Erməni bələdçi mütləq Remboya oxşamalıdır?

Nicat Dağlar

 

Cəbhə xəttində bir erməni tutulub.  Rəsmi məlumatlara görə, erməni diversiya qrupunun bələdçisidir.  Erməni mətbuatı isə onun başdan xarab olduğunu yazır.  Əlbəttə, ermənilər yazası deyil ki, o adam Azərbaycan kəndlərində terror hadisələri törətmək məqsədi güdən qruplara yol göstərib, dağı-dərəni, yolu-izi yaxşı tanıdığından bələdçilik edib... Bu adamın əslində kim olması ilə işimiz yoxdur. Əsas odur ki, hara çevirsək də ermənidir...

Mənim kəsdirmədiyim başqa bir məqam var: Əsir düşmüş erməninin ruhi xəstə olması barədə erməni tərəfinin iddiası necə olur ki, bizim bəzi saytların manşetinə çıxır? Özü də əminlik ifadə olunan bir tərzdə: “Əsir düşmüş erməni ruhi xəstədir”, “Azərbaycan ordusunun yaxaladığı erməni ruhi xəstə çıxdı”...  Axı bunu ermənilər iddia edir, biz nədən bu kimi xəbərlərə istinad etməli, onların yazdığını öz oxucularımıza ana xəbər kimi təqdim etməliyik? Aydındır ki, ermənilər baş vermiş bu hadisənin təsirini azaltmaq məqsədilə istədikləri yalanı mətbuata çıxara və bizi gülüş hədəfinə gətirmək üçün hər cür yaramazlıqlara əl ata bilərlər. Necə ki,  uzun illərdir məhz bu işlə məşğul olurlar.

Sosial şəbəkələrdə “gülüş səsləri” qulaq batırırdı... Gülən biz idik, öz əsgərlərimizə, öz ordumuza və nəhayət Tovuzun Əlibəyli kəndinin sakinlərinə... Gülüş işarəsinin uzunluğuna görə fərqlənənlər də oldu - )))))))))))))))))))))))))))))- uğunub gedirdilər... Kimi bu hadisəyə şəbədə qoşdu, kimi də Azərbaycan əsgərinin əvəzinə “utandı”...

Əslində, erməni təbliğatının bütün konturları bizim sosial media “qəhrəmanlarımızın” ritorikası ilə üst-üstə düşdü və bu paralellik hələ də davam edir...  “Belə də bələdçi olar?”  Adama deyərlər, yaxşı, bələdçi necə olmalıdır?  Yol göstərən mütləq gərək Remboyamı oxşasın? Diversantları lazımı nöqtələrə qədər müşayiət etmək üçün hər cığıra, daşa, dağa yaxından bələd olmaqdan başqa nə tələb olunur ki? Kənd adamıdır, canı möhkəmdir, yolu yaxşı tanıyır, oralarda böyüyüb. Vəssalam, istənilən terrorçunu arxasına salıb gəzdirə bilər. Yox, biz mütləq gərək gülək, özümüznkülərə rişxənd edək, erməni mətbuatından sitatlar gətirək... Bu əhvalla da torpaq istəyirik, Qarabağ arzusundayıq. 

İndi hərənin qarşısında bir kompüter var. Dayanırıq Facebook kimi meydanın düz ortasında, müharibə şəraitinin qaydalarından, müharibə dövrünün xarakterinə uyğun təbliğat istiqamətlərindən kənar durub öz ziyanımıza işləyəcək yazılara, statuslara müəlliflik edirik. Baxın, sabah erməni mətbuatında belə bir başlığa rast gələcəyik: “Sami azerbaydjantsı smeyetsya nad svoimi soldatami i Voorujennımi Silami”. İstədiymiz budur, bunun üçünmü çalışırıq? Sosial şəbəkələr bizə özümüzü ermənilərin gülüş hədəfinə gətirmək üçünmü lazımdır?  Rusiya saytlarında Qarabağla bağlı bir xəbər gedən kimi, ermənilər tökülür rəy yazmağa, müzakirələr açırlar, bir cümlə bizlərdən kimsə yazanda isə 100 nəfər çıxır ortaya. Tək qalırıq, kimsə köməyə gəlmir. Bilirsinizmi niyə? Cünki həmin vaxt öz əsgərlərimizə, öz Ordumuza gülürük, onları əlimizin altındakı saytlarda, sosial şəbəkələrdə lağa qoyuruq... Tutalım həmin o erməni diversantların bələdçisi deyil. Torpaqları işğal altında olan ölkədə ortaya çıxmış rəsmi məlumatı özümüz təkzib etməyə çalışırıqsa, deməli, oyan-buyanı yoxdur, düşmənin əlinə oynamış oluruq. Heç olmasa susaq, ən həssas məsələ ilə bağlı ordudan verilən məlumatları reaksiyasız buraxaq. Bu qədərmi çətindir?

Böyük Vətən Müharibəsi dövründə almanların eləmədiyi əməlləri də onların ayağına yazdılar. Hitlerin konslagerləri qurulmazdan əvvəl Stalinin NKVD-si düşünən beyinləri “ətçəkəndən” keçirir,  işıqlı adamları Sibir çöllərində çürüdürdü. Sovet təbliğat maşını isə almanları “canavar” kimi təqdim edirdi. Amma biz erməni vəhşiliklərini kitablardan oxumamışıq, canavarlarla qonşu olmuşuq və erməni vəhşiliklərinin canlı şahidiyik.  Humanizm təkcə bizəmi qalıb?

Erməni saytları Mübariz İbrahimovun şücaətini ört-basdır etmək üçün o qədər uydurma yaydılar ki. Hətta qəhrəmanımızı təhqir edən materiallar verdilər. İstinad etməliydik?..

LENT

21 Aprel 2019
20 Aprel 2019

Digər xəbərlər >>>