Şair Qaqa, “kayf” tutan Abbas, yüz il əvvələ səyahət-TİFLİS GÜNDƏLİYİ
30 mart 2013 19:21 (UTC +04:00)

Şair Qaqa, “kayf” tutan Abbas, yüz il əvvələ səyahət-TİFLİS GÜNDƏLİYİ

 

 

Martın gəlişi ilə Kürün suyunun qəfil artması bir oldu. Beton sədlərin, daş döşənmiş yatağın mədəniləşdirdiyi, şəhərliləşdirdiyi Kür döndü oldu İsmayıl Şıxlının Dəli Kürü. Metex körpüsünün üstündən baxanda Kürün ağzına alıb apardığı iri budaqları, quru kötükləri, küləyin onun bulanıq sularına atdığı zir-zibili – tənəkə qutuları, boş şüşələri görürsən.

 

 

***

 

Elə Tiflis özü də martın əvvəlindən bəri dəyişməyə başladı. Qış yuxusuna getmiş şəhər həyatı yavaş-yavaş canlanmağa, hərəkətə gəlməyə başladı. Küçə alverçilərinin-əlvan xalça-palaz, milli suvenirlər, toxuculuq əsərlərini satanların,  köhnə avtobuslara yerləşmiş səyyar tirlərin, peşmək, tum, çiçək satanların sayı artdı. Kafelərin masaları yavaş-yavaş artırmalara, açıq havaya çıxarılır, gürcülər və şən gürcülərin qonaqları yeyib-içmək məclislərini artıq açıq havada keçirməyə başlayır. Elə şəhəri görməyə gələn əlixəritəli, çiyni aşırma çantalı, ayaqları yastıdaban ayaqqabılı turistlərin də sayı çoxalıb. Şəhər qış yuxusundan sonra mağarasından çıxıb oynaqlayan sevimli, məsum ayı balasına oxşayır. Təbii ki, dişi hələ qana batmamış ayı balasına...

 

Canlanan təkcə şəhər deyil. keçmiş parlamentin, keçmiş meriyanın qabağındakı aksiyalar da daha tez-tez keçirilir. Tiflis gəncliyi Allahın var günü, ağlına verdiyi hər şeyə görə etiraz aksiyası eləyir.

 

 

***

 

Həm köhnə, həm təzə hakimiyyətə skeptikcə yanaşan gürcü intilligensiyası prezident Saakaşvilinin tərəfdarlarına orijinal ad tapıblar – “Mişistlər” (“Mişa” Mixail Saakaşvilinin adının ironik-əzizəyici şəklidir).

İntiligensiya demişkən, bu günlərdə şair dostum Şota İataşvili öz yazar dostunun kitab təqdimatında darıxıb bizə Azərbaycan çayı içməyə gəlmişdi. Gürcülər bizim çayı armudu stəkanlarda içməyimizlə əməlli-başlı mırt tuturlar. Stəkanı əllərində oynadır, ovuclarında sıxır, qaldırıb baxır, başına min cür oyun açırlar. Min dəfə çayı məhz bu stəkanda içməyimizin texniki və estetik izahını vermişəm. Amma yenə də məzələnirlər.

Şota içəri girəndə onu Tiflisdə qısamüddətli müalicə kursu keçən Seymur Həziyevlə tanış etdim. Bir-birilərinə əl uzatdılar.

 

- Ya Seymur, kotorıy ne Baydjan.

 

- Oçen priyatno, a ya Şota kotorıy ne Rustaveli...

 

Bir azdan səkkiz il əvvəl Azərbaycan Yazıçılar Birliyinin təşkil etdiyi ədəbi görüşdə tanış olduğum gürcü şair Qaqa da gəldi. Babat vurmuşdu. Havalar qızandan bəri gürcülər daha çox içir, daha çox əylənirlər. Bunların nə oxumuşu ələ düşmür, nə avarası. O gün Samqori bazarına getmişdim. Pendir satılan yerdə döşlərini piştaxtaya dayamış arvadlar pendir, yumurta satır, ərləri isə elə piştaxtanın yanındaca oturub, qumar oynayırdılar. Arvad burdan pendir satıb pul qazanır, kişi də o yarım metr aralıda o pulları qumara qoyur.

 

 

***

 

Bura gələndən bir şeyi də müşahidə eləmişəm. Gürcülər indi azərbaycanlılara pul kisəsi kimi baxırlar. Qulaqlarına “neft və milyonlar səltənəti”, “çiçəklənən neft ölkəsi” kimi söhbətlər çatandan bəri azərbaycanlı görəndə elə bilirlər ərəb şeyxi görürlər. Elə bilirlər bütün azərbaycanlılar varlıdı, çantaları, cibləri pulla doludu. Rəhmətliyin uşağı...tökülmüşdü elə...

