yönələcək.

 

Dəfələrlə mətbuatda belə radikal dini qüvvələrlə bağlı materiallar öz əksini tapıb. Ancaq bu radikal təkfirçilərə dəstək olan “gözəgörünməz əllər” onlara dəstək verməkdən çəkinmirlər. Çünki bu faciəni anlamayan bəzi insanlar öz nəfsinin qurbanına çevrilib. Hətta bəzi millət vəkilləri özləri də bilərəkdən və ya bilməyərəkdən məzhəblərarası münasibətlərin qızışdırılmasına şərait yaradırlar.

 

Ölkədə hər bir an özündən olmayanları qəbul etməyərək, öz din qardaşlarını, hətta Qarabağ döyüşlərində canından keçmiş müqəddəs şəhidlərimizi də “kafir” adlandırmağa cəsarət edən minlərlə təkfirçi vəhhabinin mövcudluğu bu gün artıq, təəssüf ki, reallıqdır. Bu, millətimiz üçün “SOS” həyəcan siqnalı kimi başa düşülməlidir. Tam məsuliyyətlə deyirəm ki, bu məsələdə çox gecikmişik. Ən acı həqiqət isə ondan ibarətdir ki, bu gün vəhhabilərin və digər zərərli təriqət və məzhəblərin ölkəmizdə ayaq açmasına şərait yaradan bəzi cavabdeh insanlar hələ də dövləti və cəmiyyəti aldadırlar. Onlar ölkə vətəndaşlarını inandırmağa çalışırlar ki, sanki Azərbaycanda belə bir problem yoxdur.                

 

Təkfirçi dini qüvvələrin zərərsizləşdirilməsi ilə yanaşı, ölkədə ardıcıl olaraq dini maarifləndirmə işi aparılmalı və din-dövlət münasibətləri ilə bağlı Milli Konsepsiya hazırlanmalıdır. Eyni zamanda, bu dövlət sənədindən irəli gələrək dövlətinə, millətinə, bayrağına sadiq həqiqi din adamları bu prosesdən kənarda qalmamalıdır. Çünki tarix boyu həqiqi inanc sahibləri Vətəninə, onun bütövlüyünə imanının gücü ilə hər zaman nümunəvi xidmət göstəriblər. Bu gün də bu həssas məmləkət məsələsində birliyimiz və bərabərliyimiz, bütöv, daha güclü bir Azərbaycan dövləti üçün bütün ölkə müsəlmanları məzhəb fərqi qoymadan eyni hədəfə vurmalıdırlar.  

 

Seyid Camal Əzimbəyli,

Şərqşünas

        

# 1355
avatar

Mikayıl Nərimanoğlu

Oxşar yazılar