Qabil Abbasoğlu: “Gedim nə deyim? Deyim, sən döyüşəndə mən hardaydım...” - SÖHBƏT
28 may 2013 16:07 (UTC +04:00)

Qabil Abbasoğlu: “Gedim nə deyim? Deyim, sən döyüşəndə mən hardaydım...” - SÖHBƏT

Çay içirdik... Çoxdan bəri beynimdə dolaşan təklifi səsləndirdim. Etiraz elədi, “rəhbəri olduğum sayta müsahibə verməyim yaxşı olmaz”, - dedi. Bir sürü səbəblər sadaladı, boyun qaçırmaq üçün nələr dedi, nələr... Heç birini dinləmədim.  Əlimi çənəmə, gözümü üzünə tutub bu adamdan müsahibə qoparmaq üçün nəyə əl atmalı olduğumu düşünürdüm. Danışdığı yerdəcə onu qoyub getdim. Arxamca “hara?” sualı yayıldı havaya, deyəsən. Düz Vüsalə Mahirqızının yanına yollandım. Otağa girən kimi “Qabil Abbasoğlunu razı salaq, mənə müsahibə versin” - dedim. Vüsalə xanımla ideyanı qiymətləndirib dərhal bəyi tapdıq. Gələn kimi hərəmiz bir tərəfdən düşdük üstünə. İnandırmağa çalışırdıq ki, gerçəkdən də müstəqillik günümüz üçün nəzərdə tutulan bu müsahibəni onunla eləməyə ehtiyac var. Niyə bütün sahələrin adamları ilə söhbət edə bilərəm, amma cəmiyyətin ən aparıcı, ən önəmli sahəsinə ömrünü həsr edən bir adamla olmaz? Niyə? “Mənim bir qadına dözümüm yoxdu, siz ikiniz birdən düşmüsüz üstümə” deməyi ilə onu qamarlayıb sevimli qonaq otağımıza aparmağım bir oldu.  

 

“Ayrı adam”da bu dəfə Lent.az-ın baş direktoru Qabil Abbasoğludu...

 

- Niyə yazmırsız?

 

- Yazı... məsuliyyətli demək bir az bayağı çıxar, amma doğrudan da ciddi işdi. Texniki məsələ kimi baxa bilmirəm yazıya. Bir qədər bayağı səslənsə də deyim, vaxtım qalmır yazıya. Ayaqüstü də nəsə yazmaq istəmirəm.

 

- Mənə nəsə elə gəlir ki, yazı sizin üçün aktuallığını itirib.

 

- Bir söz deyəcəm. Birgə çalışdığımız bu beş il müddətində Vüsalə xanım bəlkə beş min dəfə deyib, dostlarım deyib. Amma sizin qədər israr edən olmayıb. Rəyinə inandığım qələm adamı hesab edirsə ki, yazmağıma ciddi ehtiyac var, açıq deyim, bu məni düşündürməyə başlayıb.

 

- Mən anama sual verəndə ki, niyə az yazırsız, dedi, biz elə bir dövrə düşdük ki, həmin dövrdə şeir yazmaq bayağı gəldi. Sizdə buna yaxın bir hiss var?

 

- Bunu heç kimə izah edə bilmirəm. Əminəm ki, siz məni doğru anlayacaqsız... elə bil sınmışam... Mən daha çox siyasi təhlillər yazırdım. Bütün həyatımı qoyduğum siyasi hədəflər, arqumentlər, tezislər bircə günün içində boşa çıxdı. 2003-cü il oktyabrın 15-də onların hamısı harasa uçub getdi. Adamlar mənə sual verdilər ki, bəs nə oldu? Heç nə deyəmmədim. Başa düşdüm ki, heç nə deyə bilmədiyim üçün bundan sonra yaza da bilmərəm. Sonrakı illərdə bir-iki bədii-publisistik yazılarım oldu. Bir dəfə Əbülfəz Elçibəy haqda ölümünün ildönümündə yazdım, vəssalam. Son yazım o oldu...

 

- İndi heç sözünüz yoxdu?

