<b>Donuzun yuvasından çıxmadığı hava, 18 manata qaz, donmuş Lənkəran - <span style="color:red;">REPORTAJ </b>
05 fevral 2014 12:12 (UTC +04:00)

Donuzun yuvasından çıxmadığı hava, 18 manata qaz, donmuş Lənkəran - REPORTAJ

Bu gün neçə günlük məcburi ev dustaqlığından sonra nəhayət ki, Lənkəranın mərkəzindən ən son mənzərələri görmək, çəkib Lent.az oxucularına da göstərmək üçün yola çıxdım.

Xatırladım ki, artıq beş gündür buralarda qar yağır və həyat sözün əsl mənasında  donub.

Mənim yaşadığım kənd Ələt-Astara magistral yolunun sağı-solu boyunca düzülmüş məhəllələrdən ibarətdir. Biz hər gün kəndi iki yerə bölən bu magistral yol boyu şütüyən maşınların səsinə də, yaratdıqları təhlükəyə də öyrəncəliyik. Yeganə xoş hal odur ki, Astaradan Lənkərana və hətta Bakıya qədər gedən istənilən nəqliyyatdan istifadə edə bilirik, öz kəndimizin ayrıca avtobusu olmasına ehtiyac yoxdur.

Amma son günlərdə yol da, yoldakı maşın hərəkəti də donub.

Avtobuslar, marşrut taksilər birinci reysləri işə çıxa bilmirlər, çünki yol dəhşətli dərəcədə təhlükəli olur.

Bu isə öz növbəsində, məktəbə, və işə gedənləri çətin durumda saxlayır.

 

***

 

Yol boşdur.

“Avrora-Parakənd” avtobusu gəlib çıxana qədər gözlədiyim yarım saat ərzində barmaq hesabı qədər maşın keçir.

Kənd məktəbi tərəfdən boyunlarını qısmış şagirdlər görünür,  azdırlar.

Onların şəklini uzaqdan da olsa çəkib, avtobusa daxil oluram, sürücünün qarşısından üzü salona tərəf olan balaca ekranda Üzeyir oxuyur: “Lap istəsən buralardan gedərəm, təki sən xoşbəxt olasan...”

Yolda avtobusun içini, daha sonra isə pəncərədən Lənkəran cayını çəkirəm.

Daha sonra dayanacaqdakı adamların, maşınların arasına düşürəm.

Əlcəklərimi evdə unutduğumu hələ indi hiss edirəm, həmən ilk gördüyüm piştaxtaya yaxınlaşıram, ilk təklif olunan bir cüt əlcəyi alıb oradaca əllərimə keçirirəm.

Satıcıdan soruşuram:

 

- Şəklinizi çəkmək olar?

 

- Şəklimi? – heyrətlənir, - mənim şəklimi?

 

- Reportaj üçün istəyirəm, - deyirəm.

 

- Başımda toxunma papaq var axı, - mızıldanır, - yox ey, ayıbdır, bazar geyimində çəkməyin, yenə bu papaqda olmasaydım...

 

Çəkilib yoluma davam edirəm.

Qarlı barrikadaların arxasında oturub meyvə, tərəvəz, göyərti satan xalalar elə donublar: milyonçu olub, onların hamısına günlük gəlirlərini verərək, evlərinə yola salmaq istəyirəm.

 

Elə bu fikirdəykən, düz gözümün qarşısında bir anlıq görünüb yoxa çıxan beldən diksinirəm. Dollar, rus pulu dəyişən əmilərdən biri deyinir: “Qızın boynunu üzmüşdün ki!” Dönüb baxıram, satış nöqtəsini qardan təmizləyən qadındır, pərt olub mənə görə qorxsa da, gülümsəməyimdən arxayın olur, işinə davam edir.

Qaz səsinə dönürəm, bir cavan oğlan qucağında tutduğu qazı yanında dayanmış müştəriyə göstərib, qiyməti deyir: “On səkkiz manata”. Sonra qazı yanındakı zənbilə qoymaq istəyir.

 

- Saxlayın da onu qucağınızda, - deyirəm, - xahiş edirəm, şəklinizi çəkmək istəyirəm.

 

- Gülümsəyir, yanındakılar da həmən söhbətə qarışıb, ona necə dayanmağı, necə gülümsəməyi məsləhət görürlər.

 

- Hansı kanalda göstərəcəksiz? – soruşurlar.

 

- Kanal deyil, sayt üçündür, - deyirəm, sağollaşırıq.

 

***

 

Yol o qədər sürüşkəndir ki, adamlar qorxa-qorxa, asta-asta yeriyir, hamı ayaqlarının altına baxır, kişilər qadınların yaxınlığına çatanda addımlarını saxlayır, yardım etməyə hər an hazır bir vəziyyətdə dayanırlar.

Mərkəzi parka tərəf yol alıram.

Teatrımızın gözəl aktyoru Adil Zeynalovla qarşılaşıram yolda. “Adil müəllim, bir dəqiqə, çəkim şəklinizi!”.

 

Qısa hal-əhvaldan sonra məktəbə gedib-getməməyimizi soruşur, getmirik, deyirəm.

- Elə yaxşıdır ki, getmirsiz, borular partlayıb, istilik sistemləri də özün bilirsən nə halda, qar keçsin, gedərsiz, - deyir.

Sonra bir tanış qadını görürəm, hər zamankı pozitiv əhvalıyla öz dükanının qarşısında dayanıb. Sevinir ki, şəklini çəkib reportaja əlavə edəcəyəm.

- Qoy belə dayanım, bu tərəfdən, aha, indi çək, - deyə gülümsəyir, - mən də uşağı buraxmadım məktəbə, heç kim buraxmır, donuz yuvasından çıxmaz bu havada!

 

***

 

Adi günlərdə beş dəqiqəyə getdiyim yolu bəlkə yarım saata adlayıb nəhayət ki parka çatıram.

 

Bu da park...

 

Külək yağan qarı üzümə-gözümə çırpır, ətrafda tək-tük görünən, həmən də itən adamlar kabusa bənzəyir, parkda qəribə bir boşluq, qaramat, həyatsızlıq duyuram, skamyalar da, ağaclar da donub, bircə hardansa tropik diyarlardan gətirilib bura əkilən ekzotik ağacların uzun-zərif yarpaqları tərpənir, xışıldayır, yellənir, külək qulaqlarımın yanından vıyıltıyla keçir – güllə kimi.

 

***

 

Həzi Aslanovun heykəli olan parkda da uşaq əyləncələri üçün olan yerlər boşdur.

Adamlar evlərinə çəkiliblər.

Evlərin damlarından isə uzun buz sırsıralar asılıb qalıb, bizim tərəflər üçün olduqca maraqlı və hər zaman olmayan bir halın bariz göstəricisi kimi.

# 1595
avatar

Cavi Dan

Oxşar yazılar