Ağdam yürüşü: ruhların, əsaların, qazilərin görüşü... – REPORTAJ   - VİDEO
30 iyul 2013 14:22 (UTC +04:00)

Ağdam yürüşü: ruhların, əsaların, qazilərin görüşü... – REPORTAJ - VİDEO

Lent.az-ın əməkdaşı, keçmiş döyüşçü Rey Kərimoğlu iyulun 23-də Ağdamda keçirilmiş yürüşdən təəssürat yazısı ilə qayıdıb...

 

- Salam, qaqa!

 

- Salam, salam! - deyə, cavab verdim.

 

Hündür boylu, pəhləvan cüssəli bir nəfər mənə tərəf gəldi. Uzun illərin dostu, qardaşı kimi qucaqlaşdıq.

 

- Məni tanımadın, Rey?

 

- Düzü, yox, vallah...

 

- Mənəm də, Eyvaz! Şirin Mirzəyevin batalyonunda bir yerdə döyüşmüşük.

 

Yenə xatırlamadım, amma etika xətrinə “ə” hərflərini uzadıb uzun bir “həəəəə” dedim.

 

- Səninlə Qaralar kəndində BRDM-də minaya düşdük ey, yadına düşür?!

 

Hə, bax indi yüz faiz tanıdım. Eyvaz idi! Bir batalyonda döyüşmüşdük onunla. 1992-ci ilin yayında BRDM-də minaya düşmüşük. Onda taleyin xoş təsadüfü nəticəsində hamımız sağ qaldıq, mən açıq yara almamışdım. Amma Eyvaz, Möhübbət və Söhbət adlı döyüşçülərimiz al qana boyanmışdı...

 

Yenidən qucaqlaşıb görüşdük. Bu dəfə əsl döyüş dostları kimi.

 

Sonra Mahiri gördüm! Saybalı Mahiri - Ağdam rayonun Saybalı kəndindən olduğundan elə belə çağırılar onu. Azərbaycan ordusunun ilk mahnısını yaradan oğlandı Mahir. Bir ayağını Ağdərə istiqamətində gedən döyüşlərdə itirmiş xıdırlı Mahir də burdaydı. Batalyonumuzun minaaxataranlar dəstəsinin əsgəri idi. Uzun illər Qarabağ Əlillər Cəmiyyətinin Ağdam şöbəsinin sədri olub. Ağdam qəzetinin baş redaktoru, döyüşçü dostumuz Baxşeyiş Abbasoğlu ilə də görüşdüm.

 

1992-ci il, avqustun 20-də Abdal-Gülablı kəndində - Çıraqlı postunda ağır yaralanaraq ömürlük əlil arabasına məhkum olmuş Fəxrəddini gördüm orada - Fəxrəddin Rəhimovu.

 

Adını unutduğum, sifətini yadırğadığım ağır günlərin onlarla dostunu yenidən tapdım o gün. O gün adi gün deyildi. Amma həm də Ağdamın işğal günü idi...

 

Kəşfiyyatçılarla bir gecə

 

Əslində bizim hamımızı Ağdama - Quzanlıya yığan bu lənətə gəlmiş işğal faktı idi.

 

Hamı bilir, iyulun 23-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 20 il ötdü. Bununla bağlı ilk dəfə olaraq Ağdam rayon İcra Hakimiyyəti Quzanlı qəsəbəsində izdihamlı yürüş-mitinq keçirilməsini planlaşdırırdı. Döyüşçü dostum, Qarabağ Qaziləri İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri Şamil Əbilov bunu mənə demişdi. Amma Ağdam rayon icra hakimiyyəti başçısı Nizami Sadıqovun adından onun müavini Zülfü Qasımov zəng açıb rəsmən yürüş-mitinqə dəvət etdi. Hər ikisinə kədər qarışıq olsa da bu xoş anları yaşadığıma görə minnətdaram...

