Almaz və dəyənək siyasəti
09 aprel 2013 22:50 (UTC +04:00)

Almaz və dəyənək siyasəti

Avropa Afrika dövlətlərindən birininin rəhbərlərinə tətbiq etdiyi sanksiya rejimini ləğv edib. Lakin bu haqda bir az sonra.

 

Vaxtilə xüsusi xidmət orqanlarının təmsilçisi Con Koleman “300-lər Komitəsi” kitabını yazanda onu peşəkar konspirator və Qərb kəşfiyyat orqanlarına qarşı ideoloji savaş aparan dairələrin əlaltısı sayaraq iddialarını təkzib etməyə çalışırdılar. Halbuki  “dünyanın gizli hökuməti”nin törətdiyi müharibələr və iqtisdai-siyasi diversiyalardan elə inandırıcı bəhs olunurdu ki, onun bir düyməni basaraq sirr pərdəsi altında olan çoxlu qanlı əməliyyatları, gizli sövdələşmələri və geosiyasi savaşları deşifrə etməsi bəşəri miqyasda tarixi hadisə sayıla bilərdi. Bu günədək ətrafında maraq və intriqanı qoruyub saxlayan həmin kitabın mühüm bir hissəsini Cənubi Rodeziyanın başına açılan oyunlar təşkil edirdi.

 

Afrika qitəsində özünün təbii ehtiyatları ilə zəngin olan bir dövlətin ötən yüzildə taleyi kolonial əsarət rejimi və fasiləsiz vətəndaş toqquşmaları ilə əlamətdar olub. Lakin Koleman qeyd edirdi ki, Britaniya şahzadəsi və dünyanı idarə edən gizli dairələrin planı ilə Rodeziyada qəbilələr arasında düşmənçilik və qiymətli ərazilərin ələ keçirilməsi xüsisi olaraq təşkil edilirdi/ Bu da regionun iqtisadi sərvətlərinin sümürülməsi, Qərbin böyük bir qitədə ağalığının davam etməsinə yarayırdı. Lakin biz burada şərti olaraq indiki coğrafiyanı həmin adamlardan ibarət məkan kimi nəzərdən keçirə bilmərik. Hər halda üstündən 30 ilə yaxın vaxt keçdiyindən təyin etmək çətindir ki, indi bəşəriyyətlə bağlı sərəncam verənlər hansı qitədə əyləşiblər.

 

İndi qayıdaq Avropa Birliyinin Zimbabve ilə bağlı atdığı addımın doğurduğu reaksiyalara və demokratik prinsiplərin “müqəddəsliyinə”.

 

 

Rodeziyanın adı dəyişdirildikdən sonra inqilabi yolla hakimiyyətə gələn Robert Müqabenin uzunmüddətli idarəçiliyinə və haqqında yaradılmış obraza uyğun olaraq onun diktator çevrəsini Avropaya gəlməkdən məhrum etdilər. Bu sanksiyiların nəticəsində rejimin çökəcəyi və xalq üsyanlarının günahkarları devirəcəyi zənn edilirdi.  Bir sözlə, Qərb öz ideallarına sədaqətini nümayiş etdirərək göstərirdi ki, onun dəyərləri ilə uzlaşmayan “qara pullar”a ehtiyac duymur. Halbuki ”vəhşi kapital” terminini heç də onların ideoloji düşmənləri deyil, öz iqtisadçıları elmi dövriyyəyə gətirmişdilər.

 

İndi nə baş verib ki, minlərlə siyasi rəqibini məhv etdiyi bildirilən, insan hüquq və azadlıqlarına həqarət edən Robertin 86 silahdaşına “yaşıl işıq” yandırır, onların üzərindəki ittihamları ləğv edirlər. Həqiqətənmi, diktator sistemində bir yumşalma baş verib və Müqabe öz siyasi opponentləri ilə mülayim davranmağa başlayıb, başqalarının da hüququnun aliliyini qəbul edib? Qətiyyən belə deyil. Bircə yenilik var ki, Zimbabvedə irəli sürülən yeni Konstitusiyaya görə prezidentlik üçün tətbiq olunacaq məhdidiyyətlər 89 yaşlı Müqabeyə daha 10 il ölkəyə başçılıq etmək imkanını verir. Digər tərəfdən, ötən qadağa rejimi dövründə həmin ölkənin sosial göstəriçiləri daha da pisləşib və təcrid olunmaya məruz qalan bir ölkənin sərvətlərini ələ keçirən istismarçılar dəyişib. İndi Şahzadənin rəsmi kompaniyası əvəzinə bir neçə ərəb şirkəti də oraya investisiya qoyaraq külli miqdarda gəlir əldə edirlər. Bu isə kriz yaşayan avropalıları razı sala bilməz. Ona görə də Zimbabve müxalifətinin hay-küyünə baxmayaraq maqabeçilərə viza veriləcəyini bəyan olunub.

 

Qoy hər kəs bilsin ki, Belçıkanın Antverpen şəhəri dünyada almaz ticarəti üzrə nəhəng mərkəzlərdən biri hesab olunur. Zimbabvenin generallarının Avropaya yolu bağlanandan həmin müəssisənin dövriyyəsi də kəskin aşağı düşüb. O biri tərəfdən də qərblilər Afrikanın əlvan metallarına –dünyaca məhşur qızıl, almaz və digər qiymətli daş-qaşına Britaniyanın metropoliya keçmişindən elə öyrənmişdilər ki, bu “yasaq siyasəti” onların cibinə zərbə idi.

 

Beləliklə, Avropa indi izah etməlidir ki, ”Maqnitski qanunu” ilə rus milyarderlərini və insan hüquqlarını pozan idarəçilərin yolunu kəsən, onları Amerikaya buraxmayan siyasətçilər indi Afrikanın yeni demokratik gələcəyini Rusiyadan niyə üstün tuturlar? Ola bilməz ki, Putinin qılıncı Muqabeninkindən daha sərt və amansız olsun. Buna kimsəni inandırmaq mümkün deyil. Hər halda şimalda demokratik dövlətin müəyyən simptomları mövcuddur. Üstəlik, Rusiya prezidentinin sərəncamında olan Sibir qızıl yataqları və almaz səltənəti Afrika qitəsindən heç də az deyil. Elə isə onda nədən belə prinsipsiz yanaşma mövcud olmalıdır?

 

Cavab birdir: rusların metalları və nefti nə qədər cazibadər olsa da, dəyənəyi çoxlarını qorxudur. Avropa rus liderlə yeni razılaşmaya və bazarlığa o vaxt gedəcək ki, Putin onları təhdid etməsin.

 

Deməli, almazın qiyməti həm də dəyənəkdən asılıdır!

# 859
avatar

Zahid Oruc

Oxşar yazılar