Elçibəy: necə varsa...
24 iyun 2013 16:00 (UTC +04:00)

Elçibəy: necə varsa...

Bir neçə gündür Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin 75 illik yubileyi ilə bağlı nəsə yazmaq barədə düşünürdüm. Təbii ki, bunun üçün ilk növbədə Elçibəyin yazdıqlarını və onun haqqında yazılanları oxuyurdum. Sonda qərara gəldim ki, özümdən heç nə yazmayım. Hətta opponentlərinin belə əxlaqına və insanlığına şübhə etmədiyi Elçibəyi bir insan kimi xarakterizə edən xatirələri bir yazıda toplayım. Yazıya da Bəyin özüylə başladım...

 

* * *

 

“Kimin arxası, pulu varsa tələbə olacaq, kimin yoxudursa bayırda qalacaq” əminliyi millət balalarının oxumağa, savadlanmağa həvəsini öldürür, millətə sağalmaz zərbə vurur. Biz savaddan başqa bütün imtiyazları aradan qaldırdıq. Həyatımın ən ləzzətli anları testə görə sadə vətəndaşların bitməz-tükənməz təşəkkürlərini eşidərkən olub. Ali məktəblərdəki rüşvətxorluğun xalqa necə sağalmaz yaralar vurduğunu görüb içimdə qovrulur, onu aradan götürmək yollarını düşünürdüm. Tale elə gətirdi ki, bu bəlanı yox etmək şərəfi özümə nəsib oldu; mən bundan rus qoşunlarını Azərbaycandan çıxarmağım qədər qürur duyuram!

 

Əbülfəz Elçibəy

 

 

* * *

 

Məhkəmə iclaslarından birində prokuror Bəyə belə bir sual verdi: "Əliyev, filan vaxtı (ayın tarixini dedi) Siz beş nəfərin iştirak etdiyi bir məclisdə olmuşunuz. O məclisdə rus xalqının, Sovet dövlətinin əleyhinə çox sərt sözlər demisiniz". Sonra o, həmin məclisdə iştirak etmiş adamların bir neçəsinin adını dedi və Bəyin o məclisdə danışdıqlarını onun yadına salmağa çalışaraq soruşdu ki, "Siz mənim bu dediklərimi təsdiq edirsinizmi?"

 

Bəy cavab verdi ki, mən heç nə xatırlamıram, əgər yadımda olsaydı, təsdiq edərdim. Prokuror dedi ki, əgər o məclisdəki adamlardan bunu təsdiq edən olarsa, nə deyərsən? Bəy "gəlsin təsdiq etsin, mən də sözümü deyərəm" deyərək cavab verdi. Prokuror şahid qismində ifadə vermək üçün Universitetin Şərq tarixi kafedrasının müəllimi dosent Habil Habilovu çağırdı və eyni sualı ona verdi. O, prokurorun iddialarını tamamilə təsdiq etdi. Prokuror Əbülfəz bəyə müraciət edərək soruşdu: "Müəllim, buna nə deyə bilərsiniz?"

 

Bəyin cavabı çox qəribə idi: "Habil müəllim mənim neçə illik dostumdur. Uzun zaman biz bir kafedrada işləmişik. Əgər o deyirsə ki, mən bu sözləri demişəm, deməli, demişəm. Lakin mən yenə də təkrar edirəm ki, heç nə xatırlamıram".

 

Həmin vaxt diqqətlə Habil müəllimə baxırdım və açıq-aydın görürdüm ki, bu vəziyyətə düşdüyünə görə, özü-özünə nifrət edir. O özünü o qədər itirmişdi ki, oturmaq üçün zala keçmək istədi, lakin tələbələr hay-küy salıb onu zaldan çıxartdılar.

 

Oqtay Məmmədov, “Elçibəylə otuz il” kitabından

 

 

* * *

 

1975-ci il...  Məhkəmədə son söz verildi. Ayağa qalxdı, son söz yerinə Səməd Vurğunun “Azərbaycan” şerindən bir bənd deyib oturdu. Hakim hökmü oxuduqdan sonra onu Qaradağ daş karxanasına – məhbəsə yolladılar.

 

Artıq məhbəsə xəbər gedib çatmışdı: “O gəlir”. Onun üçün ayrıca yer hazırlamışdılar, müəllimin gəlməsini gözləyirdilər. Artıq Əbülfəz mayın axırı Qaradağ daş karxanasında idi. Dustaqlar onu xüsusi hazırlanmış mənzilə aparıblar. Mənzil çox da pis olmayıb. Dustaqlıq şəraitində stul, tumboçka, səliqə ilə örtülmüş təmiz yorğan, döşək, qrafin, stəkan və sair. Onu 2 gün işə buraxmayıblar. Dustaqlar Əbülfəzin nə üstə tutulduğunu əvvəlcədən bilirdilər. Türmə həyatının qayda-qanunlarını ona danışıblar. Ona bir dustaq ayrılıb ki, qulluq etsin, yatdığı yeri həmişə təmiz saxlasın, suyunu gətirsin, əl-üz dəsmalını təmiz saxlasın və s. Əbülfəz buna razı olmayıb. Ancaq dustaqlar buna etiraz edib deyiblər ki, sən bizim qanunları pozursan. Onda Əbülfəz deyib ki, bir şərtlə razı olaram ki, mənim üçün ayırdığınız adam qeyri-millətdən olsun. Dustaqlar razılaşıblar...