 

Bakıdan döyüşçü dostum, Ağdərənin Qazançı kəndində yaralanan kəşfiyyatçı Rafiq Kərimovla yola düşdük. Axşam Ağdama çatdıq. Gecə birbaşa döyüşçü dostumuz Çingiz Hüseynovgilə getdik. Həsən Mehdiyev də gələcəyimiz bilib ora gəlmişdi. Rafiq kimi Çingizlə, Həsənlə də kəşfiyyat dəstəsində bir yerdə döyüşmüşdük. Dörd cəbhə dostu gecə yarıdan keçənə qədər dərdləşdik. Söhbət başımızı elə qatmışdı ki, heç digər kəşfiyyatçı dostumuz, Bakıda yaşayan Eldar Səmədova zəngimizin saat üçə işləmiş olduğunun fərqinə də varmadıq...

 

Ağdamdan Qarabağa doğru!

 

Müxtəlif şüar və çağırışlarla davam edən yürüş-mitinqə Qarabağ əlilləri Quzanlı təpəsinin yaxınlığından qoşulacaqdı. İcra başçısı Nizamı Sadıqov əksəriyyəti ayağından ağır yaralı olan qazilərimizin isti havada uzun yol qət etməsinə qıymamışdı. Mən də döyüşçü dostlarımla orada görüşdüm.

 

Bakıdan da ağdamlı qonaqlar getmişdi yürüşə. Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin qardaşı, Qarabağ qazisi Ədalət Məhərrəmov, şair-publisist German, idmançı-döyüşçü Cabir müəllim. “Qarabağ” qəzetinin baş redaktorunun müavini Sarvan Ağayev, Ağdam adı gələndə hər yerdə sinəsini qabağa verən Surxay Əlibəyli, media-hüquq eksperti Ələsgər Məmmədli...

 

Ağdərənin Umudlu kəndində iki ay digər əsgərlərimizlə birgə erməni mühasirəsində qalan döyüşçü dostumuz, şirin mirzəyevçi Rafiq Qarayev. Yeri gəlmişkən, Rafiq Umudlunu ən sonda tərk edən 18 əsgərdən biridir. O əsgərlər ki, ermənilərin mühasirəsindən çıxmaq üçün 4-5 sutka Murovun qarlı aşırımından aşaraq Kəlbəcərə çatmışdılar. Acından ölməmək, xilas olmaq üçün yolda ov tulasını kəsib yeyiblər. Həm indiki həyatda, həm cəbhədə Rafiqin ən yaxın dostu Mahir İbrahimov, Sənan və digər dostlar da gəlmişdi Ağdama...

 

“Bu gün Ağdamda 90 mindən çox insan yaşayır”

 

On mindən artıq insanın qatıldığı yürüşün lap önündə əlil arabasında Fəxrəddin Rəhimov gedirdi. Onun ardınca sağında-solunda əli əsalı qazilərimizin tən ortasında Ağdam rayon icra hakimiyyətinin başçısı, rayonun müxtəlif idarə və şöbələrinin rəhbərləri. Yol boyu səslənən müxtəlif şüarlar adamın tükünü ürpədirdi, bütöv Ağdama qayıdışa inam yaradırdı.

 

Yeri gəlmişkən, ən xırda detal da nəzərə alındığı yürüş-mitinqdə hava isti olduğundan yol boyu sərin sular qoyulmuş, təcili yardım avtomobilləri dayanmışdı.

 

İnsan seli Quzanlı təpəsindəki şəhidlər abidə kompleksinə yetişdi. Şəhidlərimizin adına ucaldılmış kompleksi ziyarət etdikdən sonra mitinq oldu.

 

Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov çıxış etdi: “Öz yaşadığı rayonun, uşaqlıq xatirələri ilə dolu olan doğma kəndinin işğal gününü yad etmək, xatırlamaq vətənini sevən hər bir insan üçün olduqca ağırdır. Bugünkü gün bizim həyatımızda həmişə acı bir xatirə kimi qalacaqdır”.

