Xalq hərəkatı bitdi!

Cavid CABBAROĞLU

1999-cu ilin əvvəlləri idi. Vəfa Quluzadə hələ dövlət müşaviri vəzifəsindən istefa verməmişdi. “Azadlıq” qəzetində onun geniş rezonansa səbəb olan müsahibəsi dərc olunmuşdu. Sonrakı təhlillər təbii ki, Vəfa müəllimin bu tipli müsahibələrlə bilərəkdən, ya bilməyərəkdən istefasını sürətləndirdiyini göstərəcəkdi...

 

Vəfa Quluzadə müsahibəsində cəbhəçi və müsavatçılara təxminən belə müraciətdə bulunmuşdu ki, “ay müxalifətçilər, bəsdir işsiz-gücsüz gəzib dolandınız, “Azadlıq” redaksiyasının qarşısına yığışıb Elçibəy gələndə “Elçibəy” qışqırdınız. Bilin ki, Azərbaycanda oliqarxiya formalaşmaqdadır və vaxt gələcək, onlar sizi idarə edəcəklər. Ona görə də gedin təcili özünüzə iş tapıb işləyin”. Dostum Hikmət Sabiroğlu bu ifadələrinə görə elə “Azadlıq” qəzetindəcə Quluzadəni topa tutmuş, onu cəmiyyətdə pessimizm toxumları əkməkdə günahlandırmışdı. Amma zaman qocaman diplomatın haqlı olduğunu göstərdi.

 

Bu proqnozun doğrulması üçün çox yox, cəmi üç-dörd il gözləmək lazım gəldi. Amma Azərbaycan xalq hərəkatından doğulmuş klassik müxalifət 15 il ərzində vahid namizəd məsələsini həll edə bilmədi. Və budur - 15 ildən sonra Milli Şura adlı qurumda birləşmiş klassik müxalifət kinodramaturq Rüstəm İbrahimbəyovu bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində özünün vahid namizədi elan etdi.

 

Mən “Rüstəm İbrahimbəyov kimdir?” sualına cavab yazmaq fikrində deyiləm. Zatən adamın personası ətrafında müsbətli-mənfili o qədər ajiotaj yaradılıb ki, kifayət qədər populyarlaşıb. Heç bu yazını yazanda da onun əleyhinə köklənməmişəm. Yazacaqlarım hətta bir jurnalistin də yox, ömrü müxalifətçilikdə keçmiş bir ziyalı və hərəkatçı övladının düşüncələridir. O övladın ki, atasından dostu Əbülfəzin (Elçibəyin) fikirlərini eşitdikcə, onun müstəqillik və azadlıq haqqında arzularını dinlədikcə “müstəqil olsaydıq, insanlarımız xoşbəxt olar, öz sərvətlərimizin yiyəsi özümüz olar, Bakının mərkəzində ana dilimizdə danışdığımıza görə kimsə bizə “çuşka” kimi baxmazdı” deyə düşünərdi...

 

Bir dəfə Bakının rusdilli elitasının nümayəndələrindən biri ilə maraqlı söhbətim olmuşdu. Çalışdığım qəzetlərdən birinin redaksiyasına müsahibə verməyə gələn adam ənənəsinə uyğun olaraq fəryad etməyə başlamışdı ki, “Bakımız əldən gedir, Qadjibala Bakını pis günə qoydu” və s. Müsahibədən sonra onunla Bakı haqqında polemikaya girdim. Soruşdum ki, ağsaqqal, bu millət Topxanada ağacların qırılmasına etiraz əlaməti olaraq meydanlara çıxanda, rus tanklarının üstünə əliyalın gedən, Qarabağ uğrunda müharibə aparanda, demokratiya üçün həbslərə girəndə niyə sən və sənin kimilər ortada görünmədi. Adam heç kimin eşitmədiyi “xidmətlərini” sadalamağa başlayanda cavabını da özüm verdim: “Çünki o vaxtlar hamınız vəzifədə idiniz, aranın qarışmasından istifadə edib “qara gün” üçün sərvət toplamaqla məşğul idiniz. Elə ki, təqaüdə çıxdınız, düşündünüz ki, hər şeyim var, bircə “Vətən uğrunda mücahidliyim” çatmır. Ona görə də indi dil-dil ötürsünüz”.

 

Həmin adamlar haqqında fikirlərim bu gün də dəyişməyib. O söhbətdə İbrahimbəyov qardaşlarının da adını çəkmişdim. Amma ağlıma da gəlməzdi ki, Rüstəm İbrahimbəyov nə vaxtsa Azərbaycan müxalifətinin prezidentliyə namizədi olacaq, 15 ildir həll olunmayan “vahid namizəd” məsələsini öz xeyrinə həll edəcək.

 

İki gündür bu məsələyə dair ən müxtəlif rəylər, fikirlər eşidirik. Şəxsən mənim üçün Rüstəm İbrahimbəyovun Azərbaycanda klassik müxalifətin prezidentliyə vahid namizədi olması xalq hərəkatının ideallarının məhv olmasının rəsmiləşdirilməsidir. Bu ideallar nə vaxt öldü? 1993-cü ildəmi? 1998-də Elçibəyin vahid namizədliyinə razılaşmayandamı? 2000-də Elçibəy dünyasını dəyişəndəmi? Yoxsa 2003-dəki sarsıdıcı məğlubiyyətdə? Bilmirəm. Bildiyim bircə şey var - 2 iyul 2013-cü ildə xalq hərəkatının ideallarının məhv olması rəsmən təsdiqləndi.

 

Bir illik hakimiyyət dövrünü nəzərə almasaq, bu adamlar ömürlərinin 25 ilini müxalifətdə keçirdilər. Minlərlə insan hərəkatçıların hakimiyyətə gələcəyini görmək arzusu ilə dünyadan köçdü, ömrünü kasıbçılıqla başa vurdu. Amma hərəkatçıların özlərinə lider seçdikləri şəxslər öz aralarında vahid namizəd məsələsini razılaşdırmadı ki, razılaşdırmadı. Halbuki biri rayonlara gedə bilmirdi, o birinin də xarici pasportu yoxdu ki, xarici səfərlərə getsin. Adamlar bu vəziyyətdə qalmağa razılaşdılar, ancaq iddiaları bir-birinə güzəştə getməyə imkan vermədi. Bunun sonu isə, Pənah Hüseyn demişkən, “ssenari müəllifi özləri olmayan” tamaşada rol almaq oldu. Lap Abbas Səhhətin “Ayı və şir” təmsilində olduğu kimi...

 

Mən Rüstəm İbrahimbəyovun Azərbaycan müxalifətinin bir hissəsinin  prezidentliyə namizədliyinin nə əleyhdarıyam, nə də tərəfdarı. Ola bilsin, zaman mənim haqsız olduğumu ortaya çıxaracaq - nə bilmək olar? Bəlkə elə Vəfa Quluzadənin anons etdiyi oliqarxiya dövründə kinodramaturqun vahid namizəd olması qanunauyğunluqdu? Amma bir məsələ artıq dəqiqdi - Azərbaycan siyasətində hərəkatçı nəsilin missiyası başa çatdı.

 

Allah sənə rəhmət eləsin, xalq hərəkatı!

LENT

25 Aprel 2019

Digər xəbərlər >>>