Xilas missiyası, generalın ruhu, istiqlal ordusu... - ARAŞDIRMA
17 avqust 2013 17:29 (UTC +04:00)

Xilas missiyası, generalın ruhu, istiqlal ordusu... - ARAŞDIRMA

20-ci əsrin əvvəllərində müstəqilliyini elan edən və Şərqdə ilk demokratik respublika kimi tanınan Azərbaycanın tarixinə bir çox şəxsiyyətlərin adları qızıl hərflərlə yazılıb. Onların rolu, həmin tarixi mərhələdə üzərinə götürdüyü məsuliyyət və atdığı fenomenal addımlar bu gün də anılır və yüksək qiymətləndirilir. Bu baxımdan, 1917-ci ildə çar hakimiyyətini devirən və bolşeviklər partiyasının siyasi gündəliyə çıxmasına şahid olan Rusiyanın Azərbaycanla bağlı işğal planlarına qarşı dayanan liderlərin fəaliyyəti daha ibrətamiz hesab olunur. Məhz onların fədakarlığı nəticəsində əsrin əvvəllərində yaranan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşaya bildi. Cümhuriyyət tarixində adı qırmızı hərflə keçən şəxslərdən biri də Qafqaz İslam Ordusunun başında ölkəmizə gələn Nuru Paşa sayılır.

 

29 YAŞLI GENERAL

 

1889-cu ildə İstanbulda hərbçi Əhməd Tofiqin ailəsində doğulan Nuru Paşanın ulu əcdadı Krım türklərindəndir. O, 1906-cı ildə Quru Qoşunları Hərbi Məktəbinə daxil olub və 1909-cu ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirərək 3-cü Ordu Komandanlığında zabit kimi xidmətə başlayıb, 1910-cu ilin yanvarından Osmanlı Sultanına məxsus piyada bölüyünə keçirilib. 1911-ci ildə Hərbi Akademiyanı bitirib, 1913-cü ildə yüzbaşı, 1916-cı ildə minbaşı, 1918-ci ildə yarbay rütbələri alıb. 1914-cü ilin iyulunda Türkiyənin Biyana səfirliyinin attaşeliyinə, həmin ilin avqustundan isə hərbi attaşeyə yavər təyin edilib.

Birinci Dünya Müharibəsi illərində Nuru Paşa Şimali Afrika cəbhəsinə göndərilir. O, Liviya ərazisində cəbhə komandanı kimi Türkiyəyə və onun müttəfiqlərinə qarşı cəbhə yaradan qüvvələrlə döyüşlərə rəhbərlik edir. Göstərdiyi şücaətlərə görə Nuru Paşa 1916-cı ildə «Altun ləyaqət» ordeninə, Almaniyanın «Dəmir xaç» ordeninə, habelə Avstriya-Macarıstan dövlətinin 3-cü dərəcəli fərqlənmə nişanına, Türkiyənin «Altun-İmtiyaz» medalına layiq görülüb, sultanın qərarı ilə 1918-ci ilin martında ona vaxtından əvvəl general rütbəsi verilib.

 

AZƏRBAYCAN SƏFƏRİ

 

Nuru Paşanın hərbi fəaliyyətində Azərbaycan səfəri xüsusi yer tutur. XX əsrin başlanğıcında ağır duruma və parçalanma təhlükəsinə tuş gələn Azərbaycanın xilasında onun qəhrəmanlıq şücaətlərini hamı etiraf edir. Məlum olduğu kimi, Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında 1918-ci il iyunun 4-də Batumidə Dostluq və Əməkdaşlıq müqaviləsi imzalanmışdı. Və bununla da Türkiyə Azərbaycanın müstəqilliyini rəsmən ilk dövlət kimi tanımışdı. Lakin siyasi vəziyyət və ölkənin işğal qorxusu böyük olduğundan, hələ bu saziş imzalanmazdan öncə Azərbaycana hərbi dəstəyin verilməsi məsələsi qarşıya çıxmışdı. Bunu nəzərə alan Osmanlı Hərbiyyə naziri Ənvər Paşanın əmri ilə 1918-ci ilin iyun ayında Qafqaz İslam Ordusu Nuru Killigil, yəni Nuru Paşa və Xəlil Paşanın komandanlığı altında Azərbaycana göndərilir. Nuru Killigil həmin orduya komandan təyin olunur. Bir müddət Gəncədə Azərbaycan ordusunun təşkilatlanması ilə məşğul olan Nuru Paşa Göyçay ətrafında bolşevik-daşnak qüvvələrini məğlubiyyətə uğradır. Qələbəsini əks-hücumla davam etdirən Qafqaz İslam Ordusunun irəliləyişinin qarşısını almaq üçün ingilislər Bakıya qüvvə göndərir. Azərbaycan daxilindən, yerli əhalidən böyük dəstək alan Ordu ingilis qüvvələrini də Bakı ətrafında məğlub edir.

