Asiya İnkişaf Bankından Azərbaycana böyük etimad
19 fevral 2013 16:31 (UTC +04:00)

Asiya İnkişaf Bankından Azərbaycana böyük etimad

Bankın Rəhbərlər Şurasının illik iclası Bakıda keçiriləcək, paytaxtımıza mindən çox qonaq gələcək

 

 

Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Filippinin paytaxtı Manila şəhərinə işgüzar səfərdədir. Lent.az-ın Maliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində fevralın 19-da Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan hökuməti arasında Bakı şəhərində AİB-in Rəhbərlər Şurasının 48-ci illik iclasının keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

 

Razılaşma Azərbaycan Respublikası hökuməti və AİB arasında 3-5 may 2015-ci il tarixində Bakı şəhərində AİB-nin Rəhbərlər Şurasının illik toplantısının keçirilməsi ilə bağlı məsələləri tənzimləyir. Səfər zamanı Samir Şərifov Rəhbərlər Şurasının illik iclasına hazırlıq və təşkilati işlərlə yanaşı, AİB ilə Azərbaycan hökuməti arasındakı ikitərəfli əməkdaşlıqla bağlı bankın yüksək səviyyəli rəsmiləri ilə müzakirələr aparıb. Azərbaycan nümayəndə heyəti ilə görüşdə AİB prezidenti Haruhiko Kuroda bildirib ki, Bankının səhmdarlarından olan Azərbaycan AİB-nın fəal iştirakçılarından biridir və dinamik inkişaf edən iqtisadiyyatı ilə regionun gələcək tərəqqisində aparıcı rol oynayır. Haruhiko Kuroda Bakı şəhərinin ATB Rəhbərlər Şurasının 48-ci illik iclasına layiqincə ev sahibliyi edərək AİB-nin etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini dilə gətirib. Görüşdə qeyd edilib ki, illik toplantı keçirilən ölkəyə AİB-ə üzv 67 ölkədən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri olmaqla, 4 mindən çox qonaq gəlir. 

 

Samir Şərifov Azərbaycanın AİB ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilən bu səfər zamanı mövcud əlaqələrin daha da genişləndirilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu nəzərə çatdırıb. O, AİB-nın Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik iclasının yüksək səviyyədə təşkil olunacağını və Azərbaycan hökumətinin ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini bildirib. Samir Şərifov  ölkənin bu sahədəki təcrübəsinin, cari iqtisadi vəziyyətin, siyasi sabitliyin, eyni zamanda Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastrukturun bu cür əhəmiyyətli tədbirləri keçirməyə imkan verdiyini vurğulayıb.

Səfər çərçivəsində Samir Şərifov AİB-nın vitse-prezidentləri Xiaoyu Zhao və Lakshmi Venkatachalam, baş katib Robert Douson və Bankın Avstraliyalı İcraçı direktoru Riçard Sisson ilə işgüzar görüşlər keçirib. Tərəflər arasında Bakı iclasına hazırlıq, Bankın Azərbaycanda maliyyələşdirdiyi nəqliyyat, enerji, infrastruktur, su-kanalizasiya təchizatı və digər layihələrinin icra vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri, qarşılıqlı təcrübə mübadiləsi, habelə özəl sektorda layihələrin maliyyələşdirilməsinin icra vəziyyəti, regional inkişaf və digər məsələlər barədə müzakirələr aparılıb.
 

Qeyd edək ki, AİB Dünya Bankından sonra ən böyük inkişaf yönümlü dövlətlərarası bankdır. 1966-cı ildə yaradılan və baş qərargahı Manila şəhərində yerləşən AİB-nın Azərbaycan da daxil olmaqla 67 üzvü var. Azərbaycan AİB-a 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.

# 1161
avatar

Oxşar yazılar