Niksonla görüşdən sonra SSRİ-yə buraxılmayan azərbaycanlı professorun film kimi HEKAYƏTİ
08 noyabr 2013 16:03 (UTC +04:00)

Niksonla görüşdən sonra SSRİ-yə buraxılmayan azərbaycanlı professorun film kimi HEKAYƏTİ

...Onun haqqında heç bir məlumat tapa bilmirdim. Sanki belə bir adam olmayıbmış. Təkcə “El ziyalıları” adlı kitabda adı keçirdi, kiçik bir yazıda. vardı ki, onu da qəhrəmanımızın özündən almışdıq. Sözün düzü, bu kitabın geniş kütləni əhatə etməməsi bir yana, orada da Nazim Babayev haqqında az məlumat var: cəmi 4 səhifə. Xeyli təəssüfləndim. Yəqin sizlər də oxuyub Nazim Babayevi indiyədək tanımadığınıza, onunla bağlı məlumatsız olduğunuza görə heyifsilənəcəksiniz.

 

Başlanğıc: elektromator, kran, radioqəbuledici

 

Nazim Babayev 14 iyul 1937-ci ildə Ordubad şəhərində anadan olub. Uşaqlığı çox pis dövrə düşüb. “Aclıq idi, çörək tapılmırdı. Anam gilas yığıb gətirib Horadiz tərəflərdə buğdaya dəyişirdi” - deyir, Nazim müəllim.

Orta məktəbdə oxuduğu illər də çox çətin keçib. O, mal-qoyun otarmaqla yanaşı, evin bütün təsərrüfat işləri ilə də məşğul olur. Amma dərslərindən də geri qalmır. Səkkizinci sinifdə oxuyanda o, elektromühərrik düzəldərək məktəbə gətirir. Bu hadisə nəinki məktəbdə, ölkə səviyyəsində maraqla qarşılanır, o dövrün məşhur “Pioner” qəzeti də yazır. Amma bu, Nazim Babayev haqqında “Pioner”in yazdığı yeganə məqalə olmur. Bir il sonra qəzet Nazim Babayevin düzəltdiyi kiçik qaldırıcı kran barədə də yazmalı olur. Sən demə, o, radioqəbuledici düzəldibmiş. Halbuki, onların nəinki evində, heç yaşadığı küçədə də radioqəbuledici olmayıb.

 

Amma Nazim orta məktəbi qurtarıb ali təhsil almaq istəyəndə evdən icazə vermirlər. “Hüseyn (Nazim Babayevin böyük qardaşı – red.) Gəncədə oxuyur, biz iki uşağı necə oxudacağıq?!”

 

Qəfil peyda olan Şəmi

 

17 yaşlı Nazimin ali məktəb arzuları boğulmaqdaykən, təsadüfən həmyerlisi, meyvəsatan Şəmi onun dadına çatır. Şəmi tez-tez Bakıya meyvə aparıb satarmış. Nazimin dərslərini çox yaxşı oxuduğunu, istedadlı olduğunu o da bilirmiş. Təsadüfən gələcəyin alimi ilə rastlaşan Şəmi ona gizlicə Bakıya getməyi məsləhət görür. Bu təklif Nazim üçün göydəndüşmə olur. Evdəkilərə demədən, elə cibindəki qəpik-quruşla qatara minib Şəmiylə Bakıya gəlir. Şəmi onu indiki Azərbaycan Dövlət Neft Akademiyasının qarşısına gətirir: “Sən deyən institut buradır. Mən getdim bazara, meyvələri satmağa...”

Nazim institutun binasına girib əvvəlcə imtahanların vaxtını öyrənir. Beş imtahanın hamısını birnəfəsə verib ali məktəbə daxil olur. Evdəkilərə bu barədə xəbər verəndən sonra, ailənin deməyə sözü qalmır.

Tələbə illərində təqaüdlə dolanıb yataqxanada yaşayan Nazim Babayevin dolanışığı yaxşı keçməsə də, ali məktəbi uğurla başa vurur.

Digərlərindən təkcə yaxşı oxumağı ilə deyil, həm də maraqlı fikirləri, ideyaları olan Nazim ali məktəbdən sonra Moskvada Neft-Kimya Sənayesi üzrə Təkmilləşdirmə İnstitutuna oxumağa göndərilir. Amma Moskvadakı tələbələrdən burada da seçilir: müəllimin əvəzinə tələbə yoldaşlarına özü dərs deyir...