 

SOVET RUSİYANIN BAKI İDDİASI

 

Lakin Nuru Paşanın Azərbaycanın müstəqillik tarixində oynadığı rolun mahiyyətinə tam varmaq üçün o dövrkü siyasi vəziyyətə və hadisələrin inkişaf dinamikasına daha ətraflı diqqət yetirmək lazımdır. Belə ki, türk hərbi qüvvələrinin may ayının 25-də Gəncəyə çatması, 3 gün sonra Azərbaycan Cümhuriyyətinin elan edilməsi, Gəncənin də müvəqqəti paytaxt olması Bakıdakı Şaumyan idarəsini təlaşlandırırdı. Nuru Paşa Cümhuriyyətin elan edilməsindən dərhal sonra Azərbaycanın bir çox bölgələrinə hərbi kadrlar göndərərək, əyalətlərdəki mülki və hərbi təşkilatlanmanı gözdən keçirir, mövcud olanların isə Gəncə idarəsinə bağlanmasını təmin edir. Türk ordusu paytaxt Gəncədə hakimiyyəti təsis edir, erməniləri itaət altına almağa nail olur.

Bakıda hakimiyyəti zəbt edən bolşevik ruslar və erməni daşnaklar ittifaqının rəhbəri Şaumyan durumu Moskvaya, Leninə bildirir və təcili olaraq Qızıl Ordunun yardıma gəlməsini istəyir. Qafqazdakı gedişatı diqqətlə izləyən bolşeviklər Bakının türklərin əlinə keçməsinə imkan verməmək üçün bütün vasitələrə əl atır. Bolşevik Sovet idarəsinin Xarici İşlər komissarı Çiçerin Moskvadakı türk səfiri Qalib Kamala nota verir. Notada Sovetlərin Brest-Litovsk müqaviləsinə əsasən Qars, Ərdahan və Batumini böyük fədakarlıqlarla Osmanlı dövlətinə buraxdığı, ancaq bundan sonra türklərə heç bir ərazinin güzəşt edilməyəcəyi bildirilir. Sənəddə həmçinin türk hərbi qüvvələrinin Gümrünü ələ keçirdiyi, bununla da kifayətlənməyib Bakıya doğru irəlilədiyi, onsuz da ağır olan Brest-Litovsk müqaviləsinin şərtlərinin bu şəkildə tez-tez pozulmasına etiraz edildiyi, hərbi hərəkatın təcili sürətdə dayandırılmasının vacibliyi qeyd olunur.

Buna paralel olaraq Çiçerin Qafqaz neftində gözü olan almanları Osmanlı dövləti əleyhinə qaldırmaq üçün təşəbbüslər göstərir, Almaniyanın İstanbul səfiri Bernsdorff, Sədrəzəm Tələt paşa, Baş komandan vəkili və Hərbiyyə naziri Ənvər paşa, Xariciyyə vəkili Nəsimi bəy ilə görüşmələr aparır. Türk səlahiyyətliləri isə bu görüşlərdə gündəmdə olan hərbi hərəkatı ilk dəfə eşidirmiş kimi davranır və Qafqazdakı hərbi fəaliyyətin Osmanlı dövləti ilə heç bir əlaqəsinin olmadığını bildirir. Qafqazda aparılan hərbi çalışmanın Nuru paşanın şəxsi təşəbbüsü olduğu və Azərbaycandakı türk könüllüləri ilə aparıldığı təəssüratı yaradılmağa cəhd göstərilir.

