[b]Himmlerə nifrətlə baxan əsir - “DÜNYANI SARSIDAN KADRLAR”[/b]
10 iyun 2014 12:03 (UTC +04:00)

[b]Himmlerə nifrətlə baxan əsir - “DÜNYANI SARSIDAN KADRLAR”[/b]

Tikanlı məftillərin arxasından reyxsfürer Henrix Himmlerə nifrətlə baxan 20 yaşlı bu cavanın adı Horatsi Qrislidir. Müəllifi bəlli olmayan bu foto, 1942-ci ildə Polşada, 3-cü Reyxin rəhbərlərindən birinin hərbi əsir düşərgələrində keçirdiyi yoxlamalar zamanı çəkilib. Və əslində maraqlı olan bu fotonun özü deyil, obyektivə təsadüfən düşmüş əsirin taleyidir...

 

Adolf Hitler Çexoslovakiyaya hücum edəndə və hərbi səfərbərlik elan olunanda Horatsi də yaşıdlarının çoxu kimi cəbhəyə könüllü yollandı. Ordu sıralarında qısa hazırlıqdan sonra Horatsi Fransanın şimalında yerləşən hərbi hissələrdən birinə yollandı, amma bəxti gətirmədi, cəmi bir neçə gün sonra əsir düşdü və Polşadakı “Stalaq XXI-D” əsir düşərgəsinə yetişənədək, düz on həftə Avropa yollarında təpik döydü. Bu ağır səfər ərzində batalyon yoldaşlarından əksəriyyəti infeksion xəstəliklərdən tələf oldu. Əsir düşərgəsindəki vəziyyət də əslində çox ağır idi. Almanlar hərbi əsirlərin saxlanılması üzrə beynəlxalq konvensiyaya riayət etmirdilər və bir müddətdən sonra Cenevrə komissiyasından gələn yoxlama bu düşərgənin qapanmasına nail ola bildi və Horatsini şəraiti nisbətən yaxşı olan başqa düşərgəyə yolladılar, hərbi əsirlərə tərcüməçi ayırdılar.

 

Tərcüməçi isə düşərgə rəisinin qızı Roza Rauxbax idi. Bu suyuşirin qızı Horatsinin gözü elə ilk dəqiqədən aldı və cavanlar bir-birinə aşiq oldular. Onlar sevişmək üçün rahat yer də tapmışdılar - istehsalat korpusundakı dəzgahların arxasında... Amma bu xoşbəxtlik də çox uzun sürmədi, bir müddətdən sonra Horatsini tamam başqa düşərgəyə keçirdilər. Əslində, bu məhəbbət macərası burda sona yetməli idi – tale cavanların həyat yolunu artıq ayırmışdı. Lakin elə olmadı. Əsl detektiv macərasını xatırladan hadisələr bundan sonra başlandı. Horatsi düşərgədən qaçıb sevgilisiylə görüşmək üçün yollar axtarmağa arayırdı və baraklarındakı dəmir barmaqlığı rahat açılıb-bağlanan taxtasıyla əvəz etdi, hasarın altından lağım atdı və gecələrin birində düşərgədən ilk dəfə azadlığa çıxdı. Rahatca qaçıb gedə də bilərdi, amma bunu eləmədi, sevgilisinin yanına qayıtmaq üçün köhnə düşərgələrinin də hasarı altından daha bir lağım atdı və cavanlar qovuşdular... Həmin gündən etibarən, Horatsi Qrisli düz beş il, həftədə üç dəfə Rozanın görüşünə gedirdi. Bu məhəbbət macərası düz müharibənin sonunadək davam etdi.

 

Hitler Almaniyasının kapitulyasiyasından sonra isə Horatsi Amerikaya getdi. Zavallı qız isə sevgilisinin yolunu gözləmək üçün Birləşmiş Ştatların hərbi bazasında qaldı, lakin az sonra doğuş zamanı həlak oldu...

 

Horatsi Qrisli isə İspaniyaya köçür və ömrünün sonunadək orada yaşayır. O, 2010-cu ildə, 91 yaşında dünyasını dəyişir. Beləliklə, əsl detektiv filminin süjeti kimi başlanan məhəbbət macərası adi nakam sevgi dastanına çevrildi və yaddaşlarda beləcə yaşadı.

# 5838
avatar

İlqar Əlfi

Oxşar yazılar