 

SSRİ səviyyəsində maraqla qarşılanan iş

 

Təkmilləşdirmə İnstitutundan sonra aspiranturaya daxil olur, evlənir. Gənc ailə başçısı aspirantura ilə yanaşı, radio və televiziya sahəsindən dərs deyərək əlavə maaş da alır.

Aspiranturada ona top gülləsinin dəqiq trayektoriyasını ölçən cihazla bağlı elmi iş verilir. Gənc alim, bu mövzunu işləsə də bəyənmir.

Nazim o dövr üçün xeyli mürəkkəb sahə olan rəqəmli ölçü texnikası üzrə çalışır, reversiv (düzünə və tərsinə sayan) sayğac düzəldir. Bu, SSRİ miqyasında böyük maraqla qarşılanır. Amma... bütün bunlara baxmayaraq, Nazim Babayev dissertasiyasını Bakıda yox, Moskvada, sonra Leninqrad (indiki Sankt-Peterburq), Kiyev,  ümumilikdə 7 məşhur şəhərin institutlarında müdafiə edir.

Babayevi Moskvada çalışmağa çağırsalar da, getmir. Əvəzində, Moskva onun adını dövlət mükafatı alacaq şəxslərin siyahısına salır, amma Bakıda ad siyahıdan çıxarılır.

 

360 nəfərdən biri

 

Və günlərin birində, ortaya SSRİ-nin gənc alimlərinin ABŞ-da staj keçmə məsələsi çıxanda, Nazim Babayev indiyə qədər olan haqsızlıqları göz önünə gətirərək namizədliyini vermir. Son anda çalışdığı kafedranın müdir müavini onu yanına çağıraraq “sənə görə məni danlayırlar, sən də ərizə yaz” deyir. Beləliklə, Nazim Babayev ABŞ-da staj keçmək üçün ərizə yazmış Azərbaycan SSR-in 360 gənc alim və elmlər namizədindən biri olur.

Bütün 360 nəfər yoxlanılır, imtahan edilir. Onlardan 60  nəfər seçilir. Üçüncü mərhələyə 12 nəfər keçir. Dördüncü mərhələdə cəmi 6 nəfər qalır. Həmin 6 nəfər Moskvaya çağırılır, növbəti imtahandan sonra 3 nəfər qalır. Həmin 3 nəfərdən isə ABŞ-a cəmi 1 nəfər gedəcəkdi. O 3 nəfərin arasından bizim qəhrəman seçilir. O, 1971-ci ilin iyun ayında Moskvaya çağırılır. Məlum olur ki, SSRİ-dən ümumilikdə 30 nəfər seçilib, Azərbaycan SSR-ni isə, dediyimiz kimi Nazim Babayev təmsil edəcək. SSRİ paytaxtında gənc alimlərlə söhbət edirlər, onları ABŞ səfərinə ciddi şəkildə hazırlaşdırırlar. Moskvadan qayıdan kimi Ordubada gedir, anası, nənəsi ilə sağollaşır.

 Yeri gəlmişkən, yola düşməzdən bir gün əvvəl Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev onunla görüşür: “Demişdilər ki, Dzerjniski klubuna gələrsən. Amma kiminlə görüşəcəyimi bilmirdim. Mənə deyilən otağa girdim. Otağa göz gəzdirərkən səs dinləyən aparatın məftilini gördüm. Cibimdən dırnaqtutanın bıçağını çıxarıb məftili kəsdim. Heydər Əliyev otağa gəldi, görüşdük, söhbət elədik. Hiss elədim ki, o, astadan danışır. Dedim səs dinləyən aparatın məftilini kəsmişəm, rahat danışın. Güldü... Sağollaşanda məni qucaqlayıb öpdü, hətta gözləri də yaşarmışdı. Dedi ki, möhkəm ol”.

Sonralar, Nazim Babayev ABŞ-da olarkən Heydər Əliyev mütəmadi olaraq SSRİ-nin Vaşinqtondakı səfirliyinə ya özü, ya da işçilərindən birinə zəng vurdurub onunla maraqlanırmış. Bu zənglər hər həftə olurmuş.