 

Elçibəyin qardaşı Murad Əliyevin “Qardaşım Elçibəy haqqında xatirələrim” kitabından

 

* * *

 

Moskvadan elmi ezamiyyətdən qayıdanda teleqram vurmuşdu ki, məni qatar ayağında qarşılayın. Çox təəccüblənmişdik, axı başqasına zəhmət vermək ona kökündən yad idi. Sən demə, dörd yeşik kitab kserosurəti gətirirmiş! Biz onları götürüb Əlyazmalar İnstitutuna apardıq.

 

“Savalanda görüşənədək, Bəy” kitabından, Cabbar Cəlil Bəydillinin xatirəsi

 

* * *

 

Azərbaycanda xalq hərəkatının yenicə vüsət aldığı illərdə rəhmətlik Əbülfəz Elçibəy Cəbrayıl rayonuna səfər edir. Xalq Cəbhəsinin yerli şöbəsinin rəhbərliyi rus sərhədçiləri ilə, onlar da öz növbəsində İran sərhədçiləri ilə danışıqlara gedir və Elçibəyin Xudafərin körpüsünü ziyarət etməsinə şərait yaradılmasına dair razılıq əldə olunur. Bir şərtlə ki, Elçibəydən başqa kimsə Xudafərin körpüsünün üstünə çıxmayacaq, o da körpünün tən ortasından o yana keçməyəcəkmiş. Elə də olur. Bəy asta addımlarla Xudafərin körpüsü üzərində addımlamağa başlayır. Körpünün ortasına çatanda Elçibəy dözməyib hönkürür və Tanrıya xitabən deyir: “İlahi, mən niyə öz torpağımda gəzmək üçün rusdan və farsdan icazə almalıyam? Belə də ədalətsizlik olarmı?”

 

* * *

 

Əbülfəz Elçibəy prezident olan vaxt 3-4 ziyalını söhbətə dəvət etdi. Onların arasında mən də vardım. Bizi qəbul otağının qapısı ağzında qarşılayıb içəri apardı. Hər birimizlə mehriban görüşdü. Söhbət əsnasında yoldaşlarımızdan biri dedi: “Əbülfəz bəy, niyə bu ipə-sapa yatmayanlardan, Allah yoluna gəlməyənlərdən üçünü-beşini tutdurub-basdırmırsan ki, başqalarına örnək olsun?”

 

Bəy bir anlığa fikrə getdi və cavab verdi: “Mən bunu düzgün yol hesab etmirəm. Tutdurmağa nə var ki! Bu saat çağırıb bircə kəlmə desəm, bir gün ərzində həbsxananı dolduracaqlar. Məncə, tutdurmaq, cəzalandırmaq yox, tərbiyə etmək lazımdır. Bir də axı 37-də tutulanlara hələ bəraət verib qurtarmayıblar. Deyirsiniz ki, biz də tutdurub-basdıraq, gələcəkdə 30-40 il də onların bəraətinə vaxt sərf etsinlər? Yox, mən bunu edə bilmərəm. Bu, mənim təbiətimə ziddir”.

 

Famil Mehdi, professor

 

* * *

 

1993-cü ilin yanvar ayında məni Respublika sarayında keçiriləcək “Qara yanvar”ın ildönümünə həsr olunmuş ədəbi-bədii gecənin müəlliflərindən biri kimi prezident Elçibəyin qəbuluna dəvət etdilər.

 

O vaxtlar məni bir məsələ narahat edirdi - hava limanında rəsmi qonaqların gəlişi zamanı keçirilən hərbi-musiqili törən xoşuma gəlmirdi, rus-sovet törənlərinin eyni idi. Arzum bu törənləri mümkün qədər türkləşdirmək, azərbaycanlılaşdırmaq idi. Çünki hava limanı ölkənin qapısıdır. Mən fürsətdən istifadə edərək bu əndişəmi prezident Elçibəyə çatdırdım. Məsələnin qoyuluşu ilə ümumilikdə razılaşdı. Ancaq, özünün sözü ilə desək, xırda bir qeydə ehtiyac oldu - o da bu idi ki, musiqini hərbdə işlətmək rusdan yox, türkdən gəlir. Rus türklə əsrlərlə müharibə edərkən ondan görüb-götürmüşdür; başqa sözlə, adı çəkilən bu hərbi-musiqili törən heç rusun-zadın deyil!

