Qürurlandıran və utandıran azərbaycanlılar, peçenyeyə hücum çəkən uşaqlar... - TİFLİS GÜNDƏLİYİ
16 aprel 2013 17:16 (UTC +04:00)

Qürurlandıran və utandıran azərbaycanlılar, peçenyeyə hücum çəkən uşaqlar... - TİFLİS GÜNDƏLİYİ

İstefa verən Beka

 

Günlərin birində gürcü rəfiqəm Şorena Küçükidze mənə maraqlı bir təklif elədi. Dedi ki, Bolnisidə Kaukadok film festivalı keçirilir, birlikdə ora gedək. Məni həvəsləndirdi ki, orada yaşayanların əksəriyyəti azərbaycanlıdır. Həmyerliləri olan bir yazarın festivalda qonaq olması onların çox xoşuna gələr və tədbir daha canlı keçər. Razılaşdım. Tədbir günü maşınla gəlib, məni evdən götürəcəyini dedi Şorena.

 

 

Əvvəlcə Şorena barədə qısa bir arayış. Şorenanın 33 yaşı var. İxtisasca psixoloqdur. Yerli QHT-lərdən birində çalışır. 17 yaşı olanda özü ilə yaşıd olan bir oğlanla tanış olub. Dağlarda, tarixi yerlərə səfərləri zamanı tanış olublar. Elə ordaca əhd-peyman bağlayıb, evləniblər. Həyat yoldaşı Beka Davituliani tarixçidir. Saakaşvili dövründə xarici işlər nazirliyində məsul vəzifədə işləyib. Sonra nazirlikdəki və ümumiyyətlə ölkədəki qanunsuzluqlara, bir sözlə Saakaşvili rejiminə etiraz olaraq, istefa verib. Bu addımı atmağa onu Şorena həvəsləndirib. Cütlüyün 13 yaşlı oğulları var. İkisi də olduqca yaraşıqlı, intellektual, mədəni və deyib-gülən, yeyib-içən adam adamdır.

 

Məni qürurlandıran Azərbaycan kəndləri

 

Deyilən gün Şorena maşını ilə arxamca gəldi. Yeri gəlmişkən, o çox sərrast maşın sürür. Fotoqraf rəfiqəsi ilə gəlmişdi. Günorta vaxtı Tiflisdən Bolnisiyə tərəf çıxdıq. Azərbaycanlıların sıx məskunlaşdığı ərazilərə çatanda mənzərə dəyişdi. Yolun hər iki tərəfində gözümüzə şumlanmış, əkilmiş tarlalar, mövsüm göyərtilərinin yamyaşıl göyərdiyi bostanlar, budanmış ağaclar, abad həyətlər, səliqəli evlər görünməyə başladı. Şorena bostanlara, bağlara, evlərə baxaraq dedi:

 

- Gürcüstanda harda azərbaycanlı, harda gürcülərin yaşadığını bilmək üçün, tarlalara baxmaq bəsdi. Gürcülərin tarlaları çox vaxt əkilməmiş, boş qalır, ağacları budanmır, bostanları suyu sovulmuş dəyirmana oxşayır. Amma bol məhsullu, yaşıl tarla görən kimi, bilirsən ki, buralarda azərbaycanlılar yaşayır. Sonra da bizimkilər kasıbçılıqdan şikayətlənirlər. Sizin insanlar çox zəhmətkeşdilər...

 

Fərəhləndim. Amma düşündüm ki, kaş incəsənət, mədəniyyət, sosial həyat məsələsində də bizim camaat haqda belə danışaydılar...

 

Yazıçısını sevməyən xalq...

 

Bolnisinin mərkəzindəki mədəniyyət evində keçirilən festivala özümüzü yetirdik. Şorena məni hamı ilə tanış elədi. Tanış olduğum adamlar arasında azərbaycanlılar da, gürcülər də var idi. Hiss elədim ki, azərbaycanlılar gürcülərə qaynayıb-qarışmır. Azərbaycanlı oğlanlar gürcü qızlara söz atır. Şorena məni hamıya «azərbaycanlı yazıçı» kimi təqdim edirdi. «Yazıçı» sözünü eşidən gürcülər tez həvəslənir, əlimi təkrar sıxır, nə yazdığımla, kitablarımın hansı dildə çıxmağı ilə, yazdıqlarımın gürcü dilində olub-olmadığı ilə maraqlanırdılar. Onlar yazıçı ilə tanış olmağın fəxrini yaşayırdılar. Sevinirdilər. Amma azərbaycanlıları heç nə ilə təəccübləndirmək mümkün olmadı. Nə adımla, nə yazdıqlarımla maraqlandılar. Xala-xətrin qalmasın salamlaşıb, uzaqlaşdılar.       

Şorena təəssüflə dedi ki, elə bilirdim, azərbaycanlılar öz yazarlarını çox sevirlər...

 

Məni utandıran azərbaycanlılar....

 

İnsan haqlarına həsr olunmuş film festivalı başladı. Azərbaycanlı gənclər uzaqlaşıb hamıdan ayrı oturdular. Qızlı-oğlanlı. Gürcü gənclər də bir tərəfdə oturdular. Aparıcı təqdimata başlayar-başlamaz, azərbaycanlı gənclər öz dilimizdə aparıcıya söz atmağa başladılar. Bunu görüb, keçib onların yanında oturdum ki, özlərini bir az yığışdırsınlar. İlk film başlayan kimi, gənclərimizin səsini kəsmək mümkün olmadı. Ukraynada irqi ayrı-seçkilik, övladlığa verilmiş qaradərili uşaqlar mövzusunda çəkilmiş çox ciddi bir sənədli film təqdim elədilər. Azərbaycanlı gənclər filmi o dəqiqə lağa qoymağa başladılar. İki dəfə oğlanlara tərəf əyilib, dedim ki, mən də azərbaycanlıyam, bir gürcü uşaqlara baxın, görün necə mədənidirlər, bizi utandırmayın. Əvvəl bir az çəkinsələr də, sonra təzədən başladılar və filmin axırına qədər səslərini kəsmədilər.

Amma bir saatdan sonra filmin müzakirəsi başlayanda, gürcü uşaqlarının hamısı öz fikirlərini bildirəndə, bayaqdan hərəsi bir natiq kimi danışan azərbaycanlı uşaqlar ağızlarına su alıb, oturdular.

Bu dəfə də xeyli utandım...

 

Zirzəmidə yaşayan uşağın doyunca yemək haqqı var, var, var...

 

Çay fasiləsində iştirakçılara növbənöv şirniyyatlar təklif elədilər. Mədəniyyət evində pulsuz şirniyyat paylandığını eşidən başqa, festivala dəxli olmayan uşaqlar da zala girdilər və süfrədəki şirniyyatlardan götürməyə başladılar. Həyətə çıxdım. Əlləri şirniyyatla dolu uşaqlar başqa yoldaşlarına da xəbər verir, gedib süfrədən peçenye, qurabiyə götürə biləcəklərini həvəslə deyirdilər. Acgözlüklə peçenye, keks yeyən uşaqlara baxıb, düşündüm ki, insan haqları ilə bağlı film nümayiş etdirməzdən əvvəl, uşaqları şirniyyatla doyuzdurmaq lazımdır. Çünki hər uşağın, hər şeydən əvvəl, doyunca peçenye yemək haqqı var...

 

Ardı var....  

# 2472
avatar

Günel Mövlud

Oxşar yazılar