 

Londonda 30 qəpiklik nahar

 

Əvvəlcə Londona uçacaqlarmış. Söhbətin bu yerini Nazim Babayevin dilindən oxuyun: - -

- Bizə qəti şəkildə tapşırdılar ki, özünüzlə sovet rublu götürməyin, qadağandır, sizə orada yerli pul veriləcək. Mənim də cibimdə bir az kağız pul, yəni rubl vardı. Həmin pulların hamısını qəpik elədim. Artıq məndə rubl yox, qəpik vardı (gülür). Cibimi doldurdum qəpiklə, Londona yola düşdük. Londondakı aeroportda düşmüşük, acından ölürəm. Bizə nə pul verən var, nə də yemək. Getdim yaxınlıqdakı köşkdə buterbrod yedim, pivə içdim. Cibimdəki sovet qəpiklərini çıxardım ki, məndə bu puldandı, nə qədər lazımdı götürün. Cəmi iki dənə 15 qəpiklik götürdülər. Onda bildim ki, sovetin pulu çox dəyərli imiş.

 

“Ac Sovet alimləri çörək davası etdlər”

 

Con Kennedi adına Hava Limanında ABŞ-dakı sovet nümayəndəsi hərəyə zərfdə 100 dollar paylayır. Oradan təyyarə ilə Vaşinqtona uçurlar, Corctaun Universitetinin yataqxanasına gəlirlər. Yataqxanadan çıxıb gedirlər yemək yeməyə. Burada da maraqlı hadisə baş verir ki, onu da Nazim Babayev maraqlı danışır:

 

- Gəldik yeməkxanaya. Sən demə, burada çörək çox az yeyilir. Gördük çörək çox azdır. Dedik çörək istəyirik, gətirdilər. Otuz nəfər adama bir çörək nədir ki?! Çörək tez qurtardı. Hay-küy saldıq ki, biz sovet vətəndaşlarıyıq, çörək verin. Kənardan da şaqqa-şaraq şəklimizi çəkirdilər. Biz heç şəkilçəkənlərə əhəmiyyət vermirdik. Sabahı gün yerli qəzetlərdə “Ac sovet alimləri çörək davası etdilər” başlığı altında yazılar çıxdı. Bu yazıları əlbəttə ki, səfirlikdə də oxumuşdular. Gəlib dedilər ki, daha yemək üçün heç yana getməyin, yeməyinizi biz verəcəyik. Hər gün gəlib bizi avtobusla yığıb aparıb yemək verirdilər.

Gənc Sovet alimlərini ingilis dilindən imtahan edirlər. Qəhrəmanımız “yaxşı” alır. Onlara bir ay ingilis dili  və Amerikada davranış qaydalarını öyrədirlər. İmtahandan sonra Nazim Babayev “əla” alır:

- Hələ SSRİ-də demişdilər ki, Boston şəhərindəki bir universitetə gedəcəksən. Həmin universitetin professor-müəllim heyətinin adlarını əzbərləmişdim, onların barəsində oxumuşdum. Amma bizə təyinat verəndə mənə Prinston Universitetində aparıcı professor vəzifəsində dərs deməyi təklif etdilər. Təyinatların verildiyi otaqda SSRİ-nin səfiri də orda oturmuşu. Səfirin sifətinə baxdım, heç bir ifadə yox idi. Bilmədim “hə” deyir, “yox” deyir... “Mən sizin qonağınızam, hara məsləhətdir ora gedərəm” deyərək razılaşdım.

Ümumilikdə 30 nəfər Sovet alimindən cəmi iki nəfər professor statusu alır, onlardan biri qəhrəmanımız olur.

 

Eynşteynin qızı ilə tanışlıq

 

Beləliklə, Nazim Babayev dünyanın ən məşhur, hazırda dünya ali məktəblərinin reytinqində ilk onluqda olan Prinston Universitetində aparıcı professor kimi “Avtomatik idarəetmə sistemləri: rəqəmli ölçü texnikası”, “Neft-kimya sənayesinin avtomatlaşdırılması” fənlərindən mühazirə oxumağa başlayır.

Nazim müəllim Prinstonda Eynşteynin yaşadığı binada qalıb. Burada onun qızı ilə də tanış olub:

- Heç bilmirdim bu qoca qadın Eynşteynin qızıdır. Bir dəfə salam verdim. Bir az söhbət etdik. Məlum oldu ki, Eynşteynin qızıdır. Yaman şikayətlənirdi, ki, atasına qiymət qoymayıblar, deyirdi Eynşteyn də başını çox sındırdı, amma bu şəhərdə onun qədrini bilmədilər. Həqiqətən də Prinstonda Enşteynin nə büstü vardı, nə heykəli. Prinstonda təkcə bir restoranda onun şəkli vardı. Deyilənə görə, Eynşteyn həmin restoranda tez-tez yemək yeyərmiş.

