“Vəhhabi” təhlükəsi

Seyid Camal Əzimbəyli

 

Azərbaycanda hər zaman tolerant mühit olub və əsrlərdir dini təriqətlər arasında dözümlülük, ikitərəfli münasibətlər ilahi dəyərlər meyarı ilə tarazlanıb. Bu gün də istər Azərbaycan dövləti, istərsə də xalqımız tərəfindən dini dözümlülük qorunur, mühafizə olunur. Amma təəssüflər olsun ki, bu tolerantlıqdan, humanist addımlardan istifadə edənlər və buna cəhd göstərən təkfirçi “dini” qüvvələr getdikcə artmaqdadır. Son dövrlər Yaxın Şərqdə baş verən hadisələr radikal dini qüvvələr üçün bir poliqona çevrildi. Bu Azərbaycanımıza da təsirsiz ötüşmədi. Suriyada, İraqda və digər müsəlman ölkələrində təfriqə salan “din təəssübkeşləri”nin əli Azərbaycana da uzandı. Onlar ölkəmizdə din pərdəsi altında gizlənərək, Vətənimizə, bayrağımıza, hətta birlik və bərabərliyimizə hər an qəsd etməyə hazır olduqlarını öz “xidmət”lərilə kimlərəsə sübut etməyə çalışırlar. Halbuki sevgili İslam peyğəmbəri buyurur ki, “Vətəni sevmək imandandır”. Həzrəti Məhəmmədin (s.a.s) buyurduğu bu mübarək kəlam Qarabağ boyda bir faciəsi olan məmləkətin inanclı insanlarına bir ilahi çağırışıdır. Ancaq özünü hansısa təriqətin “öncülləri sayan Allah adamları” Vətəninin dar günündə öz torpağını deyil, başqa bir ölkədə öz din qardaşlarını qətlə yetirir. Bəzən də həmin şəxslərin özləri belə “qurban”a çevrilir.

 

Son günlər Suriyada bir-birinin ardınca qətlə yetirilən ölkə vətəndaşları, eləcə də Sumqayıtda baş verən silahlı insident heç də sıradan olmayan hadisələrdir. Bu olayları analiz etdikdə nəticə etibarı ilə bir-birinə bağlı olması faktı açıq-aydın məlum olur. Hansısa “İslam mühafizəkarları ” olduğunu deyən təriqət təəssübkeşləri əslində belə terrorçu “əməlləri” ilə barış, mərhəmət, sevgi dini olan İslama ləkə vururlar. Bunu açıq-aydın demək lazımdır ki, Azərbaycanda baş verən qanlı hadisələrin iştirakçıları, eləcə də Suriyada qətlə yetirilən azərbaycanlılar vəhhabilərdir. Bəzən mətbuatda onları başqa adlarla-xəvaricilər, sələfilər və digər adlarla adlandıraraq, ictimai rəydə çaşqınlıq yaradırlar. Ancaq birmənalı olaraq onların bir adı var-vəhhabi təkfirçi. Onlar özləri kimi düşünməyənləri “kafir” adlandırmaqdan belə çəkinmirlər.

 

Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən təkfirçi “dini”  qüvvələr vaxtında zərərsizləşdirilsə də, onların xeyli sayda əqidə “qardaşları” hər bir an milli dövlətçiliyimiz üçün real təhlükə mənbəyidir. Çox təəssüflər olsun ki, bu radikal qüvvələri mətbuatda, sosial şəbəkələrdə bilərəkdən və bilməyərəkdən dəstəkləyən bəzi məmurlar, hətta millət vəkilləri var. Onlar öz çıxışlarında məzhəblərarası münasibətlərin qızışdırılmasına səbəb olacaq mövqe nümayiş etdirirlər. Milli kimliyinə, dövlətinə, bayrağına sahib olmayan, özünü inanclı sayan ölkə vətəndaşının iman adamı olması şübhə doğurur. Bu nəinki vəhhabi, istər sünni, istərsə də şiə olsun, heç bir halda fərqi yoxdur. Dini kimliyi ilə bərabər, milli kimliyini qorumayan bir insanın nəfəs aldığı, suyunu içdiyi Vətənində yaşamağa haqqı yoxdur. Bütün bunları nəzərə alaraq ölkə vətəndaşları, xüsusilə gerçək mənəviyyat adamları Azərbaycanda dini zəmində baş verə biləcək təhlükəni vaxtında hiss etməli və bu istiqamətdə maarifləndirmə işinə təkan verməlidir. Unutmayaq ki, inqilablar şüurlarda baş verir.

LENT

25 Aprel 2019

Digər xəbərlər >>>