İgid əsgər, möhkəm dayan!
18 yanvar 2014 14:20 (UTC +04:00)

İgid əsgər, möhkəm dayan!

Qarabağ müharibəsi - qanlı-qadalı günlər, taleyinə qaçqınlıq, köçkünlük düşən yüz minlərin ağrı-acısı. Bir də onun səsi!

Şəmistan Əlizamanlının səsini deyirəm...

Hər gün Qarabağdan qanlı-qadalı, sevincli-kədərli cəbhə xəbərlərini Azərbaycana çatdıran Şəmistan Əlizamanlı! Müstəqil Azərbaycanın ilk hərbi diktoru!

Çoxları onu böyük vətən müharibəsinin məşhur hərbi diktoru, milyonlarla sovet xalqına qələbə müjdəsini verən Levitanla müqayisə edir. Hətta bəziləri bir qədər qabağa gedərək bu vətən oğlunu daha maraqlı və vacib şəxsiyyət kimi təqdim edir. Axı o, təkcə hərbi diktor deyil, həm də vətənpərvərlik mahnılarının ilk ifaçısı kimi də xalqımızın yaddaşına həkk olunub!

 

“İgid əsgər”, “Cənab leytenant”, “Əsgər, vətən əmanəti” və neçə-neçə əvəzedilməz ifaları, yalan olmasın, bir ordunun gücünə bərabər təsir imkanına malikdir. Hərbi hazırlıq, texniki təchizat, psixoloji hazırlıqla bərabər orduda musiqi də əsgəri qələbəyə aparan, daha doğrusu, onu zəfərə səsləyən həlledici amildir.

 

Dostumuz Cabir onun səsini Qaval daşına bənzədir. Bəli, Şəmistanın səsi qədim Qobustan qayalıqlarında  bu gün də qorunub saxlanan Qaval daşının-Türkün səsidir!

 

****

 

Şəmistan Əlizamanlı təkcə hərbi diktor, vətənpərvərlik mahnılarının mahir ifaçısı deyil, o, nümunəvi vətəndaş, ləyaqətli insandır. Bu keyfiyyətləri onu Bakıda rahat oturmağa qoymadı. Azərbaycan ordusunun yay hücumları zamanı öz  xahişi ilə ön cəbhəyə yollanmış, müharibəni öz gözləri ilə görmüş, torpaq uğrunda canlarını qurban verən oğullarımızla çiyin-çiyinə səngərdə olmuş, onların istəklərini, arzularını dinləmiş. Tanınmış teleoperator Seyidağa Mövsümlü, kino-operator Nizami Abbasla anamız Azərbaycanımızı müdafiə edən o insanları tarixin lent yaddaşına köçürmüşdülər...

Müharibənin ən ağır anında, sabah ağır döyüşə atılacaq əsgər üçün vətən qədər dəyərli idi onun səsi! Bu səs Azərbaycan əsgərində qələbəyə inam, gələcəyə ümid yaradırdı!

Qarşıda Şəmistan Əlizamanlının 55 - illik yubileyi gəlir. Nədənsə, bu rəqəmi çox sevir, ömrünün 55-nə xüsusi bir həvəslə hazırlaşır. Yəqin 60-ı bundan da həvəslə hazırlaşar...İnşallah, 60 illik yubileyini Şuşada keçirək, qardaş! Nisgil, dərd yerimizə, göz dağımıza çevrilmiş Şuşada!

Qarşıdan gələn illərdə də bax beləcə möhkəm ol! 

# 1277
avatar

Rey Kərimoğlu

Oxşar yazılar