Şübhəli koordinat, Qiyamadınlının xilası, “Eşşək keçməzdə” yanan erməni tankları – XATİRƏ
03 iyul 2013 12:17 (UTC +04:00)

Şübhəli koordinat, Qiyamadınlının xilası, “Eşşək keçməzdə” yanan erməni tankları – XATİRƏ

Döyüşçü-jurnalist Rey Kərimoğlunun Lent.az-da yeni başladığı “Barıt qoxusu” adlı silsilə yazılar bir qədər əvvəl başa çatan “Kəşfiyyatçının xatirələri” adlı layihədə adı çəkilən döyüşçülərin, müharibəni keçmiş insanların taleyi barədədir. “Barıt qoxusu”nda Azərbaycan Milli Ordusunun ilk artilleriyaçılarından biri Alı Mehdiyevdən danışacağıq. O, Qarabağ müharibəsində təkcə artilleriyaçı olmayıb, lazım gələndə kəşfiyyatçı, lazım gələndə hücuma keçən əsgər olub.

Alı 1966-cı ildə Gürcüstanın Marnaeuli rayonunun İlməzli kəndində anadan olub. 1975-ci ildə ailəsi ilə birgə Azərbaycana köçüb. O vaxtdan Alı Bakıda yaşayıb, burada böyüyüb. Azərbaycan İnşaat Mühəndislər İnstitutunu bitirib. 1991-ci ilin sentyabrında ailə qurub, 1992-ci ildə - Xocalı soyqırımından sonra isə Azərbaycan Milli Ordusunun sıralarına qoşulub.

 

“Qarabağ işğal altındadır, nə danışacam?”

 

Alının adını həmişə digər döyüşçü dostlarım Şamil Əbilovdan, Mirsahib Alıyevdən və bu vətən uğrunda canından keçməyə hər an hazır olan digərlərindən eşitmişəm. Sakit görünsə də xaraktercə çox narahat adamdır Alı. Yazı hazırlamağa əvvəlcə razılıq vermədi: “Qarabağ işğal altındadır, nə danışacam?”. Sözünün ardını gətirməyə imkan vermirəm:

- Alı, bəs kim danışmalıdır? Əsl döyüşçülər mətbuatdan o qədər qaçdılar ki, onların yerini saxta qəhrəmanlar, yalançılar tutdular.

Cırnadığımı duyub fikrini dəyişir:

- Yaxşı brat, (Alı da bu müraciət formasından tez-tez istifadə edir-R.K.) yaxşı, danışaram...

Fotomüxbirimiz Samirə xanımla vədələşib Alıyla görüşə gedirik. Bizi anasıgildə qarşıladı. Dedi uşaqları, xanımı sayt üçün şəkil çəkdirməkdən utanırlar...

 

Şamilin zəngi...

 

...Aiyla görüşdən sonra, yazını hazırlayarkən, döyüşçü dostum Şamil Əbilovdan mobil telefonuma zəng gəldi. Salamdan sonra lent.az-ın layihəsi üçün Alıyla görüşdüyümü dedim. Elə buna bənd imiş Şamil:

- Rey, saa söz deyirəm! Seyid lazım Ağanın cəddi haqqı, Qarabağ müharibəsində Alı kimi döyüşən, əziyyət çəkən 5-6 adam ola, ya olmaya! Alı çox yaxşı döyüşüb, böyük əziyyət çəkib. Xocalı hadisəsindən sonra o soyqırımın qisasını alan oğlandır ey ermənilərdən! Alı Stepanakerti necə vurdusa, ondan sonra şəhərdə bir neçə gün matəm oldu. Bir dəfə də rus, erməni zabitlərinin hərbi məntəqəsindəki topasını vurdu. Nə qədər rus, erməni öldü orada. Həm artilleriyanın rəisi idi, həm də əsgər kimi açıq döyüşürdü. Ağdamı, Ağdamın strateji nöqtələrini, çığırlarını çox  yaxşı tanıyırdı. Qiyamadınlı kəndi uğrunda döyüşdə xüsusi qəhrəmanlıq göstərdi...