 

- Mən heç vaxt bağırmağın, hay-küyün tərəfdarı olmamışam. Qəzetdə olanda da əsas şüarlarımdan biri bu idi ki, qəzet cəmiyyətlə söhbət eləməlidi. İndi də elə hesab edirəm. Sözümü rəhbərlik etdiyim mətbu orqanı ilə deyirəm bütünlüklə.

 

- Bəs sizin siyasi təhlillər?

 

- Əvvəl düşünürdüm ki, Azərbaycan cəmiyyətinin bütün problemləri siyasətdən qaynaqlanır, indi düşünürəm ki, yox, ictimai səbəblər də çoxdu...

 

- Siyasət sizin üçün aktuallığını itirdi, yoxsa ifşa oldu?

 

- Dəbdən düşdü də deyə bilərik. Əslində dəbdən düşdü də yox, bunun adını özüm üçün dəqiqləşdirmişəm. Siyasətin heç də hər şeyi həll etmədiyini anladım.

 

- Cəmiyyətdə hər şeyi həll edən siyasət deyil?

 

- Deyil.

 

- Bəs nədi?

 

- Elm, maarif, bilgi - təhsil, ədəbiyyat, jurnalistika, bütünlükdə öyrənmə sənəti. Bunlar cəmiyyətin irəli getməsinə, inkişafına xidmət edir. Bilgili cəmiyyət özü-özünü idarə edir. Onu idarə etməyə ehtiyac qalmır.

 

- Bəs siyasətin rolu nədədi? Nədi siyasət?

 

- Siyasət cəmiyyətin əvəzinə qərarlar qəbul edən sahədi. Bu qərarlardan hansındasa yanlışlıq olsa, fəlakət baş verir... Altını da cəmiyyət çəkir.

 

- Jurnalistika Azərbaycanda hakimiyyətini saxlaya bilir?

 

- Peşə kimi, hə. Amma ictimai institut kimi zəifdi. Hətta peşə kimi deyərdim ki, bir az daha qabağa gedib, yeni janrlar ortaya çıxıb, bəlli bir sahədə azadlıq var, bütün cəmiyyətlərdə olduğu kimi bizdə də elə sahələr var ki, jurnalistika orda işləməkdə çətinlik çəkir. Bütün hallarda hesab edirəm ki, jurnalistika Azərbaycanda dördüncü hakimiyyətdi.

 

- Adamlar var, hətta üzümə irad bildiriblər, yazı adamısan, ədəbiyyat adamısan, niyə jurnalist kimi kimdənsə müsahibə götürürsən. Sanki jurnalistlik nəsə əskik bir işdi. Sanki jurnalistlik yazıçılıqdan çox aşağıda dayanır. Bu sahəni dəlicəsinə sevən bir adam kimi belə yanaşma məni çox ağrıdır. Həmişə düşünmüşəm, yazıçı yaxşı reportyordu. Dünyanın bir çox yazıçıları, kifayət qədər yaxşı yazıçıları jurnalistika sahəsində çalışıblar. Ordan başlayıblar. Bütün dünyada istər TV sahəsində, istər yazılı mətbuatda ən yaxşı müsahibələri cəmiyyətdə avtoritet sayılan, sözü keçən, düşüncə adamları sayılan jurnalistlər götürüb. Niyə Azərbaycanda jurnalist yüksək statuslu adam sayılmır?

 