 

 “Prezident məni foyedə qarşıladı...”

 

Qəhrəmanımız Prinston Universitetində dərs deməklə yanaşı, elmi məqalələr də yazaraq yerli jurnallarda çap etdirir. O, sonradan məqalələrinə hətta ABŞ Konqresinin kitabxanasında rast gəlir.

1972-ci ildə ABŞ-da keçirilən beynəlxalq konfransda isə Nazim Babayev fəzada istənilən uçan obyekti məhz necə tutmağın mümkünlüyünü izah edən çıxış hazırlayır. Bu çıxış onun məşhurluğunun pik nöqtəsi olur.

Söhbətin bu yerində Nazim müəllim bizə ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun imzası olan dəvətnaməsini göstərir:

 

- Məni çağırdılar Vaşinqtondakı səfirliyə ki, prezidentlə görüşəcəksən. Dedim Ağ Ev hara, mən hara, prezident kim, mən kim... Nə isə, SSRİ səfirliyin maşını ilə Ağ Evə yola düşdüm. Nikson və iki senator məni foyedə qarşıladılar. Görüşdük. Prezident məni ABŞ-da dərs deməyim münasibətilə təbrik etdi. Mənə Ağ Evi gəzdirdilər, keçmiş prezidentlərin əşyalarını göstərdilər və xeyli hədiyyə verdilər. Sonradan hədiyyələrin bir qismini səfirlik aldı, dedilər ki, bu bizə lazımdır. Hətta prezidentlə birlikdə çəkdirdiyim şəklimi də alıb qaytarmadılar. Yəqin ki, həmin şəkil KQB arxivlərindədir. Ümumiyyətlə, bu görüş gizli saxlanıldı. Təsəvvür edin, SSRİ-nin professoru ABŞ prezidenti ilə görüşür, bu barədə Sovet mətbuatı nəinki yazdı, ümumiyyətlə bu görüş gizlədildi.

 

ABŞ Nazim Babayevi ölkədə saxlamaq istəyir. Üç nəfər azərbaycanlı tapırlar ki, professor Nazim Babayevi birdəfəlik ölkədə qalmağa dilə tutsun. Həmin azərbaycanlılar Nazim müəllimin dili ilə desək “vaxtilə SSRİ-ni satıb qaçan satqınlar” olub:

- Onlardan biri Vaşinqtonda həkim işləyirdi, Mustafa. Əslən Gəncədən idi. O biri Vaşinqtondakı otelin baş mühasibi idi. Biri isə alim. Onlar məni arabir qonaq çağırırdı. Haradansa xəbər tuturdular ki, Vaşinqtona gəlirəm. Sonralar bildim ki, izlənirəm. Bir dəfə də azyaşlı qızı olan türk qadını gətirmişdilər ki, onunla evlənim, ABŞ-da qalım. Artıq özümə təhlükə hiss edirdim. Fikirləşirdim ki, Amerika öldürüncə, elə SSRİ öldürsün, vətənimdə də satqın kimi tanınmayım. Təbii ki, qadınla evlənməyə də, ABŞ-da qalmağa razılaşmadım. Növbəti dəfə Vaşinqtona gələndə Mustafa zəng vurdu ki, görüşək. Həmin vaxt qızdırmalıydım. Mustafayla görüşdüm. Mənə dedi maşında gözlə, sənə dərman gətirəcəm. Getdi bir həb və bir stəkan su gətirdi ki, iç, keçib gedəcək. Nəsə şübhəli gəldi mənə. Dərmanı ağzıma atırmış kimi göstərib pencəyimin qoluna saldım, orada gizlətdim. Təkcə suyu içdim, ona təşəkkür elədim. İndi Mustafa məni yataqxanaya aparırdı. Yolda elə hey mənə baxır, elə qəribə baxır ki, dərmanı içmədiyimə daha çox sevinirəm. Mustafayla sağollşıb getdim. Səhəri gün səfirliyə gedib dərmanı verdim həkimə, xahiş etdim tərkibini yoxlasın. Həkim laboratoriyada yoxlayandan sonra bilib ki, zəhərdi.

