<b>"Guerrillero heroico" –<span style="color:red;"> “DÜNYANI SARSIDAN KADRLAR” </b>
17 fevral 2014 17:40 (UTC +04:00)

"Guerrillero heroico" – “DÜNYANI SARSIDAN KADRLAR”

("Kameranı unut, obyektivini də, başqa şeyləri də yaddan çıxar. İstənilən ən bəsit, lap 4 dollarlıq kamera ilə də dünyanın ən yaxşı şəklini çəkə bilərsən"

 

Alberto Korda)

 

Lui Jak Dager, Şarl Buton, Jozef Nisefor Nyeps ilk fotoşəkilləri ortaya çıxaranda, bilməzdilər ki, anı əbədiləşdirmək insanlara nə verəcək... Zaman keçdi, fotoqrafiya həyatımızın tərkib hissəsinə çevrildi. Bu gün fotoşəkilsiz həyat təsəvvür etmək qeyri-mümkündür - indi hər bir ailənin belə özünün foto-arxivi var. Amma dünyada elə fotolar da olub ki, bütöv bir nəslin həyatını dəyişib. Elə Lent.az-ın "Dünyanı sarsıdan fotolar" layihəsində də sizlərə məhz belə nümunələr təqdim olunacaq.

 

***

 

Çe Gevaranın "Guerrillero heroico" (“İgid partizan”) adlandırdığı fotosunu tanınmış Kuba fotoqrafı, 1959-1962-ci illərdə Havanadakı "Revolucion" qəzetinin reportyoru Alberto Korda (Alberto Dias Qutyeres) 5 mart 1960-cı il, saat 12.13-də Havanadakı mitinqdə çəkib. Fotonun orijinalında naməlum şəxsin profiliylə palmanın arasından Çenin bu gün artıq bütün dünyada yaxşı tanıdığı siması görünür.

 

Dünyanın ən tirajlı fotosu sayılan bu şəklə görə, Korda heç vaxt qonorar almayıb, çünki Kuba lideri Fidel Kastro müəlliflik hüquqları barədə Bern konvensiyasını rəsmən tanımamışdı. Buna baxmayaraq, Alberto Korda bu fotodan müəllifin razılığı olmadan öz reklam kampaniyasında istifadə edən "Smirnoff" şirkətini 2000-ci ildə məhkəməyə verərək, prosesi udmuşdu.

 

Tanınmış foto ustası həmin məhkəmədə qələbəsini şərh edərək demişdi ki, "Çe Gevaranın həyatını qurban verdiyi ideallara sadiq insan kimi, onun şəklini yer üzündə sosial ədalətin qələbəsi, xatirəsini yaşatmaq naminə yayanlara heç bir iradım yoxdur, amma Çenin obrazından alkoqollu içkilərin, onun xatirəsinə xələl gətirə bilən başqa bu qəbil malların reklamında istifadəsi qəti şəkildə yolverilməzdir”.

Həmin məhkəmədə "Smirnoff" şirkəti foto müəllifinə 50 min dollar təzminat ödədi, Korda isə bu pulu Kubanın səhiyyə sisteminə ianə edərək belə dedi: "Çe də bu gün sağ olsaydı, məhz mənim kimi edərdi".

# 2997
avatar

İlqar Əlfi

Oxşar yazılar