 

İNGİLİS KOMANDANLIĞININ ƏNDİŞƏSİ

 

Azərbaycandakı hadisələri diqqətlə izləyən ingilislər Bakı neftinin bolşeviklərlə Osmanlı dövləti və Almaniya arasında maraq toqquşmasına səhnə olduğunu, tərəflərdən hər hansı birinin üstünlük qazanmasının onların əleyhinə nəticələr doğuracağını düşünür. İngiltərə Baş Komandanlığı bu hadisələr üzündən İraqdakı qüvvələrin bir hissəsini Fars körfəzi üzərindən Cənubi Azərbaycanda Xəzər dənizi sahillərinə göndərməyi qərara alır. Çünki Bakı neftinin türklərin və bilavasitə almanların əlinə keçməsi halında neftin borularla Batumi limanına çatdırılması mümkün olacaqdı. Bundan da Alman iqtisadiyyatı böyük qazanc əldə edəcəkdi. İngilislər həmçinin hesab edirdilər ki, Osmanlı dövləti Bakıdan İran və Türküstana, oradan da Əfqanıstana keçəcəyi halda, Hindistandakı ingilis müstəmləkə idarəçiliyi böyük bir təzyiq altına düşə bilər.

Buna görə də ingilis hərbi qüvvələri Cənubi Azərbaycandakı Ənzəli limanına yeridilir. Bu bölgədəki rus kazakı albay Biçeraxov ingilislərlə yaxından əməkdaşlıq edirdi. İngilis hərbi qüvvələrinin komandiri general Denstervil Biçeraxov ilə anlaşır və rus kazaklarının əvvəlcədən gəmilərlə yola çıxaraq Bakının cənubundakı Ələt qəsəbəsinə daşınmasını və arxadan da özünün ingilis hərbi qüvvələri ilə Bakıya getməsini qərarlaşdırır.

Bu arada Azərbaycanda və bütün Qafqazda baş verən hadisələr Türkiyədə də izlənilir və aydın dərk olunurdu ki, belə məqamda Azərbaycanı güclü düşmənlə baş-başa buraxmaq olmaz. Burada ləngimək və biganəlik Azərbaycanın itirilməsi və Azərbaycan türklərinin kütləvi qırılması demək idi. Təhlükənin ciddiliyini nəzərə alan Türkiyə hərbi rəhbərliyi Qafqaz İslam Ordusunu təşkil etmək qərarına gəlir. Osmanı Türkiyəsinin hərbi naziri Ənvər Paşa Azərbaycanı və Dağıstanı xilas etmək üçün həmin ordunun komandanlığına Qərbi Afrika qrupları komandanlığının mərkəzi olan Mistratada xidmət edən qardaşı albay Nuru bəyi dəvət edir.

 

NURU PAŞA SOYDAŞLARINI TƏNQİD EDİR

 

Altıncı ordudan təşkil olunmuş zabitlər və kiçik mühafizə alayı ilə 1918-ci il martın 25-də Mosula gələn Nuru Paşa həmin il aprelin 8-də 20 nəfərlik bir heyətlə Azərbaycana getmək üçün yola düşür. Mosul-Təbriz-Naxçıvan-Qarabağ-Yevlax marşrutu ilə hərəkət edən heyət 1918-ci il mayın 24-də Yevlaxa çatır. Nuru Paşanın Azərbaycan torpağında ilk təntənəli qarşılanması da məhz Yevlaxda olur. Daha sonra Gəncədə yerləşən Qafqaz İslam Ordusu Qərargahı qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə, bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəlir. Nuru paşa Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlığındakı düşmən qüvvələrindən gələcəyini hesablayır. Çünki Göyçay bölgəsində aparılan döyüşlər strateji əhəmiyyətə malik idi.

Nuru paşa Qafqaz İslam Ordusunun qurulması əsnasında Azərbaycan türklərindən böyük qatılım olacağını düşünmüşdü. Ancaq bu gözləntilər boşa çıxır. Orduya qatılan az sayda milislərdən də arzu olunan nəticə əldə edilmir. Nuru Paşa bu səbəbdən Göyçayda xalqa müraciət edərək tənqidi fikirlər söyləyir. Osmanlı dövlətinin, öz vətəninin ehtiyacı olmasına rəğmən, qardaş Azərbaycanı və burada yaşayan türkləri təhlükədən qurtarmaq üçün Qafqaza əsgər göndərdiyini anladır. Bu orduya hər kəsin könüllü olaraq qatılması və can-başla xidmət etməsi lazım gəldiyini, ancaq bunu hələ görə bilmədiyini bildirir.