***

 

Əslində Alı Azərbaycanda ordu təzə yarananda bir neçə dəfə Qarabağda döyüşmək üçün müraciət edib. Amma istəyinə nail ola bilməyib. 1992-ci ildə Xocalı faciəsindən sonra yenidən müraciət edib və ordu sıralarına qəbul ediblər onu. Sovet ordusunda xidməti zamanı komandir olmuş, sonralar Azərbaycanda yaşamış Gennadi Apora bu işdə ona yardımçı olub. O, ilk dəfə Ağdamda,  Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin batalyonunda olub, rəhmətlik Hidayət İbrahimovla və digərləri ilə görüşüb. Orada artilleriya divizionunda xidmət edib. Sonralar müxtəlif vəzifələrdə, müxtəlif bölgələrdə döyüşən Alı artilleriya kəşfiyyatının rəisi olub. O, reaktiv “Qrad” artilleriya qurğusunun mahir atıcısı idi. Şamil dediyi ilk əməliyyata da buradan başlayıb. Xankəndindəki rus-erməni silahlıların dəqiq koordinatını tapıb. Onun verdiyi dəqiq koordinatlarla açılan atəşlə ərazidəki düşmən qüvvələri darmadağın edilib...

 

“Bala, vallah, təzə evlənmişdi, 5-6 ay olardı, qaçdı getdi Qarabağa”

 

Bu arada oğlu Azər gəlib çıxır. Amma söhbətə qoşulmur, eləcə kənarda əyləşib atasını dinləyir, arada maraqla Samirəni, məni süzür, sonra isə harasa gedir. Anası Leyla xala isə gileylənə-gileylənə mətbəxdə hazırlıq görür:

 

- Mənə demir ki, evimizə qonaq gələcək, mən də əməlli-başlı tədarük görüm...

 

Ona nahar etdiyimizi və narahat olmamağını xahiş edirik, amma bizə fikir vermir.

Qəhrəmanımız Ağdamdan başlayaraq Ağdərə, Xocavənd istiqamətində və az qala bütün Qarabağda gedən döyüşlərdə yaxından iştirak edib, düşmənin zirehli texnikasını, xeyli canlı qüvvəsini məhv edib.

Mətbəxdən anası yenə söhbətə qoşulur və zəruri müdaxilə edir:

 

- Bala, vallah, təzə evlənmişdi, 5-6 ay olardı. Qaçdı getdi Qarabağa...

 

Alı anası olan tərəfə baxır, gülümsəyib söhbətinə davam edir...

***

 

...Dəqiq verdiyi koordinatlarla iki dəfə Ağdama olunan bombardmanın qarşısını alıb Alı.

Ərazini o qədər dəqiq tanıyıb, öyrənib ki, hansı kəndin, yolun, çığırın hansı koordinatda olduğunu əzbər bilirmiş. Bir dəfə komandanlıqdan ona koordinatlar  veriblər ki, oranı vur. Koordinatlar ona şübhəli gəlib. Şübhələndiyi üçün vurmayıb o ərazini. Komandanlıqla əlaqə saxlayıb dəqiqləşdirəndə bəlli olub ki, səhv veriblərmiş. Sən demə, verilən koordinatlar Ağdamın bizim əhali yaşayan yaxın kəndləri imiş.

 

“Qiyamadınlı döyüşü”

 

Həmişə səngərdə, hücum xəttində olan Alı 1994-cü ilin yazında Ağcabədinin Qiyamadınlı kəndi uğrunda döyüşündə də iştirak edib. O günü belə xatırlayır:

“O vaxtı briqadanın artilleriya qərargah rəisi idim. Adətən, bütün cəbhə boyu düşmənlə təmas xəttini gəzir, kəşfiyyatçılardan düşmənin yer dəyişməsi, hərəkəti ilə bağlı müxtəlif məlumatları toplayıb təhlil edirdik. Həmin gün sürücüm Ələkbərlə tapşırıq almaq üçün briqadanın səhra qərargahına gəldim. Tapşırıqlarımı aldım, eyni zamanda ordan mənə dedilər ki, Ağdamın Yusifcanlı kəndi tərəfdə, daha dəqiq, Qiyamadınlının ferma kompleksinin yaxınlığında iki tankımız var, onlara da bir baş çəkim. Ələkbərlə deyilən yerə getmək üçün yola düşdük. Qarqar çayını keçib gedəndə oradakı hərbiçilərdən bir zabit tanışım çıxdı qabağıma. Soruşdu ki, hara gedirəm? Mən də cavab verdim ki, Qiyamadınlının fermasına tərəf. Qayıtdı ki, Alı, nə danışırsan, ermənilər ordadırlar eee.