 

Martın 10-u iki hekayə yazıb bitirmiş, Tiflisdən və xaçapuridən doymuş yazar dostum Seymur Baycan Bakıya qayıtdı. Dadı bir az azaldı Tiflisin. Küçələrdən “Krasnaya Moskva”nın qoxusu çəkildi. Onun alıb qoyub getdiyi kivilərin dərisi büzüşdü. Soyuducuda yetim kimi boynunu büküb qaldı yarımçıq bal bankası. Tiflis əhli xaçapuri qıtlığından qurtardı. Dərindən nəfəs aldı onun ucbatından səhərin sübhündə kafeləri açmaq, sobaları yandırmaq, qəhvəni qaynadıb, xaçapurini bişirmək məcburiyyətində olan kafe sahibləri, aşpazları, xadimələri...

 

Şəhər və otaqlardan Seymur Baycanın qoxusu çəkilməmiş “Azadlıq radiosu”nun fotomüxbiri Abbas Atilayı qarşıladıq. Abbas bütün gecəni yol gəlmişdi. Tiflisin ayazlı, alaqaranlıqlı sübhündə çatdı evə. Bircə saat da yatıb yuxusunu almadan fəaliyyətə başladı. Burda olduğu müddətdə gedəcəyimiz yerlərin xəritəsini cızdı. Vaxtı müəyyən elədi. Kimin foto, kimin video, kimin yazılı reportaj yazacağına təkbaşına qərar verdi. Və nəfəsimizi dərməyə macal tapmamış bütün ev əhlini qovub Tiflisin hələ adamsız küçələrinin canına saldı. Fotoqraf Cahangir Yusif, Seymur Həziyev, həkim-dizayner-aktivist-fotoqraf Hacı Hacıyev, mən – hamı gözlərini ova-ova gic kimi şəhəri dolanmağa başladı.

 

Yolun harasındasa Seymur Həzi qanadından yaralanıb dəstədən ayrılan durna kimi sıradan qopub düşdü. Heç bilmədik necə oldu...

 

Abbas bütün Tiflisə, küçələrə, adamlara, hər şeyə bəri başdan tənqidi yanaşdı, heç nəyi bəyənmədi, gürcüləri qabağına qoyub, o ki var, danladı, axırda da bu qərara gəldi ki, onlardan adam olan deyil.

 

Arada vaxt edib, Abbası Mirzə Fətəli Axundovun məzarına apardıq. Botanika Bağının ən hündür yerinə uyuyan fikir atamızın və “gəncəli müdrik” Mirzə Şəfi Vazehin məzarlarının üstündə təzə qızılgüllər vardı. bizdən əvvəl deyəsən azərbaycanlılardan kimsə olmuşdu burda...

“Gəlmişik, Mirzə, gəlmişik...” - deyə ürəyində pıçıldadı hər kəs...

 

 

***

 

 

Abbasın səfərinin ikinci günü yığışıb, Qoriyə getdik. İlk fikir adamlarımızın, işıqlı ziyalılarımızın oxuduğu, elmə yiyələndiyi Qori seminariyasına bir növ ziyarət idi bu. Çox həyəcanlı idik. Onların oxuduğu məktəbi görəcək, o dəhlizdə, o otaqlarda gəzəcək, o ovqatı yaşayacaqdıq. Bu, təxminən yüz il əvvələ səfər olacaqdı...

Üstəlik, hazırkı tanınmamış Osetiya ilə Gürcüstanın sərhəddində də olacaqdıq, gərgin ovqatlı yerləri də dolaşacaq, neçə ildi gürcü xalqının bir növ “Qarabağ dərdi”nə çevrilən problemi ilə yaxından tanış olacaqdıq.

Tiflisdən Qoriyə gedən yolda bizim qaçqın qəsəbələrinin eynisi olan evləri, qəsəbələri gördük. Bunlar da Osetiyadan qaçqın düşmüş gürcülərin evləri, düşərgələri idi....evlərin əksəriyyətinin fasadına ev sahibləri gürcü bayrağının kustar şəkillərini çəkmişdilər...

 

Yolboyu Abbas dəfələrlə taksini saxladıb, yolda müxtəlif obyektlərin, adamların şəklini çəkdi. Fikir verdim, Abbas öz fotoqraflığından “kayf” tutur. Dik, rahat dayanıb, şəkil çəkə biləcəyi yerdə boyhaboy uzanıb, şəkil çəkir. Guya ta nətəəəəər fotoqrafdı?!

 

Qori şəhərinə çatdıq. Stalinin doğulduğu evi, onun muzeyini gəzdikdən sonra seminariyanı axtardıq. Sadə sakinlərin çoxu seminariyanın yerini bilmirdi. Bizim az qala pir, ocaq kimi müqəddəs bildiyimiz, ürəklərimizdə əzizlədiyimiz bu yerə belə laqeyd yanaşmaları mənə bir az pis təsir elədi. Amma çox axtarmalı olmadıq. Biz “Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun oxuduğu seminariya” deyə soruşduq. Qori camaatı isə bizə:

- Hə, siz Stalinin oxuduğu seminariyanı soruşursunuz? – deyib, Qori seminariyasını göstərdilər. 

Təzəcə təmir olunmuş seminariyanın qabağında dayandıq.

Hə, ora idi, adı bizdə ötən əsrin əvvəlləri ilə və daha uzaq illərlə səsləşən Qori seminariyası...

# 1749
avatar

Günel Mövlud

Oxşar yazılar