 

BOLŞEVİKLƏRİN ƏKS-HƏMLƏSİ

 

Nuru Paşanın Gəncə və Bakı yürüşləri heç də rəvan keçmir. Bu yol ciddi maneələr və çətin döyüşlərlə müşayiət olunur. Belə ki, türk və bolşevik qüvvələri Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşı-qarşıya dayanır. Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı və Nuru paşa bolşeviklərə qarşı hücumun iyunun 28-də başladılmasına qərar verir. Hücum hazırlıqlarının son dərəcə gizli aparılmasına baxmayaraq, düşmən qüvvələrinin görülən işlərdən xəbərdar olduğu aydınlaşır. Bolşeviklər iyunun 27-də üç tabor piyada ilə səhər tezdən hücuma keçir. Düşmən qüvvələri Göyçay-Qaraməryəm yolunun şimalındakı 10-cu Qafqaz alayına şimal tərəfdən və arxadan zərbə endirir. 10-cu Qafqaz alayının əmrinə verilən diviziya ehtiyatı 25-ci tabor və nizami 2-ci süvari alayının da savaşa qatılması ilə şimaldakı bu təhlükə qısa müddətdə aradan qaldırılır. Alayın hər pilləsindəki komandirlər, Qaraməryəm – Göyçay yolu boyunca irəliləyən düşmənin atəşinə qarşılıq olaraq, ciddi müqavimət göstərirlər. Bolşeviklərin taktika və manevrlərini vaxtında sezərək, döyüşlərin gedişini dəyişməklə düşmənin qarşısı alınır.

Türk Qafqaz İslam Ordusu Göyçay yaxınlarında savaşarkən, rus kazakı polkovnik Biçeraxov 1500 nəfərlik hərbi qüvvəsi ilə Ənzəlidən gəmilərlə hərəkətə başlayır və 1918-ci il iyulun 2-də Bakının cənubundakı Ələt qəsəbəsində quruya çıxır. O, Şaumyanla görüşüb, cəbhə bölgəsi ilə bağlı dəyərləndirmə aparır. Biçeraxov iyulun 6-da rus bolşevik-erməni daşnak qüvvələrinin komandanlığına gətirilir. Rus-erməni birləşmiş qüvvələrində cəbhənin sağ qanadının komandiri isə Korqanov idi. Nuru Paşa erməni daşnak və rus bolşeviklərin ruslardan və ətrafdakı erməni kəndlərindən davamlı dəstək alaraq, arxadan və yandan basqın şəklindəki hücumlara qalxmalarının ordu üçün təhlükə törətdiyini görür, bu hücumların davam etməsi halında 5-ci Qafqaz piyada diviziyasının böyük təhlükə altında olacağından narahatlıq keçirir. Bakının mövcud qüvvələrlə ələ keçirilə bilməyəcəyi qənaətini hasil edən Paşa Şərq Orduları Qrupu Komandanlığından bir dəfə də dəstək istəməyə qərar verir.

 

ƏNVƏR PAŞA: “BAKINI DƏRHAL TƏMİZLƏYİN”

 

Qafqaz İslam Ordusu Göyçay ilə Salyan-Neftçala bölgələrindəki düşməni təmizlədikdən sonra iyul ayının ortalarında paytaxt Bakıya 130 kilometr yaxınlaşır. Qarşılarında Ağsu təpələri və bundan sonra isə Şamaxı vardı. Ənvər paşa Nuru paşaya göndərdiyi əmrdə Bakının tezliklə düşmən işğalından qurtarılaraq hərbi hərəkatın sona çatmasını istədiyini bildirirdi. Çünki Almaniya və Rusiyadakı bolşevik Sovet idarəsi hərbi yürüşün dayandırılması üçün təzyiqlərini get-gedə artırırdılar. Nuru paşanın nəzarəti altında olan hərbi qüvvələr iki qrupa ayrılmışdı. Şimal qrupu kurmay yarbay Osman bəyin komandanlığı altında Şamaxı üzərindən Bakıya hərəkət etməli idi. Cənub qrupuna Azərbaycan türkü olan Həbib Səlimov komandirlik edirdi və bu qrup Müsüslü-Kürdəmir-Hacıqabul-Bakı dəmir yolu xətti boyunca cənuba doğru irəliləməli və qarşısındakı düşməni təmizləməli idi.

Bakının azad edilməsi üçün hazırlıqların getdiyi bir vaxtda, almanlar şəhərin türklərin əlinə keçməsini istəmədiklərindən Türkiyə Baş Qərargahına etdikləri təzyiqi daha da artırdılar. Bununla belə, Qafqaz İslam Ordusunun bir çox hərbi birləşmələri ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınların qarşısını almağa, asayişi təmin etməyə çalışırdı. Top və silah sarıdan çətinliklərlə üzləşən Türk hərbi birləşmələri cəbhə bölgəsində toplaşaraq, düşmənə sarsıdıcı zərbə vura bilmirdi. Döyüşlərin getdiyi yerlərdə su qıtlığı olduğundan, əsgərlər arasında yoluxucu xəstəliklər yayılmışdı ki, bu da ordunun gücünə öz mənfi təsirini göstərirdi. Lakin türk əsgərlərinin tezliklə Bakıya girməsi labüd idi.