- Yüz il əvvəlki Mirzə Cəlil jurnalistikasıyla indiki arasında xeyli fərq var, jurnalistikanın cəmiyyətə münasibəti dəyişib, irəli gedib. Amma cəmiyyətin jurnalistikaya münasibəti o vaxt necə idisə, indi də elədi. Mühafizəkar cəmiyyətdi bizimki. Nə qədər modernləşsə də təməl dəyərlər dəyişmir, dünyəvi anlayışlara münasibətlərdə ciddi irəliləyiş yoxdu. Tarixi ənənələrin olmamasıyla da bağlayıram bunu. Digər tərəfdən, cəmiyyət şəffaflığa və kommunikasiyaya meylli deyil. Jurnalistikanın əsas alətləri də elə bunlardı. Meylli deyilsə, deməli, jurnalistdən xoşu gəlməyəcək. Küçədə əlində gül gedən adamın şəklini çəkmək istəyirsən, adam üsyan edir: “Mənim şəklimi çəkmə”. Niyə? Çəkməyim, tamam, sildim. Amma bir qardaş, dost kimi, bir həmvətən kimi gəl oturaq ağlayaq da bir yerdə. Niyə sənin şəklini çəkmək olmaz? “Ayıbdı”. Nədən ayıbdı? Kimdən? Neynəyibsən ayıb olub? Kimə aparırsan gülü? “Xanımıma”. Onda niyə narahatsan? Səmimiyyət dərəcəsi aşağıdı, məhz ona görə sandığı açan adamları sevmirlər. Bu baxımdan, jurnalistikanın işi qabağa getmir. Düşüncəmiz gedib, təfəkkürümüz genişdi. Bütövlükdə Azərbaycan jurnalistikası üçün sərhəd yoxdu. Okeaniya, Amerika, kosmos, dünyanın o başı bizim üçün sorun deyil. Amma bu irəli düşüncəni işimizə tətbiq edə bilmirik, çünki azərbaycanlılar jurnalistikaya açıq deyillər.

 

- Məsələn, məmurları cəmiyyətə tanıda bilmirik. Onlar haqda ancaq ya qara PR yayılır, ya da konkret gündəm mövzusuyla bağlı ağızlarını ehtiyatla açıb nəsə deyirlər. Elə məmurlar olub, bir az söhbət edəndən sonra mat qalmışam. Niyə bu adamı elə bax bu cür tanımır cəmiyyət? Niyə toplum onun bu qədər intellektual olduğunu bilmir? Səninlə danışacaq, dartışacaqsız hansısa mövzuda, amma desən bir müsahibə verin, səmimi olmaq lazım gələndə, qorxacaq. Açılmağa qorxurlar, çəkinirlər. Sanki açılsalar nəsə qorxulu, biabırçı bir hadisə baş verəcək. Niyə belədi?

 

- Əvvəla, qapalı cəmiyyətdən çıxmışıq, bunun çox ciddi təsirləri var. Məmur davranışları ciddi bir kompleks kimi mövcud olub həmin cəmiyyətdə. Zaman keçdikcə düzələcək bunlar. İkincisi, bunu çoxdan düşünürəm, axı heç inkişaf eləmiş cəmiyyətlərdə də məmurlar jurnalistlərin dalınca düşüb yalvarmırlar ki, gəl sənə müsahibə verim. Bunun bəlli bir proseduru, qanuni həlli var, o mexanizm də işləyir. Bizdə də işləyəcək bu cür mexanizm. Qanunvericilik tərəfi təmin olunub, zaman keçdikcə cəmiyyət də, rəsmilər də mətbuatla bu cür işləməyə vərdiş edəcək.

 

- Azərbaycanın ən böyük tarixi uğuru nədi?

 

- Müstəqillik. 1918-ci il mayın 28-də müstəqilliyinin elan olunması və 1991-ci ildə bu nailiyyətin bərpa olunması.

 

- Vətənpərvərliyi bir anlayış kimi inkar edən bir düşüncə tərzi formalaşıb. Məsələn, onlar deyirlər ki, azərbaycanlı təfəkkürü qüsurludu, geriçidi, mən tutaq ki, ingilislərə bayılıram, fransız olmaq istəyirəm, bəşəriyəm, kosmopolitəm. Amma ingilisin, fransızın, şotlandın öz torpağını qorumaq, milli kimliyinə sayğı qazandırmaq üçün nələrə getdiyi, necə savaşlardan çıxdığını, necə qurbanlar verdiyini nəzərə almırlar. Milli azadlıq hərəkatının fəallarından biri kimi sizin vətənpərvərlik, millətçiliklə bağlı düşüncənizi eşitmək istərdim.

