Çovğunda görüş, it ətinin dadı, təsvirə gəlməyən dəhşətlər... - XATİRƏ
14 iyun 2013 17:52 (UTC +04:00)

Çovğunda görüş, it ətinin dadı, təsvirə gəlməyən dəhşətlər... - XATİRƏ

Döyüşçü-jurnalist Rey Kərimoğlunun Lent.az-da yeni başladığı silsilə yazılar “Kəşfiyyatçının xatirələri” adlı layihədə adı çəkilən döyüşçülərin, müharibəni keçmiş insanların taleyi barədədir. “Barıt qoxusu” adlı bu rubrikanın növbəti qonağı müəlliflə birgə döyüş yolu keçmiş Eldar Səmədovdur...

 

***

 

Payızla qış arasında əməlli-başlı savaşın getdiyi hiss olunurdu havadan. Vaxtı çatan payız getmək istəmirdi, qış da qaş-qabağını töküb tələsirdi, öz yerini tutmaq istəyirdi. Şiddətli payız yağışı yağırdı, hava da soyuq, əsl qış havası...

 

Təxminən 1998-99-cu illər idi, necə deyərlər, iti quyruğundan bağlasan bayırda durmazdı, amma biz - Ramizlə mən durmuşduq. Qara Qarayev metrosunun yanındakı eyni adlı küçədəki Univermağın böyük qapısının çöl tərəfində, eyvanın altında daldalanmışdıq. Bizdən 20-25 metr o yana keçən şose yoldan maşınlar sağa-sola şütüyürdülər. Küçədə insan övladından heç kəs gözə dəymirdi...

 

Qəfildən əynində yağış keçirməyən papaqlı gödəkçə olan bir adam, qoltuğunda da bağlama, sürətlə yanımızdan ötüb, indiki Şirin Mirzəyev (Ramiz də, mən də Azərbaycanın Milli Qəhrəmanı Ş.Mirzəyevin əsgərləri olmuşuq) küçəsinə tərəf keçdi. Gödəkçənin papağını başına keçirdiyindən heç sifətini də görmədim. Amma yerişi mənə o qədər tanış gəldi ki, bunu bayaqdan mənimlə dayanan, ayağının birini götürüb, birini qoyan döyüşçü dostum Ramizə də dedim.

 

Tanımadığımız, amma yerişi mənə kimisə xatırladan adam bir qədər gedib indiki Şirin Mirzəyev küçəsində, keçmiş Nizami rayon məhkəməsinin binasının yanındakı beşmərtəbəli binanın əsas yola baxan divarına çatanda dayandı. Divara nəsə vururdu. Maraq mənə güc gəldi, yaxınlaşıb yağışlı, soyuq havada bu adamın nə iş gördüyü ilə maraqlandım. Qoltuğundakı bağlamadan çıxartdığı, üzərində “Şirin Mirzəyev küçəsi ...” yazılmış - adətən küçə və binanın nömrəsi yazılan - tünd göy üzlü balaca lövhəni divara vururdu. Aha, deməli bu küçəyə Şirin Mirzəyevin adı verilib, nə yaxşı! - , fikirləşərək sevindim.

 

Bəs belə bir havada bunu divarlara vuran kimdir, sabahı gözləmək olmazdımı?

 

Astadan çiyninə toxunub salam verdim:

 

- Salam!

 

Cəld hərəkətlə geri çevrildi...

 

- Boy, sənsən ə, qaqa?!

 

Eldar idi. Səmədov. Qucaqlaşıb, bir-birimiz bağrımıza basdıq...

 

Səhv eləməmişdim, tanıdığım bir adamdır. Amma Eldar olacağını heç ağlıma da gətirməzdim. Elə iti yerişi var idi Eldarın. O vaxt elə bu yerişi mənə tanış gəlmişdi. Onunla bir batalyonda, bir dəstədə döyüşmüşük.

