Aysel Əlizadə yazır: “Partamın üstündən tapdığım misra...” – 31-ci MƏKTUB
24 mart 2013 23:21 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Partamın üstündən tapdığım misra...” – 31-ci MƏKTUB

 

Məktubumun nömrəsi istər-istəməz məktəbimi xatırlatdı. 31 saylı orta məktəbdə oxumuşam.

Bir maraqlı məqam var - indilərdə həmin məktəbin sonuncu direktoru olan xanım əfəndi bizə qonaq gələcək. Məktubumla məktəbimin nömrəsi üst-üstə düşdü. 

Bizə qonaq gələcək xanım bir vaxtlar anamın şagirdi olub, sonra  dostlaşıblar və illərdi  ayrılmazdılar.

Sonra biz də dostlaşdıq. Ortaq şeylərimiz çoxdu. Oxşar dəyərlərimiz də.

Bu da bir maraqlı taledi yəqin. Bir məktəbi bitirirsən və illər sonra oranın direktoru olursan. Sənə dərs deyən müəllimlərə rəhbərlik edirsən. Nə bilim...mənə görə həyatın hər detalı maraqlıdı.

Bizimçün adiləşən şeylər əslində heç adi deyil bəlkə.

31-ci məktubu yazıram, məktəbimi xatırlayıram, həmin məktəbin başqanı bu məktub yazılan gün bizə gələcək. Səhər erkən durub maraqlı yeməklər bişirmişəm. Mətbəxlə aram yaxşıdı.

Mətbəxdən qorxmuram və çox tez zamanda çeşidli yeməklər hazırlaya bilirəm. Yeyənlər də həmişə razı qalır. Doğrudan.

Hərdən qəribə sual verənlər olur, məsələn, heç yemək-zad bişirirsən? Ya da uşağa baxa bilirsən?

Gülürəm)))  niyə bişirməyim, niyə baxa bilməyim?

Yəqin yemək bişirə bilən qadınların çoxu yaza bilmir deyə adamlara elə gəlir ki, yazan qadınlar da yemək bişirə bilmir. Əslində, hər qadının yemək bişirməkdən başqa bacardığı və çox yaxşı bacardığı bir iş var.

Bir də deyənlər var: “qadın-kişi mövzusundan çox yazırsız”. Guya  onları başqa ciddi mövzular düşündürür. Yalansa... İnsanlar arası münasibətlər qaydasına düşməyincə,  Fələstin-İsrail savaşından yazmağın anlamı yoxdu.

Ölkələr arası savaşı dayandırmaq üçün insanlar arası savaş bitməlidi, ya yox?

Belə düşünürəm. Düşünürəm ki, adamlar özləri dost olmasalar ölkələr heç vaxt dost ola bilməz, olmayacaq.

Bir də sizə çox ciddi bir sirrimi açım. Baxmayaraq ki, çox sevdiyim siyasətçi dostlarım var, siyasətdən acığım gəlir.

Yüz illərdi siyasət insanlara nağıllar danışır. Ortada da heç nə yox.

Yüz ildi igidlər xalqın suyunu-çörəyini kəsən əjdahaları öldürüb ölkəni xoş günə çıxarır bu nağıllarda.

Hanı? Boş yerə şəhid veririk. Havayı yerə balalarımız ölür. Kimsə yuxarı başda rahat otursun deyə kasıbın balası “vətənpərvər”olmalıdı. Min ildi. Bekara!

Belə şey yoxdu. Heç vaxt da olmayıb.

Bütün bu işlərin ən durusu, ən doğurçusu yenə də qadın-kişidi, həyatdı.

Həyat maraqlıdı. Məsələn, mən yemək yemədən də yaşaya bilərəm. Elə günlər olur,  yemək tamam unudulur. Elə həyəcanlar, elə  yaşantılar olur, qazanlardan çox-çox uzaq gəzirsən.

Macəralar, sərgüzəştlər, haldan-hala düşmələr.

Məktubları oxuyanda mat qalıram. Elə gözəl ifadə edirsiz ki, hissləri.

Bilmirəm, macəralar, sərgüzəştlər, haldan-hala düşmələr sizin də həyatınızda tez-tez baş  verir,  ya yox. Hər halda siz də məktub yazanda gözəl yazırsız.

Başqa cür həyat olmur. Başqa cür yəni macərasız. Başqa cürün adı “yerində addımla marş”dı.

Nə bilim, xoşbəxtliyi aranda-dağda axtarmaq lazımmı?..

Bir oxucu məktubundan o qədər enerji alıram ki, ağlımı itirə bilərəm bir anlıq.

Bir oxucu sözü məni dünyanın ən yaxşı yazarı edə bilər.

Məktəbimi xatırladımsa bu hər dəqiqə baş  verir demək deyil.  Çox nadir hallarda keçmişə qapılıram.  “Keçmişə boylanmıram” daha dəqiq izah edər vəziyyəti.