 

- Dediyiniz o düşüncə tərzi mənə çox tanışdı. Hətta o adamların yerinə də qoymuşam özümü, ciddi arqumentlər axtarmışam, tapmışam da. Amma bu arqumentlər adamı haqlı çıxaracaq qədər çox deyil. İnsan həyatını təkbaşına formalaşdıra bilmir. Ən elementar misal, heç bir qüvvədən asılı olmayan bir təbii fəlakət baş verəndə səni qoruyan bir aparatın mövcudluğuna ehtiyac yaranır. O aparat dövlətdi. Sırf sosial və maddi maraqdan doğan problemləri misal çəkirəm. Digər tərəfdən, səndən asılı olmadan bu torpaqda doğulub-böyümüsən, bu havanı udmusan, bu aurada tərbiyə almısan... bura bağlısan. Bioloji varlığınla, psixologiyanla buralısan. Kimsə deyə bilər ki, hər şey insanın rifahı üçündü. O zaman fəlakət baş verəndə gözləmə səni kimsə qorusun. Vətəni biz özümüz üçün qoruyuruq. Bu pafos deyil. Vətəni qorumaq vətəni özün üçün saxlamaq deməkdi. İnsanlarımız niyə döyüşə gedirdilər? Niyə şəhid olurdular? Niyə biz milli azadlıq hərəkatı dövründə vətən-vətən deyib çöllərə düşmüşdük? Niyə? Bu torpaq bizə qalsın deyə. Övladlarımıza qalsın deyə. Onların həyatlarını, təhlükəsizliyini təmin eləmək istəyirdik. Başqa bir tərəfi də var məsələnin. Niyazi Mehdinin sözü olmasın, vətəni vətəndaş üçün sərfəli hala gətirmək lazımdı. Bəli. Bu artıq dövlətin, siyasətin işidi. Gərək vətəndə insan doğrudan da özünü təhlükəsiz, arxalı hiss eləsin ki, onun üçün ölümə də gedə bilsin, savaşa da bilsin. Burda yaşamaq sərf eləsin, bayrağını öpmək sərf eləsin, zəhmət çəkmək, işləmək, burda qalmaq sərf eləsin. İnsan yalnız ideyalardan, şüarlardan ibarət deyil. Dövlət vətəndaşın nəfsini də təmin etməlidi.

 

- O zaman nəfsi təmin olunmayan adamlar vətənpərvərlik duyğusuna etiraz edir?

 

- Məncə yox. Dünyada gedən proseslərdən informasiya alıb hansısa baxışın təsirinə düşürlər və fikirləşirlər ki, bunu eksperiment edim. İndi deyəcəyim söz çox ağır səslənə bilər, amma belə düşünürəm: kosmopolitlik ağır milli-mənəvi və ictimai-sosial məsuliyyətdən qaçmaq üçün çox gözəl sığınacaqdı.   

 

- Suqovuşanda hər il müstəqillik gününü gecədən səhərə gözləməyiniz mənə son zəng günü məktəblilərin günəşi qarşılamasını xatırlatdı. Bu tarixçəni danışın, lütfən.

 

- Azərbaycan Demokratik Tələbə Gənclər Hərəkatı adlı bir təşkilat var idi. 1991-ci ildə onların təşəbbüsü ilə başlayıb bu ənənə. Bizim Türk Oğuz Yeniyetmə və Gənclər Təşkilatına təklif gəldi və birləşib bu ənənəni yaşatmağa çalışdıq. Ölkənin bir neçə rayonundan, Bakı daxil, tələbə-gənclər təşkilatlarının nümayəndələri gəlirdi. Elə olurdu, 100-ə yaxın adam yığışırdı. Sabirabad və Saatlı rayonlarının ortasında Novruzlu kəndində Kürlə Araz birləşir. Biz orda görüşürdük. Simvolika Azərbaycanın bötüvlüyüdü. Başqa bir tarixi fakt da var. Nadir şah Əfşar Azərbaycan torpaqlarının mümkün qədər çox hissəsini birləşdirmək qərarını orda verib.

 

- Necə olur, nədən başlayırsız, necə bitirirsiz?

