Biz olmaq istəyənlərin ən böyük arzusu...

Vüsalə Mahirqızı

Prezidentin media rəhbərləri ilə keçirilən görüşü maraqlı idi. Ölkə başçısı önəmli, mediaya ciddi və hətta strateji dəstək olan mesajlar verdi. Əslində prezident bunu ayrı-ayrı görüşlərdə, media və ifadə azadlığı ilə bağlı müzakirə keçirilən hər yerdə deyir. Qəbul edirəm ki, mətbuat nümayəndələrinin önündə bir daha ölkəsində medianın gələcəyi, Azərbaycanın informasiya mübarizəsindəki yeri barədə fikirlərini ifadə etməsi xüsusi önəm daşıyır. 


Bu gün ölkəmizdə çap mediasının internet və elektron media ilə müqayisədə problemlərinin daha çox olduğunu nəzərə alsaq, müzakirələrdə əsas ağırlığın da məhz çap mediasının durumu ilə bağlı olduğunu anlayışla qarşılamalıyıq. Əslində internet mediasının problemləri də az deyil. Bu sahədə konsepsiyaya, xüsusi ilə internet (kiber) təhlükəsizliyi sahəsində addımlara, mütəxəssis hazırlığı ilə bağlı problemlərə diqqət yönəltməyə ehtiyac vardı. Ancaq mən yuxarıda qeyd etdiyim səbəbdən – problemləri daha çox və daha təxirəsalınmaz olan çap mediasının nümayəndələrinin olduğu görüşü bu mövzuya uyğun bilmədim və danışmadım. Baxmayaraq ki, hər kəsin sərbəst danışması, fikrini söyləməsi üçün imkan vardı. 

Hətta görüş bitdikdən sonra da prezident salonda qaldı, hər kəslə təkbətək görüşdü; öncədən tanıdıqları ilə hal-əhval tutdu, digərləri ilə tanış oldu. Sözün, təklifin, problemin söylənə bilməsi, redaktorların danışması üçün nə qədər mümkündürsə, o qədər də açıq mühit yaranmışdı. 

Görüşdən sonra media cameəsində və ümumiyyətlə, cəmiyyətdə başlanan müzakirələri təbii qarşılayıram. Bilirdik ki, o heyətdə olmaq istəyib, ola bilməyənlər bir cür ağız büzəcəklər, hikkəsini, kinini tökmək üçün fürsət gözləyənlər başqa cür. Müstəqil və hətta tənqidçi media ilə prezidentin yaxınlaşmasında maraqlı olmayanlarsa, təbii ki, bu durumdan məmnun olmadıqlarını bir vasitə ilə ifadə edəcəklər. 

Hər kəs anlamalıdır ki, hörməti, nüfuzu yerində olan media qurumunun rəhbərinin prezidentlə görüşməsi qədər təbii bir hadisə yoxdur. Yəqin dünyanın heç yerində ağlı başında olan adamlar “filankəs bu görüşə niyə gedib”, - tipli sualla beynini və ətrafındakıları məşğul eləmir. Dünyanın heç bir ölkəsində normal, prinsipləri və nüfuzu olan media qurumu öz ölkəsinin hakimiyyəti ilə düşmənçilik eləmir, qəzeti, saytı, radionu “döyüş meydanı”, “mübarizə meydanı” adlandırıb, bununla qürur duymur. Dünyanın hər yerində başqa ölkənin dövlət qurumunun maliyyələşdirdiyi media orqanında çalışan, vətəndaşı olduğu ölkənin ərazi bötövlüyünə təcavüz edən ölkə haqqında işlədiyi media qurumunda “təcavüzkar”, “separatçı” sözünü yaza bilməyən adam ayıbına kor olub, ağzını qapadır və başqa mətbuat orqanlarında çalışanları təhqir eləmir. 

Oxucu, tamaşaçı məsuliyyəti öz yerində. Hər bir media qurumunun rəhbəri ayın sonunda ondan əməyinin haqqını gözləyən əməkdaşlar, onların ailə üzvləri qarşısında məsuliyyət daşıyır. Bunu anlamaq üçün ancaq adam olmaq lazımdı. Başqa heç nə... 

P.S. Qınamaq, ittiham eləmək, yekə-yekə danışmaq çox asandı. Hər zaman deyirəm, bizi guya bəyənməyənlərin ən böyük arzusu, xəyalı biz olmaqdı. Bizim yerimizdə olmaq, ətrafa oradan baxmaq və o ətrafı heçə saymaqdı. Bəli, məhz heçə saymaq... Bizi ittiham edənlərin balaca bir məmur çağırışı, gülüş doğuran qonorarlar qarşılığında nə oyunlardan çıxıb, hansı məddahlıqlar elədiklərini, özlərini necə apardıqlarını, yaradılan balaca iş yerlərində “böyük müdirlik” eləmək cəhdlərini az görmədik... 

Hələ bir böyüyün, xəyallarınız gerçək olsun, Sizi bizim dəvət aldığımız yerlərə dəvət etsinlər. Görün bir ayaqqabınızı yolda çıxarmayacaqsız ki...

LENT

25 Aprel 2019

Digər xəbərlər >>>