 

BAKI DÖYÜŞÜ

 

Qafqaz İslam Ordusunun Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırır. Ukrayna cəbhəsində xidmət edən Petrovun sərəncamında olan son dərəcə yaxşı hazırlıq keçmiş və üstün silahlarla silahlanmış 780 nəfərlik bir ordu birləşməsi də Bakının üzərinə göndərilir. Həmin qoşun birləşməsi iyul ayının 19-da Bakıya çatır. Bakı və onun ətrafında yaşayan rus əsilli fəhlə və kəndlilərə müraciət edən Petrov Sovet Rusiyasının müstəqilliyi üçün hamının silaha sarılaraq onlara kömək etmələrini istəyir.

Qafqaz İslam Ordusu Bakıya yaxınlaşdıqca, Bakı Xalq Komissarları ətrafındakı siyasi qüvvələr də ayrılmağa, get-gedə parçalanmağa başlayır. Azərbaycan türklərinin milli mənafelərini təmsil etməyən bu qüvvələr Bakının əldən çıxacağı təqdirdə, törətdikləri qırğın və zorakılıqların hesabını verməkdən qorxaraq bu vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Şaumyanın əleyhinə çıxan dairələr ingilis ordu birləşmələrinin Bakıya gələrək, türklərə qarşı vuruşmasının yeganə çıxış yolu olduğu qənaətinə gəlirlər.

 

“MUDROS” NURU PAŞANI AZƏRBAYCANDAN ALDI

 

Rus-erməni hərbi birləşmələri və Lenin başda olmaqla bolşeviklərin ciddi səylərinə baxmayaraq Qafqaz İslam Ordusu Bakını azad edə bildi.

Paytaxt azad olunduqdan sonra ordu hissələri Qarabağa göndərilir və Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatına başlanılır. Uğurlu döyüşlərlə Türk-Azərbaycan qoşunları Şuşaya daxil olaraq şəhərdə Azərbaycan bayrağını qaldırır. Lakin Türkiyənin Birinci Dünya müharibəsində uduzması Nuru Paşanın bu işini yarımçıq qoyur. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qalır. Nuru Paşa 1920-ci il aprel çevrilişindən sonra da gizli olaraq bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlir, bolşeviklərə qarşı döyüşlər aparır, Aran Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırır. Daha sonra bir Azərbaycan süvari alayı və bir batareya ilə Türkiyəyə dönən Nuru Paşa Ərzuruma gələrək Naxçıvan dəstəsinə qoşulur və azadlıq mübarizəsində iştirak edir.

 

AZƏRBAYCAN ÖZ QƏHRƏMANINI HƏBSXANADAN QAÇIRIR

 

İstanbula yiyələnən ingilislər Nuru Paşanı həbs edir və onu Batumiyə gətirirlər. İngilislər onu Bakı yürüşündə "minlərlə erməninin öldürülməsində" suçlayırdılar. Heç bir güzəştə gedilmədən paşanın edamına hökm verilmişdi. Xəbər Bakıya çatdıqda Azərbaycan hökuməti paşanın həbsdən azad edilməsi yollarını aramağa başladı. Baş nazir Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanova: "Nağı, Nurunu Batumda tutublar" deməklə, onun qarşısına paşanı xilas etmək vəzifəsini qoyur. 1919-cu ilin martında azərbaycanlılardan ibarət xüsusi hazırlanmış silahlı dəstə Batumidə həbsxanaya basqın edərək qurbanlar bahasına da olsa paşanı oradan qaçırmağa nail olur.

Beləliklə, Nuru paşa yenidən Azərbaycanda idi. Azərbaycan 1920-ci ilin aprelində Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra ermənilər qarışıqlıqdan faydalanaraq, Qarabağda, Zəngəzurda və Göyçədə baş qaldırır, qırğınlar törədirlər. Nuru paşa 1920-ci ilin iyununda Qarabağda bolşevik idarəsini devirir və irəliləyən "Qırmızı ordu"ya və erməni qüvvələrinə ağır zərbələr vurur.