 

- Axşam çatırıq, çatan kimi bayrağımızı sancırıq, tonqal qalayırıq, səhərə qədər ictimai, milli məsələlər barədə söhbətlər edirik. Azərbaycan bayrağı haqqında qərar 91-ci ildə  hələ qəbul olunmamışdı, amma bayraq ora aparılmışdı. 92-ci ildən başlayaraq artıq bayraq təntənəli şəkildə sancılır. 22 ildi bu ənənə davam edir. Günəş tam çıxandan sonra Kür və Arazın suyunda əllərimizi yuyub, bayrağın ətrafına yığışırıq, himnimizi oxuyuruq. 

 

- Yeri gəlmişkən, bizim himn oxumaq adətimiz də yoxdu.

 

- Təəssüf ki yoxdu...

 

- Cəbhədə olmusuz?

 

- Döyüşçü kimi haqqı olan adam saymıram özümü. Amma proseslərin içində olmuşam. ən çox döyüş şəraitində 13 gün olmuşam. Hansı işdə iştirakımıza ehtiyac olubsa, onu eləmişik. Silah daşımaqdan tutmuş, ən adi işlərə qədər bütün işlərdə iştirak eləmişəm. Sonralar isə peşəkar statusum da imkan verirdi buna. O vaxt AzərTAc-ın Gəncəbasar İnformasiya Mərkəzinin rəhbəri idim, həm də hərəkatçı kimi ordaydım.

 

- Qarabağla bağlı nə düşünürsüz?

 

- O vaxt nə düşündümsə, indi də onu düşünürəm. Bir variant var. İkinci yoxdu.

 

- Nə?

 

- Getmək lazımdı ora.

 

- Döyüşə?

 

- Mütləq. Mən bu anlamda çox romantik görünmək istəmirəm, amma ermənilərin qarşısında ayıbdı. O torpaqları onlarda qoya bilmərik.

 

- Cavab verə biləcək potensial hiss edən kimi mütləq mənada ənənəvi olaraq bu sualı verirəm...

 

- Geri ala biləcəyik sualını?

 

- Bəli.

 

- Tam səmimiyyətimlə, heç bir pafos olmadan deyirəm. Adım kimi əminəm, biz Qarabağı döyüşərək də ala bilərik, döyüşsüz də ala bilərik. Buna hər bir imkanımız var. Vəziyyətin bu və ya digər səbəblərdən bir vaxtlar Azərbaycanın xeyrinə olmaması, hansısa fürsətlərin buraxılması kimi səbəbləri nəzərə alsaq bu qədər yubanma başa düşüləndi. Amma cəmiyyət olaraq qərar verilsə... Aysel, inanın, bir kəndi almaq lazımdı, bircə kəndi...qələbəni daddın...heç bir problem olmayacaq. Təcrübə də göstərir bunu.

 

- Şəhidlər Xiyabanına gedirsiz?

 

- Yox... Getməmişəm. Çox ağırdı... adiləşdirə bilmirəm. Şəhidlər Xiyabanına elə hər il yığışıb getmək formal şəkil almalı deyil. Azərbaycan cəmiyyəti üçün heç bir şey eləməmiş insanın, lap tutaq ki, ata-anamın qəbrinin üstünə getdiyim rahatlıqla şəhid polkovnik Şirin Mirzəyevin məzarı üstünə gedə bilmərəm. Gedim nə deyim? Deyim ki, sən döyüşəndə mən hardaydım?

 

- İctimai radionun “Körpü” proqramı var. Bir neçə dəfə dinləmişəm. Dünən yol gələrkən yenə dinləyirdim. Bizim Güneyli ziyalılarımızdan, yazarlar, şairlərdən burda məhz Güney ədəbiyyatı ilə məşğul olan alimlər, uzmanlar danışırlar. Birdən elə bil ayıldım, hətta mənim kimi Azərbaycana bağlı, milli məsələlərdə həssas olan adam da ölkəmin, vətənimin təkcə burdan ibarət olmadığını o qədər də anlamıram. Birdən-birə dəhşətli, ağrılı həqiqətlə üz-üzə qaldım. Mənim vətənimin çox hissəsi başqa yerdədi və orda heç olmamışam. Oranın mədəniyyəti ilə yaxından tanış deyiləm, ordakı soydaşımın itin zülmünü çəkdiyini dərk eləmirəm. Mənim orda vətənim var... Azərbaycanım var... İlahi, Qabil bəy, necə ağrıdım, necə yandım, necə utandım...nələr yaşadım o bir anın içində. Ağıla sığmaz bir həqiqətdi. Mənim vətənim Lənkəranda bitmir, Naxçıvanda bitmir, davamı var, o davamı  heç tanımıram. Nə ruhumla, nə ağılla, nə də ayaqla hiss eləməmişəm. Gündəmini, dərdini, ziyalılarını hətta dünyaca məşhur olan yazıçılarını belə yaxşı tanımırıq. Bu mövzuya lent.az  nə qədər yer ayırır, necə ifadə olunur Güney Azərbaycanı, nə işlər görürsüz bu yöndə?

