İsgəndər Həmidov partiya sədrliyinə qayıdır
10 yanvar 2014 11:47 (UTC +04:00)

İsgəndər Həmidov partiya sədrliyinə qayıdır

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov yenidən siyasi partiya rəhbərliyinə qayıtmaq niyyətindədir.

 

Bu barədə Lent.az-a daxil olan məlumatda bildirilir ki, İ.Həmidov vaxtilə rəhbərlik etdiyi Azərbaycan Milli Demokrat Partiyasının qurultayını keçirmək və yenidən partiyanın rəhbərliyinə gəlmək niyyətindədir.

 

Məlumatda bildirilir ki, keçmiş nazir bir neçə il qabaq bölünən partiyanı yenidən toparlamaq və sədrliyinə keçməyi düşünür. Qeyd edək ki, AMDP bir neçə il qabaq iki yerə parçalanmış, Azərbaycan Milli Demokrat (Bozqurd) və Azərbaycan Milliyətçi Demokrat adlı iki ayrı partiya yaranmışdı. Hazırda bu partiyalardan birinciyə Tufan Kərim, ikinciyə isə Qələndər Muxtarlı sədrlik edir.

 

Xəbərə görə, İ.Həmidov Q.Muxtarlının sədrlik etdiyi partiyanın qurultayına hazırlıq işləri görməyə başlayıb. Bildirilir ki, bu il işləri yekunlaşdırmağı planlayan İ.Həmidov 2015-ci ildə keçiriləcək parlament seçkilərinə partiya sədri kimi qatılmaq niyyətindədir.

 

İ.Həmidov məsələ ilə bağlı Lent.az-a verdiyi açıqlamada AMDP-nin qurultaya hazırlaşdığını təsdiqləyib. O deyib ki, partiyada təşkilat komitəsi yaradılıb və bu ilin sentyabrına qədər qurultay keçirilməsi planlaşdırılır.

 

Keçmiş nazir qurultayda sədrliyə namizədliyini verib-verməyəcəyi barədə suala cavabında isə bildirib ki, hələ bu barədə son qərarını verməyib.

# 1063
avatar

Anar Gəraylı

Oxşar yazılar