 

Onun sözlərinə görə, 71 nəfər Ağdamlı döyüşçü erməni işğalçılarına qarşı vuruşmalarda cəsarət, şücaət və misilsiz qəhrəmanlıqlar göstərdiklərinə görə mükafatlandırılıb. Onlardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı  Fəxri adına layiq görülüb, 21 nəfər “Azərbaycan Bayrağı” ordeni, 7 nəfər “Vətən Uğrunda”, 7 nəfər ”İgidliyə görə”, 21 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Bu o deməkdir ki, Vətəninə bağlı olan ağdamlılar Vətəni sevməyi, onun yolunda şəhid olmağı bacardılar, Ağdam uğrunda gedən döyüşlərdə 5 min nəfərdən çox insan şəhid olmuşdur. Təəssüflər olsun ki, havadarlarının köməyi sayəsində Ermənistan silahlı qüvvələri Ağdam rayonunun 77,4 faizini, o cümlədən Ağdam şəhərini, 1 qəsəbə və 82 kəndi işğal etdilər. 143 min nəfər Ağdamlı, məcburi köçkün vəziyyətinə düşərək Respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar.

İşğal olunmuş ərazidə 34600 yaşayış evi, 27 sənaye, 29 kənd təsərrüfatı, 57 rabitə, 120 səhiyyə, 108 mədəniyyət obyekti, 114 tədris, 59 məktəbəqədər tədris, 11 nəqliyyat, 32 tikinti müəssisələri,  çoxlu sayda abidələr, muzeylər və sairə qalmış, rayona 17 milyard manatdan çox ziyan dəymişdir.

Ağdamın işğalı təkcə Ağdamlıların faciəsi deyil, bütün Azərbaycanın faciəsidir, ağrısıdır. Bu faciəni dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyev əbəs yerə deməmişdir: “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!”

Bu gün hər bir Ağdamlının qəlbində bir təəssüf hissi yaşayır. Bu təəssüf hissi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının bir qədər gec olmasıdır. Belə ki, Ulu Öndər siyasi hakimiyyətə 6 ay tez gəlsəydi Azərbaycan  böyük itkilərə məruz qalmazdı və torpaqları işğal olunmazdı”.

N.Sadıqov çıxışında dedi ki, bu gün Ağdamın qan bahasına işğaldan qorunan ərazisində 90 min nəfərdən artıq əhali yaşayır. Burada məcburi köçkünlər üçün 17 müasir tipli qəsəbə salınıb.

“Biz doğma torpaqlarımıza qayıtmaq ümidi ilə yaşayırıq və buna möhkəm əminik. İnanırıq ki, Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin apardığı uğrulu daxili və xarici siyasət, ordu quruculuğundakı son nailiyyətlər bu qələbəni daha da yaxınlaşdırır. Biz ölkə Prezidentinə və Azərbaycan ordusunun gücünə inanırıq. Bu il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş hərbi parad bu inamı bir daha artırdı.

Azərbaycanın regionda lider bir ölkəyə çevrilməsi, beynəlxalq qurumlarda öz sözünü deməsi, iri miqyaslı neft-qaz layihələrinin hazırlanması və həyata keçirilməsindəki aparıcı rolu torpaqlarımızın azad edilməsinin etibarlı zəmanətidir.

Bu yolda xalqımıza və dövlətimizə uğurlar diləyirik!”

 

“Qa-ra-bağ” sədaları yayıldı ətrafa...

 

İşğal günündə Qarabağla bağlı kitabların sərgisi keçirildi

 

Ondan sonra Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun çıxış etdi.

 

Yürüş mitinq Ağdam Mədəniyyət evində davam etdi.

 

Burada diqqətimi çəkən ən önəmli məsələ Qarabağdan yazılan kitabların sərgisi oldu. 70 adda 250 kitab nümayiş olunurdu. Kitabları Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli toplayıb təqdim edib. Məncə, işğal günündə kitab sərgisinin təşkili çox vacib bir məsələdir.

 

Sonra rayon ictimaiyyətinin, qonaqların iştirakı ilə şəhidlərimizin ruhuna dualar oxundu, onların adına ehsan verildi.

 

P.S. Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı neçə müddətdir öz işini bərpa edib. Yeni təmirdən çıxmış Ağdam Mədəniyyət Evində müxtəlif tamaşalar qoyulur səhnəyə. Qismət olsa mütləq gedib orada tamaşalara baxacam.

Həmin yürüş-mitinqdən Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan “Böyük Ağdama qayıdışın addım səsləri ” adlı video roliki sizlərə təqdim edirik:

 

http://www.youtube.com/watch?v=aOK4VCeWaic

 

reykerim@gmail.com

 

 

# 2170
avatar

Rey Kərimoğlu

Oxşar yazılar