Adsız...
18 yanvar 2014 15:02 (UTC +04:00)

Adsız...

Məzarlıq - hər bir insan övladının son durağı. Burdan o yana bir hüzn, tənhalıq var. Səni özünlə, öz gerçəyinlə, səhvlərin, günahlarınla baş-başa qoyan tənhalıq.

Məzarlıq - dünyanın ən hüznlü, ən sakit, ən qayğısız, həm də ən təhlükəsiz yeri. Görəsən niyə məzarlığı gəzəndə pərən-pərən olan fikirlərini  toplayıb bir ipə düzə bilmirsən? Görəsən niyə bu günahkar dünyadan ayrılıb məzarlığa çatanda axirət xofu qəfil bürüyür canını? Ölümün hardasa yaxında, lap iki addımlıqda ola biləcəyini düşünürsən. Aristotelin kəlamı yadıma düşür: “Hamı ölümün qaçılmaz olduğunu bilir, amma yaxın olmadıqca heç kim o barədə düşünmür”.

İçində yaşadığın fani dünyayla haqq dünyası arasında bircə addım olduğunu məhz məzar daşlarının üstündəki doğum və ölüm tarixlərini oxuduqca başa düşürsən.

Yayın adamı qovurub qarsan istisində də iliyə işləyən bir soyuq var məzarlıqda. Adamın ürəyini üşüdən bu soyuqda asta-asta addımladıqca içinə qapılan hər kəs öz həyat fəlsəfəsini yaradır. Adına ölüm deyilən ən böyük gerçək haqqında ilk dəfə bu qədər rahat düşünürsən. Ölüm haqqında deyilmiş kəlamlar elə bil qeybdən gəlib öz-özünə qulağına axır.

 

Ölüm üçün zaman və məkan anlayışı yoxdu. Ölüm qanundu, cəza deyil. Kamyunun sözüdü, deyir, ölüm insanlıq üçün ən böyük xoşbəxtlikdi, çünki ölümünlə fanilikdən qurtulmuş olursan. “Qadın sevəndə, kişi isə öləndə gözəldi”. Bunu da Akutaqava deyib. Bizim müdriklər də yaxşı deyiblər: “Olüm haqdı”

 

***

24 il keçir. Bizi 20 yanvar gecəsindən addım-addım uzaqlaşdıran 24 il. 24 il əvvəl - 1990-cı iı yanvarın 19-dan 20-nə keçən sovet tankları “İnşaatçılar” metro stansiyasının yanından - düz evimizin tinindən, pəncərəmizin qarşısından keçib. Atam, anam, qardaşım – hamısı metronun yanında olublar, öz şəhərimizdə qorxa-qorxa, ağacların arxasında gizlinə-gizlənə evə gəlib, qapıları (“burda güllə bizi tapa bilməz” düşüncəsiylə)  bərk-bərk bağlayıblar.  Neçə qonşumuz  evində şəhid olub. Mənimsə bunca olub bitəndən xəbərim olmayıb. Başqa vaxt bir tıqqıltıya gözünü açan mən, daş kimi yatmışam o gecə. Necə yata bilmişəm, mənimçün hələ də sirr olaraq qalır.

24 il əvvəl cəmi 18 yaşım vardı, nağıllara inanmırdım daha. Amma (indiki kimi yadımdadı) o gecə səhərə qədər yuxumda divlə güləşirdim. Qara, bədheybət divin kürəyini yerə vurduğum an elə bil film bitdi, gözümü açdım. Divə qalib gəlmişdim. Allah xeyrə yozsun.

 

# 867
avatar

Güldəstə Verdizadə

Oxşar yazılar