 

“Qorxma, biz silahlıyıq”

 

Nazim Babayev Vətənə qayıtmaqla bağlı fikrini qətiləşdirib səfirliyə müraciət edir. Səfirlik razılaşır, onu iki diplomatla birlikdə yola salır. Həmin diplomatlardan biri səfirin müavini olur. Üç SSRİ vətəndaşı hava limanına gəlirlər. Artıq təyyarənin uçmağına bir saat qalmış ortaya ciddi problem çıxdığı məlum olur: ABŞ Nazim Babayevi ölkədən buraxmaq istəmir, onun getməsini əngəlləmək üçün aeroporta bir qrup adam göndərir. Nazim Babayevin narahat olduğunu görən səfirin müavini deyir ki, qorxma, biz də silahlıyıq, onlar atəş açsalar, biz də atacağıq:

 

- Mənə görə təyyarəni buraxmırdılar. Səfirə məlumat verildi, o özü işə qarışdı, ABŞ rəhbərliyinin müdaxiləsindən sonra bizi də, təyyarəni buraxdılar. Gəldik Londona. Diplomatlar ABŞ-a qayıtdılar. Amma mənə başqa bir adam qoşuldu. Lonondan London-Ankara-Moskva reysi ilə Moskvaya gəldik. Mənimlə ABŞ-dakı səfirliyin məxfi sənədləri də göndərilmişdi. Gətirib təhvil verdim. Baxmayaraq ki, Moskvada idim, məni yenə ciddi qoruyurdular.

 

Vətəndə...              

                 

Nazim Babayevin elmi fəaliyyətinin ABŞ-dan sonrakı hissəsi də maraqlı olub. Məsələn o, Bakıda, Sumqayıtda və digər yerlərdə alim kimi fəaliyyətini davam etdirir. ABŞ-dan qayıdandan, 1972-ci ildən Neft-Kimya Avtomat İnstitutunda “Radio dalğalı ölçü cihazları” laboratoriyasına rəhbərlik edir. Burada neftin tərkibində qalan suların boru kəmərlərində dəqiq ölçülməsi üçün BH-2M tipli xüsusi partlayışa davamlı cihazların istehsalına nail olur. Bu tip cihazlar neft, kimya, energetika, metallurgiya, mülki aviasiya, hərbi dəniz donanması və başqa sahələrdə tətbiq olunur; bu cihaz dünyada yeganə ölçü cihazı sayılır.

Mərhum Tofiq İsmayılovun direktoru olduğu institutda Nazim Babayev direktor müavini təyin edilir. Amma deyir “AMEA-da məni də, Tofiqi də gözümçıxdıya salmışdılar”. Yeri gəlmişkən,  direktor müavini vəzifəsindən istefa verməsi də maraqlı olub. Belə ki, ona öldürüləcəyi ilə bağlı məlumat gəlib:

- Dedilər ki, sən, Tofiq İsmayılov və bir nəfər gürcü öldürüləcəksiz. Tofiqlə görüşüb ərizəmi ona verdim. Qəbul etmək istəmirdi. Amma gördü ki, mən çox israr edirəm. Bundan bir müddət keçmiş Tofiq həqiqətən də öldü. Amma tək onu vurmadılar, Qarakənd səmasında ermənilərin vurduğu vertolyotda digər ictimai xadimlərimiz də həlak oldu...

 

Qapalı şəraitdə müdafiə edilən doktorluq işi

 

Qəhrəmanımız texnika elmləri doktoru adını 1982-ci ildə alıb. O, sistemlərin nəzəri əsasları və qurulmasına dair dissertasiyanı qapalı şəraitdə müdafiə edir...

1984-cü ildə onun da daxil olduğu alim heyəti Şəki-Zaqatala ərazisində “Günəş-84” adlı eksperiment keçirir. Bu, SSRİ miqyaslı çox maraqlı bir eksperiment olur.

Kurçatov adına Atom Enerjisi İnstitutu ilə də sıx əlaqəli işlər aparan professor institutun direktoru Akademik Velixovun təkidi ilə həmin elm ocağına elmi məsləhətçi təyin edilir. Peyk rabitəli sistemlərin qurulması, peykaltı rabitəli sistemlər mobil telefon şəbəkəsinin yaradılması, kosmik qəbul mərkəzinin yaradılması və sair işlər Nazim Babayevin rəhbərliyi və nəzarəti ilə həyata keçirilib.

Hazırda professor Nazim Babayevin 76 yaşı var və bu həyat hekayəti onun haqqında yazılan ilk yazı olacaq...

 

Pərvin Abbasov

Müşfiq Babayev

# 4356
avatar

Pərvin Abbasov

Oxşar yazılar