 Sən necə oxucum? O ən təmiz, ən saf vaxtlar filan deyirlər e məktəb illəri üçün,  o cür xatırlayırsanmı uşaqlığını?

Bəzi detalları çıx, mənim qalan heç nə ağlıma gəlmir.

Məsələn, sinfimizdə Bayram adlı bir dostum vardı, onu tez-tez xatırlayıram.

Məktəbin bütün qızları sevirdi Bayramı. Fərqlənirdi hamıdan. Çox yaraşıqlı da deyildi. Belə baxsan adi oğlandı. Amma şeytan tükü vardı . Qızlar sinif otağımızın qapısını 6 saat ərzində 600 dəfə açıb bağlayırdılar.

Yəqin sənin də məktəblə bağlı belə xatirələrin var. Bəlkə  sən də məktəbdə seçilən olmusan.

Bizim məktəb qədimdi. Yazmışdım bir dəfə, müharibə dönəmində hərbi hospital olub. Öyrətmənlərimi xatırlayıram, ədəbiyyat, coğrafiya...

Mən coğrafiya fakültəsini bitirmişəm. Hə...Solmaz müəllimənin eşqinə getdim coğrafiyaya. Boş saatımız olan kimi xahiş edirdik bizi Solmaz müəllimənin dərsinə salsınlar. Xəritəni necə sevdirə bilər insan...

Tale məsələsi yəqin elə budu. Qızımın atasıyla da o fakültədə tanış olmuşduq. Bir qrupda oxuyurduq. Şeirlər yazırdı, oxuyurdum. “Sən böyük şair olacaqsan” deyirdim. Bir dəfə qrupla yığışıb nəyisə qeyd edirdik. Küsəyən idim. Yenə kimdənsə küsüb yığıncağı tərk elədim.

Səhər partamın üstündə bir şeir tapdım. İki misrasını xatırlayıram. “Səni küsdürdülər düşdün yollara, küləklər dağıtdı qara saçını...” İndi biz bəlkə də gülərik bu misralara...

Xatırlamıram deyə-deyə gör nə qədər olay yadıma düşdü. Anam çox ilişib qalandı keçmişə. “Məktəb illəri” şeirini yazan adam başqa necə ola bilər?

Mən ha çalışsam da məktəb illəri yazammaram yəqin. Heç onu da bilmək olmaz, bəlkə bir gün yazdım.

Bəlkə bir gün ola bilməz dediyimiz şeylər oldu. İndi neyniyək? Bəlkələrə olmazları qurban verək?

Heç nəyə “ola bilməz” deməyək?

Əşşi, indi deyək, sonrasını heç göydəki ulduzlar da bilmir.

Elə sizə  yaza-yaza qapı döyüldü. Şükufə xanım, qızı və nəvəsi gəldi. Yazını yarımçıq qoyub onları qarşıladım.

4 ayrı nəslin qadını bir masada oturduq.  Bizi bir rəqəm birləşdirir - otuz bir.

Anam orda oxumasa da 30 ildi dərs verir bu məktəbdə. Biz üçümüz  oranın məzunlarıyıq.

Ayrı-ayrı talelər yaşayırıq, amma hamımızın həyatında bir eyni mərhələ olur. Hamımız on, on bir il şagird oluruq. Nə bilim, bu maraqlıdımı?..

Çözsək, ayrıntılara varsaq, maraqlıdı. Çoxumuzun ilk sevgisi orda yaşanır, çoxumuzun ilk dostluğu ordan başlayır, çoxumuz məktəbdə seçirik sənətimizi, yaradıcılıqla məktəb vaxtından məşğul olanlarımız var...

Çox şeyin sonu nədi, bilmirəm, amma çox şeyin başlanğıcı məktəbdi, yəqin...

Yemək yedik. Məktəbdən danışmadıq. Heç elə bil yoxdu.

Heç elə bil olmayıb.

Ümumi söhbətlər elədik. Heç kim heç kimə sual vermədi, heç kim heç kimə şikayət etmədi. Bir-birimizə təskinlik verəcək təsadüfi sözlər deməyə çalışırdıq. Fikir vermişəm , insanlar şəxsi həyatlarından, başqalarından danışmayanda yaxınlaşa bilmirlər, söhbətləri alınmır.

Biz də ehtiyatla danışırdıq bir-birimizlə. Cümlələri elə ehtiyatla götürüb qoyurduq sanki indi nəsə düşüb sına bilər. Heç nə sınmadı. Heç nə dağılmadı, heç nə pozulmadı. Əksinə, yaxşı vaxt keçirdik.

Bir-birinin həyatına burun soxmayan adamların görüşməsi möhtəşəmdi. Hər kəs öz sərhədini də, başqasının sərhədini də tanıyır deyə heç vaxt müharibə baş vermir.  

Təkcə gözlərini deyil, sərhədlərini də qoru... mənim oxucum...

 

ayselalizade@yahoo.com

# 1788
avatar

Aysel Əlizadə

Oxşar yazılar