 

- Hə, razıyam, Güney Azərbaycan şüuraltımızda olmalıdır. Lent.az-a gəldikdə çox ciddi yer ayrılır bizdə Güney mövzusuna. Milli azadlıq hərəkatının içində olmaq həm də bunu verdi mənə. Təkcə sovet quruluşuna qarşı mübarizə deyildi bu, biz ilk gündən Bütöv Azərbaycan ideyasının nə demək olduğunu anladıq. Nə deməkdi Bütöv Azərbaycan, nə etməliyik bu yöndə, qarşıda duran vəzifələr nədən ibarətdi? Sadəcə, o dövrdə aktual olan Quzey idi. Çünki Şimali Azərbaycanın içində olduğu quruluş silkələnmişdi, fürsət idi, biz nələrsə edib ölkəmizin müstəqilliyinə nail olacağımıza inanırdıq. Çox şükür ki, bu mübarizəni xalqımız uğurla başa çatdırdı. İndi Azərbaycanın dünyada tanıtdığı, sevdiyi, hər şeydən üstün tutduğu dövləti var. İndi biz yerdə qalan vəzifəmizin arxasınca düşməliyik. Sözsüz ki, birinci problemimiz Qarabağdı. Bütövlükdə millətin problemi deyəndə isə Güney Azərbaycan daha miqyaslı problemdi.

 

- Necə yer ayırırsız? Nə kimi layihələr gerçəkləşdirirsiz?

 

- Həm gündəlik ictimai həyatımda çox yer ayırıram, həm də peşə fəaliyyətimdə. Lent.az da Azərbaycan mətbuatında nadir rast gəlinən münasibət var bu mövzuya. Bir il davam edən bir layihəmiz vardı, “Güney Azərbaycanı tanıyaq” adlı. Müxtəlif bölgələri, tarixi ənənələri, inzibati ərazi bölgüsü, kəndlərinin adı, yerli əhalinin milli kimliyi, məşğuliyyəti, iqtisadiyyatı, sosial həyatı, mədəni həyatı və s. barədə çox geniş məlumatlar, fotolentlər verirdik. Çox da yaxşı qarşılanırdı. Təkcə ideya kimi yox, həm də tiraj baxımından uğurlu idi. Bu o deməkdi ki, insanlar bu mövzuya laqeyd deyillər, istəksiz deyillər. Zənn eləyirəm ki, Güney Azərbaycan məsələsi o vaxt bizi rahat, düşmənləri narahat etməyə başlayacaq ki, biz diqqəti artıracağıq Güneyə. Məsələn, Təbrizin bir futbol komandası var, Traxtursazi. Biz Barselonaya azarkeşlik elədiyimiz kimi ona azarkeşlik eləmirik. Niyə? Özü də İranda ölkə çempionatında kifayət qədər ciddi nəticələr əldə edir. Hətta milli hadisəyə çevrilir. Milli köynəklərdə, milli bayraqla, şüarlarla gəlirlər stadiona. O stadion bir mübarizə meydanına çevrilir həm də. Videoları gəlir, yerləşdiririk. Beynəlxalq hüquq var, sərhədlər var, İran ayrı bir dövlətdi, Azərbaycanla münasibətlərinin pis və ya yaxşı olmasını nəzərə almadan biz hörmət edirik bütün bu hüquqi qaydalara, anlayırıq ki, İran İslam Respublikası ayrıca bir dövlətdi. Amma mənim orda soydaşım var, Azərbaycanın çox hissəsi ordadı. Mən maraqlanmalıyam onların taleyi, yaşamı ilə. Məsələn, Güney Azərbaycan ədəbiyyatı dediyiniz kimi burda sürəkli şəkildə yayılmalıdı, tanıdılmalıdı. Açıq deyim ki, Güney ədəbiyyatının dili mənə şirin gəlir. Bilmirəm bəlkə bu məsələdə doğmalığa köklənmişəm deyə belə gəlir, amma məncə ordakı dil özü özünü qoruyaraq xalis qalıb, balını saxlayıb. Musiqisi, xalq sənəti, Azərbaycan mədəniyyət tarixindən qızıl xətlə keçən Təbriz xalçaçılıq məktəbi... bunların ortaq platformunu təşkil etmək olar. Mədəni əlaqələr, idman, ədəbiyyat sahəsində qurmaq olar. Millət özünü tanımalıdı. Tariximizin orda qalmış yarımçıq hissəsini öyrənməklə məşğul olmalıyıq.

