<b>Cismi yanan, ürəyi qeybə çəkilən rahib – <span style="color:red;">DÜNYANI SARSIDAN KADRLAR </b>
06 mart 2014 11:31 (UTC +04:00)

Cismi yanan, ürəyi qeybə çəkilən rahib – DÜNYANI SARSIDAN KADRLAR

"Gözlərimi yumaraq Buddanı üzbəüz seyr etməmişdən, Prezident Nqo Din Zemdən ehtiramla xahiş edirəm ki, vətənimizin güclü olması üçün öz xalqının halına yanaraq, müxtəlif dini inanclardan olan insanlara eyni gözlə baxsın".

 

Thit Kuanq Dıkın ölümqabağı məktubundan

 

10 iyun, 1963-cü ildə "Assoşieyted Press" mətbuat agentliyinin büro rəhbəri Malkolm Brauna zəng çalaraq, ertəsi gün səhər Cənubi Vyetnamın paytaxtı Sayqon şəhərində bəlli ünvana gəlməsinin məqsədəuyğunluğunu deyirlər, çünki orada nəsə çox mühüm bir hadisə baş verəcəkmiş.

 

Malkolm Braun həmin ünvana "Nyü-York Tayms" qəzetinin müxbiri Devid Halberstlə bir yerdə gəlir. Az sonra Fan Din Funq bulvarının ünvanda göstərilən tinində bir avtomobil dayanır, maşından bir neçə buddist rahib düşür. Onların arasında bir an sonra adı tarixə düşəcək Thit Kuanq Dık da vardı. O, yerə oturub, "lotos" vəziyyəti alır, qalan rahiblər isə üstünə yanacaq tökürlər. Kibriti isə o özü şəxsən alışdırır və bir göz qırpımında bir məşələ çevrilir...

 

Bu mənzərəyə, kənarda durub ağlaya-ağlaya onun necə yandığına tamaşa edən insanlardan fərqli olaraq, Thit Kuanq Dık yanarkən yerindən qımıldanmır, bircə səs belə çıxarmır...

 

İnancı yolunda bu cür mübarizəyə rahibi Cənubi Vyetnamın o zamankı rəhbəri Nqo Din Zem tərəfindən buddistlərin təzyiq və təhdidlərə məruz qalmasına etiraz əlaməti olaraq seçmişdi.

 

Foto bir neçə gün ərzində ən nüfuzlu mətbuat orqanlarında dərc edilərək dünyaya yayıldı və dini inancla bağlı məsələlər dünya birliyinin gündəminə çıxdı. Amerika prezidenti Con Kennedi həmin şəklə baxanda belə demişdi: "Hələ heç vaxt qəzet fotosu dünyada belə bir həyəcan doğurmamışdı".

 

Malkolm Braun bu fotosuna görə Pulitser mükafatına layiq görüldü, Dıkın cəsədi isə buddist ənənəsinə əsasən, yandırıldı. Katolikliyi qəbul etmiş Nqo Din Zemin rejimi isə ictimai fikrin təzyiqləri altında buddistlərin reabilitasiyasını elan etdi. Amma etiraz hərəkatının qarşısını almaq mümkün olmadı. Onda prezident ordunun xüsusi təyinatlılarını dini məbədlər üzərinə hücuma yolladı. Məbədlərin bəziləri dağıdıldı, ölənlər oldu və Thit Kuanq Dikin məbədlərdən birində təbərrük kimi qorunan ürəyini də götürüb özləriylə apardılar...

 

Bu radikal tədbirlərin ardınca daha bir neçə rahib özünü yandırır. Axırda hərbçilər məcbur qalıb, dövlət çevrilişinə əl ataraq, hakimiyyəti ələ alırlar və prezidenti həbs edirlər.

 

Nqo Din Zem noyabr ayının 2-də edam olunur...

# 2242
avatar

İlqar Əlfi

Oxşar yazılar