Mən inanmadım. Dedim yalan danışırsan! Nə isə, maşını çayın içində saxlayıb, qaça-qaça getdik qəbiristanlığın tininə, orda da ensiz su kanalı var idi. Kanalın içinə girib qabağa baxdıq. Kanalla da qəbiristanlığın arası 2-3 metrdir. İnanmırdım ki, erməni qəbiristanlığın içindədir. Onlar da sakitcə dayanıb baxırdılar, bizi vurmurdular. Yəqin düşünürmüşlər ki, bizi əsir götürsünlər.

Amma qəfil ermənilər BMP-lərlə başladılar bizə tərəf atmağa. Necə atırdılarsa, mərmilər “lezva” kimi başımızın üstündən süzüb gedirdi, hər tərəfi kəsib tökürdü. Bir təhər qaçıb gəldik briqadanın səhra qərargahına. Vəziyyətlə bağlı məlumat verdik. Onda komandanlıq mənə tapşırdı ki, tankları vurmaq üçün “Şturm-S”i də (Tank və digər zirehli hərbi texnikanı məhv etmək üçün hədəfi dəqiq vuran xüsusi qurğu) götürüb əraziyə gedim. Zəng elədim, “Şturm- S”i mənə lazım olan yerə gətirdilər.  Rey, elə bil kinoya baxırsan. O sovet filmlərində alman tankları gəlir ey, bax elə gəlirdilər erməni tankları. Mərzilinin çöl yolu ilə gəlib düz qəbiristanlığa çatanda qabaqdakı tanklar qəfil dayandılar. Dayanan kimi, “Şturm-S”lə erməni tankının birini vurduq. Bir az keçmiş tank tüstülənib alışdı. İkinci tankı vurmaq istədik, amma raket partlamadı...Təcili briqada komandiri Hacı Mehdiyevlə əlaqə saxladım, ermənilərin Qiyamadınlıya girməsinin qarşısını almaq üçün canlı qüvvə lazım olduğunu dedim. O da Baxşeyişin (“Ağdam” qəzetinin baş redaktoru Baxşeyiş Hətəmlini nəzərdə tutur - R.K.) komandiri olduğu briqadanın kəşfiyyat rotasını köməyə göndərdi. Baxşeyişin rotası ilə birgə irəli atıldıq. Amma Əfətlinin içindən keçib gedə bilmədik. Çayın içi ilə gedib Arazbarı ilə Qiyamadınlının arasına çıxdıq. Gördük ki, arvad, uşaq, qoca, bir sözlə camaat qaçır...Ağcabədinin o vaxtkı icra başçısı, rayonun digər rəhbərləri yolun qırağında durub baxırlar. Elə bir panika yaranıb ki, əsgərlər də qaçırdılar. Başxeyiş qaçan əsgərlərdən bir-iksini vurdu ki, hara qaçırsınız? Sonra qoymadım onları vursun...Bizə dəqiq məlumat verən yoxdur ki, Qiyamadınlını erməni alıb, ya yox. İki maşınla - “Zil 131” və mənim olduğum “UAZ”la çox böyük sürətlə irəliyə doğru getdik. Bəlkə də saatda 100-lə gedirdik. Bir göz qırpımında kəndin axırına çatıb tez maşınlardan yerə atıldıq. Ermənilər hələ macal tapıb kəndə girə bilməmişdi. Maşınları da geri qaytardım ki, buradan geri çəkilmək yoxdur, ölümünə vuruşacağıq...

