Ofisiant qızın saçları, 150 manatlıq krab, danışan pantomim... - TİFLİS GÜNDƏLİYİ
27 fevral 2013 13:19 (UTC +04:00)

Ofisiant qızın saçları, 150 manatlıq krab, danışan pantomim... - TİFLİS GÜNDƏLİYİ

Əvvəli: http://news.lent.az/news/116853

 

Azərbaycan, Azərbaycan...

Qonaq gəlir Seymur Baycan

 

Hazırda Türkiyədə yaşayan siyasətçi-publisist Seymur Həziyevi yola salandan bir neçə gün sonra yazıçı-publisist Seymur Baycan Tiflisə gəldi. Seymurun Tiflisə gəlişini o xəbər eləməmişdən bilirəm. Hər dəfə Baycan Qırmızı Körpünü keçəndə, bütün Tiflisi onun «Krasnaya Moskva» ətrinin iyi götürür.

 

Həmin gün Seymurun Azərbaycandakı nömrəsinə zəng çatmırdı. Bir neçə saatdan sonra artıq sağalıb ayağa qalxmış şair Şota İataşvili ilə yazışanda Şota mənə Seymurun Tiflisdə olduğunu dedi. Zəngləşib, həmin axşam parlamentin qarşısında görüşdük. Gürcü jurnalist İrakli Çikladze, Seymur, Hacı və demək olar ki, hamımızın oxucusu olan bir azərbaycanlı xanımla zirzəmi kafelərdən birində oturub, axşam yeməyi yedik. Ədəbiyyatdan, siyasətdən, dostluqdan danışdıq.

Seymur Baycan ofisiant qızın saçına kompliment dedi. Bundan sonra qız bizə daha həvəslə qulluq eləməyə başladı.

 

Pantomim tamaşada danışan adam

 

Səhəri gün Rustaveli küçəsinin sonundakı Pantomim Teatrına «Gürcüstan anası» tamaşasına baxmağa getdik. Beynimiz yorulmuşdu, pantomimi qəsdən seçmişdik ki, orada söz, dialoq yoxdu. Amma gülməli bir şey oldu. Tamaşadan əvvəl rejissor səhnəyə çıxıb, düz 45 dəqiqə tamaşa barədə danışdı. Özü də deyəsən, kulisdə babat vurmuşdu. Zalda üç-dörd qəşəng qız görüb, yalandan basıb-bağlayırdı. Gürcü dilini bilməsəm də, öyrəndiyim qədərilə tamaşanın Almaniyada, İtaliyadakı uğurlarından danışırdı.

Mövzu çox işlənmiş, köhnə olsa da, tamaşanın quruluşu olduqca maraqlı idi. Kasıb, yığcam, boz binada yerləşən, avadanlığı olduqca köhnə və primitiv teatrda tamaşanı maraqlı eləmək üçün çox əziyyət çəkməmişdilər. Butafor-filan yox, sadə kostyumlar, vəssalam...

 

150 manatlıq krab

 

Tamaşadan çıxıb evə qayıtdıq. Yolda dəniz məhsulları satılan bir mağazaya baş çəkdik. Qafqazın bütün kulinar xəritəsini əla bilən Seymur dedi ki, bu mağazanın sorağını çoxdan eşidib. İçəri keçib, baxdıq. Bura əsl dəniz məhsulları cənnəti idi. Xərçənglər, krevetlər, istridyələr, krab, molyusklar həm çiy, həm marinad, həm bişmiş variantda çatılırdı. Maraqlıdı ki, bu kasıb ölkənin, kasıb paytaxtında, güclə dolanan insanların yaşadığı şəhərdə yerləşən bu yığcam dükanda dəniz məhsullarının qiymətinə baxanda, adamın gözü kəlləsinə çıxırdı. Ən ucuz, ən sadə dəniz sakininin kilosunun qiyməti bizim pulla otuz manatdan başlayırdı. Vitrində ən gözəgəlimli yerə qoyulmuş qırmızı krabın kilosu isə düz 150 manat idi...

Düşündük ki, yəqin ki, bu mağazanın müştəriləri ancaq ölkənin nazirləri, iri çaplı məmurları ola bilər. Açığını deyim ki, bu kapitalist dükan məni bərk əsəbiləşdirdi.

Bu yerdə mağazaya boyu iki metri, eni bir metri keçsə də, çox gənc bir oğlan girdi. Seymur oğlanın boyuna, gödəninə baxıb, L.Tolstoyun qəhrəmanını xatırladı:

 

- Bu lap Pyer Bezuxovun cavanlığına oxşayır...

