<b>Müharibəni bitirən <span style="color:red;">FOTO  - <span style="color:red;">“DÜNYANI SARSIDAN KADRLAR” </b>
04 iyun 2014 12:08 (UTC +04:00)

Müharibəni bitirən FOTO - “DÜNYANI SARSIDAN KADRLAR”

“Assoşieyted Press” xəbər agentliyinin fotoqrafı Eddi Adams bir dəfə yazmışdı ki, fotoqrafiya dünyada olan silahların ən güclüsüdür. Əslində bu deyim onun öz həyatına gözəl illüstrasiyadır. Çünki 1968-ci ildə Vyetnam-Amerika müharibəsində çəkdiyi bu şəkil - əlində tapança olan bir zabitin qolu qandallı əsiri güllələməsi şəkli müəllifinə nəinki 1969-cu ilin “Pulitser” mükafatını qazandırdı, həm də amerikalıların Vyetnamda baş verənlərə münasibətini büsbütün dəyişdi.

 

Əslində fotoşəkildəki mənzərə vəhşicəsinə, soyuqqanlıqla qətl edilən bir insanın halına yanan Amerika xalqının qəbul etmək istədiyi kimi, birmənalı deyil. Ölkədə ağır vətəndaş müharibəsi gedirdi. Tərəflərdən birini Amerika, digərini isə SSRİ ilə Çin dəstəkləyirdi. Hər gün günahsız insanların qanı axıdılırdı. Tarixçilər deyir ki, yer üzündə vətəndaş müharibəsindən amansız münaqişə ola bilməz. Faktlar deyir ki, insan öz xalqına qarşı daha qəddar, daha dözümsüz olur...

 

Bu şəkildəki əliqandallı insan SSRİ-nin yardım etdiyi Hanoy rejiminin “Vyetkonq qisas ordusu”nun döyüşçüsüdür və bu kadr əbədiləşənədək, bəlkə də yüzlərlə həmvətənini öz əliylə qətlə yetirib. Onu tapança ilə güllələyən general Nquen Ngos Lon isə Sayqon rejiminə qulluq edirdi. Müharibə Vyetnam Demokratik Respublikasının tam qələbəsi, Amerika qüvvələrinin sarsıdıcı məğlubiyyətiylə başa çatdı. Sayqon şəhərində çəkilmiş bu foto isə Nquen Ngos Lonun həyatında bir kabusa çevrildi və ömrünün sonunadək yaxasından əl çəkmədi. Onu müalicə üçün gəldiyi Avstraliyada lənətlə damğaladılar, hərbi hospitalda onun müalicəsindən imtina etdilər. Sonralar, Birləşmiş Ştatlara köçəndən sonra, misilsiz ictimai qınağa tuş gəldi, insanlar onun təcili departasiyasını tələb edirdilər. Dolanmaq üçün Virciniyada açdığı kiçik restoran hər gün naməlum insanların hücumuna məruz qalırdı: “Biz səni tanıyırıq!”.

 

Bu yazı ordudan tərxis olmuş generalı ömrünün sonuna kimi təqib etdi. Eddi Adams isə onun barəsində belə deyirdi: “O, əliqandallı insanı güllələdi, mən isə onu fotokameramla qətlə yetirdim”.

# 5870
avatar

İlqar Əlfi

Oxşar yazılar