 

Eldar Səmədov 1961-ci ildə Ağdam şəhərində anadan olub. Ağdam 50 saylı Texniki Peşə Məktəbində 50-ci qrupda sürücülük kursunda oxuyub. Uşaqlıqdan idmanla məşğul olub. Azərbaycan Texniki Peşə Məktəbləri arasında keçirilən güləş yarışmada respublika üzrə ikinci yerin qalibi olub. 1979-1981-ci illərdə sovet ordusu sıralarında əvvəlcə Ukraynada, sonra isə Əfqanıstanda xidmət edib. Əfqanıstanın Qəndəhar şəhərində ağır döyüşlərdən keçib... 1988-ci il fevralı 22-də Ağdamdan Əsgərana yürüşün təşkilatçısı olub. Buna görə həbs edilib, məhkəmə qərarı ilə 3 il azadlıqdan mərhum olunub. 1991-ci ildə Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünümüdafiə batalyonunda erməni quldurlarına qarşı döyüşlərdə iştirak edib. Əkbər Məmmədovdan sonra batalyonun Kəşfiyyat dəstəsinin komandiri olub. Xarakter etibarı ilə çox soyuqqanlıdır. Dünya dağıla halını dəyişməz.

 

***

 

- Ay Eldar, niyə gözləmədin hava açılsın sonra bu lövhələri vurasan?

 

- Nə bilim, eşidəndə ki Şirin Mirzəyevin adına küçə veriblər, çox sevindim, bunlarda elə bu gün hazırlanıb gəlib. Ürəyim durmadı, dedim aparım özüm vurum...

 

Dadı damağından getmiş it əti

 

Ən ağır döyüşlərdə olmuşam onunla. Ağdərənin Qazançı kəndində, sözün həqiqi mənasında, lap çiyin-çiyinə olmuşuq. Döyüşçü dostumuz, Azərbaycanın Milli Qəhrəmanı Əlabbas İsgəndərov yanımızda şəhid olub. Abdal-Gülablı döyüşündə yenə çiyin-çiyinə olmuşuq.

 

Hər döyüşdə uşaqlar zarafat edirdilər ki, bu dəfə sən şəhid olacaqsan, Eldar! Cavabında başını bulayıb gülürdü! Qazançı döyüşündə dağın qarlı aşırımında biz götürdüyümüz ehtiyat güllələri, qumbaraları, quru ərzağı apara bilmədik, yarı yolda tökdük yerə. Hamısını yığdı bel çantasına düz döyüş meydanına qədər daşıdı onları.

 

Umudluda bir yerdə olsaq da biz vertolyotla bir qədər tez oranı tərk etdik. Amma Eldar 18 əsgərlə qarlı Murov aşırımını keçərək Kəlbəcərin Ağdaban kəndinə çatanlardan olub. 18-19 yaşlı əsgərlər qarlı aşırımda acından taqətdən düşüb qalanda Eldar tüfənglə yanlarındakı ov tulasını vurub: “Uşaqlardan bir qədər önə çıxıb görünməyən bir yerdə iti vurmaq istədim. Tula ölüm qabağı başını ayağımın üstünə qoyub yazıqcasına zingildədi... Elə bil hiss elədi ki, onu vurmaq istəyirik.  Sonra üzünü yana çevirib uzandı. Vurdum... Rus balası Saşa (Buzuyev Aleksandr Mixailoviç) isə iti qoyun kimi soyub doğradı. Tikələri şişə çəkdik. Fəxrəddin Rəcəbovdan başqa hamı yedi. Uşaqlar bir az özünə gəldi”.

 

Amma 18 nəfərdən 7-si bu olaydan xəbərsiz olub. Çünki əhvalatdan xeyli əvvəl onlar kəşfiyyata gediblərmiş.

 

***

 

...Görüşə tez də razılaşdı, yenə Qara Qarayevdə, yenə Şirin Mirzəeyiv küçəsində görüşdük. Çayxanada oturub çay içdik, yüngül nahar da elədik. “Tanımadığım yerdə yemirəm, amma ta sənsən də!”, - deyib mənə minnət də vurdu. Mən də bu minnətinin acığını çıxıram, iti kəsib yeməklərini yadına salıram. Eldar it ətindən nə tam gəldiyini xatırlasa da, amma deyir heç nə yadında deyil:

 

- Qaqa, ac adamın da yadına dad düşər?! Başın xarabdır ey, yemək yediyimiz yerdə gör nədən danışırsan?

 

- Bəs sizinlə o boyda yol gələn Allahın itinə necə qıydınız, Eldar?

 

- Kefdəsən ey, deyirəm vallah! Ə, bəs uşaqlar nətər gələydi? Yeriyə bilmirdilər ey! Aclıq hamını taqətdən salmışdı. Qırılaydılar gərək!?