 

Taksiyə minib evə gəldik. Burda üç-dörd nəfərlə yol gedirsənsə, taksi avtobusdan ucuz başa gəlir. Amma ucuz başa gəlsə də onca dəqiqəlik yolda tamaşa burnumuzdan gəldi. Gənc taksi sürücüsü elə bizim avaralar kimi gic-gic disko mahnılarına qulaq asırdı, hələ üstəlik maqnitofonun səsini də ərşi-əlaya qaldırmışdı. Adətən avtobuslarda belə problemlə qarşılaşmazsan. Burada qalandan bəri az qala iyirmi dəfə avtobusa minmişəm. Hər dəfə də görmüşəm ki, sürücülər radioda hansısa siyasi verilişə qulaq asırlar. Özü də asta səslə...

 

Zənbil dolusu kitab

 

Gürcüstanın siyasi həyatı daha çox məyusluqlarla yadda qalır. Sadə camaat, yaradıcı çevrə yeni hakimiyyətdən olduqca narazıdır. Kasıblıq, işsizlik camaatı boğaza yığıb. Yeni hakimiyyət isə öz növbəsində keçmiş hakimiyyətdən qisas alır. Saakaşvilinin komandasından olan adamlar, məmurlar barədə ya yeni ittihamlar irəli sürülür, ya həbs olunurlar, ya da vəzifələrindən azad olunurlar.

Maraqlıdı ki, şəhərin mədəni həyatına bütün bunlar az təsir edir. Bu günlərdə arvadı Mayya Sarişvili ilə bizə qonaq gələn şair Şota İataşvili yeni jurnal buraxacağından danışır, yeni tərcümələr üzərinə işləyir, Mayya radio-pyeslər yazır. Yeni mədəniyyət naziri Guram Odişariya Saakaşvili zamanında Tiflisdən küsüb getmiş incəsənət adamlarını geriyə çağırır. Bu yaxınlarda o, Rustaveli teatrının keçmiş direktoru, Saakaşvili rejimindən narazı qalaraq Rusiyaya köçmüş məşhur rejissor Robert Sturuanı geri çağırıb və işinə bərpa edib. Şəhərin bukinistləri, kitab mağazalar yenə gəlişli-gedişlidi. Bu günlərdə olduqca maraqlı bir mənzərə gördüm. Bukinistə yaxınlaşan hündür, sarışın, yaraşıqlı, oxumuşluğu hər halından məlum olan bir oğlan özü ilə gətirdiyi yekə zənbili bazarlıq edirmişcəsinə kitabla doldurub, apardı.

 

Darıxmadığım vətən

 

Tiflisdə boş vaxtlarım çox olur. Gürcü mətbəxini öyrənirəm, dillərini başa düşməyə çalışıram, kitab oxuyuram. Arzusunda olduğum bir neçə kitabı oxuyub qurtarmışam artıq. Bu günlərdə isə yeni şeirlər kitabımı hazırlayıb qurtardım. Azərbaycanda baş verənləri izləyirəm, darıxmadığım vətənin ictimai-siyasi həyatından uzaq qalmamağa çalışıram. İstər-istəməz iki ölkənin vəziyyətini müqayisə etməli oluram. Bura neft ölkəsi deyil. Amma bu qeyri-neft ölkəsində fəaliyyət göstərən teatrlar «A» kateqoriyalı festivallara dəvət alır, şəhərdə festivallar keçirilir, əhalinin böyük bir qismi kitab oxuyur. Tanıdığım hər üç adamdan birinin yaradıcı damarı olur.

 

Tiflisin yaradıcı havası mənə yaxşı təsir edib. Bu ərəfədə bir silsilə şeir yazmışam. Yeni kitabıma salacam. Ona görə hələ mətbuata çap elətdirmək istəmirəm. Gündəliyin bu hissəsini isə Şaiq Vəlinin ölümündən sonra yazdığım şeirlə bitirmək istəyirəm:

 

Şair və xalq

 

Bu nə acı vərdişdi

Göz yaşı, sonra yuxu

Ata, həyatda bir az

İşıq da olar axı.

 

Bu xalq bizi zindana

Sürgünlərə göndərir

Şairin birin aclıq

Birin sevgi öldürür

 

Səninsə qocalığa

Qarışıb çoxdan başın

Ağladacaq yuxun yox

Uyudacaq göz yaşın...    

 

(ardı var)

# 3709
avatar

Günel Mövlud

Oxşar yazılar