Uşaqlar üzü düşmənə tərəf zəncirvarı düzülüb gözləyirdilər. Hərəsində bir avtomatçı, bir qumbaraatan və bir pulemyotçunun daxil olduğu 4 kiçik qrup düzəltdik. Bu qrupları 50 metrdən bir olmaqla Qiyamadınlının qabağında - ermənilərə qarşı müxtəlif mövqelərdə yerləşdirdik. Özümüz isə Qarqar çayı tərəfdən əyilə-əyilə gəlib balaca kanala çatdıq. Təxminən erməniyə 50-60 metr qalmış erməni bizə imkan vermədi ki, irəliləyək. Bir qədər geri qayıdıb, Qarqarın yatağı ilə Əfətli tərəfə gəlib çatdıq. Oranı şumlamışdılar. Şumun içində 30-40 santimetr dərinliyində balaca arx var idi. Bu arxın içində  özümüzə mövqe tutduq. Burda da erməninin qabağını kəsdik. Şiddətli döyüş başladı...Vəziyyət çox ağır idi. Bu zaman briqadanın iki T-72 tankı və bir BMP-2-si köməyimizə gəldi. Erməninin bir o qədər texnikasının qarşısına cəmi üç dənə köhnə sınıq-salxaq texnika ilə çıxdıq. Necə tank döyüşü başladısa, yer göz lərzəyə gəldi. Tank və BMP-miz bizə çatana qədər ehtiyat güllə və mərmilərinin bəlkə də yarısını atmışdılar. Bizim tankların yan-yörəsinə onlarla mərmi düşdü, amma xoşbəxtlikdən heç biri dəymirdi. Tankçılarımız, BMP-çilərimiz qorxmadan, əsl qəhrəman kimi döyüşdülər. Sol tərəfdən də 161 saylı hərbi hissənin iki T-55 tankı bizə dəstək verdi. Ermənilərin iki tankı bizə tərəf hücumdan ayrılıb 161 saylı hərbi hissənin tanklarına tərəfə getdi. Və bizim T-55-lərlə atışmağa başladı...Mən topçularımıza dəqiq koordinatlar verdim. Top atəşi düşmənə ağır zərbələr vurdu, onları çaş-baş saldı. Bizə verilən dəstəklə düşməni geri oturtduq, onlar başladı geri qaçmağa. Ermənilər Mərzilinin “Eşşək keçməz” dərəsinə çatanda, geri qaçdıqları üçün öz qüvvələri tərəfindən də güclü atəşə məruz qaldılar. Gecə saat 12-də ermənilər artıq tam geri çəkildilər, döyüş dayandı. Qiyamadınlını ala bilmədilər. Bu döyüşdə xeyli canlı itki verən düşmənin 3 ədəd tankı və 1 ədəd BMP-si vuruldu. Bizim dəstədən isə itki olmadı”.

Bu, qəhrəmanımızın iştirak etdiyi onlarla döyüşdən yalnızın birinin bəzi təfərrüatları idi.

***

O, 1998-ci ildə ordudan tərxis olunub. Döyüş zamanı bir neçə dəfə yaralanan, kontuziya alan Alı II qrup Qarabağ əlilidir, amma hələ dövlətdən nə mənzil alıb, nə də avtomobil...

Bir müddət bütün ailənin yeganə gəlir mənbəyi atasının mağazası olub. Amma bir neçə il əvvəl bu mağazanı da satıblar.

Alı halalca pensiyası ilə ailəsini saxlayır. Özünü sındırıb dolanışığının çətin olduğunu dilə gətirmir, deyir “bir təhər başımızı dolandırırıq da”...

İki övladı var - bir oğlu, bir qızı. Hər ikisi ali təhsil alır.

 

Barıtla qan qoxusu qarışanda...

 

O günləri tez-tez xatırlayır, fikrində müxtəlif əməliyyat planları qurur. Amma daha burnuna barıt qoxusu gəlmir:

- Alı, heç barıt qoxusu gəlirmi burnuna?

Alıdan qabaq anası Leyla xala dillənir:

- Gəlir, ay bala, niyə gəlmir! Bayramda şəhərdə atəşfəşanlıq edəndə gəlir. Biz hiss edirik. Amma yaman pis qoxusu gəlir onların.

- Ay ana, onlar başqa seydi ey, bu ayrı şey soruşur.

- Rey, xatırlayırsan, döyüşdə barıtla qan qoxusu qarışanda necə üfunətli  iy verirdi?

- Hə, Alı, xatırlayıram...

# 9190
avatar

Rey Kərimoğlu

Oxşar yazılar