  

- Bu qədər işdən danışdıq, ağlıma gəldi ki, adam yazıya zaman tapmırsa şəxsi həyatına tapa bilirmi görən?

 

- Yox, övladlarıma istədiyim diqqəti ayıra bilmirəm, məsələn. Belə görünə bilər guya mən maşın sürürəm, istirahətə gedirəm, evdəyəm, amma düşüncədə vaxt ayıra bilmirəm. Cari planda olan işləri həll edə-edə yaşayıram. Amma bir insan olaraq belə yaşayacam, belə bir evim olacaq kimi planlarım yoxdu. Övladlarıma yaxşı atadan, yaxşı vətəndaşdan və onların gələcəkdə yaşayacaqları cəmiyyət üçün əlindən gələni edə biləcək insandan başqa heç kim ola bilmirəm. 

 

- Daha nə vermək istəyərdiz övladlarınıza?

 

- Nə bilim, bəlkə daha yaxşı yaşamalarını təmin edə bilərdim, mənəvi məsələlərdə daha çox zaman ayıra bilərdim. Sıxılmağa qoymazdım.

 

- Nədən sıxılırlar?

 

- Bəlkə də sıxılmırlar. Ola bilər deyirəm... daha imkanlı olmadıqlarından, daha yaxşı evdə yaşamadıqlarından. Çünki yeniyetmədilər, ola bilər tay-tuşları arasında kimdənsə  fərqlənirlər. Şəxsən mən bunu heç vaxt problem eləməmişəm. Ancaq indi soruşduz, uşaqların yerinə düşündüyüm və bəzən narahat olduğum məsələ olduğu üçün dedim.

 

- Şəxsi həyatınızda dəyişmək istədiyiniz şeylər var, yoxsa elə bu cür olmalıydı düşünürsüz?

 

- Bir az daha rahat yaşamaq olardı düşünürəm. Xarakterimə zidd olar desəm ki, hər şey qaydasındadı.

 

- Rahatlığınızı nə təmin edər?

 

- Anlayış...

 

- Evlilik üçün önəmli olan nədi? Nəyi nəzərə almaq lazımdı evlilik qərarı verəndə?

 

- İnsanın vicdanlı, ədalətli və tərbiyəli olmasını bilməlisən. Məişət tərbiyəsindən danışmıram. Məndən ötəri insanın ən ali keyfiyyəti susmağı bacarmasıdı.

 

- Elə bil həmişə nəsə düşünürsüz...

 

- Mən düşüncələrimdə yaşayıram. Orda sevinirəm, kədərlənirəm, yatıram bəzən orda, dincəlirəm, orda qərar verirəm, səyahət edirəm. Bir də görürsən harasa gedib, yaxşı istirahət edib, qayıtdım))

 

- Sevirsiz orda?

 

- Hə...

 

- Sevdiyin adamdan uzaqda yaşaya bilmək üçün nə güc verə bilər?