 

- Heç müharibə giri yuxuna? Əfqanıstan müharibəsi, Qarabağ...

 

Cavab əvəzinə başını bulayıb, nırç eləyir. Yəni yox:

 

- Allah göstərməsin! Niyə girməlidir ey? Mən heç vaxt müharibə haqda fikirləşmirəm.

 

Burnuna barıt qoxusu gəlməyən döyüşçü

 

- Barıt qoxusu necə, heç burnuna gəlirmi?

 

- Kansertsən ey, vallah! Mən heç vaxt müharibə haqqında fikirləşmirəm, ona görə də nə yuxu görürəm, nə də burnuma barıt qoxusu gəlir. Sizsiniz o müharibə haqqında fikirləşən. Ona görə də yuxuda da görürsünüz, burnunuza da barıt qoxusu gəlir. Axırda da başınız xarab olacaq...

 

Maraqlıdır, ömrünün ən gözəl çağlarını müharibədə, odun-alovun içərisində keçirəsən, barıtla nəfəs alasan, nəfəs verəsən, amma onun qoxusunu xatırlamayasan...

 

- Veteran sənədini nə vaxt aldın?

 

- 4-5 ay olar.

 

- Bəs niyə belə gec?

 

- Heç almayacaqdım da ey! Evdə uşaqlar kirimədilər ki, döyüşmüsən, amma sənədin yoxdur. Ona görə gedib veteran vəsiqəsi aldım.

 

- Deyəsən, çətin oldu almağın?

 

- Asan nə var ki...

 

Bu arada mobil telefonuna zəng gəlir. Cavab verir. Deyir sakindir. Nəysə soruşurmuş. Hə, tamam  unutmuşam, Eldar təxminən 1995-96-cı illərdən Nizami rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyində (JEK) çilingər  işləyir. Yeri gələndə, işçi çatışmayanda fəhləlik də edir. Hərdən telefonuna zəng çatmayanda, ya da zənglərimə gec cavab verəndə deyir ki, “qaqa, podvaldaydım, orda telefon tutmur...”

 

Olduqca mülayim xasiyyəti var Eldarın, amma mətbuatdan qaçır, danışmağı sevmir. Özüm şahidi olmuşam.

 

Günlərin bir günü Eldarın mobil telefonunun nömrəsini 1988-ci ilin fevral ayında Ağdamdan Əsgərana olan məşhur yürüşdən yazmaq istəyən jurnalist dostlardan birinə verdim ki, birbaşa o hadisənin içində olan adam kimi onu da danışdırsınlar. Axırıncı dəfə onda zəng elədi mənə ultimatumunu da verdi:

 

- Mən danışan deyiləm, nömrəmi də jurnalistlərə vermə! Bir dəfə danışdım bəsimdir, onda da başıma oyun açdılar!

 

“Niyə öldürürsünüz?!”

 

1988-ci il fevralın 21-də mitinqdə çıxışına işarə vurur. Həmin mitinqdə Eldar çıxış edərək camaatı sabah Əsgərana yürüşə çağırıb. Fevralın 22-də olan yürüşün də önündə gedib. Əli ilə Bəxtiyarın şəhid olmağını, Xuramanın necə yaylıq atmağını danışıb mənə. Həmin vaxtlar Ağdamın birinci katibi olmuş Sadıq Murtuzayev oradaca Eldarı hədələyib. Deyib sənin başına gör nə oyun açdıracam! Elə oradanca həbs olunub Eldar. Əvvəlcə Bərdə milis şöbəsinə gətirilib. Orada ona fiziki işgəncə veriblər. Deyir Rövşən Cavadov olmasa, indi o çoxdan ölmüşdü:

 