 

TURAN İDEYASI

 

Nuru Paşanın siyasi baxışları da çoxları üçün maraq doğurur. Bu baxışlar onun müharibədən sonrakı fəaliyyətinə aydınlıq gətirmək prizmasından əhəmiyyətli sayılır. Məlum olduğu kimi, 1941-ci ildə Almaniyanın Türkiyədəki səfiri Franz fon Papen ilə görüşdən sonra N.Killigil gizli şəkildə Türkiyədə Turançılar hərəkatına dəstək verməyə başlayır. Onun Turançılıq barədə fikirləri Almaniya Xarici İşlər Nazirliyinin Türkiyə işlərindən məsul məsləhətçisi Ernest Voermann tərəfindən hazırlanan hesabata salınır. Bundan sonra Berlinə çağırılan N.Killigil Məmməd Əmin Rəsulzadə, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski ilə birlikdə Almaniyada Turançılıq Masasının və Türküstan alayının qurulmasına rəhbərlik edir. Nuru Paşa azərbaycanlıların və türkmənlərin, habelə Tatarıstana qədər uzanan bölgədəki türk xalqlarının Türkiyəyə inteqrasiyasını vacib sayırdı. Onun fikrincə, Türkiyə Almaniya ilə birlikdə Sovetlər Birliyinə qarşı döyüşməli, almanlar da türk əslli Sovet əsirlərindən ordu quraraq, onları Türkiyənin komandanlığı altına verməli idi.

 

NURU PAŞANIN ÖLÜMÜ

 

Azərbaycan Demokratik Respublikası süquta uğrayandan sonra Almaniyaya köçən Nuru Killigil 1938-ci ildə yenidən Türkiyəyə dönür. Zeytunburnunda kömür satan bir şirkəti satın alaraq oranı fabrikə çevirir. İş adamı kimi fəaliyyətini quran Nuru bəy Türkiyə ordusu üçün tapança, qaz maskaları və güllə istehsal etməyə başlayır. İkinci Dünya müharibəsi illərində bu fabrik hərbi sifarişlə qumbara, minaatan və digər silah növləri istehsal edir.

1948-ci ildə Ərəb-İsrail savaşı başlayır. Bundan istifadə edən Nuru paşa silah satışı müqaviləsi bağlamaq üçün İsraillə müharibə vəziyyətində olan Misirə yollanır. Misirdə apardığı danışıqlardan sonra böyük miqdarda silah-sursat və mərmi sifarişləri ilə geri dönür.

1949-cu il martın 2-də saat 16:30-da fabrikdə qorxunc partlayış baş verir. Türkiyə Cümhuriyyətinin ilk silah fabriki havaya sovrulur və Nuru bəy həlak olur. Bu günə kimi sirri açılmayan bu müəmmalı partlayışı türklərə qarşı olan təxribatın nəticəsi kimi dəyərləndirirlər.

Nuru Paşa İstanbulda dəfn edilir.

 

ƏBƏDİYYƏT QAZANAN XİLASKAR

 

Azərbaycanın müstəqilliyi tarixində böyük rola sahib Nuru paşanın fəaliyyəti əslində türk birliyinə real bir nümunə sayılır. Paşanın fəaliyyəti həm də onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərinin dərin tarixi və siyasi bağları var. Bu münasibətlər hər iki dövlətin ən ağır və məhvolma təhlükəsilə üzləşdiyi bir vaxtlarda daha qabarıq nəzərə çarpır. Çanaqqala savaşında Azərbaycan türklərinin doğma Anadolu torpağı uğrunda döyüşməsi, 1918-ci ildə Türk-Qafqaz İslam Ordusu tərəfindən yenicə yaranmış və heç bir hərbi qüvvəsi olmayan Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünün bərpa edilməsi, 1918-1923-cü illərdə Atatürkün apardığı İstiqlal Mücadiləsində Azərbaycan türklərinin maddi, mənəvi və əsgər köməyi bu qardaşlıq bağlarını daha da qabarıq nümayiş etdirir. Bu gün üstündən 100 ilə yaxın bir müddət keçsə də, Azərbaycan xalqı Nuru paşanı minnətdarlıqla xatırlayır. Çünki Azərbaycanda olduğu zaman göstərdiyi igidlik, şücaət, türk ellərinə sədaqət və məhəbbət Nuru paşanı bir xilaskar, yenilməz türk oğlu, türk ordusunun cəsur sərkərdəsi kimi tanıtmışdı.

 

P.S. "Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili" mövzusunda müsabiqəyə təqdim olunur

# 1972
avatar

Anar Yusifoğlu

Oxşar yazılar