 

- Bu uzaqlığın ona xeyirli olduğunu düşünmək və anlamaq. Yalnız onu düşünmək... Yoxsa sevgi deyil. Hər şeyin onun üçün yaxşı olmağını istəyirsən, hər şeydə onu nəzərə alırsan, özün yox olursan, yalnız o var olur.

 

- İncidir?

 

- Yox, sevgi heç nəyi ilə insanı incidə bilməz. Oduyla belə...İncidirsə o sevgi deyil “xalturadı”...

 

- Xaltura edirsiz?

 

- Xırda məsələlərdə bəlkə də ola bilər, amma mahiyyət etibarıylə xalturaçı deyiləm.

 

- Neçə ildi jurnalistikada külüng döyürsüz. Yorulmursuz?

 

- Məndə bu peşəyə olan maraq səngimir. Əksinə, artır. Bu peşəni bu qədər sevməsəydim, bu qədər çətinliyin içindən salamat çıxa bilməzdim. Ən azı çıxıb bu sahədə qala bilməzdim.

 

- Nə etmək istəyərdiz bu sahədə?

 

- ...düzünü deyim ki, jurnalistlər üçün daha yaxşı şərait yaratmaq istəyərdim. Jurnalistikanın qara işlərini görən, yağışda, qarda, istidə xəbəri sevə-sevə daşıyan sıravi jurnalistlər üçün nələrsə etmək istəyərdim. İnanın ki, bu romantika, xəyalpərəstlik-zad deyil, bəlkə də mənim çoxlu pulum olsa elə o işlə məşğul olardım, jurnalistlərə ev-zad tikib verərdim. Çünki görürəm necə əziyyət çəkirlər. Onlara bu əziyyəti kimsə vermir, sadəcə bu sahə özü çətinliklərlə doludu.

 

- Jurnalistlərə ev verilməlidi. Sizcə layiq olanlara, yoxsa ehtiyacı olanlara verilməlidi?

 

- Ehtiyacı olanlardan ən layiqlilərinə. Jurnalistikada qalıb bu sahəyə daha çox fayda verə biləcək insanlara verilsə yaxşı olar. 

 

- Qadın rəhbər sizə əngəl yaratmır? Məsələn, elə məqam olur ki, ürəyinizdə “kişi olsaydın səninlə başqa cür danışardım” deyirsiz?

 

- Bizim bir-birimiz qarşısında sosial, peşə öhdəliyimiz olduğu kimi mənəvi öhdəliyimiz də var. On beş, on altı illik dostlarıq. Buna görə bir-birimizi hər situasiyada anlamağa çalışırıq. O, Azərbaycan stereotipində qadın deyil, bir az da təəccübləndirən tipdi. “Belə də qadın olar?” sualı yaradan tipdi. Amma önəmli bir məqam var, onu deyəcəm. Çox olur bir ideyaya, fikrə münasibət bildirdiyi an dərhal  ağlıma gəlib, nə yaxşı ki, qadındı. Həyatın yarısıdı, əlli-əlliyədi. Elə bucaq var ki, ordan ancaq o...qadın baxa bilər. Çox yaxşı ki, bu qadın bacarıqlı və ağıllıdı. Sərtliyi var, amma cəmiyyətə media orqanı kimi sərt açılmamağımızın əsas səbəbkarı onun qadın olmasıdı.

 

- Özünüzdə dəyər saydığınız nədi?

 

- İstisnasız olaraq hamıya yaxşılıq arzulayıram. İnsanları sevindirməkdən zövq alıram. Səhər bir yaxşı iş görmüşəmsə, kiməsə köməyim dəyibsə axşama qədər mənə bəs edir. Bütün günüm xoş keçir.

 

- Kişidə sevmədiyiniz xüsusiyyət nədi?

 

- Məncə, kişi sevgisindən və ağrısından çox danışmamalıdı. Bu ikisini yaraşdırmıram. Ən çox susmaq bacarığını qiymətləndirirəm. Sus, bütün problemlər həll olunacaq. Sus, gör nə olur. Sus, düzələcək. Sus...

 

 

# 2815
avatar

Aysel Əlizadə

Oxşar yazılar