“Məni Ağdamdan gətirdilər Bərdə şəhər Milis Şöbəsinə. İlk dəfə burada sorğu-sual elədilər. Şöbənin “KPZ”-sində yerdə betonun üstündə yatırdım. Çox incitdilər məni. Artıq böyrəklərim ağrıyırdı. Bir gün “KPZ”-nin qapısı açıldı, rəhmətlik Rövşən Cavadov girdi içəri. Məni bu halda görüb yanındakıların üstünə qışqırdı ki, bunun günahı nədir, niyə quru betonun üstündə yatırdıb öldürürsünüz? Ondan sonra mənə döşək verdilər. Bir müddət sonra Bakıya apardılar. SSRİ Prokurorluğunun müstəntiqləri dindirirdi məni. Hadisə necə olub danışdım. Müstəntiq əslən Tatarıstandan olan bir tatar idi. Respublika Prokurorluğunun Azərbaycanlı nümayəndəsi kişi adam çıxdı. Mənə dedi ki, qorxma, sənə ən aşağı maddəni verdirəcəm. Elə də oldu. Mənə 3 il iş verdilər. Şuşa türməsində çəkdim cəzamı. İstər türmə rəhbərliyi, istərsə də məhbuslar mənə hörmətlə yanaşırdılar”.

 

“Əfqanıstan dəhşət idi”

 

İstəyirəm bir az da Əfqanıstan döyüşlərindən danışsın. Amma “Əfqanıstan dəhşət idi” -, deyib danışmaq istəmir. Deyirəm Zakir Sadatlı o müharibədə gördüklərinin əsasında  “Əfqanıstan uçurumu” adlı roman yazıb. Eldar deyir orada olanları olduğu kimi dillə danışmaq, qələmə almaq mümkün deyil. Çox dəhşətli müharibə idi...

 

Həmsöhbətim ötən il onurğa fəqərəsindən əməliyyat olunub, artıq pensiyaya çıxıb. Veteranlıqla birgə 110 manat pensiya alır. Amma əvvəlki iş yerində də çalışır.

 

Söhbət zamanı telefonuna bir neçə dəfə zəng gəldi. Hamısına da qısa cavab verirdi: “Hə!”, “Yox”, “Yaxşı”, “Oldu”. Sonuncu zəng, özünün təbirincə desək, müdirindən gəldi. Ona haradasa iş dalınca getməyin vacib olduğunu deyir, Eldar da cavab verir:

 

- Axı mənim belim imkan verməz onu edim... Hə, bu başqa məsələ, o olar - , deyib razılaşır.

 

Eldar deyir müdirlə elə dost, yoldaş münasibəti var. Ona görə də müdirinin işinin axsamasını, pozulmasını heç istəmir. Əlindən gələni edir ki, işləri qaydasında olsun. Necə ki, müharibə də olub, burada da elədir Eldar. Məsuliyyətli, işdən qorxmayan, dostu, yoldaşı fikirləşən...

 

Ağdamdakı evlərini mərmi düşüb dağıtmışdı. Onda atası Aydın kişinin üzü yanmışdı. Məcburi köçkün olan qəhrəmanımız indi xanımı və oğlu ilə özü inşa etdirdiyi balaca bir otaqda yaşayır. Dövlətdən də heç nə ummur...

 

Belə də olur…

 

QEYD:

 

Əvvəlcə Eldara deyəndə ki, “Barıt qoxusu”nda ondan bəhs etmək istəyirəm, razılaşmadı, dedi şəhid olan döyüşçü dostlarımızdan - Əlabbas İsgəndərovdan, Qırımxan Novruzovdan, Sənan Rüstəmovdan yaz. Xatırlatdım ki, xatirələrimdə yazmışam onlardan, yenə də yazacam. Ayrılanda dedi ki, yaxşı, vədələşib görüşərik, danışarıq yazarsan. Ta bilmədi ki, artıq görüşmüşük, danışmışıq bunu yazacam. Danışmaq və foto çəkmək üçün cümə günü görüşməyə razılaşdıq. Cümə günü səhər zəng elədim, dedi ki, “Qış bulvarı”nda işləyirlər:

 

- Qaqa, axşam altıdan sonra görüşərik də...

 

- Yox, bu gün yazını və fotoları verməliyəm, görüşümüz qalsın başqa vaxta.

 

- Bəs şəkil?

 

- Məndə şəklin var...

 

- Bəs nə yazacaqsan?

 

- Artıq yazmışam.

 

- Nə yazmısan, ə!? Yaxşı, ta özün bilərsən! Seyid Lazım ağanın cəddi haqqı, başıma oyun açırsan ey mənim!

 

- Elə sən də mənim...

 

reykerim@gmail.com

# 9623
avatar

Rey Kərimoğlu

Oxşar yazılar