 

“Xırda” qeydə bir bax! Prezident hətta yalnız musiqiçilərin bildiyi bir faktı - rus bəstəkarı N.A.Rimski-Korsakovun çar ordusunun musiqi təliminin arxivlərdən götürülən türk hərbi musiqisi nümunələri əsasında qurduğunu da dedi. Mən heyrətləndim. Bu bilikləri biz xüsusi musiqi dərsliklərindən öyrənərdik. Elə bil mənim fikirlərimi oxuyurmuş kimi, dedi ki, təbii, törənin mahiyyəti qalmaq şərti ilə xarici görkəminə və ifa olunan musiqilərə əl gəzdirməyə ehtiyac var.

 

Cavanşir Quliyev, xalq artisti

 

* * *

 

Təxminən 1991-ci ilin söhbətidir. Qış idi. Axşam Bəyi evə aparırdım. Yolda bir nəfər əl qaldırdı. Bəy maşını saxlatdı. Həmin adam öz ünvanına aparmağımızı xahiş etdi. Bəy onun kor olduğunu görüb “otur” dedi. Mən, doğrusu, Bəyə təklif etdim ki, bu adamı taksi ilə göndərim, ancaq o razılaşmadı.

 

Yolda sərnişinimiz ona indiyədək arxa durmuş bir nəfərin vəfatından, kimsəsiz, arxasız, köməksiz qalmasından danışır, ağlayırdı. Onda güzgüdən Bəyin gözlərinə baxdım. Yalnız kədər, düşüncə, fikir...

 

Deyilən ünvana gəldik. Bəy işarə etdi ki, qolundan tutub evə apar və qapını tanı. Elə də etdim. Qayıtdım, yola düşdük. Bəy dedi: “Xəlil, mən nə qədər sağam, ona kömək edəcəyəm. Bir gün mən bu dünyada olmayanda sən ona baş çəkməsən, heç kişi oğlu deyilsən. Ancaq gərək o bilməsin ki, bunu kim edir”.

 

Həmin adama müxtəlif cür yardım Bəy xəstələnənə kimi davam etdi. Xəstəlik başlayanda isə narahatlıq, üzüntü məni o adamdan uzaq saldı. Bəyin dəfnindən sonra imkan tapıb ona baş çəkdim. Lazım olan azuqəni və... ehsan aşını da apardım. Xeyir işlərdə olanda toy aşından da ona həmişə pay düzəltdirib aparırdım. Təbii ki, toyda bişən aşla ehsan aşı fərqlənir, ona görə bir-iki qaşıq alandan sonra dayandı və soruşdu: “Oğul, bu kimin aşıdır?” Ağlamaq məni tutdu. Tez eyvana çıxdım, guya siqaret çəkirdim. Nə baş verdiyini ondan gizlətmək istədim. O, dönə-dönə “oğul, bura gəl, cavab ver görüm” deyə inad göstərdi. İsrarını və həyəcanını görüb, daha ona əzab verməmək üçün göz yaşları içində “bu, doqquz il sənin hər ehtiyacını ödəyən şəxsin ehsanıdır” söylədim...

 

Xəlil Qəni, Elçibəyin sürücüsü

 

* * *

 

Əbülfəz bəy prezident maaşının yarısını Bakıdakı iki uşaq evinə verirdi. Özü tələb etmişdi ki, hər ay o körpələr evlərinin xeyrinə maaşından pul tutulsun. Qızı Çilənay bir dəfə ona deyəndə ki, ata, məktəbə getməyə ayaqqabım yoxdur, cavabı belə olmuşdu ki, iki gün gözlə, maaş alım, ayaqqabı alarıq. Kələkidə olanda isə mənə və başqa bir adama tapşırıq vermişdi ki, “maraqlanın, görün kənd camaatından kiminsə evində çörək yoxdursa, mütləq onun problemini həll edin. Kimsə gecə evində ac olsa, mənim gözümə yuxu getməz”. Biz də demək olar ki, hər gün bu tapşırığı yerinə yetirirdik. Bunu yardım etdiyimiz adamdan başqa kimsə bilmirdi.

 

Oqtay Qasımov, Elçibəyin köməkçisi

 

* * *

 

Mart ayında Ankarada müalicədə olan Bəy zəhmli və sərt baxışlarla həkiminə baxıb deyir:

 

- Doktor əfəndi, mən siyasət adamıyam. Xəstəliyimi olduğu kimi bilməliyəm. Lütfən mənim durumumu olduğu kimi söyləyin. Tanrı eşqinə!

 

Həkim israrlı və nüfuzedici baxışlar qarşısında dözməyərək gözləri yaşarmış halda pıçıldayır:

 

- Sayın cümhurbaşqanım, vidalaşmağımıza çox az zaman qaldı - 3-4 ay...

 

Bəy susur. Dərin fikirdən sonra ağır-ağır dillənir:

 

- Bəs mənim millətimin taleyi nə olacaq?..

# 2070
avatar

Cavid Cabbaroğlu

Oxşar yazılar